Alternative content

04:53 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:17 04.06.2020 BİLDİRİŞ
02:17 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:12 04.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Günəş timsallı insan
Günəş timsallı insan
ANA SƏHİFƏ / Mədəniyyət
00:43 28.04.2020


İşıq həyatdır. Zülmət isə onun əsrarəngiz rənglərini üzümüzə qapayan kabus. Ömrümüzdə gözəl olan nə varsa işıqdan yaranıb, öz başlanğıcını işıqdan alıb. Zülmət isə işığın olmadığı, gözəl dünyanın görünmədiyi məkandır. Biz fiziki mənada işığın xassəsini öyrənə bilərik. Amma qaranlığın heç bir fiziki xüsusiyyəti yoxdur. İnsanın varlığı, yaşadığı ömür, qazandığı uğurlar, əbədiyyətə qovuşan hər şey məhz öz mənbəyini işıqdan alır.

Dilimizdəki ən gözəl diləklər sırasında "işıqlığa çıxasan”, "aydınlıq olsun” kimi ifadələrimiz var. Həmişə bu diləklər haqqında düşünəndə fikirlər məni o deyimləri yaratmış insanların yaşadıqları qədim əyyamlara aparır. Atəşpərəstliyə tapınan, yeni günə başlamaqdan ötrü günəşin doğmasını səbirsizliklə gözləyən ulularımızı xəyalən görürəm. Gecələr ay çıxanda sevinən, ay tutulanda bunu faciə kimi qarşılayan, ayı üzə çıxarmaq üçün ayinlər fikirləşib tapan əcdadlarımızla eyni duyğuları bölüşürük. İşığı, atəşi min illərdən bəri xilaskar sayan, müqəddəs bilib onlara sitayiş edən ulu babalarımızın müdrikliyi, iti bəsirəti heyrətləndirir insanı.

Ulularımız "işıq və aydınlıq Tanrıdandır” deyirlər. İşıq, nur sülhün rəmzidir, səadətin, xoşbəxtliyin güzgüsüdür, odlar yurdu Azərbaycanımızın əsas dəyərlərindəndir. Düşünürəm ki, hər bir insan əməlləri ilə bir işığa çevrilsə, ziyalılıq dəyərlərinə sahiblənsə dünyamızın çırağı gur yanar...


Zülmətlə döyüşənlər


"Min dərd varsa, min bir də əlac var” demişlər atalarımız. İnsanın mübtəla olduğu mərəzlər o qədər çoxdur ki... Amma bu mərəzləri sağaldacaq həkimlərin fərasəti, biliyi də genişdir. Bu sətirləri qələmə alarkən göz həkimi ixtisasının təbabət tarixinin hansı mərhələsində formalaşdığını öyrənmək maraqlı gəldi. Bu maraqla bəzi mənbələrə müraciət etdim. Məlum oldu ki, tarixi soraqlar göz həkimliyinin yaşının ən azı 4400 il olduğunu göstərir. Soraqlar bu sənətin tarixi vətəni kimi qədim Misir sivilizasiyasına aparıb çıxarır.

Yaxından, uzaqdan tanıdığım, haqqında oxuduğum, yaxud həyatda ünsiyyətdə olduğum həkimlərin hər birinin xəyal dünyamda öz yeri, öz hörməti, ehtiramı, nurlu obrazı var. Göz həkimlərini təxəyyülümdə həmişə döyüşçü obrazında təsəvvür edirəm. Mənə görə onlar zülmətlə döyüşə girən qəhrəmanlardır. Qaranlıqla döyüşüb onu geri çəkilməyə məcbur edən, işığı, nuru, Günəşin zərrin şəfəqlərini yenidən insana qaytaran cəsur insanlar...

4 min ildən artıq yaşı olan oftalmologiya tarixini onlar yaradıblar. Bu tarixdə minlərlə insanın gözlərinə işıq bəxş edərək özü də nur heykəlinə çevrilmiş, gözəl əməlləri ilə əbədiyyət qazanmış bir nurlu şəxsiyyət də xəyalımda canlanır.

Nurdan yaranmış və insanlara nur paylayan təkrarsız, yeganə Azərbaycan qadını. Məşhur göz həkimi, akademik Zərifə xanım Əliyeva. Qəlblərində böyük məhəbbət gəzdirən elm, bilik, mərifət sahiblərinə sonsuz dəyər verən ulu Nizami Gəncəvi alimin rütbəsini bütün rütbələrdən uca hesab edirdi. Bu alim cənnətin fövqündə qərar tutmuş Ana olduqda həmin ucalığın nə qədər əlçatmaz olduğunu təsəvvür etmək çətin deyil.


