09 May 2020 11:41
485
SİYASƏT
A- A+

Xarici İşlər Nazirliyi Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb

 
2020-ci il mayın 9-da 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 ili tamam olur. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə edilməsində misilsiz xidmətlər, şücaət və qəhrəmanlıq göstərən, böyük əziyyətlərə sinə gərərək adlarını tarixin ən şanlı səhifəsinə daxil edən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümünə dair yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda, həmçinin deyilir: "Ümumi zəfər olan bu Qələbənin əldə edilməsinə Azərbaycan xalqı önəmli töhfə verib. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızı iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və ya itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı "Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.

Böyük qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycandakı müəssisələrdə fasiləsiz rejimdə istehsal edilib.

Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Ölkəmiz faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Azərbaycan Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada, o cümlədən heykəllərin ucaldılması yolu ilə qəhrəmanlaşdırılması hallarından ciddi narahatıq. Təəssüflə qeyd edirik ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərinin beşdəbirini işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan, Xocalı qətliamı kimi insanlıq əleyhinə cinayətləri törədən Ermənistanda bu kimi meyillərin müşahidə edilməsi bu ölkənin və onun rəhbərliyinin təcavüzkar xislətini aydın şəkildə nümayiş etdirir. Lakin nasizmin şərəfsiz təcrübəsinin göstərdiyi kimi, bu meyillərin sonu özünü məhv etməkdən başqa bir şey deyildir.

Azərbaycan BMT Baş Assambleyasının "Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və biz hesab edirik ki, belə narahatlıq doğuran meyillərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər.

Böyük Vətən müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, müharibədə misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirməyib və itirməyəcək. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət isə, əlbəttə, gələcəkdə də qələbə çalacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video