09 May 2020 00:48
824
SİYASƏT
A- A+

Dahi şəxsiyyət, tarix yazan zəka sahibi



Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək mümkün deyil. İllər keçir, zaman dəyişir, adıçəkilən böyük masştablı düşüncə sahibləri, dahilər adi gözlə görünməyən addımları sayəsində dərhal dəyişən zamanın nəbzini tutur və onu özünə uyğunlaşdırırlar. Bu qəbildən olan şəxsiyyətlər, zəka sahibləri Yer üzündə barmaqla sayılan qədər olur, məhz bunun sayəsində hər dəfə hansısa çətinlik ortaya çıxanda xalq onlara sığınır və özünü məhv olmaq təhlükəsindən xilas edərək gələcək inkişaf yoluna qədəm qoyur.
Ulu Öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının qürur tarixinə, əməlləri isə hünər rəmzinə çevrilir. Azərbaycan tarixinin son qərinəsində xalqımızın həyatın bütün sahələrində nail olduğu uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi də məhz bu dahi şəxs təlatümlər burulğanından xilas edərək, ictimai-siyasi sabitlik yaratmış və Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarmışdır.
Ulu Öndər Heydər Əliyev belə bir zamanda xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə qayıdaraq dövlətçiliyimizi təhlükələrdən xilas etdi. Azərbaycanda vətəndaş qarşıdurmasını dayandırdı. Qanunsuz silahlı birləşmələri zərərsizləşdirdi. Cəmiyyətimizdə ictimai-siyasi sabitlik yaradıldı. Xarici dövlətlər, beynəlxalq təşkilatlarla münasibətlər qaydaya salındı. Azərbaycan iqtisadiyyatının ən müxtəlif sahə-lərinə xarici sərmayə axını başladı. Ölkəmizdə, ümumən dünyadakı iqtisadi-siyasi proseslərə yeni istiqamət verən yeni neft strategiyasının əsası qoyuldu. Azərbaycan mühüm qlobal layihələrin ən fəal iştirakçısına və regionda əsas söz sahibinə çevrildi. Əldə edilmiş bütün bu nailiyyətlər ümumi halda Azərbaycanın dövlət müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün əlverişli zəmin yaratdı.
Ulu Öndərin rəhbərliyi ilə dövlətimizin hüquqi və siyasi suverenliyinin təminatı prosesi sürətləndi. Demokratik islahatlar geniş vüsət aldı. Azərbaycan dövləti Avropa ailəsinin tamhüquqlu üzvünə çevrildi. Eyni zamanda həyata keçirilən fəal xarici siyasət beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsinə, bir çox dövlətlərlə yüksək səviyyədə əlaqələrin qurulmasına, ölkənin siyasi imicinin dəyişməsinə səbəb olmuş, onun xarici iqtisadi əlaqələrinin genişlənməsi və ölkəyə güclü investisiya axını üçün zəmin yaratmışdı.
Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və elə bütün bunlara görə Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəldi. Ulu Öndər ilk gündən hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatları həyata keçirməyə başladı.
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk gündən vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini başlıca məqsəd kimi müəyyənləşdirmişdi. Ölkədə hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədləri 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş ali qanunvericilik sənədində - Konstitusiyada da təsbit edilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində artıq 1996-cı ildə sosial göstəricilərin dinamikasında müsbət meyillər özünü göstərməyə başlamışdır. Ümummilli Liderin müxtəlif illərdə imzaladığı fərman və sərəncamlarla hərbi qulluqçuların, səhiyyə, təhsil, sosial müdafiə, elm, mədəniyyət sahəsində çalışanların əməkhaqları, eləcə də pensiyaların minimum məbləği, şəhid ailələrinin, 20 Yanvar əlillərinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda əlil olanların pensiya və müavinətləri bir neçə dəfə artırılmış, müxtəlif sahələrdə böyük xidmətləri olan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə fərdi təqaüdlər təsis edilmişdir.
Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi daim Ulu Öndərin diqqət mərkəzində olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin maddi vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə bir sıra qanun, fərman və sərəncamlar imzalanmışdır. Ümummilli Liderin qərarı ilə Dövlət Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Məcburi köçkünlərin çadırlardan müasir evlərə köçürülməsi, onların haqq səsinin dünyaya və beynəlxalq təşkilatlara çatdırılması sahəsində ilk addımları da məhz Heydər Əliyev atmışdır.
Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilmişdir. Ulu Öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini vermişdir. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi beynəlxalq institutlarla səmərəli əməkdaşlıq yaradılmışdır.