Həkim fədakarlığı


Yeni nəslə səhiyyəmizin indiki inkişaf mərhələsinə hansı çətinliklərdən keçib gəldiyini izah etmək, düşünürəm ki, xeyli çətindir. Cərrahın min kilometrlərlə aralıdan xəstənin üzərində internet vasitəsilə əməliyyat apara bildiyi yeni minilliyin gənclərinə o dövrlərin çətinliklərini necə izah edəsən?! Bəlkə onlara elə gəlir ki, insanın xəstəliklərini bir anda üzə çıxaran müasir cihazlar elə əvvəldən varmış?! Xüsusi texniki vasitələrin köməyi ilə xəstələrə diaqnoz qoyan mütəxəssislər xəstəxanalarda əzəldən çalışırmışlar. Xəstəxanalar elə həmişə belə abad, müasirmiş. Tibb xidmətləri hər kəsə əlçatanmış.

Amma qətiyyən belə olmayıb. İnsanların adicə bir xəstəlikdən dünya işığına kor qaldıqları vaxtlar vardı. Zərifə xanım Əliyevanın xalqımız qarşısında xidmətlərini görməkdən ötrü mütləq keçən əsrin 20-30-cu illərinə qayıtmalıyıq. Göz xəstəliklərinin müalicəsinin ölkəmiz üçün o zamanlar nə qədər çətin bir problem olduğunu təsəvvürümüzdə canlandırmalıyıq. Hələ inqilabdan əvvəl Azərbaycanın şoran ərazilərində, Kürqırağı yaşayış məntəqələrində, küləklərin at oynatdığı məkanlarda göz xəstəlikləri kütləvi hal almışdı.

Dörd il davam edən İkinci Dünya müharibəsinin yaratdığı problemlərdən biri də elə 1950-ci illərdə ölkəni bürüyən traxoma epidemiyası idi. Bu xəstəlik insanlara böyük əziyyət verirdi. Onların simasını eybəcərləşdirir, bəzən ailənin bir neçə üzvünü dünya işığına həsrət qoyurdu. Daha çox tropik iqlimli ölkələrə xas infeksion xəstəlik müxtəlif vasitələrlə böyük bir bəla kimi bir insandan başqasına keçirdi. Hətta milçəklər vasitəsilə də yayıla bilirdi. O vaxtlar, xüsusən yaz vaxtları Kür və Araz çaylarında daşqınlar olurdu. Ətrafda bataqlıqlar yaranırdı və bu bataqlıqlar yaxınlıqda yaşayan insanlar arasında traxomanın yayılması üçün mənbəyə çevrilirdi. Hazırda dünyada 70-80 milyon traxoma xəstəsinin olduğu deyilir. Amma o dövrlərdə bu statistika daha böyük idi. Dünya bu qorxulu bəlanın çevrəsini məhz Zərifə Əliyeva kimi comərd həkimlərin fədakarlığı hesabına məhdudlaşdıra bildi.

1950-ci illərdə ölkəmizdə traxoma xəstəliyinin qarşısını Zərifə Əliyevanın fəal iştirak etdiyi həkimlər briqadası aldı. Onlar infeksiyanın ən kütləvi xarakter aldığı yerlərə gedir, sağlamlıqlarını riskə qoyaraq insanları traxoma bəlasından xilas etməyə güc tapırdılar. Nəhayət, dörd-beş ildən sonra buna nail oldular. Və tarix onların qəhrəmanlığını öz yaddaşında əbədiləşdirdi.

Düşünürəm ki, bu gün bütün dünyanı silkələyən koronavirus epidemiyası ilə Azərbaycanda cəngə çıxan, döyüşən, hər bir vətəndaşımızın həyatını xilas etmək naminə dövlətimizin, onun rəhbərinin müdrik siyasətindən ilham alaraq "Biz birlikdə güclüyük!” şüarını həyat qayəsinə çevirib əsl fədakarlıq nümayiş etdirən, sinələrini qəddar xəstəliyə sipər edən rəşadətli həkimlərimiz, həm də millətini, dövlətini sevən və bu gün bütün sahələrdə inanılmaz cəngavərlik hünəri nümayiş etdirən peşə adamlarımız - həkimlər, müəllimlər, polis, mətbuat işçiləri, iqtisadçılar, dövlət məmurları bəlkə də bu çətin günlərdə qəlbən, ruhən öz güclərini, dəyanətlərini, cəsarətlərini ən ağır, çətin zamanların sınaqlarından mərdliklə, məharətlə çıxmış Zərifə ana kimi cəfakeş insanların qətiyyətindən, məhəbbətindən güc alıblar.


