17 May 2020 02:16
3724
SİYASƏT
A- A+

Azərbaycan və CISCO arasında əməkdaşlığın perspektivləri genişdir


Prezident İlham ƏLİYEV: "Strateji tərəfdaşlığımız yalnız güclənəcək. Çünki bizim ölkənin müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var”


Prezident İlham Əliyevlə CISCO şirkətinin rəhbər nümayəndələri arasında keçirilən videokonfrans Azərbaycanda reallaşdırılan layihələrə, əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinə həsr olunmuşdur. Konfransda "Smart ölkə”, təhsil, kibertəhlükəsizlik və digər sahələrə aid məsələlər müzakirə edilmişdir.

CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilk növbədə Azərbaycan Prezidentinin COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderliyini yüksək qiymətləndirmişdir. Bu tədbirlərin çox böyük təəssürat bağışladığını söyləyərək cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, CISCO-nun teleiştirak texnologiyasından istifadəni görmək onlar üçün çox xoş olmuşdur. Sözügedən tədbirlərin keçirilməsinə kömək etdiklərinə görə məmnun olduqlarını da nəzərə çatdırmışdır.

CISCO-nun vitse-prezidenti Qay Ditrix də çıxış etmiş, müzakirə olunan məsələlərə toxunmuş və demişdir: "Onların hamısı Sizin əsas prioritetlərinizlə bağlıdır. Siz onları təxminən iki il əvvəl bizim qarşımızda təsvir etdiniz. Biz ildə iki dəfə Bakıda, yaxud Davosda keçirdiyimiz görüşlərdə Sizə yenilikləri çatdırırdıq. "Ağıllı şəhər” layihəmiz yəqin ki, xatirinizə gəlir. Biz, əslində, "Ağıllı avtovağzal” ilə başladıq və şəhərdə həmin sahəyə aid bütün müxtəlif cəhətləri əlavə etdik. Özü də bu addımı hərtərəfli sınaq formatında atdıq. Nəticə inanılmaz dərəcədə uğurlu oldu. Çoxsaylı müsbət rəylər daxil oldu. Çox yaxşı məlumatlar toplanıldı”.

Q. Ditrix daha bir layihədən bəhs edərək bildirmişdir ki, ümumi məqsəd bir-biri ilə bağlantısı olan "Ağıllı məktəblər” və təhsil proqramlarını yaratmaq, bu sahədə qlobal liderlik qazanmaqdır.

Prezident İlham Əliyev iki mühüm tədbirin - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə və Qoşulmama Hərəkatının Təmas qrupu formatında Zirvə görüşünün videokonfrans şəklində təşkilində CISCO-nun avadanlıqlarının keyfiyyətini yüksək dəyərləndirdi və şirkətlə əməkdaşlığın uğurla davam etdiyini vurğulamışdır: "Şadam ki, Davosda keçirdiyimiz görüşdən sonra böyük irəliləyişə nail olmuşuq. Heyətim mənə məlumat verib ki, bu sahələrdə, xüsusən də müzakirə etdiyimiz kimi "Ağıllı şəhər” layihəsi sahəsində işlər yaxşı gedir. İndi isə siz yeni "Smart ölkə” ideyası ilə çıxış edirsiniz. Nəinki şəhər infrastrukturu, nəqliyyat, dayanacaq yerləri və bəzi digər şəhər infrastrukturu, o cümlədən qlobal "Smart ölkə” konsepsiyası ortaya çıxır və biz onu tam dəstəkləyirik. Söylədiyiniz kimi, o, təhsili, kibertəhlükəsizliyi, səhiyyəni və əvvəlcə müzakirə etdiyimiz kimi, əlavə edərdim ki, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunmasını əhatə edir... Lakin ilk olaraq mənə sizin "Quantela” şirkəti ilə əməkdaşlığınız haqqında məlumat verildi. Əlbəttə ki, biz bunu tam dəstəkləyirik. "Smart ölkə” layihəsinin inkişaf gündəliyi üzrə tam tədqiqatın, bir növ "yol xəritəsi”nin hazırlanması da fikrimcə, çox faydalı olardı”.

Bütün bunlar Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığı əyani şəkildə nümayiş etdirir. Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə ABŞ Prezidenti Donald Tramp dövlət başçısına məktub göndərmişdir. O, Azərbaycanın Prezidentini və xalqını 28 May Respublika Günü münasibəti ilə təbrik etmişdir. Prezident Donald Tramp yazmışdır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Məktubda xüsusi olaraq qeyd edilmişdir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür.

CISCO ilə videokonfrans zamanı sosial-iqtisadi sahədə bir çox istiqamətlər üzrə gerçəkləşdiriləcək layihələrdən bəhs edilmişdir. Belə ki, kibertəhlükəsizlik, energetika, səhiyyə, kənd təsərrüfatı və digər sahələrlə bağlı söhbətlər aparılmışdır. Prezident İlham Əliyev bütün sahələrdə əməkdaşlıq və tərəfdaşlığın uğurla davam edəcəyinə inamını bildirmişdir: "Əminəm ki, bizim strateji tərəfdaşlığımız yalnız güclənəcək. Çünki bizim ölkənin müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var. Bizim uzun illərdir ki, əməkdaşlıq təcrübəmiz var. Artıq qeyd etdiyim kimi, burada layihələrin uğurlu icrası birgə səylərimizin ən yaxşı təzahürüdür. Bizim baxışlarımız tam üst-üstə düşür və potensialımızı səfərbər etməklə biz nisbətən qısa müddət ərzində çox işlər görə bilərik. Bu isə bizim Azərbaycanın müasirləşdirilməsi baxışımıza tam uyğun olacaq. Koronavirus pandemiyası başa çatdıqdan sonra sizi Bakıda görməyə ümid edirəm”.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video