08 May 2020 19:30
2044
PARLAMENT
A- A+

Heydər Əliyev xalqımızın şərəf və ləyaqət rəmzidir



Sahibə QAFAROVA: "Ulu Öndərin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir”


Mayın 8-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Deputatları salamlayan spiker Sahibə Qafarova iclasın həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirildiyini bildirdi.


Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək


Spiker qeyd etdi ki, mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümü tamam olur. "Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparıb Ermənistana birləşdirmək və yerli azərbaycanlı əhalini ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil etmişdir. Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırmışlar.
"Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış 1 milyondan çox soydaşımızın 22 min nəfəri Şuşa sakinidir. Onlardan biri bu gün bizimlə bərabərdir. Əsra Məmmədli Şuşada doğulmasa da, ruhən Şuşaya bağlıdır və doğma yurdunun həsrəti ilə yaşayır”, - deyə Sahibə Qafarova bildirdi.
Əslən Şuşadan olan Əsra Məmmədli iclasda çıxış etdi. O dedi: "Mən Şuşadanam. Atam da, anam da, babam da, ulu babam da Şuşadandır. Babalarımın əcdadları da Şuşadandır. Amma təəssüf ki, mən Şuşada doğulmamışam. Nəinki, doğulmamışam, heç Şuşanı görməmişəm də. Sizcə, bu necə hissdir? Mən Şuşamız barədə yalnız ata-anamın və nənə-babalarımın danışdıqları qədər bilirəm. Bu isə o deməkdir ki, mən də atam və ulu babalarım qədər Şuşalıyam. Bilirəm ki, məni çox gözəl anlayırsınız. Məni hiss etməyinizi istəyirəm. Mənim səsimi dünyaya çatdırın.
Çatdırın ki, mənim çəkdiyim ağrı-acını, yaşadığım hissləri digər ölkələrdə yaxşı anlasınlar, yaxşı duysunlar. Qoy duysunlar ki, şuşalı olub, Şuşanı görməmişəm. Şuşalıyam, fəqət anam mənə Şuşada layla oxumayıb.Şuşalıyam, lakin Cıdır düzündə, gül-çiçək arasında ayaqyalın qaçmaq da mənə nəsib olmayıb. Şuşalıyam, Şuşanın qarlı, dumanlı dağlarını görməmişəm. Şuşalıyam, Şuşanın bulaqlarının suyunu içməmişəm. Şuşalıyam, Xarı bülbülün çiçək açmasını görməmişəm. Şuşalıyam, Şuşada Qarabağ şikəstəsini eşitməmişəm.
Hiss edirsiniz məni? Qoy Dünya da anlasın və hiss etsin ki, Şuşa mənim doğma torpağımdır. Qoy hamı anlasın və hiss etsin ki, Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Torpaq isə müzakirə olunmur”.
Sahibə Qafarova bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa ediləcək: "Bütün Qarabağ bölgəsi, o cümlədən onun nadir incisi olan Şuşa şəhəri işğaldan azad ediləcək, qaçqın və köçkün soydaşlarımız doğma yurdlarına qayıdacaq, bölgədə uzunmüddətli möhkəm sülh bərqərar olacaqdır”.
Sonra Şuşa şəhərinin müdafiəsi zamanı həlak olmuş şəhidlərimizin xatirəsi sükutla yad edildi.


