01 May 2020 10:39
665
İQTİSADİYYAT
A- A+

Azərbaycan neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərinin icrasına başlayıb


Azərbaycan bu gündən etibarən "OPEC+” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb. May-iyun aylarında "OPEC+” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23 faiz az olmaqla 9,7 milyon barrel, Azərbaycan üçün isə 164 min barrel azaldılmasını nəzərdə tutur.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycanın öhdəlikləri bu ilin iyul-dekabr aylarında həmin göstəricidən 18 faiz az olmaqla yəni, 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 14 faiz olmaqla yəni, 98 min barrel müəyyənləşib.

Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional qaydada bölüşdürülüb. 2018-ci ilin oktyabr ayında gündəlik neft hasilatının "Azəri-Çıraq-Günəşli” üzrə 567 min barrel, "Azneft” İB üzrə 125 min barrel, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə isə 26 min barrel təşkil etdiyini nəzərə alaraq, hasilatın bu səviyyələrdən cari ilin may-iyun aylarında 23 faiz, iyul-dekabr aylarında 18 faiz, 2021-ci ilin yanvar-2022-ci ilin apreli dövründə isə 14 faiz azaldılması nəzərdə tutulur. Eyni zamanda, qeyd edilməlidir ki, bu rəqəmlər yuvarlaqlaşdırılıb, müxtəlif hasilat quyularından çıxan neftin ton/barrel çevirmə əmsalları fərqlənir və kondensat həcmlərinin azaldılması öhdəliklərə daxil deyil.

Energetika naziri Pərviz Şahbazov deyib ki, "Azəri-Çıraq-Günəşli” yataqlarında, "Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması tədbirləri Azərbaycanın öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək: "Bu gündən dünya neft sənayesi tarixində hasilat həcmlərinə və müddətinə görə ilk ən böyük razılaşmanın icrasına başlanılır. İkinci rübdə dünyada neftə gündəlik tələbatın 15-25 milyon barrel, 2020-ci ildə isə 10,3 milyon barrel həcmində azalması gözlənilir. Belə bir vəziyyətdə "OPEC+” ölkələri, o cümlədən Azərbaycan üzrə öhdəliklərin yerinə yetirilməsi neft bazarına ilk dəstəyi təmin edəcək. Neft bazarının sabitləşdirilməsi üçün milli və qlobal səviyyədə nümayiş etdirilən həmrəyliyin nəticələri tədricən neftin qiymətində də öz əksini tapacaq”.

Nazir onu da əlavə edib ki, Azərbaycanda hasilatın azaldılması ilə bağlı bu tədbirlərdə məqsəd həm də SOCAR və ölkəmizdə fəaliyyət göstərən digər neft istehsalçılarının, nəticədə dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır.

Qeyd edək ki, öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barrel, iyul-dekabr aylarında 587 min barrel, 2021-2022-ci ilin aprelində 620 min barrel həcmində saxlamalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video