Əziz Əliyevin qızı


Zərifə xanımın fədakar ömründə bir ünvanın xüsusi yeri var. Bu ömür o ünvandan başlanır. Şərur rayonunun Şahtaxtı kəndindən. Şahtaxtı Şərur rayonunun ən qədim obalarından biridir. Zərifə xanım bu kənddə dünyaya gəlmişdi. Atası Əziz Əliyevin dədə-baba yurdu İrəvanda olsa da, erməni zülmü onları öz doğma yurdlarından didərgin salıb bu kənddə məskunlaşmağa məcbur etmişdi.

Ermənilər azərbaycanlılara qarşı kütləvi qırğınlara başlayanda Əziz Əliyev tələbə idi. Peterburqdakı Hərbi-Tibbi Akademiyada oxuyurdu. O dövrdəki Azərbaycan milli burjuaziyasının görkəmli nümayəndələrindən olan Hacı Zeynalabdin Tağıyev bu istedadlı gəncin təhsil almaq, həkim olub xalqa fayda vermək həvəsini görüb, ona təqaüd ayırmışdı. Əziz Əliyev akademiyada təhsilinə uğurla başlamışdı. Gələcək sənəti ilə bağlı ülvi arzuları vardı. Amma ermənilərin azğınlığı hər şeyi bir anda alt-üst etdi. Əziz Əliyev yaranmış vəziyyətə laqeyd qala bilmədi. Həmin günlərdə onu ən çox düşündürən təhsilindən də savayı doğmalarının təhlükəsizliyi idi. Ona görə də dərhal İrəvana qayıtdı. Vəziyyətin ciddi və dözülməz olduğunu görüb ailəsini buradan çıxarmaq qərarına gəldi. Şahtaxtıda uzaq qohumları yaşayırdı. Həmin kənddə məskunlaşdılar. Beləliklə, Əziz müəllim tibb təhsilini erməni basqınlarına görə yarımçıq qoymalı oldu. Bununla belə elmdən, kitablardan bir an da uzaq düşmədi. Özünün səyi sayəsində tibb sənətinin bir çox incəliklərinə yiyələndi. O, tibb kadrlarının olmadığı ən çətin dövrlərdə Peterburqdakı Hərbi-Tibbi Akademiyadan, kitablarından əldə etdiyi ilkin tibbi biliklərlə feldşer kimi insanların köməyinə çatırdı. Bəzi yüngül xəstəlikləri müalicə edə bilirdi. Amma nəyin bahasına olursa-olsun tibb təhsilini davam etdirmək arzusunda idi. Çünki bir neçə il təhsil aldığı Hərbi-Tibbi Akademiyada gördüyü professorlar kimi yüksək peşəkarlığa malik həkim, alim kimi yetişmək istəyirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə Bakıda universitet açması və universitetin tərkibində Tibb fakültəsinin də yaradılması Əziz Əliyevin arzularına yol açdı. O, təhsilini həmin fakültədə davam etdirmək qərarına gəldi və buna nail oldu.

1923-cü ilin mayında ailə həmişəlik Bakıya köçdü. Əziz müəllim universiteti bitirdikdən dərhal sonra aspiranturaya daxil oldu. Namizədlik işini uğurla müdafiə edib, gələcək elmi karyerasına doğru böyük bir addım atdı. Elm, təhsil onun üçün çox böyük dəyər idi. Bilirdi ki, insan həyatda yalnız bu dəyərlərin gücü ilə ucala bilər. İrəvan Gimnaziyasını da qızıl medalla bitirmişdi. Bakıdakı mədəni inqilab mühiti, savad kultu geniş dünyagörüşünə, dərin biliklərə malik gənc alimin arzularının reallaşmasına geniş imkanlar açırdı. Bu mühitdə onun kimi ziyalılara tələbat böyük idi. Tədricən vəzifə pillələrində irəliləyişlər başlandı. 1932-ci ildə Əziz Əliyev Azərbaycan səhiyyə komissarının müavini vəzifəsini icra edirdi. Sonralar isə Azərbaycanda yeni tibbi xidmətin təşkilatçılarından biri kimi ad çıxardı. İsrarla öz arzularına, amalına qovuşmaq, çətinlikləri yara-yara istəklərinə nail olmaq onun həyat qayəsinə çevrildi. Bu nadir, prinsipial xarakter Zərifə xanımda özünə yer almışdı. Buna görə də bütün çətinliklərə mərdliklə dözərək Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan novator alim kimi məşhurlaşdı.