Xalqımız qələbəyə böyük töhfələr verib


Sahibə Qafarova qeyd etdi ki, mayın 9-da faşizm üzərində Qələbənin 75-ci ildönümü də tamam olur. Ulu Öndər Heydər Əliyevin "Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olmuşdur” sözlərini sitat gətirən spiker bildirdi ki, xalqımız bu qələbəyə böyük töhfələr verib. "Müharibə dövründə Azərbaycandan 680 mindən çox adam cəbhəyə çağırılmışdır. Onların 40 min nəfəri cəbhəyə könüllü getmişdi. 320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmamışdır. Müharibə illərində əsgərlərimiz böyük qəhrəmanlıq göstərmişlər. 400 mindən çox azərbaycanlı döyüş ordenləri və medalları ilə təltif edilmiş, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Azərbaycanda 5 milli diviziya təşkil edilmişdi. Bu diviziyalardan biri - məşhur 416-cı Azərbaycan Taqanroq diviziyası Berlinə ilk daxil olan hərbi birliklərin sırasında olmuşdur. Azərbaycanın oğul və qızları faşizmə qarşı müqavimət hərəkatında da fəal iştirak etmişlər. Onlar müxtəlif ölkələrdə partizan dəstələrində vuruşmuşlar. Təkcə Fransanın antifaşist hərəkatında 3 mindən çox azərbaycanlı iştirak etmişdir.
Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılmışdı. Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilmişdir. O dövrdə döyüşlərdə iştirak edən hər 5 təyyarədən, tankdan, avtomaşından və hərbi gəmidən dördü Azərbaycanda istehsal edilmiş yanacaqla işləyirdi. Azərbaycan müəssisələrində 130 növ silah, sursat və başqa hərbi ləvazimatlar istehsal edilirdi”, - deyə Sahibə Qafarova bildirdi.
Diqqətə çatdırıldı ki, bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə onlara, eləcə də müharibədə həlak olmuş və ya vəfat etmiş döyüşçülərin dul arvadlarına və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə mütəmadi maddi yardım verilir. Bununla yanaşı, müharibə veteranları mənzil və fərdi minik avtomobilləri ilə təmin olunur və digər güzəştlərdən istifadə edirlər.
Qələbə günü münasibətilə müharibə veteranlarını təbrik edən, qəhrəmanlıqla vuruşmuş, arxa cəbhədə fədakarlıq göstərmiş xalqımızın oğul və qızlarına minnətdarlıq duyğularını ifadə edən Milli Məclisin Sədri dedi: "Biz əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycanın tarixinə yeni bir qələbə günü, erməni faşizminin məğlub edilməsi, Qarabağın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bağlı bayram günü daxil olacaqdır”.


Müstəqil Azərbaycan bu gün etibarlı əllərdədir


May ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olacaq. Bu barədə danışan Sahibə Qafarova dedi: "Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Xalqımızın yaradıcı zəkasını və enerjisini təcəssüm etdirən Ulu Öndər millətimizin şərəf və ləyaqət rəmzinə çevrilmişdir. Onun sayəsində xalqımız əvvəlcə dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, sonra isə müstəqil milli dövlətçiliyini qoruyub saxlamış və ardıcıl inkişaf yoluna çıxarmışdır.
1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində Ulu Öndərin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf etmişdir. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq, xilaskarlıq və quruculuq missiyasını uğurla həyata keçirmiş və əsl milli lider olduğunu sübuta yetirmişdir.
Ulu Öndərin zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti bu gün etibarlı əllərdədir, başladığı bütün işlər eyni əzm və iradə ilə davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevirmişdir.
Azərbaycanın xoşbəxt gələcəyi İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Ulu Öndərin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Jalə Əliyeva, Soltan Məmmədov, Tahir Kərimli, Naqif Həmzəyev, Sahib Alıyev, Məlahət İbrahimqızı, Cavid Osmanov cari məsələlərlə bağlı fikirlərini bildirdilər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq "GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə təqdim edildi. Məsələ ilə bağlı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verdi.
Qanun layihəsi təsdiq edildi.


Qanun layihələri ikinci və üçüncü oxunuşlarda təsdiq olundu


İclasda "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsi, "Sosial sığorta haqqında” və "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələri üçüncü oxunuşda təsdiq olundu.
"Hərbi qulluqçuların statusu haqqında”, "İnzibati icraat haqqında”, "Təhsil haqqında” və "Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Uşaq hüquqları haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, "Gənclər siyasəti haqqında”, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, "Könüllü fəaliyyət haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Reklam haqqında” və "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Televiziya və radio yayımı haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” və "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının 1996-cı il 17 mart tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, "Televiziya və radio yayımı haqqında”, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və "İctimai televiziya və radio yayımı haqqında”, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul olundu.
Deputatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə də müsbət münasibət bildirdilər.
Daha sonra Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "İstehsalat və məişət tullantıları haqqında”, "Heyvanlar aləmi haqqında”, "Ekoloji təhlükəsizlik haqqında”, "Bələdiyyələrin su təsərrüfatı haqqında” və "Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, "Təhsil haqqında” və "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Qiymətləndirmə fəaliyyəti haqqında” və "İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda təsdiq olundu.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video