03 May 2020 00:48
1153
İQTİSADİYYAT
A- A+

AMB-nin maliyyə bazarlarına dəstək tədbirləri qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır


Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarı iştirakçılarının pandemiyadan qorunması istiqamətində requlyativ tətillərin verilməsi, istehlakçıların hüquqlarının qorunması, kredit ekspansiyasına şərait yaradılması, rəqəmsallaşmaya keçidin sürətləndirilməsi və maliyyə inklüzivliyinin artırılmasına dəstək üzrə tədbirləri əhatə edən geniş proqram qəbul etmişdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ayaz Museyibov bununla bağlı bildirir ki, Azərbaycanın maliyyə-bank sisteminin ümumi tematikası onun ötən illər ərzində bütün əsas elementlər - maliyyə dərinliyi, maliyyə sabitliyi, maliyyə effektivliyi və maliyyə inklüzivliyi üzrə kifayət qədər uğurlu inkişaf tendensiyaları nümayiş etdirdiyini göstərir: "Hazırda ölkənin bank sektoru 2015-ci ilin neft böhranından sonra mötədil artım tendensiyası nümayiş etdirməklə sabitləşmə və inkişaf fazası arasında "var-gəl” etməkdədir. Örnək olaraq misal çəkim ki, cari dövrdə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8,2 milyard, ümumi depozitlərin həcmi isə 24,9 milyard manatı ötmüşdür və 2016- 2017-ci illərin neqativ istiqamətli tendensiyası son iki il ərzində hər iki göstərici üzrə artım dinamikası ilə əvəz olunmuşdur. Bir sıra keyfiyyət göstəriciləri də, yəni xarici valyutaların xüsusi çəkisi böhran dövrü ilə (2015-2016-cı illər) müqayisədə 2 dəfəyə yaxın azalmış, tələb olunan depozitlərin xüsusi çəkisinin artım tendensiyası demək olar ki, son 1 il ərzində sabitləşmə meyli nümayiş etdirmişdir. Dünya Bankının məlumatlarının analizi də bir sıra region ölkələri ilə müqayisədə Azərbaycanın bu istiqamətdə əldə etdiyi nəticələrin nikbin olduğunu göstərir. Əlbəttə ki, makroiqtisadi sabitlik gücləndikcə və maliyyə sisteminin sağlamlaşdırılması tədbirləri icra edildikcə keyfiyyət göstəricilərinin daha da yaxşılaşması üzrə potensial imkanlar daha da artacaq”.

Kredit siyasəti üzrə dəstək tədbirlərindən söz açan ekspert qeyd edir ki, bu tədbirlərin ən mühüm istiqamətlərindən biri 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının vəsaitləri hesabına verilmiş kreditlərin, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun kreditlərinin restrukturizasiyası, yəni güzəştli şərtlərlə əvəz edilməsidir. Həmçinin fiziki şəxslər və sahibkarlıq subyektləri üzrə kredit öhdəliklərinin tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması banklara tövsiyə olunmuşdur. Ekspert bu yerdə bir məqamı xüsusi qeyd edir: sahibkarlıq subyektləri üzrə bu tədbirin icrası, yəni istər kredit faizlərinin subsidiyalaşdırılması, istərsə də restrukturizasiya prosesinin özü real sektorun kreditlərə çıxış imkanlarına müsbət təsir göstərəcəkdir. Hazırda ölkədə real sektorun maliyyələşdirilməsində ticarət və xidmət, sənaye, nəqliyyat və rabitə sektorlarının nisbətən yüksək xüsusi çəkiyə malik olduğunu deyən A.Museyibov kənd təsərrüfatına ayrılan kreditlərin ümumi kredit portfelində xüsusi çəkisinin cəmi 3,4 faiz təşkil etdiyini nəzərə çatdırır.

Ekspert daha sonra deyir: "Dəstək proqramında requlyativ çərçivənin sistem əhəmiyyətli banklar və digər banklar üzrə ayrılması qanunvericiliyə edilmiş son dəyişikliklərə uyğun olaraq, müvafiq banklarla bağlı tənzimləmə çərçivəsinin fərqliliyi ilə əlaqədardır. Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 1 yanvar 2021-ci ilədək 12 faizdən 11, digər banklar üzrə isə 10 faizdən 9 faizədək azaldılması nəzərdə tutulub. Burada bir arayış verək ki, sistem əhəmiyyətli banklar aktiv və öhdəlikləri, qiymətli kağızlar, ödəniş sistemləri, birjadan kənar əməliyyatlar kimi amillər nəzərə alınmaqla Azərbaycanın maliyyə-bank sistemi üçün kritik infrastruktur əhəmiyyətə malikdir. Ümumilikdə isə kapitalın adekvatlığı indikatorları üzrə banklara 5 əsas istiqamətdə mühüm dəstək verilmişdir”.

Bildirilir ki, tədbirlərin mühüm istiqamətlərindən biri kimi keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə (həm fiziki şəxslər, həm də sahibkarlıq subyektləri) neqativ məlumatların 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunması nəzərdə tutulub. Bu isə borcalanların kredit tarixçəsinin pisləşməsinin qarşısını alacaq.

Rəqəmsallaşma istiqamətində dəstək tədbirlərindən danışan ekspert deyir ki, son illər ölkədə rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində xüsusi tədbirlər icra edilmiş, dijital ödənişlər üzrə dövlət proqramı qəbul olunmuşdur: "Yeni dəstək proqramında da nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və bu xidmətlər üzrə xərclərin azaldılması məqsədilə 30 sentyabr 2020-ci il tarixinədək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50 faizədək endirilməsi və buna müvafiq banklar tərəfindən də müştərilərinə qarşı eyni güzəştlərin təşviqi və sahibkarlıq subyektlərinin ödəniş kartları ilə ödənişlərinin qəbulu üzrə xərclərinin azaldılması məqsədilə ekvayer tariflərinin 50 faizədək endirilməsinin təşviqi nəzərdə tutulmuşdur. Yeni trendlər bu vaxta qədər mövcud olan beynəlxalq metodologiyaları və inkişaf paradiqmalarını dəyişir. Buna uyğun olaraq sözügedən dəstək xüsusi əhəmiyyətə malikdir və ölkə banklarının rəqəmsal tranformasiya istiqamətində tədbirlərin icrasını sürətləndirəcəyi də gözləntilər sırasındadır”.

İqtisadçı sonda qeyd edir ki, ümumilikdə beynəlxalq qabaqcıl təcrübədə artıq bir sıra ölkələr tərəfindən tətbiq olunmuş uğurlu yanaşmaları özündə ehtiva edən bu sənəddə bank sistemi ilə bərabər, sığorta və kapital bazarı iştirakçılarına da likvidlik dəstəyinin verilməsi, requlyativ tətil, məsafədən xidmətlərin təşviqi, inzibati prosedurların azaldılması üzrə tədbirlər də nəzərdə tutulmuşdur.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video