İnsan öz mühitinin övladıdır


"Ot kökü üstə bitər” demişlər. Zərifə xanım elm-təhsil mühitində yetişmişdi. Əziz müəllim o vaxt xeyli gənc olsa da, Bakının ziyalı mühitində böyük hörmət qazanmışdı. Özü kimi dövrünün nüfuzlu elm, mədəniyyət, incəsənət xadimləri ilə ailəvi dostluq münasibətləri vardı. Azərbaycan ictimai fikir tarixinin Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və digər görkəmli nümayəndələri onun evinin əziz qonaqları idi. Onlar tez-tez yığışar, sağlam düşüncə mühitində maraqlı müzakirələr aparar, biliklərini bölüşərdilər. Belə insanların mühitində olmaq, onlardan görüb-götürmək bu ailədə böyüyən övladlar üçün az qala bir neçə universitetə bərabər təsirə malik idi. Mühit, təbii ki, Zərifə xanımın dünyagörüşünə, yaşın erkən çağlarından formalaşan mənəvi dəyərlərinə təsirsiz ötüşmürdü. Elmi, təhsili vacib saymaq onun üçün də bir kulta çevrilirdi.

Zərifə xanım özü də sonralar uşaqlığının əhatə olunduğu ziyalı mühitini tez-tez yada salardı. Belə bir fikri xüsusi vurğulayardı ki, uşaqlıq mühiti özünüdərk üçün insan ömrünün ən vacib çağlarıdır. İnsanın həyat keyfiyyətləri, prinsipləri bu çağlardan formalaşmağa başlamalıdır. Onun şəxsiyyət kimi yüksəlməsində çox nəcib, ləyaqətli bir qadın olan anası Leyli xanımın da böyük rolu vardı. Zərifə xanım onun mənəviyyatında yer alan xanım-xatınlığı, əsl Azərbaycan qadınına xas abır-ismət, fədakarlıq hissini, ziyalılığı, nəcibliyi anası Leyli xanımdan əxz etmişdi.

Onun uşaqlıq mühitində təbabətin xüsusi yeri vardı. Gözünü açandan evlərində insan sağlamlığı, həkimin xalqa xidməti kimi mövzularda söhbətlər eşitmişdi. Atası Azərbaycanın tibb təşkilatçılarından idi. 1935-ci ildə, Zərifə xanımın hələ 13 yaşı olanda Əziz müəllimə o vaxt yeni yaranmış Tibb Universitetinin rektorluğu kimi çətin və məsuliyyətli vəzifə həvalə etmişdilər. Bundan 4 il sonra isə 1939-cu ildə Əziz Əliyev Azərbaycanın səhiyyə komissarı təyin olundu. Görünür həkimlik Zərifə xanımın özündən çox taleyinin seçimi idi.

Atalarının həkim və böyük səhiyyə təşkilatçısı olması, onun ailədəki nüfuzu övladlarının peşə seçimində mühüm rol oynadı. Qardaşları Tamerlan və Cəmil də həkim oldular. Zərifə xanımın böyük qardaşı Tamerlan Əliyev (1921-1997) respublikamızın ən yaxşı endokrinoloqlarından biri idi. Atasının yoluna sadiq qaldı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, dövlət mükafatı laureatı kimi elmi ictimaiyyətdə böyük nüfuz qazandı. Elmi əsərləri, monoqrafiyaları, dərslik və dərs vəsaitləri ilə tibb elminə böyük töhfələr verdi.

