14 May 2020 02:46
3835
SİYASƏT
A- A+

Beynəlxalq səviyyədə təqdir olunan siyasət



İlham ƏLİYEV: "Ən böyük qiyməti Azərbaycan xalqı verir”


Bu günlərdə Sumqayıtda ikinci tibbi maska fabrikinin istifadəyə verilməsi Azərbaycanda koronavirusa qarşı həyata keçirilən kompleks mübarizənin növbəti təsdiqi oldu. Belə ki, bu müəssisənin işə salınması göstərdi ki, respublikamızda həm qoruyucu tibbi ləvazimatlara olan ehtiyac məhz daxili istehsal hesabına ödənilir, həm də pandemiya şəraitində iqtisadi fəallıq və məşğulluq təmin edilir. Bütün bunlar isə Prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətinin ilk növbədə insan amilinə xidmət etməklə kifayət qədər dolğun və əhatəli olmasından xəbər verir.


Nümunəyə çevrilən fəaliyyət


Hazırda dünyanın bütün ölkələri öz səylərini koronavirusla mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. Buna baxmayaraq, son statistikaya görə bu infeksiyaya yoluxanların sayı 4,3 milyonu, vəfat edənlərin sayı isə 290 mini ötüb. Virus xüsusən ABŞ və inkişaf etmiş Avropa ölkələrində daha ciddi fəsadlara, xeyli sayda yoluxma və insan itkisinə səbəb olub.
COVID-19 Azərbaycandan da yön ötmədi. Lakin Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən dərhal həyata keçirilən zəruri qabaqlayıcı, çevik və sistemli preventiv tədbirlərin, atılan profilaktik və təxirəsalınmaz addımların nəticəsində virusa kütləvi yoluxmanın qarşısı alındı. Bununla bir daha təsdiq olundu ki, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyi və hazırkı qlobal problemin təsirindən müdafiəsi respublikamız üçün ən vacib və prioritet məsələdir.
Təsadüfi deyil ki, bu gün Azərbaycanın adı koronavirusa qarşı ən səmərəli mübarizə tədbirləri həyata keçirən ölkələrlə birgə çəkilir. Beynəlxalq təşkilatlar da respublikamızda virusa qarşı atılan qabaqlayıcı addımları digər dövlətlərə nümunə olaraq görürlər. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus Prezident İlham Əliyevə ünvanladığı növbəti məktubunda COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün bir daha Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda o, Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib. Sumqayıtda tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında çıxış edən Prezident İlham Əliyev bu barədə deyib: "Bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir. Bunu həm Azərbaycan vətəndaşları deyir, - mənə ünvanlanmış minlərlə təşəkkür məktubunda bu, əksini tapır, - həm də beynəlxalq təşkilatlar. Bu yaxınlarda mən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorundan ikinci məktubu almışam. Birinci məktub mart ayının sonunda mənə ünvanlanıb, ikinci məktub isə mayın 7-də. İkinci məktubda da Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, işlərimizi təqdir edir. Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük qiymətdir. Ancaq bir daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir”.


Azərbaycan öz vətəndaşlarını layiqincə qoruyur


Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. İki gün əvvəl Sumqayıtda "Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin istifadəyə verilməsi bu tədbirlərin tərkib hissəsidir. Xatırladaq ki, ilk tibbi maska istehsalı müəssisəsinin açılışı da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında olmuşdu.
Onu da qeyd edək ki Azərbaycanda vaxtilə yaradılmış iqtisadi infrastruktur qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkil olunmasına imkan verib. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf siyasətinin, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması üçün atılan addımların uğurlu nümunəsi kimi təqdirəlayiqdir.
Məlum olduğu kimi, pandemiya ilə əlaqədar son dövrlərdə tibbi maskaya, qoruyucu geyimlərə bütün dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır, eyni zamanda möhtəkirlər də yaranmış vəziyyətdən istifadə edərək, idxal olunan tibbi maskaların qiymətini artırırlar. Bu baxımdan Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması isə xüsusilə əhəmiyyət kəsb edir.
Bu koronavirusla mübarizəyə mühüm töhfədir və ölkəmizin bu sahədə asılılığını aradan qaldırır. Eyni zamanda koronavirus pandemiyası şəraitində yeni iş yerlərinin yaradılması mütərəqqi sosial siyasətin təsdiqidir. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə, öz növbəsində, istehsal gücünü artırmağa imkan verəcək. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq. Qoruyucu kombinezonun istehsalı prosesinə isə 210 işçi cəlb olunub.
Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Bu baxımdan Sumqayıtda tibbi maska istehsalı müəssisələrinin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir.
Ən əsası, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində həyata keçirdiyi fəaliyyət kifayət qədər mütərəqqi təcrübənin formalaşmasına gətirib çıxarıb. Çünki başlıca məsələ vətəndaşların sağlamlığıdır ki, bu sahədə də ölkəmizin nəticələri kifayət qədər yüksəkdir. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan öz vətəndaşlarını koronavirusdan layiqincə qoruyur. Görünən odur ki, respublikamız bu qlobal problemin öhdəsindən layiqincə gələcək, bundan sonra da öz inkişafını uğurla təmin edəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video