02 May 2020 18:43
1135
PARLAMENT
A- A+

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

 
Mayın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verib.

Sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlər barədə danışıb.

Bildirib ki, bu gün ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Hüquq mühafizə orqanları və məhkəmə sistemində də bu istiqamətdə işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı 2019-cu il 4 aprel tarixli Fərmanı bu islahatların yeni müstəvidə inkişafına təkan verib. Ölkəmizdə qısa müddət ərzində 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri bu ildən fəaliyyətə başlayıb. Hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçim prosedurları yaradılıb.

Diqqətə çatdırılıb ki, son bir il ərzində Ali Məhkəmədə 9 hakimin səlahiyyət müddəti başa çatıb. Bununla əlaqədar Ali Məhkəmədə vakansiya yaranıb. Məhkəmənin bugünkü tələblərə cavab verməsi üçün bu ştatların komplektləşdirilməsi zəruridir.

Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sisteminin fəaliyyəti ətraflı təhlil edilib. Apelyasiya instansiyası məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi günün tələbidir. Bunları nəzərə alaraq, Məhkəmə-Hüquq Şurası tərəfindən Ali Məhkəmənin bəzi hakimlərinin Apelyasiya instansiyası məhkəməsinə keçirilməsi məsələsi qoyulub. Beş hakimin Ali Məhkəmədən azad edilərək, onlardan 4-nün Apelyasiya instansiyası məhkəməsində fəaliyyətini davam etdirməsi, bir nəfərin isə birinci instansiya məhkəməsinin hakimi kimi fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilir.

Qeyd edilib ki, Məhkəmə-Hüquq Şurası Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi üçün onun tərkibinin digər təcrübəli kadrlarla möhkəmləndirilməsi məsələsini önəmli hesab edir. "Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-4-cü maddəsinə əsasən hüquq sahəsində 20 ildən çox təcrübəyə malik şəxslərin fəaliyyəti nəzərdən keçirilib və 3 nəfərin xüsusi qaydada Ali Məhkəməyə təyin edilməsi məsələsi qaldırılıb. Eyni zamanda, Apelyasiya Məhkəməsinə bir sıra hakimin irəli çəkilməsi və 3 hakimin birinci instansiya məhkəməsinə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Komitə sədri Əli Hüseynli öz çıxışında vurğulayıb ki, son dövrlər ölkəmizdə yerli və mərkəzi icra hakimiyyəti orqanlarında, hökumətdə, parlamentdə islahatlar həyata keçirilir. Prezidentin məlum Fərmanından sonra məhkəmə-hüquq sistemində də islahatlar dərinləşməyə başlayıb. Bu gün təqdim olunan təkliflər də bu islahatların tərkib hissəsidir.

İclasda çıxış edən komitə üzvləri Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Tahir Kərimli, Bəhruz Məhərrəmov, Erkin Qədirli, Elşən Musayev, Kamal Cəfərov, Nurlan Həsənov ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini açıqladılar, təkliflərini səsləndirdilər. Deputatlar Ali Məhkəməyə və Apelyasiya Məhkəməsinə namizədlikləri təqdim olunmuş şəxslərin iş təcrübələri, mənəvi keyfiyyətləri barədə düşüncələrini bölüşüblər.

Müzakirələrin sonunda gündəlikdəki hər üç məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video