Zərifə xanımın kiçik qardaşı Cəmil Əliyev isə tibbin ən çətin sahəsini, zamanında çoxları üçün o qədər də cəlbedici olmayan onkologiyanı seçdi. Bu sahədə elmi avtoritet kimi böyük şöhrət tapdı. Tibb elmləri doktoru, akademik Cəmil Əliyev Əməkdar elm xadimi, bir çox beynəlxalq elmi mərkəzlərin üzvüdür. İngiltərə Nammersmit Kral Universitetinin, Anderson xərçəng əleyhinə mərkəzin professorudur. İndiyə qədər görkəmli alimin 230-dan çox elmi əsəri çapdan çıxıb. Onlardan 80-ə yaxını xaricdə işıq üzü görüb. Cəmil müəllim uzun illərdir ki, respublika Milli Onkologiya Mərkəzinə rəhbərlik edir. Düşünürəm ki, ailəlikcə insan sağlamlığı keşiyində dayanmaq həm tərbiyədən, təcrübədən, həm də Tanrının lütfündən gəlir.


Missiya


Orta məktəbi bitirdiyi il qanlı-qadalı dövrə təsadüf edirdi. 1942-ci il idi. İkinci Dünya müharibəsi yeni başlamışdı. Sovet ordusu cəbhədə ardıcıl uğursuzluqlarla üzləşirdi. Bakıdakı bir çox binalar hospitallara çevrilmişdi. Cəbhədən müalicə üçün göndərilən yaralılarla dolub-daşırdı. Zərifə də dərsdən sonra rəfiqələri ilə evlərinin yaxınlığındakı hospitala gedir, tibb işçilərinə kömək göstərir, yaralılara evlərinə, doğmalarına məktub yazmaqda yardım edirdi. O zaman Bakı əsl əmək cəbhəsini xatırladırdı. Burada həyat qaynayırdı. Ordunu yanacaqla, ərzaqla, lazımi vasitələrlə təmin etməkdən ötrü insanlar gecə-gündüz çalışırdılar. Atası da daim əsgər şinelində idi. Dövlət onu siyasi rəhbər kimi hara yollayırdısa gedir, təşkilati, siyasi işləri yüksək məsuliyyətlə yerinə yetirirdi. Faşizm üzərində qələbə üçün əlindən gələni əsirgəmirdi.

Zərifə artıq baş verənlərin mahiyyətini tam anlayacaq yaşda idi. Bilirdi ki, həyatda yaxşılıqların, xeyirin qələbəsi üçün hər kəsin bir missiyası var. Onun da əsas vəzifəsi biliklərə yiyələnmək, özünü gələcək həyata hazırlamaq, düzgün bir sənət seçib insanlığa xidmət göstərməkdir. Fikrini də qətiləşdirmişdi: həkim olacaqdı. Bu sənətdə isə onu oftalmologiya istiqaməti özünə daha çox cəlb edirdi. Bəzən küçələrdə gözü görməyən adamlarla rastlaşmaq onun üçün əsl insan faciəsi idi. Səhiyyə lazımi səviyyədə inkişaf etmədiyindən o zaman istənilən şəhərdə, kənddə dünya işığına həsrət insanlarla tez-tez qarşılaşmaq olurdu. Zərifə xanımı göz həkimliyinə cəlb edən isə belə insanlara kömək göstərmək arzusu idi. O bilirdi ki, elm inkişaf etdikcə, həkimlərin sayı artdıqca bu dərdlərə əlac tapılacaq. O da işıqlı dünyanı görməyən insanların müalicəsinə özünü həsr etmək istəyirdi.

1942-ci ilin yayında imtahanları uğurla verib Azərbaycan Tibb İnstitutunun Müalicə fakültəsinə daxil oldu. Tələbəliyin ilk aylarından bütün ruhu ilə gələcək sənətinə bağlandı. Bu sahədə biliklərə yiyələnməyə başladı. Müharibə hələ qorxunc bir kabus kimi bəşəriyyətin başı üzərində qərar tutmuşdu. Bu, həm də acıları, amansız qayda və tələbləri ilə çox ağır sınaq idi. Bunların hamısına dözmək lazım gəlirdi.


Moskva mühiti


Zərifə və bacısı Gülarə musiqi təhsili də almışdılar. Bu maraq onlara atalarından keçmişdi. Evlərində piano vardı. Tez-tez səslənirdi. Müharibə illərinin ağırlıqlarını, qaramatını musiqinin həzin ruhu ilə ortadan götürməyə çalışardılar. Musiqi hər kəs kimi, onlarda da sabaha böyük ümidlər yaradardı.

