29 Aprel 2020 01:33
1143
Səhiyyə
A- A+

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin səhiyyə rəhbərlərinin onlayn görüşü keçirilib


Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü videokonfrans vasitəsilə keçirildi. Dövlət başçıları Şuraya üzv ölkələrdə vəziyyəti müzakirə edib, koronavirus pandemiyası ilə mübarizəyə dair Bakı Bəyannaməsini qəbul etdilər. Tədbirdə Azərbaycan Respublikası Prezidenti bu istiqamətdə səylərin birləşdirilməsinin vacibliyini qeyd edərək, sammitdə qəbul edilmiş bəyannamənin müddəalarının icrası üçün üzv ölkələrin səhiyyə nazirləri səviyyəsində eyni formatda görüşün keçirilməsini təklif etdi. Məsələyə dair üzv dövlətləri ilə aparılan danışıqların nəticəsində aprelin 28-də videokonfransın keçirilməsi haqqında razılıq əldə olundu.

Onlayn formatında keçirilən konfransda Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosu direktoru Hans Klüqe, Qazaxıstan Respublikasının Səhiyyə naziri Eljan Birtanov, Qırğızıstan Respublikasının Səhiyyə naziri Sabirjan Abdikarimov, Türkiyə Cümhuriyyətinin Səhiyyə naziri Fahrettin Koca, Özbəkistan Respublikası Səhiyyə naziri Aleşer Şadmanov və Macarıstanın Dövlət səhiyyə katibi (müşahidəçi ölkə) Zoltan Lourens çıxış ediblər.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr zamanı hər bir nümayəndə öz ölkəsində COVID-19 pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri və digər məsələlər ətrafında çıxış edib. Onlayn iclasa yekun olaraq, Türk Şurasının Sammitində qəbul edilən bəyannamənin müddəalarının yerinə yetirilməsinə dair aşağıdakı qərarlar qəbul edilib:

1. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq qurulsun və tərəflərin ekspertlərindən ibarət Birgə İşçi Qrup yaradılsın;

2. COVID-19 pandemiyası və digər təhlükəli infeksiyalara qarşı mübarizədə profilaktika, diaqnostika, müalicə, epidemioloji nəzarət, elmi araşdırmalar sahəsində məlumat və təcrübə mübadiləsi genişləndirilsin;

3. COVID-19 və digər təhlükəli infeksiyalar üzrə əməkdaşlıq və koordinasiyanın genişləndirilməsi məqsədilə üzv/müşahidəçi dövlətlərin aidiyyəti nazirliklərinin ekspertlərindən ibarət Xüsusi Əməkdaşlıq Mexanizmi yaradılsın və onun fəaliyyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi vasitəsilə tənzimlənsin;

4. Pandemiyalar zamanı xəstəxanaların idarəedilməsi, laborator diaqnostika və həyati dəstək əhəmiyyətli tibbi avadanlıqlar ilə bağlı ehtiyacların qiymətləndirilməsi, eləcə də ixtisaslı tibb mütəxəssislərindən ibarət qrupların yaradılmasına dair əməkdaşlıq və təcrübə mübadiləsi aparılsın;

5. Təhlükəli infeksiyaların müalicə və profilaktikasında yeni metodların, o cümlədən, müvafiq vaksin, farmakoloji məhsulların və müalicə sxemlərinin hazırlanması sahəsində birgə əməkdaşlıq inkişaf etdirilsin;

6. COVID-19 və digər təhlükəli infeksiyalar üzrə tibb mütəxəssisləri üçün bilik və bacarıqların inkişafı proqramlarının tətbiqi, eləcə də onlayn-təlimlər təşkil edilsin.

Sonda görüşün iştirakçıları COVID-19 ilə mübarizə üçün birgə tədbirlərin hazırlanması və əlaqələndirilməsi məqsədilə gələcəkdə də belə görüşlər keçirməyə hazır olduqlarını bildiriblər.

Həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin səhiyyə sahələrinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün təşkili və bu ölkələrin Səhiyyə nazirləri səviyyəsində görüş keçirmək təşəbbüsü ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz səmimi minnətdarlıqlarını xüsusi qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video