15 May 2020 01:21
3086
Səhiyyə
A- A+

Bronxial astmalı uşaqlara qayğı gərəkdir


Hər il may ayının əvvəlində Ümumdünya Bronxial Astma ilə Mübarizə günü qeyd olunur. Bu günün qeyd edilməsində məqsəd cəmiyyəti bronxial astma (BA) xəstəliyi, səbəbləri və nəticələri barədə məlumatla təmin etməkdir. BA uşaqlarda ən çox rast gəlinən xroniki ağciyər xəstəliyi olub, xroniki iltihab və vaxtaşırı boğulma tutmaları ilə özünü büruzə verir.

Hazırda dünyada 300 milyona qədər insan bronxial astma xəstəliyindən əziyyət çəkir, bu xəstəliyə tutulma halları illər keçdikcə daha da artır. İnkişaf etmiş ölkələrdə astma 18 yaşadək uşaqların təqribən 12%-də rast gəlinən xronik xəstəlikdir və 15 yaşadək uşaqlar arasında oğlanlarda daha çox qeydə alınır.

Aşağıdakı risk faktorlarının təsiri nəticəsində astmanın yaranması müşahidə olunur:

* İrsi (genetik) meyillilik - bu, ətraf mühitdə mövcud olan hissəciklərə və maddələrə qarşı allergik reaksiyanın irsi meyilliyinin olmasıdır. Ailə üzvlərində astma, allergiya və ya ekzema olan uşaqlarda astmanın inkişaf etmə riski yüksəkdir.

* Əlverişsiz ətraf mühit amilləri - soyuq hava şəraiti və ya atmosfer təzyiqinin dəyişməsi, yağış və ya külək astmanın əlamətlərinin yaranmasına səbəb ola bilər.

* Yuxarı tənəffüs yollarının infeksiyaları - bu infeksiyalar əsasən körpələrdə və kiçikyaşlı uşaqlarda müşahidə olunur. Bu infeksiyalar rinovirus (soyuqdəymənin əsas səbəbi), respirator sinstisial virus, qrip və paraqrip virusları və digər viruslar tərəfindən törədilir. COVID-19 pandemiyasından əvvəl respirator sintisial virus infeksiyaları bronxial astmanın inkişaf riskini 2-12 dəfə artırırdı.

* Fiziki hərəkətlər - tənəffüs yollarının daralması fiziki hərəkətlərdən sonra da inkişaf edə bilər. Təngnəfəslik, fitverici tənəffüs və öksürək, adətən, fiziki aktivlikdən 5-10 dəqiqə sonra baş verir və 20-45 dəqiqədən sonra keçir. Bu, fiziki hərəkətlərdən sonra yaranan astma adlanır.

* Allergenlər və qıcıqlandırıcılar - məişət və ətraf mühit allergenləri 3 yaşadək uşaqlarda astmanın əsas törədicilərindəndir. Qıcıqlandırıcı və allergen amillərə aiddir:

- Məişət tozu, ev əşyalarında olan tozlar (həmçinin gənə, tarakan, siçan ifrazatı);

- Heyvanlar, xüsusən it, pişik və quş tükləri və digər xəzli heyvanlarla təmas (məsələn, dovşan və s.);

- Rütubətli, nəm yerlərdə olan göbələk sporları;

- Ağac və bitki tozları, xüsusən də bitkilərin çiçəkləməsi dövründə (aprel ayından sentyabra qədər);

- Tütün tüstüsü;

- Sənaye tullantıları və nəqliyyat vasitələri ilə havanın çirklənməsi. Qatı tüstü və sərt hissəciklər də daxil olmaqla, havanın çirklənməsi astmanın əlamətlərinin əmələ gəlməsinə təsir edir.

* Əsəb və qorxu kimi həddindən artıq emosional vəziyyətlər - COVID-19 xəstəliyinin epidemiyası ilə əlaqədar ətrafdakılardan, mediadan və sosial şəbəkələrdən alınan neqativ məlumatlar uşaq orqanizminə mənfi təsir göstərə, onda stres yaranmasına və hətta astma tutmalarına səbəb ola bilər.

Üzləşdiyimiz yeni koronavirus xəstəliyi epidemiyası zamanı körpələr daxil olmaqla, uşaqlarda aşağı tənəffüs yollarının kəskin infeksiyalarına və habelə emosional dəyişikliklərə diqqət yetirməyə məcbur edir. Astmalı xəstələrdə simptomlar gün və ya həftə ərzində bir neçə dəfə müşahidə oluna bilər. Uşaqlarda astmanın ümumi simptomlarına fiziki aktivlik zamanı, gecələr və ya gülüş zamanı baş verə biləcək tənəffüs çətinləşməsi tutmaları aiddır. Təkrarlanan astma tutmaları yuxusuzluq, yorğunluq, aktivliyin aşağı səviyyədə olması, həmçinin məktəbdə dərslərə davamiyyətsizlik kimi əlamətlərlə müşayiət olunur.

