09 May 2020 11:47
1018
Elm və texnika
A- A+

Akademik Yaqub Mahmudov: Azərbaycan xalqı faşizmin məğlub edilməsində fəal rol oynayıb

 
Sovet dönəmində qəsdən cəmiyyətə yalançı tarix təlqin ediblər, ona görə də hazırda Azərbaycan tarixi yenidən araşdırılır. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda "Azərbaycanın sovet dövrü tarixi” şöbəsi fəaliyyət göstərir. Elmi müəssisə İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır. "Erməni terrorçu-daşnak faşistləri alman faşizminin xidmətində (1939-1945-ci illər)” və "Azərbaycan SSR İkinci Dünya müharibəsində (1939-1945-ci illər)” kitabları üzərində gərgin iş gedir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsi ilə əlaqədar çıxışlarında hər zaman Azərbaycanın faşizm üzərindəki Qələbəyə sanballı töhfəsini xüsusi qeyd edir və soyqırımı canisi, Hitler faşizminin nökəri Qaregin Njdeni ifşa edir. Sevindirici haldır ki, ölkə başçısının Aşqabadda MDB-nin Zirvə görüşündəki məlum çıxışından sonra Rusiyanın Armavir şəhərində erməni kilsəsi tərəfindən zəbt edilmiş ərazidə Njdeyə qoyulan memorial lövhənin götürülməsi ilə əlaqədar qərar qəbul edilib. Prezidentin qeyd etdiyi kimi, özünü demokratik seçilmiş təqdim edən Ermənistanın yeni hakimiyyəti, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və faşist cəlladına ucaldılan heykəli sökməlidir.

Akademik vurğulayıb ki, Azərbaycan xalqı faşizmin məğlub edilməsində fəal rol oynayıb: "Biz bunu özümüzə şərəf bilirik və bu gün torpaqlarımızı işğal edən ermənilərə "faşistdən betər faşist” deyirik. Müharibə zamanı da ermənilərin Azərbaycanın ziyalı oğullarını məhv etmək xətti davam etdirilib. Qeyd etmək lazımdır ki, Həzi Aslanovun hərbi əməliyyatların getmədiyi bir məqamda öldürülməsinin Baqramyan tərəfindən təşkil edildiyi arxiv sənədləri ilə sübut olunub.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı faşizmə qarşı döyüş meydanlarında, arxa cəbhədə, həmçinin Avropanın müxtəlif ölkələrindəki antifaşist hərəkatında misilsiz qəhrəmanlıqlar göstərdi. Həmin dövrdə Azərbaycandan hərbi səfərbərliyə alınmış 600 mindən çox adamdan 170 mindən çoxu orden-medallarla təltif olundu, 130 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Azərbaycan xalqının zəkasının faşizm üzərində Qələbədə mühüm rolu var. Böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin yüksək oktanlı yanacaq ixtira etməsi ilə 1941-1945-ci illər müharibəsinin gedişində böyük dönüş yarandı”.

Yaqub Mahmudov qeyd edib ki, Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb: "1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Bakı nefti və Azərbaycan aliminin mühüm ixtirası olmasaydı, 1941-1945-ci illər müharibəsi Sovet İttifaqının qələbəsi ilə sona çatmaz və dünya faşizm bəlasından xilas olmazdı. Lakin SSRİ-nin bir çox şəhərlərinə "qəhrəman şəhər” fəxri adı verildiyi halda, faşizm üzərində Qələbədə öz nefti ilə həlledici rol oynayan Bakı şəhərinə bu ad verilmədi”.

"Müharibənin gedişində xalqımızı çeçenlər, inquşlar, məshəti türkləri kimi sürgün etmək planları var idi, bunun qarşısını Azərbaycanın ozamankı rəhbərliyi ala bildi. Ermənilər Stalini inandırmışdılar ki, guya Bakı neftçiləri xəyanət edir və cəbhəyə yanacaq göndərmirlər. Stalin isə azərbaycanlıların 48 saat ərzində sürgün olunması barədə dekret hazırlamış və Azərbaycanın ozamankı rəhbərliyinə müvafiq göstəriş vermişdi. Lakin Stalinə sübut edildi ki, neftçilərimizin xəyanəti barədə məlumatlar yalandır. O zaman erməni yalanı Həştərxan və Krasnovodska zəngdən sonra ifşa edilmiş və Bakı neftçilərinin sisternlərlə oralara yanacaq göndərdikləri, mühasirədə olan Stalinqradın müdafiəsini təmin etdikləri sübut olunmuşdu. Bakı nefti olmasaydı, nə aviasiya, hərbi texnika, nə də döyüşən ordu yanacaqla təmin oluna bilməzdi”, - deyə alim vurğulayıb.

Akademik diqqətə çatdırıb ki, 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur. Ulu öndər Heydər Əliyevin bu sahədəki müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. 9 May - Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Bu ölkə başçımızın tarixi keçmişimizə sayğılı münasibətinin parlaq təzahürüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video