Bu evdə peşəkar musiqiyə maraq o qədər güclü idi ki, Zərifə xanımın kiçik bacısı Gülarə Əliyeva məhz həmin sənətin ardınca getdi. 1966-cı ildə sonralar milli musiqi tariximizin parlaq səhifəsinə çevriləcək "Dan ulduzu” instrumental ansamblını yaratdı. Əməkdar incəsənət xadimi adına layiq görüldü, musiqi nəzəriyyəsi kafedrasının müdiri oldu. Onun rəhbərlik etdiyi ansambl xalq musiqisinin inkişafında və təbliğində mühüm rol oynadı.

1941-1945-ci illər müharibəsinin ən çətin günlərində Əziz Əliyevin qapısı hansısa köməyə ehtiyac duyan qohum-əqrəbanın, tanışların, yoldaşların üzünə həmişə açıq idi. Taleyin və tarixin gətirdiyi qıtlığı elnən, obaynan yaşamaq daha asan idi. Anaları da bunu bilir, ən çətin günlərdə, ən ağır xəbərlər gələndə yaxın insanlara sığınır, onlardan güc alırdı. Elnən gələn qara gün toy-bayramdır. Yaman günün ömrü az olar. Xalqın belə deyimlərinə inana-inana yaşayırdılar.

Zərifə Əliyeva 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirdi. Nəzəri bilikləri yüksək səviyyədə mənimsəmişdi. Amma hiss edirdi ki, praktik bacarıqlara yiyələnmək ehtiyacı var. O zamanlar tək ittifaq məkanında yox, ümumən dünyada həkimlər üçün bu cür peşəkar inkişafın əsas mərkəzlərindən biri Moskva sayılırdı. Zərifə xanım da praktik biliklərini inkişaf etdirməkdən ötrü Moskvaya, Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna getdi, təhsilini davam etdirməyə başladı. Burada onun bir əsas məqsədi də vardı. Azərbaycanı bürümüş traxoma infeksiyasına qarşı mübarizə üçün təcrübəsini artırmaq. Çünki hələ institutdakı təhsil dövründən Zərifə xanım bu infeksiyanın insanlarımıza necə ağır bəla kəsildiyini yaxşı bilirdi. Moskva mühiti bu xəstəliyə qarşı effektiv mübarizə metodlarını öyrənmək, təcrübəli həmkarlarla birgə bu istiqamətdə araşdırmalar aparmaq üçün yaxşı imkanlar yaradırdı.


Traxoma ilə mübarizə


Ölkəyə bu sahədə Moskva məktəbi keçmiş təcrübəli həkimlər o zaman hava və su kimi lazım idi. Zərifə xanım da Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisasının sirlərini dərindən öyrəndi. Bilavasitə göz xəstəlikləri üzrə ixtisaslaşdı. Xüsusilə traxoma infeksiyasına qarşı zəruri bilik və təcrübələrlə silahlandı. Onda ölkə müharibədən yenicə çıxmışdı. Yoxsulluq, maddi sıxıntılar hər yerdə, demək olar ki, eyni idi. Bununla belə insanlar gələcəyə ümidlə baxırdılar. Hamı inanırdı ki, gələcək bu gündən daha yaxşı olacaq. Və hamı gələcəyin biliklərlə yaradılacağını dərk edirdi. İnsanlar kitaba, elmə, təhsilə böyük maraq göstərirdilər. Ən mühümü isə, insanlar arasında sadəlik, səmimiyyət, qarşılıqlı inam güclü idi. O zaman sovet nomenklaturası yenicə formalaşırdı. Görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin qızı Zərifə xanım yüksək təbəqəyə məxsus alimin övladı olsa da, sadə ailələrdən çıxmış gənclər onun ürəyinə, ruhuna yaxın və doğma idilər. Məmur övladlarının meşşan həyat tərzinə meylini, bayağı maraqlarını, təkəbbürünü əsla bəyənmirdi. Çünki özü heç zaman belə olmamışdı, öz ailələrində belə hallar ona yad idi.

Moskvada Zərifə xanım o dövrün məşhur tibb alimləri ilə tanış oldu. Müharibə tibbin cərrahiyyə sahəsinə böyük təkan vermişdi, müxtəlif uğurlu əməliyyatlar həyata keçirilirdi. Bu, elə göz cərrahiyyəsinə də aid idi. Zərifə xanım da bu inkişaf meyillərini tez bir zamanda mənimsədi.