Bronxial astma zamanı tənəffüs yollarının divarları qalınlaşır, ətrafındakı əzələlər büzülür və həddindən artıq selik əmələ gəlir, nəticədə tənəffüs yolları daralır və tənəffüs çətinləşir. Xəstəlik təngnəfəslik, xırıltı, fitverici tənəffüs, döş qəfəsində ağrı və sıxılma və öskürək kimi simptomlarla özünü göstərir. Bəzən simptomlardan hamısını deyil, yalnız birini görmək olur. Bəzən öskürək yeganə əlamət ola bilər.

Uşaqlarda bronxial astmanın etiologiyasında soyuqdəymə və respirator virus infeksiyaları ilə yanaşı, qida allergiyası da rol oynayır. Buna görə də astma xəstəliyini nəzarət altında saxlamaq üçün aşağıdakı qaydalara əməl edilməsi vacibdir:

- COVID-19 infeksiyası şübhəli və ya təsdiqlənmiş insanlarla yaxın təmasdan çəkinin;

- Qida allergiyası olan uşaqların qıdasına diqqət yetirin;

- Xarici allergenlərdən qaçın;

- Həkiminizin müalicə təyinatına əsasən dərman qəbul edin;

- Xəstəxanada və poliklinikada tibbi sənədinizin olmasına əmin olun;

- Sağlam qidalanmaq və fiziki məşq edərək ümumi sağlamlığınızı qoruyun;

- Qripə tutulmamaq üçün mövsümi qripə qarşı peyvənd etdirin;

- Astma risk faktorlarından qaçının.

Əgər allergiya simptomları müşahidə olunursa, dəri və ya qan testi ilə müayinə tövsiyə edilə bilər. Bu müayinələr allergeni təyin etməyə və onun aradan qaldırılma zəruriliyini müəyyən etməyə (allergen mənbəyini evdən uzaqlaşdırmaq, küçəyə çıxdıqda ağız və burunu örtən xüsusi maskadan istifadə) kömək ola bilər.

Uşaq ağır bronxial astma keçirsə xəstəxanada, yüngül formada isə evdə müalicə ala bilər. Həkiminiz astmanın ağırlığına əsaslanaraq müalicə planı hazırlayacaq. Müalicə planında uşağınızın astma dərmanlarını nə vaxt və necə istifadə etməsi, astma ağırlaşdıqda nə ediləcəyi və uşağınızın təcili yardıma ehtiyacı ola biləcəyi və bu vəziyyətdə nə ediləcəyi izah edilir. Bundan əlavə, həkim bronxial astma tutmasına səbəb olan amilləri müəyyənləşdirməyə kömək edir.

Astmalı uşaqların müalicəsində başlıca dərmanlar birbaşa tənəffüs yollarına verilən dərmanlardır. Bu xəstələrdə iki növ dərman istifadə olunur: profilaktik və müalicəvi dərmanlar. Müasir dərmanlar astmanın qarşısını almaq və nəzarətdə saxlamağa imkan verir. Bununla yanaşı, risk faktorları vaxtında aradan qaldırılmalıdır, məsələn, xəstəliyin allergik formasında allergenə spesifik immunoterapiyanın, uşaqların tütün tüstüsü inhalyasiyasının qarşısını almaq və s.

COVID-19 virusunun yayılmasının dayandırılması üçün tətbiq olunan karantin rejimilə əlaqədar insanlar evdə qalaraq ailədə daha çox vaxt sərf edirlər. Bu şəraitdə valideyni siqaret çəkən uşaqlar daha çox tütün tüstüsünün təsirinə məruz qalırlar. Bu, uşaqların, xüsusilə də inkişaf etməkdə olan körpələrin ağciyərlərinə zərər verir və bronxial astmanın başlanmasına səbəb ola bilər. Evdə siqaret çəkən valideynlərin uşaqları bu tüstü ilə nəfəs aldıqlarından passiv siqaret çəkən olurlar.

Siqaretin tərkibində bir çox zərərli kimyəvi maddələr və toksinlər var. Tez-tez tütün istifadə etdikdən sonra "passiv tüstü” adlanan tüstü otaqda qalır. Passiv tüstü paltarlara, mebellərə və xalçalara hopur və uşaqlar tərəfindən inhalyasiya olunur.