Ümummilli Lider Heylər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan 1994-cü il mayın 4-də Prezident Heydər Əliyevin "Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ ilə dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Bu öz növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan Ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahələrdə birgə hərəkət etmək imkanı verirdi. Bununla yanaşı, ölkəmizin bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də əlverişli şərait yaratdı.
1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahələrində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanıb. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüquqi baza rolunu oynayır.
Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar Ümummilli Liderin uzaqgörən daxili və xarici siyasətinin və bu istiqamətdə məqsədyönlü fəaliyyətinin nəticəsi idi.
Qazanılan bu uğurlarla yanaşı, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Ümummilli Lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində başlıca yer tutub. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü məsələlərini beynəlxalq aləmə çıxararaq regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışıb. Prezident Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində, ATƏT-in zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə danışıqlarda göstərdiyi səylər onun apardığı məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil edib. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində məhz Prezident Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ikitərəfli və çoxtərəfli formatda BMT-nin Təhlükəsizlik Şurası və digər strukturlarla, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İnkişaf Naminə Təşkilat, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığını davam etdirir. Bir sıra hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsində və səmərəliliyin artırılmasında mühüm rol oynayır. Bu gün Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətinə və beynəlxalq enerji-kommunikasiya layihələrinin mərkəzinə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması məhz cənab İlham Əliyevin uğurlu diplomatiyasının nəticələridir.
Azərbaycanın xarici siyasətinin prioriteti olan Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işlər davam etdirilir. Ermənistanın işğalçılıq siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran əsas məsələdir. Artıq Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina, Honduras, Sudan və Cibuti parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının bir sıra ştatları Xocalı soyqırımını tanımışdır. Azərbaycan öz torpaqlarını istər sülh, istərsə də hərbi yolla azad etmək hüququnu açıq şəkildə bəyan etmişdir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və praqmatik xarici siyasətin qanunauyğun nəticəsi olaraq Azərbaycan dünyada böyük etimad qazanan ölkə, etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Regional güc mərkəzi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütövlükdə Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
Dövlət başçısının ölkədə apardığı islahatların əsas strategiyası sosial-iqtisadi inkişafın təmin edilməsinə, demokratik dəyərlərin inkişafına və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönəlib və bu məqsədlə cəmiyyətin bütün sahələrində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılması hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən dövlətimizin siyasətinin prioritetləri sırasındadır.
Ölkədə aparılan islahatlar insan amilinə verilən dəyərin aydın ifadəsidir. İslahatların əsasında insan kapitalı, insan haqlarının müdafiəsi və demokratiyanın inkişafı durur. Azərbaycan dövlətinin bugünkü sosial siyasəti əhalinin və onun müxtəlif qruplarının həyat səviyyəsinin durmadan yüksəldilməsinə xidmət edir. Bu siyasətin əsas məqsədi isə insan kapitalını formalaşdırmaq və inkişaf etdirməkdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Azərbaycanda həyata keçirilən operativ tədbirlər dövlətin öz vətəndaşlarına verdiyi dəyərin parlaq ifadəsidir.
Hər bir ölkənin daxili və xarici siyasətindəki uğur məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır. Bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində möhtəşəm nailiyyətlər qazanır. Bu nailiyyətlərin qazanılmasının digər bir mühüm səbəbi isə Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Möhkəm təməl və güclü lider faktoru gələcəyimizin təminatı və yeni uğurlarımızın qarantıdır.

Sevinc FƏTƏLİYEVA,
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video