30 Aprel 2020 00:13
2045
Səhiyyə
A- A+

Bəşəriyyət intizarda: peyvənd nə vaxt hazır olacaq?


"Müsbət təsiri sübut olunsa, bu, insanları COVID-19-dan xilas edəcək ilk peyvənd növü kimi tarixə düşəcək”


Aylardır Yer üzündəki bütün mübarizələr, savaşlar, rəqabətlər, xəstəliklər arxa plana keçib. İndi ölkələri, dövlətləri, xalqları maraqlandıran bir ortaq problem var. İnsanoğlu yalnız bir xəstəliklə mübarizəyə qalxıb və savaş aparır. Ölkə, dövlət, sərhəd, millət, varlı-kasıb tanımayan taclı düşmən ilə...

Aylardır dünya tibbi, müxtəlif ölkələrin elm adamları bu yeni bəlanı "susdurmaq” üçün səfərbər olublar. Bu ilin yanvarında Çin alimləri COVID-19-un genomunu açıqladıqdan sonra əczaçılıq şirkətləri, laboratoriyalar, ayrı-ayrı alimlər, həkimlər koronavirusa qarşı peyvənd axtarışına başlayıblar. O vaxtdan bəri hamını demək olar ki, bir sual maraqlandırır: Peyvənd nə vaxt hazır olacaq?

Hələ fevral ayında Fransanın Paster İnstitutunun elm adamları dünyanı qorxuya salan virusun müalicəsi üçün fəaliyyətə başladıqlarını bildirdilər. İnstitutun elm adamı Kristope Denfert jurnalistlərə açıqlamasında peyvəndin qarşıdakı 20 ay ərzində hazır olacağını dedi. Bununla hər kəsin sevinci elə qursağında qaldı. Axı bu nə az, nə çox, təxminən 2 il gözləmək deməkdir.


Koronavirusa qarşı peyvənd olunan ilk insan


Bundan haradasa 1 ay sonra ABŞ-da koronavirusa qarşı peyvəndin ilk klinik təcrübəsinə başlanıldı. Kaiser Permanente araşdırma mərkəzinin mütəxəssisləri dörd könüllüyə peyvəndin eksperimental dozasını vurdular. Milli Səhiyyə İnstitutunun maliyyələşdirdiyi, heyvanlar üzərində təcrübə mərhələsi edilməyən bu sınağa eyni vaxtda bir neçə şəxs cəlb edildi. Məqsəd peyvənd nəticəsində immune sisteminin aktivləşdiyinə əmin olmaq idi. Vaksinin istehsalçısı "Moderna Therapeutics” şirkəti bəyan etdi ki, preparat yaxşı yoxlanılmış və müsbət nəticələr vermiş proses vasitəsilə hazırlanıb.

Peyvənd vurulan ilk şəxs iki uşaq anası 43 yaşlı Cennifer Hallerdir. Cennifer Haller tarixə üzərində koronavirus peyvəndinin testi keçirilən ilk insan kimi düşdü. Bu qəhrəman qadın insanlığa xidmət üçün nəticəsi naməlum olan bir sınaq altına girməyə razılıq verdi. Könüllü şəkildə peyvənd olunan Cenniferin ailəsi onun bu qərarına qarşı çıxsa da, o, "mənim də bir köməyim olsun. Bu, vacib bir iş görmək üçün heyrətamiz fürsətdir”, - deyərək sınağa qatıldı.

Həftələr sonra "The Telegraph” qəzetinə açıqlama verən Cennifer peyvənd sınağında iştirak etdiyi üçün qürur duyduğunu söyləyib: "Bəli, bir çox risk var idi, ancaq mən bunlara məhəl qoymayıb əlimdən gələni etdim”.

C.Haller peyvəndin olduğu ilk gün bir az temperaturunun olduğunu, ikinci gün isə qolunda yüngül ağrı hiss etdiyini, bunun xaricində heç bir şikayətinin olmadığını bildirib. Cəmiyyətin elmi araşdırmalara yardım etməsinin vacibliyini dilə gətirən Haller peyvəndin tapılacağına inandığını söyləyib.

Dünya alimləri bu araşdırmanı diqqətlə izləyirlər. Ekspertlərin dediyinə görə, bu və hazırlanmaqda olan digər peyvəndlərin effekti bir neçə aya məlum olacaq. Gözləyək...


Peyvənd sentyabradək hazır olacaqmı?


Oksford Universitetinin vaksinologiya üzrə professoru Sara Gilbert ötən ay "Times” qəzetinə müsahibəsində bildirib ki, Böyük Britaniyada COVID-19 əleyhinə peyvənd bu ilin sentyabrınadək hazır ola bilər. Peyvənd üzərində işləyən tədqiqatçılar qrupuna rəhbərlik edən Gilbertin sözlərinə görə, hər şey ideal formada gedərsə, qeyd edilən vaxtadək peyvənd əldə ediləcək: "Digər növ peyvəndlərlə bağlı əldə etdiyimiz məlumatlara əsaslanarsaq, peyvəndin təsiredici qüvvəsi olacaq. Bu, hər hansı intiusiya deyil. Hər həftə analizlər üçün daha çox məlumat toplayırıq. Düşünürəm ki, uğur qazanmaq ehtimalı 80 faizdir”.