Mənzilli binalarda tütün tüstüsü dəhlizlər və pilləkənlər kimi ümumi sahələrə keçir. Ayrı bir otaqda və yaxud da pəncərəni açaraq siqaret çəkmək uşaqları passiv siqaret çəkməyə məruz qalmaqdan qorumur. Xüsusilə kiçikyaşlı uşaqlar siqaret tüstüsünə qarşı daha həssasdırlar. Uşaqlar əsasən valideynlərinin və ya digər ailə üzvlərinin siqaret çəkmələri üzündən tütün tüstüsündən əziyyət çəkirlər. Əsas mənbə həm hamiləlik dövründə, həm də doğuşdan sonrakı ilk aylarda ananın daim körpəsi ilə bir yerdə olduğu zaman onun yanında siqaret çəkməsi və körpənin sağlamlığına mənfi təsir göstərməsidir. Ananın hamiləlik dövründə siqaret çəkməsi körpənin az çəki ilə doğulmasının, ağciyərlərinin həyat tutumunun az olmasının və südəmər dövrdə yuxu zamanı qəfildən ölməsinin əsas səbəbidir.

Bronxial astma uşaqlıq dövründə ən çox yayılmış xroniki xəstəlikdir. Tədqiqatlar göstərir ki, anaları siqaret çəkən uşaqlarda tənəffüs xəstəlikləri ehtimalı anaları siqaret çəkməyən uşaqlara nisbətən 1,7 dəfə çoxdur, ataların siqaret çəkməsi isə bu riski 1,3 dəfə artırır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bütün uşaqların təxminən yarısı tütün tüstüsündən əziyyət çəkir, çünki yaşlı insanların 1,2 milyard nəfəri siqaret çəkir. ÜST uşaqlarda passiv tüstünün bronxit, sətəlcəm, öskürək və xırıltı, bəlğəm, astma tutmaları, ani körpə ölümü və hətta ürək-damar zədələri və s. kimi patologiyalara səbəb olduğu nəticəsinə gəlmişdir.

Passiv siqaret tüstüsünün uşaqlarda astmatik simptomların əmələ gəlməsi və astma tutmalarının kəskinləşməsi üçün risk faktoru olduğuna dair hazırda kifayət qədər sübut var. Məsələn, hər il İngiltərədə valideyninin siqaret çəkməsi nəticəsində 1600-dən 3400-ə qədər uşaqlar arasında yeni bronxial astma xəstəliyi halları qeydə alınır.

Astmanın tamamilə müalicə olunmamasına baxmayaraq, mövcud dərman vasitələri bu xəstəliyi nəzarətdə saxlamağa və həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Astmaya qarşı mübarizənin yeganə yolu dərmanlar deyil. Astmanın yaranmasına səbəb ola bilən - tənəffüs yollarını qıcıqlandıran və iltihabına səbəb olan maddələrlə təmasdan çəkinmək lazımdır. Hər bir astmalı uşaq və onun valideyni hansı qıcıqlandırıcı maddələrdən çəkinməli olduğunu bilməlidir.

Əgər uşaq astma xəstəsidirsə, o zaman xalça, yumşaq oyuncaqlar, yumşaq mebel və açıq kitab rəflərini evdən uzaqlaşdırmaq lazımdır. Quş tükündən hazırlanmış yastıqlar və yun örtüklər sintetik hipoallergen (allergiya yaratmayan) yataq ləvazimatları ilə əvəz olunmalıdır. Allergiya yaradan məişət tozlarına qarşı mübarizənin ən effektiv yolu hava təmizləyicilərindən və su filtri olan tozsoranlardan istifadə etməkdir.

Ev heyvanları və quşlarını evdə saxlamaq tövsiyə edilmir. Bitkilərin çiçəklənməsi dövründə ağac və ot tozlarına qarşı allergiyası olan uşaqları gəzintidən çəkindirmək və bu, mümkün olmadıqda isə gəzinti zamanı ağız və burunu örtən tibbi maskalardan istifadə etmək lazımdır. Ailədə astmalı uşaq varsa, o zaman gigiyenik qaydalara ciddi riayət etmək gərəkdir: otaqlar təmiz, geniş və havalı olmalıdır.

Astma nəticəsində ölüm halları digər xronik xəstəliklərlə müqayisədə çox aşağı səviyyədədir. Bronxial astmalı xəstə uşaqlar yaşıdlarından daha gec yetkinlik yaşına çatırlar. Ağır forma astmalı xəstə uşaqlar müvafiq müalicə almadıqda, onlarda qısa boyluluq meydana gələ bilər.

Tütün tüstüsünün sağlamlığa güclü zərərli təsiri olduğundan ÜST uşaqları passiv siqaret çəkmədən qorumağa çağırır. Buna görə də evdə siqaret çəkən valideynlər öz uşaqlarını, xüsusilə də hazırkı COVID-19 epidemiyası dövründə hansı risklərə məruz qoyduqları haqda düşünməli və bu çağırışa qoşulmalıdırlar.

Sevil QƏNBƏROVA,

Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının əməkdaşı, tibb elmləri namizədi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video