08 May 2020 22:31
2089
Elm və texnika
A- A+

AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib


Mayın 8-də AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri açaraq qeyd edib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə düşünülmüş siyasət və çoxşaxəli qabaqlayıcı tədbirlər öz müsbət nəticələrini verir. Vaxtında və düzgün müəyyənləşdirilmiş strategiyanın nəticəsidir ki, koronavirusla mübarizənin Azərbaycan modeli dünyanın bir sıra nüfuzlu beynəlxalq qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.

Akademik R.Mehdiyev əlavə edib ki, son aylar respublikada xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, müasir informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan istifadə etməklə AMEA-nın qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilib. O, qeyd edib ki, iclasda AMEA-nın elmi və elmi-təşkilati həyatı, o cümlədən bir sıra mühüm elmi kadr təyinatları ilə bağlı müzakirələr aparılacaq.

Sonra AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov gündəlikdə yer alan birinci məsələ - "İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin nəşri barədə məlumat verib.

Mövzu ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, müstəqillik illərində Azərbaycan Respublikasının tarixinin, onun sosial-iqtisadi inkişafının, mədəni-mənəvi təkamül proseslərinin vahid konseptual elmi baxış müstəvisində kompleks tədqiqi və nəşri hazırkı şəraitdə qarşıda duran əsas vəzifələrdəndir. Bu baxımdan sözügedən çoxcildliyin akademik səviyyədə hazırlanması zəruridir.

Müzakirələrdən sonra akademik Ramiz Mehdiyevin baş redaktorluğu ilə çoxcildliyin hazırlanıb nəşr edilməsi qərara alınıb. Çoxcildliyin akademik Ramiz Mehdiyev, akademik İsa Həbibbəyli, akademik Yaqub Mahmudov və akademik İsmayıl Hacıyevdən ibarət Redaksiya heyəti, o cümlədən müəlliflər heyəti və plan-prospekti təsdiqlənib.

Sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” müzakirə olunub.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qeyd edib ki, Tədbirlər Planının həyata keçirilməsi digər təşkilatlarla yanaşı, akademiyanın da qarşısında bir sıra vəzifələr qoyub. İclasda həmin vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA-nın müvafiq strukturları üçün İş planı təsdiq edilib, əlaqədar qurumlara və şəxslərə müvafiq tapşırıqlar verilib.

Daha sonra Ə.Sadıqov "Azərbaycan Milli Elmlər Akademiyasının 2019-cu ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi” barədə məlumat verib. O bildirib ki, AMEA üzvlərinin, elmi bölmələrin, elmi müəssisələrin, AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələrinin, həmçinin müvafiq nazirliklərin təqdim etdikləri materiallar əsasında ”Azərbaycan Milli Elmlər Akademiyasının 2019-cu ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi”nin layihəsi Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi tərəfindən hazırlanaraq AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilib. Hesabatda AMEA-da, eləcə də respublikanın digər elm və təhsil müəssisələrində 2019-cu ildə aparılmış fundamental və tətbiqi tədqiqatların mühüm nəticələri, AMEA Rəyasət Heyətinin elmi-təşkilati fəaliyyəti, akademiyanın fəaliyyətinin digər göstəriciləri öz əksini tapıb. Məsələ geniş müzakirə olunduqdan sonra hesabatın bəyənilməsi, nəşri və AMEA-nın Ümumi yığıncağının müzakirəsinə təqdim edilməsi ilə bağlı müvafiq qərar qəbul olunub.

Onlayn iclasda AMEA-nın doktorantura və dissertanturasına qəbulun nəticələri ilə bağlı məlumat verən Əminağa Sadıqov qeyd edib ki, müvafiq qanunvericiliyə uyğun olaraq, qəbul uğurla başa çatdırılıb, doktorant və dissertantlar üçün müxtəlif istiqamətlər üzrə aktual elmi problemləri əhatə edən mövzular müəyyənləşdirilib. Müzakirələrdən sonra fəlsəfə və elmlər doktoru hazırlığı üzrə AMEA-nın doktoranturasına və dissertanturasına qəbulun nəticələri təsdiq edilib, akademiyanın elmi müəssisə və təşkilat rəhbərlərinə, digər qurumlara müvafiq tapşırıqlar verilib.

Rəyasət Heyətinin iclasında AMEA-nın Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması barədə də qərar qəbul edilib. Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan dilini, mədəniyyətini, ümummilli dəyərlərini, adət-ənənələrini, xalqımızın milli mənafeyini, dövlətçilik ideologiyasını, vətənpərvərlik ruhunu, azərbaycançılıq ideyasının əsas prinsiplərini və mahiyyətini daha da möhkəmləndirmək, tədqiq və təbliğ etmək məqsədilə AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması zərurəti meydana çıxıb. Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasının formalaşma və inkişaf proseslərini tədqiq və təbliğ etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən mərkəzin yaradılması barədə qərar qəbul edilib. Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin rəhbəri akademik Ramiz Mehdiyev, müavini isə akademik İsa Həbibbəyli təsdiqlənib.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun nəzdində Eksperimental fonetik araşdırmalar laboratoriyasının bərpa edilməsi və "AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi əsərləri” jurnalının "Azərbaycan tarixşünaslığı” adlandırılması kimi digər elmi-təşkilati məsələlər də müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul edilib.

Bundan əlavə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun və Azərbaycan fəlsəfə elminin inkişafında xüsusi xidmətləri olan AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun anadan olmasının 100 illik yubileyləri ilə bağlı müvafiq qərar qəbul olunub.

Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Dilqəm Tağıyev və Rasim Əliquliyev yaxından iştirak edib, müzakirə olunan məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Texnika elmləri doktoru Təranə Məmmədova AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ), kimya elmləri doktoru Əfsun Sucayev Aşqarlar Kimyası İnstitutunun (AKİ), biologiya elmləri doktoru Eldar Novruzov Botanika İnstitutunun, aqrar elmlər üzrə fəlsəfə doktoru Qoşqar Məmmədov Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, biologiya elmləri doktoru Şakir Qasımov Mərkəzi Nəbatat Bağının və fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təsdiqləniblər. Həmçinin kimya üzrə fəlsəfə doktoru Nizami Mürsəlov NKPİ-nin, kimya elmləri doktoru Mina Munşiyeva Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova AKİ-nin, biologiya üzrə fəlsəfə doktoru Natavan Kələntərova Genetik Ehtiyatlar İnstitutunun, biologiya üzrə fəlsəfə doktoru Yeganə Bayramova Fiziologiya İnstitutunun, filologiya üzrə fəlsəfə doktoru Aynel Məşədiyeva Dilçilik İnstitutunun və fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev Radiasiya Problemləri İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video