İki il yaşadığı Moskva mühitində elmi işçi kimi püxtələşməklə bərabər, çoxlu dostlar, elmi tərəfdaşlar tapdı. Onlardan bəziləri ilə müştərək tədqiqatlar apardı, elmi əsərlər yazdı, nəşr edilmiş monoqrafiyalar müəllifi kimi tanındı.

Zərifə xanım 1949-cu ildə Bakıya artıq oftalmologiya sahəsində yüksəkixtisaslı peşəkar kimi qayıtmışdı. O, Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi işə başladı. O, həm müalicə işi ilə məşğul olmağa, həm də elmi tədqiqatlarını davam etdirməyə çalışırdı. Azərbaycanda traxoma virusunun qarşısını almaq və sonra isə onun kökünü kəsmək arzusu ancaq praktika ilə nəzəriyyənin vəhdəti sayəsində mümkün ola bilərdi. Zərifə xanım da öz fəaliyyətində bu vəhdəti təmin etdi. Həkimlik fəaliyyəti ilə yanaşı 1950-ci ildə aspiranturaya daxil oldu. Namizədlik mövzusu traxoma xəstəliyinin və epidemiyalarının müalicəsi və profilaktikası məsələləri idi. Bu, oftalmologiya elmi üçün tamam yeni bir mövzu idi. Ona qədər aparılmış tədqiqatlarda bu xəstəliyin müalicəsi ilə bağlı konkret üsullar təklif edilmirdi. Mövzunu dərindən tədqiq etməkdən ötrü epidemiyanın geniş yayıldığı bölgələrə elmi ekspedisiyalar lazım gəlirdi. Zərifə xanım böyük həvəs və fəallıqla bu ekspedisiyalarda iştirak edirdi. O, həm praktik həkim kimi insanların müalicəsi ilə məşğul olur, onlara traxoma infeksiyasından qorunmaq üçün tibbi məsləhətlər verir, əhali arasında maarifləndirmə işləri aparır, həm də fundamental elmi araşdırmaları üçün zəngin materiallar toplayırdı. Bütün bunlar o qədər də asan iş deyildi. Ekspedisiyada iştirak edən tibb işçiləri narahat çölçülük həyatı yaşayırdılar. Üstəlik, traxomalı insanlarla gündəlik ünsiyyət zamanı bu xəstəliyə yoluxma riski də böyük idi. Bununla belə öyrənmək, araşdırmaq, insanlara, elmə faydalı olmaq əzmi bütün narahatlıqlara, qorxulara üstün gəlirdi.

Zərifə xanım təkcə kollektiv ekspedisiyalarla işini məhdudlaşdırmırdı. Traxomanın geniş yayıldığı uşaq evlərinə, əlillər üçün müəssisələrə, rayonlara, Kürqırağı kəndlərə fərdi qaydada baş çəkir, vəziyyəti yerində öyrənir, müalicənin effektivliyini və gedişini izləməyə çalışırdı. O zaman traxomaya qarşı sintomitsin adlı antibiotikdən istifadə edirdilər. Lakin Azərbaycan arealında bu dərmanın aktivlik və passivlik xüsusiyyətləri öyrənilməmişdi. Bundan ötrü müalicə prosesinin müxtəlif mərhələlərinin diqqətlə izlənilməsi, müalicənin fərdi xüsusiyyətlərinin elmi təsnifi lazım idi. Böyük zəhmət, səbir, iradə tələb edən bu işi məhz Zərifə xanım öz çiyinlərinə götürmüşdü. İllərin gərgin zəhməti, nəhayət, öz bəhrəsini verdi. 1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Əsl uğuru alim adı almasından daha çox əldə etdiyi elmi nəticədən sonra şəfa tapan, gözləri həyat işığına açılan insanların böyük bir bəladan qurtuluşu idi.


O, əsl məktəb formalaşdırdı


Bu qalibiyyət onu elmdə yeni nəticələrə ruhlandırırdı. 1960-cı ildən Oftalmologiya İnstitutunda baş elmi işçi kimi çalışmağa başladı. 1967-ci ilə qədər burada xüsusilə ən çox yayılmış göz xəstəliklərindən olan qlaukoma ilə bağlı tədqiqatlar apardı. O dövrdə bu xəstəlik böyük bir bəla olaraq insanlarda daha çox qırx yaşından sonra özünü göstərir, hətta erkən korluqla nəticələnirdi. Zərifə xanımın bu mövzuda araşdırmaları da həkimlərin stolüstü kitabına çevrildi. Bu, həm də Azərbaycan elminin nailiyyəti idi.

