08 May 2020 16:54
1277
Elm və texnika
A- A+

Faşizm üzərində qələbədə Azərbaycan alimlərinin rolu

 
İkinci Dünya müharibəsində Azərbaycan övladları şərəfli döyüş yolu keçiblər. Amma unutmaq olmaz ki, azərbaycanlılar, həmçinin arxa cəbhədə var gücləri ilə çalışıblar. Onlar müharibəyə elmi kəşfləri ilə də qoşulmuşdular.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayevin azərbaycanlı alimlərin elmi kəşfləri ilə arxa cəbhədən ön cəbhəyə verdikləri töhfələrindən bəhs edən yazısını təqdim edir.

Yetmiş beş illiyini qeyd etdiyimiz Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycanın, Bakı neftinin töhfəsi əvəzsiz olub. Qanlı-qadalı müharibə illərində sovet respublikalarında min bir fiziki əziyyət, zəhmətlə çıxarılan neftin 70, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtkü yağlarının isə 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını yaxşı başa düşən Adolf Hitlerin tapşırığı ilə Almaniyanın I tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də şəhəri zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə deyib ki, əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq.

Gənc kimyaçı kimi mənim anlamımda bu qələbənin əldə olunmasında Azərbaycanın əhəmiyyəti bir də ondan ibarətdir ki, həmin illərdə alimlərimiz müharibənin uğurla aparılmasına xidmət edən tədqiqatlar həyata keçiriblər. Azərbaycan alimləri tərəfindən yüksəkkeyfiyyətli benzin, kerosin və başqa neft məhsulları kəşf olunaraq respublikamızda istehsal edilib və cəbhəyə yönəldilib. Bu baxımdan görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin və onun aspirantı, akademik Əli Quliyevin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onlar neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edərək yeni kəşflərə imza atıblar. Nəticədə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə edilib, həmçinin "Molotov kokteyli” yeni tərkibdə işlənib hazırlanıb. Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələr üçün yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması akademik Yusif Məmmədəliyevin adı ilə birbaşa bağlıdır. Alimin elmi ixtiralarına əsasən 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə tonlarla yüksək keyfiyyətli benzin veriblər. Görkəmli akademikin Azərbaycan nefti əsasında aldığı yüksəkkeyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi istifadə olunaraq qələbəyə birbaşa töhfə verib.

Böyük Vətən müharibəsinin taleyinin həll olunmasında Aşqarlar Kimyası İnstitutunun əsasını qoyan akademik Əli Quliyevin də rolu danılmazdır. Müharibənin əvvəllərində o, müəllimi akademik Yusif Məmmədəliyevlə birlikdə yüksəkkeyfiyyətli aviasiya yanacağı sayılan alkilbenzinin alınması prosesinin tədqiqində, konkret olaraq sulfat turşusunun iştirakı ilə təbii qaz benzininin baş fraksiyasının alkilləşməsi prosesinin işlənib hazırlanması ilə məşğul olurdu. Sonra gənc tədqiqatçıya cəbhə üçün tank əleyhinə yandırıcı butulkalar istehsalında yenilik etmək və indiyə qədər mövcud olanların təsir imkanlarının artırılması kimi daha bir məsul iş tapşırılır.

Əli Quliyevin müharibə illərində diqqətçəkən nailiyyətlərindən biri tank əleyhinə butulkalar ("Molotov kokteyli”) üçün yeni növ qarışıq hazırlaması olub. Bu ixtiranın mahiyyəti ondan ibarət idi ki, şüşəüfürücü ustaların əvvəlcədən isidərək yan tərəfdən içəri basılmış hala salınan adi şüşə butulka benzin ilə doldurulurdu. Şiddətlənmək üçün isə rezin bağ vasitəsilə içinə güclü oksidləşdirici – xromillə dolu şüşə ampula bərkidilirdi. Düşmən tankına atılan zaman şüşə və butulka sınır, benzin və xromilin qarışması nəticəsində dəhşətli yanğın əmələ gəlir, tankı və onun heyətini bir andaca yandırırdı. Əli Quliyev tərəfindən hazırlanmış alışdırıcı qarışıqdan hər il cəbhəyə yüz minlərlə butulka göndərilirdi. Bu yüngül və rahat silah orduda hərbçilərimiz tərəfindən də sevilib və müharibənin bütün döyüş cəbhələrində geniş istifadə olunub. Bu haqda bir çox görkəmli sovet hərbi komandirlərinin xatirələrində minnətdarlıqla qeyd olunub.

Hərbi sahənin tələb etdiyi işlərdən biri də əl qumbaralarının yaradılması olub. Cəbhəyə göndərilməzdən əvvəl onların üzərində texniki yoxlama aparılırmış. Sınaqlardan biri bədbəxtliyə səbəb olur – qumbara Əli Quliyevin əlində partlayır. O, sağ əlini itirir, gözləri yanır. Uzunmüddətli müalicədən sonra görmə qabiliyyəti bərpa olunsa da, itirdiyi əli Böyük Vətən müharibəsini ona və ətrafındakılara heç vaxt unutdurmayacaq acı xatirəyə dönür. Fiziki və mənəvi zərbəyə baxmayaraq, bu iradəli insan işinə qayıdır və daha çox çalışır. Onun haqqında kimyaçı alim Rəsul Əhmədovun yazdığı kitabda diqqəti cəlb edən maraqlı bir faktda deyilir ki, akademik Əli Quliyev həm sol əli ilə işləyir, əvvəllər ona uzadılan sağ əli sol əli ilə sıxırmış. Amma bu hadisədən xəbərdar olanlar isə salamlaşarkən ona sol əllərini uzadırlar.

Əli Quliyevin başçılıq etdiyi qrupda partlayıcı və alışdırıcı maddələrdən əlavə, dərman vasitələri – streptosid, urotropin, saxarin və əsasında alkilaromatik sulfoturşu duzlarının olduğu yuyucu maddələr də hazırlanıb.

Deyə bilərik ki, Böyük Vətən müharibəsində Azərbaycan neftinin və görkəmli alimlərimizin xidmətləri danılmazdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video