30 Aprel 2020 20:30
539
İQTİSADİYYAT
A- A+

Rəcəb Tayyib Ərdoğan: TANAP regional sülh layihəsidir

TANAP regional sülh layihəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanda fəaliyyət göstərən "Diplomat” jurnalının "The New York Times”la birgə əməkdaşlığı ilə çapdan çıxan yeni sayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qələmə aldığı "TANAP: Regional inkişaf və sülh layihəsi” adlı məqaləsində yer alıb.

Türkiyə Prezidenti enerjinin birləşdirici rolunun ən gözəl nümunələrindən biri olan TANAP-ın regional sülh layihəsi olduğunu vurğulayıb: "TANAP Türkiyə, Azərbaycan və Gürcüstanın birgə güvənə söykənən əlaqələrinin bariz bir nümunəsi, ölkələrimiz arasındakı köklü dostluğun simvoludur. Xəzər bölgəsinin təbii qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin onurğasını məhz TANAP formalaşdırır. Beləliklə də TANAP təxminən 3500 kilometr uzunluğundakı bu dəhlizin ən əhəmiyyətli hissəsini təşkil edir”.

O, ölkəsinin bölgədəki enerji mənbələrinin Türkiyəyə və Avropaya nəqlinin şərait yaratdığını deyib: "Azərbaycan və Gürcüstan əməkdaşlığı sayəsində daha əvvəl Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi həyata keçirilib və boru kəməri 2006-ci ildə istismara verilib. Sonra Azərbaycanın "Şahdəniz” çıxarılan təbii qazın Gürcüstana və Türkiyəyə nəqli üçün Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihəsi reallaşdırılıb və xətt 2007-ci ildə istismara verilib. Bu üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətindəki iradə TANAP-ın həyata keçirilməsinə səbəb olub. TANAP-la bağlı ilk addımlar 2011-ci il oktyabrın 25-də Türkiyə və Azərbaycan arasında imzalanmış anlaşma memorandumu ilə atılıb. Daha sonrakı müzakirələr nəticəsində həm Gürcüstanın, həm də Azərbaycanın "Şahdəniz” yatağı üzrə tərəfdaşların dəstəyi sayəsində 2012-ci il iyunun 26-da TANAP üzrə saziş imzalanıb. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. Sonra Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə uzanan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsinə, eləcə də TANAP-ın inşasına dair işlərə başlanılıb. 2015-ci il martin 17-də təməli qoyulan TANAP kəməri 3 il kimi qısa bir müddətdə inşa edilərək 2018-ci il iyunun 12-də Türkiyəyə qaz nəqlinə başlayıb. Bundan əlavə, TANAP-ın Avropa hissəsi 2019-cu il noyabrın 30-da açılıb.”

Türkiyə Prezidenti ölkəsinin Azərbaycandan başlayaraq Gürcüstan, Türkiyə və Avropaya uzanan təbii qaz tədarükü zəncirinin hər mərhələsində siyasi və ticari dəstək nümayiş etdirdiyini vurğulayıb: "Türkiye Petrolleri” (TPAO) şirkətinin 19 faizlik səhmlə "Şahdəniz” layihəsinin və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin ən böyük ikinci investordur. "Botaş” şirkəti isə 30 faizlik səhmlə TANAP-ın ən böyük ikinci investorudur. Türkiyə "Şahdəniz-2”, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrindən ibarət olan təxminən 45 milyard dollarlıq dəyər zəncirində açar roluna malikdir. Təxminən 6,5 milyard dollar sərmayə qoyulan TANAP-da türk boru istehsalçıları və inşaat podratçılar əhəmiyyətli rol oynayıb. Gürcüstan-Türkiyə sərhədindən başlayaraq 20 şəhər, 67 vilayət və 600 kənddən keçən TANAP illik 16 milyard kubmetr təbii qaz nəqletmə tutumu ilə Türkiyə və Avropanın enerji ərz təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq. 2019-cu ilin sonuna Türkiyə 3,7 milyard kubmetr təbii qazı məhz TANAP vasitəsilə alıb. Bu həcm tədricən artaraq ildə 6 milyard kubmetrə çatacaq və TAP kəmərinin cari ildə tamamlanması ilə Avropaya 10 milyard kubmetr qaz nəql ediləcək. Yaxın illərdə TANAP-ın ötürücülük qabiliyyətinin ildə 24 milyard kubmetrə, daha sonra isə maksimum texniki güclə 32 milyard kubmetrə çatdırılması planlaşdırılır”.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb: "TANAP Azərbaycandakı digər təbii qaz yataqları ilə Xəzərdəki digər mənbələrin resurslarının və bölgə ölkələrində çıxarılacaq qazın Türkiyəyə və Avropaya çatdırılması üçün əhəmiyyətli bir potensiala malikdir. TANAP-ın enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfədən başqa, artan əhali və böyüyən iqtisadiyyatlar səbəbindən bu gün ciddi qlobal bir müzakirə mövzusunaa çevrilən enerjinin regional sülhə verdiyi töhfəni də özündə biruzə verir. TANAP bəzi aktorların enerji mənbələrindən istifadə edərək yaratdığı münaqişə mühitinə sülh və əməkdaşlıq yolu ilə verilən ən yaxşı cavabdır. TANAP "Enerjinin İpək Yolu”dur”.

Qeyd edək ki, 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib.

Bu ilin birinci rübündə TANAP ilə Türkiyəyə 941 milyon kubmetr təbii qaz göndərilib. İstismara veriləndən indiyə kimi isə TANAP-la Türkiyəyə 5 milyard kubmetrədək qaz nəql edilib.

TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi "Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video