17 May 2020 00:49
712
CƏMİYYƏT
A- A+

Sağlamlığımızı gözəlliyimizə qurban verməyək


Xidmət sahələrində koronavirusun yayılmaması üçün metodik göstərişlərə əməl olunmalıdır


Artıq 4 gündür xüsusi karantin rejimi dövründə tətbiq edilən bir sıra məhdudiyyətlər yumşaldılaraq müxtəlif ticarət, xidmət sahələrində, ofislərdə, eləcə də bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunub. Bəs koronavirus təhlükəsinin hələ sovuşmadığı, infeksiyaya yoluxma hallarının davam etdiyi müddətdə xidmətlərindən istifadəyə zərurət duyduğumuz bu sahələrdə sağlamlığımızı necə qoruyaq?
Nazirlər Kabineti yanında Operativ Qərargah xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması, profilaktikası məqsədilə metodik göstərişlər hazırlayıb. Bu göstərişlərə əsasən, müəssisələrdə sanitar məişət otaqları (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanmalıdır. Müəssisə təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə, əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərlə, birdəfəlik istifadə üçün salfetlərlə, əməkdaşlar yetərli sayda tibbi maska və əlcəklərlə daimi olaraq təmin olunmalıdır. Xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə zəruridir. İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbalar qoyulmalı və bu tullantılar müvafiq qaydada məhv edilməlidir.


Dezinfeksiya edilməsi vacib olan sahələr


Müəssisədə təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi olaraq, əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır. Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.
Xidmət sahələrində dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:
- giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
- qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);
- istehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
- məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli məhlul və ya digər);
- çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);
- döşəmələr (xlor tərkibli məhlul və ya digər);
- soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
- soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);
- sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);
- anbarlar (xlor tərkibli məhlul və ya digər);
- tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
- tullantı qabları (spirt tərkibli məhlul və ya digər);
- ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər);
- kassada yerləşən konveyerlər (spirt tərkibli məhlul və ya digər).


İşçi heyətin şəxsi gigiyenası və müayinəsi


Xidmət sahəsində çalışan işçi heyəti şəxsi gigiyena qaydalarına riayət etməlidir. İşə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir. İşçinin əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməli, bununla bağlı tibb müəssisəsinə dərhal müraciət olunmalıdır.
Xidmət sahələrində çalışan işçilərin gündəlik müayinəsinə dair tövsiyələr də medotiki göstərişlər əksini tapıb. Belə ki, iş zamanı özündə COVID-19-a spesifik olan əlamət hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY-ə müraciət edilməlidir:
- xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;
- həmin işçidə laborator üsul ilə
COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdırlar.


Tibbi maskalardan ümumi istifadə qaydaları


Qapalı məkanlarda tibbi maskadan istifadəsi mütləq şərtdir. Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır. Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır). Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır. Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir. Birdəfəlik maskalardan təkrar istifadə etmək olmaz. Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması zəruridir.


Əllərin gigiyenasına dair tövsiyələr


- Əllər axar su ilə isladılmalı və sabun ilə sürtülməlidir;
- əllər sabunla birlikdə ovuşdurulmalıdır. Barmaqların və dırnaqların arası yaxşı sabunlanmalıdır;
- sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalıdır;
- əllər axar suyun altında mükəmməl durulanmalıdır;
- əllər təmiz salfetlərlə qurulanmalıdır;
- sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməlidir.
Metodik göstərişlərdə qeyd olunub ki, geyim satışı obyektlərində dəyişmə otaqlarından, kosmetika və ətriyyat satışı dükanlarında isə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır. Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti müəssisələrində, eləcə də mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri mərkəzlərində müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya olunmalıdır.

Bərbər və gözəllik salonları bu qaydalara riayət etməlidirlər

Əhali tərəfindən fəaliyyətə başlaması səbirsizliklə gözlənilən sahələrindən biri də bərbər və gözəllik salonlarıdır. Bu sahələrdən istifadə sıx olduğu üçün həm orda çalışan işçilər, həm də vətəndaşlar aşağıdakı metodik göstərişləri mütləq bilməlidirlər:
- onlayn növbə qəbul sisteminin tətbiqi;
- əllərin yuyulması: iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;
- iş önlüyü: bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;
- müştəri önlüyü: xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;
- əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;
- kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir;
- dəsmalların istifadəsi: hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;
- qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir;
- ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;
- qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.
Sadalanan tövsiyələrə riayət etmək hər kəsin sağlamlığı naminə mütləq və zəruridir. Vətəndaş özü də bu baxımdan diqqətli və məsuliyyətli olmalıdır. Yaxşı olar ki, özünüzün ayrıca kosmetik alətləriniz, qayçı, daraq, ülgüc və təraş maşınınız olsun. Əgər yoxdursa, usta tərəfindən yuxarıda sadalanan təlimatlara əməl olunmasına diqqət yetirin. Hər hansı xidmət sahəsində bu qaydaların tətbiqinə dair laqeydlik gördükdə onlara riayət olunmasını tələb edin. Bu, sizin haqqınızdır. Ən əsası isə sağlamlığınızı qorumaq üçün vacibdir. Deyirlər, gözəllik qurban tələb edir. Çalışın, sağlamlığınızı gözəlliyinizə qurban verməyəsiniz.

Xəyalə MURADLI,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video