Gilbert peyvəndin kliniki təcrübəsinə yaxın vaxtlarda başlayacaqlarını qeyd edib.

Son zamanlar isə COVID-19 peyvəndi ilə bağlı elmi tədqiqatlarda aşkar canlanma hiss olunur. Bu istiqamətdə fərqli mərhələlərdə olan elmi tədqiqatlar da davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda dünyanın müxtəlif ölkələrində koronavirusa qarşı vaksinin tapılması istiqamətində ümumilikdə 70 layihə üzərində iş aparıldığını, onlardan üçünün isə ümidverici olduğunu açıqlayıb. Belə ki, Pekin Texnologiya İnstitutu və Honkonqun "CanSino Biologics” şirkətinin üzərində ortaq işlədiyi bir iş test mərhələsinin 2-ci, ABŞ-ın "Moderna” və "Inovio Pharmaceuticals” şirkətlərinin iki işi isə 1-ci fazaya keçib.


Koronavirusdan xilas yolu tapılır...


Lakin hazırda elmi arenada ən çox diqqət çəkən və müzakirə olunan məhz Pekində aparılan tədqiqatdır. Keçən həftə elmi ədəbiyyata əlyazma formasında daxil olan tədqiqatda araşdırma yalnız orqanizmin bu peyvəndi necə qəbul edəcəyi istiqamətində deyil, bununla bərabər, peyvəndin COVID-19 virusuna necə təsir edəcəyi barədə aparılıb. Bu araşdırma ölmüş virusdan hazırlanmış peyvəndlər kimi 8 meymun üzərində aparılıb.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev araşdırmanın məzmunu, əldə olunan nəticələr barədə danışıb. O bildirib ki, daha öncə bu şəkildə hazırlanan peyvəndlərdən fərqli olaraq burada immun reaksiyanın güclənməsinə və ya onun fonunda ağırlaşmalara rast gəlinmir: "Tədqiqat siçan və dovşanlar üzərində müvafiq uğurlu anticismlərin alınmasının təsdiqindən sonra meymunlar üzərində aparılıb. Meymunlara isə ölmüş virusdan ibarət peyvəndi eynilə insana tətbiq olunacaq şəkildə fərqli dozalarda və fərqli intervallarla tətbiq ediblər. Müvafiq anticismlərin əmələ gəlməsi burda da müşahidə edilib. Sonra meymunlar narkoz altında çox böyük virusyükü ilə COVID-19-a yoluxdurulub. Qeyd edim ki, insan həmin virus yükündən dəfələrlə azı ilə virusa yoluxur. Nəticədə peyvəndi fərqli dozalarda alan meymunların hamısında, hətta böyük virus yükü ilə yoluxanlarda belə COVID-19-a qarşı güclü müdafiə müşahidə edilib. Sonra meymunların ağciyərləri də daxil olmaqla bütün orqanları ciddi müayinədən keçirilib və ağciyərlərin qorunması müşahidə edilib. Yüksək dozalı peyvəndi alan meymunların ağciyərlərində heç bir virus tapılmayıb, az dozalı peyvənd alan meymunların ağciyərlərində isə çox cüzi virus aşkarlanıb. İmmunhüceyrələrdə aparılan müvafiq testlərlə də immun reaksiyanın patoloji güclənməsi və ya onun fonunda olacaq ağırlaşmalar inkar olunub. Bu, əvvəlki eyni üsulla hazırlanmış koronavirus peyvəndlərində mümkün olmurdu”.

N.Abdullayev qeyd edib ki, virusun dünyadakı bütün mutasiya olunmuş növlərinə bu peyvəndin təsir gücü yoxlanılıb. Nəticə pozitiv çıxıb - bu peyvənd bütün növ COVID-19 viruslarına təsir edir.

Maraqlıdır, Pekində aparılan bu tədqiqatın yekunları bəşəriyyətə və elmə nə vəd edir? Dünyada tüğyan edən COVID-19 pandemiyasının qarşısının alınmasında hansı rolu oynayacaq?

Nuran Abdullayevin sözlərinə görə, hazırlanması və istehsalı dəfələrlə sadə olan bu peyvəndin insanlar üzərində də tətbiqi önümüzdəki günlərdə başa çatacaq: "Müsbət təsirin sübut olunacağı ehtimalı çox böyükdür. Belə olsa, qısa müddətdə bütün dünyada bu nəticənin tətbiqinə başlanılacaq. Bununla da bəşəriyyəti COVID-19 pandemiyasından qurtaracaq ilk peyvənd növü kimi tarixə düşəcək”.

Bəli, müxtəlif ölkələrdə koronavirus əleyhinə peyvənd hazırlamaq üçün çalışmalar aparılır. Bunlardan hansı sınaqdan üzüağ çıxacaq, deyə bilmərik. Əsas odur ki, insanların canını almağa davam edən bu gözəgörünməz virusa qalib gəlməyin çarəsi tapılsın. Ümid edək ki, tezliklə bəşəriyyətin intizarına son qoyulacaq və tibb aləmindən xoş müjdə alacağıq - "Koronavirusun peyvəndi tapıldı!”

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video