29 Aprel 2020 01:49
3415
SİYASƏT
A- A+

Prezidentdən sahibkarlara növbəti dəstək planı


Azərbaycan regionda iş adamlarına ən çox yardım edən ölkədir


Koronavirus pandemiyası dünya iqtisadiyyatına böyük zərbə vurmaqdadır. Artıq aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaq. Neftin qiymətinin də aşağı düşməsi faktını nəzərə alsaq, həqiqətən də, qarşıdakı illərdə ciddi iqtisadi böhranın yaşana biləcəyini söyləyə bilərik.

Qlobal pandemiyadan az itkilərlə çıxmaq üçün qabaqlayıcı tədbirlər görən Azərbaycan dövləti makroiqtisadi sabitliyi qorumaq üçün imkanlarını səfərbər edib. Ancaq buna baxmayaraq pandemiya ölkə iqtisadiyyatına ziyan vurmaqdadır. Bu rəqəmləri tam müfəssəl formada hesablamaq çətin olsa da, gündəlik itkilərin təqribən 120-150 milyon manat olduğu bildirilir. Buna baxmayaraq hökumət əhalinin sosial rifahının yaxşılaşdırılması, karantin dövründə sahibkarlara dəyən zərərin ödənməsi istiqamətində ciddi qərarlar qəbul edib.


Sahibkarlar üçün 114 milyon manatlıq vergi güzəştləri olacaq


Öncə Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan dövlət dəstəyi proqramlarına əsasən sahibkarlara karantin müddətində dəyən ziyanın qarşılığı ödənildi. 300 min sahibkarlıq subyektinə, 290 min mikrosahibkara böyük güzəştlər edildi.

Fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) də əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyi göstərildi. Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olduğu təqdirdə ona 250 manat məbləğində maliyyə dəstəyi göstərildi. Ümumilikdə aprel ayında 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödədi. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalandı.

Vergi ödəyicilərinə ödəmələr isə aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılır. Prezidentin sərəncamına əsasən pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət dəstəyi üçün xüsusi proqramlar da hazırlanıb. Bu proqramların icrası üçün bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi nəzərdə tutulur. Hazırda tədbirlər planı üzrə aparılan işlər davam etdirilir.

Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsi ilə bağlı Vergi Məcəlləsində, bir sıra qanunvericilik aktlarında dəyişikliklərlə bağlı təkliflər Milli Məclisə təqdim edilib və artıq bu təkliflər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişikliklərdən biri pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur. Bu dəyişikliklərdə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri 114 milyon manata yaxındır.

Dəyişikliyə görə pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur. Bundan başqa, sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak, torpaq vergiləri üzrə güzəştlərlə yanaşı sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.


Vergi ödənilməsi müddəti uzadılır


Göstərilənlərlə yanaşı pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi nəzərdə tutulur.

Həmçinin 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 2020-ci il 1 sentyabr tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir.

Mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

Həmçinin bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır.

Aprelin 27-dən başlayaraq xüsusi rejimli karantin şəraitində məhdudiyyətlərin bir qismi yumşaldılıb. Ancaq bu məsələdə yük yenə də sahibkarların üzərinə düşür. Çünki pandemiya uzun müddət sürə bilər və bu müddət insanların davranışından daha çox asılıdır. Həlledici amil isə fərdi gigiyena və sosial məsafənin qorunmasıdır. Sahibkarlar iqtisadiyyatın aidiyyəti sektoru üçün səciyyəvi olan sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etməlidirlər. Ona görə ki, yeni iqtisadi şərait özünəməxsus davranış qaydaları tələb edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov iş adamlarına səslənərək vurğulayıb ki, biznesin davamlı fəaliyyəti və gəlirlərin stabilliyi də məhz yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılı olacaq. Bu qaydalara əməl edilmədikdə isə yenidən ciddi karantin şərtlərinin tətbiqi qaçılmaz olacaq. Bu da, öz növbəsində, sahibkarların yenidən iqtisadi itkilərlə üzləşməsi, külli miqdarda maddi zərər və ya müflisləşmə ilə nəticələnə bilər.


Sosial sığorta yükü azaldılır


Göründüyü kimi, Azərbaycan hökuməti beynəlxalq müstəvidə baş vermiş problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri olan bütün addımları atır və hazırda bu tədbirlərin icrası davam etdirilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi dövlət tərəfindən ödənilir, fərdi və mikro sahibkarlara maliyyə dəstəyi göstərilir. Bundan başqa, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Azərbaycanda makroiqtisadi sabitliyin təmini, məşğulluqla bağlı problemlərin həll edilməsi, həm də makroiqtisadi və maliyyə vəziyyətinin sabit saxlanılması üçün 3,5 milyard manatdan artıq vəsait ayıran Prezident İlham Əliyev hər zamankı kimi, sahibkarların ən böyük hamisi olduğunu bir daha təsdiqlədi.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video