15 May 2020 02:13
4487
SİYASƏT
A- A+

İlham Əliyevin qlobal böhran şəraitində inkişaf modeli


Ən islahatçı Prezident pandemiya ilə mübarizə dövründə də mühüm sosial-iqtisadi layihələrini reallığa çevirir


Bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus bəlası yalnız sağlığa təhdid deyil, makroiqtisadi siyasətdən tutmuş qlobal ticarətədək bütün sahələrə mənfi təsirini göstərməklə həm də sosial-iqtisadi problem olduğunu göstərir. Beş aydır dünya dövlətləri qlobal pandemiya ilə mübarizə aparırlar. Pandemiyanın yaratdığı iqtisadi şoklar fonunda bu il dünya iqtisadiyyatının 4 faiz azalacağı qeyd edilir.

Bununla belə Avropa Yenidənqurma və İnkişaf Bankının regional iqtisadi perspektivlərə dair hesabatında bildirilir ki, gələn il Azərbaycan iqtisadiyyatı 3 faiz artacaq. Ekspertlər vergi güzəştləri və məşğulluğa dəstək tədbirlərinin iqtisadi artım üçün şərait yaradacağını bildirirlər.


Pandemiya dövründə 9 yeni obyektin açılışı


Hazırda dünya böhran şəraitindədir. Pandemiyanın vurduğu zərərlərdən az itki ilə çıxmaq və makroiqtisadi sabitliyi qorumaq üçün Azərbaycan hökuməti effektiv qabaqlayıcı tədbirlər həyata keçirir. Məqsəd həm də iqtisadiyyata dəyən zərəri minimuma endirməkdir. Məhz pandemiya dövründə ölkədə heç bir sosial layihənin təxirə salınmaması və qeyri-neft sənayesinin inkişafı da bunu təsdiqləyən reallıqdır.

Son 3 ayda, pandemiya dövründə ölkədə yaradılan müəssisələr, yenilənən yol infrastrukturu, açılan yeni obyektlər və reallaşan sosial layihələrə nəzər yetirsək, buna şahidlik edərək:

- Bakıda "Yeni klinika” tibb müəssisəsi;

- "Bakı Tekstil Fabriki” tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi;

- Bakıda modul tipli ilk xəstəxana kompleksi;

- "Gilan Tekstil Park”ın tibbi maska fabriki, qoruyucu kombinezonların istehsalı müəssisəsi;

- MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış kompleksi;

- "Azərenerji”nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi;

- Xızıdan Sumqayıt şəhərinə magistral qaz kəmərinin çəkilməsi;

- Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində piyada keçidi;

Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidən qurulması.

Müstəqillik tarixində ən böyük iqtisadi-sosial paket

Dövlət başçısı bu layihələrin hər birinin açılış mərasimində iştirak edərək öz xeyir-duasını da verir. Yəni bütün bunlar pandemiya dövründə cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülərək reallığa çevrilən sosial-iqtisadi layihələrdir. Həqiqətən də, qlobal böhran dövründə bu cür layihələrin reallaşdırılması Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Bu uğurları şərtləndirən amillər isə, əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların nəticələridir.

Hər bir ölkədə pandemiya səbəbindən elan edilən karantin rejiminə görə əhalinin sosial durumu ilə bağlı müxtəlif proqramlar tətbiq edilib. Azərbaycanda isə Prezident İlham Əliyevin böyük iqtisadi-sosial paketi çərçivəsində dövlət dəstəyi proqramları qəbul edilib. İşləməyən vətəndaşın maaşını dövlət ödəyir, sahibkarlara və muzdla işləyənlərə yardımlar, güzəştlər göstərilir, bir sözlə, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Artıq pandemiya nəticəsində zərərə məruz qalmış sahibkarlara 100 milyon manata yaxın maliyyə dəstəyi göstərilib.

Qeyd edək ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara Azərbaycan Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına maliyyə dəstəyinin ödənilməsi tapşırılıb.

Hazırda İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında xəzinədarlıq orqanları tərəfindən maliyyələşmə davam etdirilir.

Qəbul edilmiş bu proqramlara, ümumilikdə, 3,5 milyard manat, həcmində vəsaitin ayrılması da təsdiq edir ki, indiyədək Azərbaycan tarixində heç vaxt bu həcmli maliyyə tutumlu iqtisadi-sosial paket təqdim edilməyib.

Azərbaycan həm daxildə, həm də xaricdə pandemiya ilə bağlı həyata keçirilən mübarizə tədbirlərinə əvəzsiz töhfələr verib. Ümumiyyətlə, ölkəmizin koronavirusla ümumbəşəri mübarizə istiqamətində göstərdiyi maddi-texniki, mənəvi dəstək jestləri dünya birliyi tərəfindən təqdir edilir. İndiyə qədər ölkəmiz 10-dan çox dövlətə maddi və mənəvi yardımlar göstərib və bu da onlar tərəfindən minnətdarlıqla qarşılanıb. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ilə mübarizə üçün 10 milyon dollar maddi dəstək göstərib.


Qlobal böhran dövründə maneəsiz tranzit daşımaları


Ölkə rəhbəri bütün çıxışlarında Azərbaycanın qlobal pandemiya dövründə iqtisadi imkanlarından, reallaşdırılan layihələrdən, etibarlı tranzit imkanlarından söz açaraq qeyd edir ki, bu çətin dövrdə də dövlət makroiqtisadi sabitliyin qorunması üçün düşünülmüş addımlar atır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə dövlət başçısı vurğuladı ki, pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi vacibdir.

Onlarca ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayan Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və pandemiya dövründə də etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində də cənab İlham Əliyev bu məsələyə toxunaraq demişdi ki, Azərbaycan və Rusiya tranzit-logistika sahəsində işləri intensivləşdirmək barədə razılığa gəliblər. Yəni Azərbaycan etibarlı logistik imkanlarından qlobal pandemiya dövründə də yararlanmaqdadır.

Bəzi iqtisadçılar hesab edirlər ki, 2020-ci il dünya iqtisadiyyatı üçün "itirilmiş il” olacaq. Dünya dövlətlərinin iqtisadiyyatına çox böyük həcmdə dəyəcək zərər ağır fəsadlar törədəcəkdir. Ölkələrin əksəriyyəti borclanmağa məcbur olacaq. Lakin Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər, düşünülmüş siyasət, Prezident İlham Əliyevin müdrik qərarları ölkəmizin bu böhrandan az itki ilə çıxmasını təmin edəcək.

Əminliklə deyə bilərik ki, uğurla icra edilən bu yüksəliş strategiyasının təməlində düşünülmüş siyasət, düzgün aparılan islahatlar və ölkənin gələcəyi ilə bağlı mükəmməl proqramlar dayanır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video