1967-ci ildə Zərifə xanım Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutuna, Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət edildi. O, elmi fəaliyyətini davam etdirməklə bərabər praktik həkimlikdən də kənar düşmür, çoxsaylı cərrahiyyə əməliyyatları həyata keçirir, insanlara şəfa verirdi. Zərifə xanımın bir əsas missiyası da müxtəlif tibb müəssisələrindən gəlmiş həkimlərə, tələbələrə oftalmologiyanın incəlikləri barədə mühazirələr oxumaq, onların tibb sahəsində fərdi inkişafına kömək göstərmək idi. Bu illərdə yüzlərlə xəstə üzərində apardığı uğurlu cərrahiyyə əməliyyatları, işıq bəxş etdiyi insanların peşə mənsubiyyəti onun üçün xüsusilə aktuallaşmışdı. Zərifə xanım görürdü ki, insanların peşə mənsubiyyəti onların göz xəstəliklərinə müəyyən təsirlər göstərir. O zaman Azərbaycanda sənaye sürətlə inkişaf edirdi. İstehsal sahələri genişlənirdi. Xüsusilə kimya sənayesində çalışanlar arasında göz xəstəliklərinin artması müşahidə olunurdu. Ona görə də Zərifə xanım bu mövzunun elmi tədqiqi ilə məşğul olmağa başladı. 1968-ci ildən sonrakı elmi fəaliyyətini sırf professional göz xəstəliklərinə həsr etdi. Zəhmət adamlarının gözlərini qoruyan dərmanlar, effektiv müalicə üsulları yaratmaq məqsədilə o, Bakı və Sumqayıtın zavodlarında eksperimentlər aparır, tez-tez müəssisələrdə olur, xəstələri ilə görüşür, patoloji halları izləyirdi. Görkəmli alim bu istiqamətdə çoxillik araşdırmalarının nəticəsi kimi professional göz xəstəliklərinə həsr olunmuş doktorluq dissertasiyasını 1977-ci ildə dünya oftalmologiyasının əsas mərkəzlərindən olan Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda uğurla müdafiə etdi.

1979-cu ildə Zərifə xanımın təşəbbüsü ilə Elmlər Akademiyasının Ə.Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycanda ilk dəfə professional göz xəstəliklərini öyrənən laboratoriya açıldı və Zərifə xanım onun rəhbəri oldu. Əslində, bu, dünya şöhrətli alimin elmi məktəbi idi.

Amma bu məktəbi Zərifə xanım təkcə həmin laboratoriya ilə məhdudlaşdırmır, gənclərə göstərdiyi həkimlik, alimlik, ən əsası isə, insanlıq örnəyi ilə əsl məktəb formalaşdırırdı. Böyük alimin göz xəstəliklərinin müxtəlif problemləri, həkim etikası, gənc kadrların elmi hazırlığı ilə bağlı qələmə aldığı neçə-neçə kitablar, faydalı vəsaitlər bu gün də tibb sahəsində fəaliyyət göstərən gənc kadrların gələcəyinə işıq salan bələdçidir. O zamanlar Zərifə xanımı yaxından tanıyanlar, onunla çiyin-çiyinə işləmək, təmasda olmaq səadətinə çatanlar bu nəzakətli, alicənab, ölçülü-biçili hərəkətləri, zərif davranışı ilə ürəklərə yol tapmış yüksək mədəniyyət sahibini, sadə, təvazökar, xeyirxah insanı qəlblərdə özünə bir doğmalıq abidəsi yaratmış şəxsiyyət kimi səciyyələndirirlər.

1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi də akademik Zərifə Əliyevanın elmi fəaliyyətinə, kadrların yetişdirilməsi prosesinə verdiyi dəyərli töhfələrə yüksək qiymət idi.


Günəşdən pay


Zərifə xanım öz unikal fəaliyyəti ilə sanki insanlara günəşdən nur paylayırdı. Elmdən doğulan, zəhmətdən gələn bir ziya bəxş edirdi.

Onunla bərabər çalışmış həmkarları, həkimlər, adi insan kimi ünsiyyətdə olmuş hər kəs Zərifə xanımı işıq abidəsi, nur heykəli kimi xatırlayırlar. O, görkəmli alim, əlləri "qızıl” şəfalı həkim, nəcib, xeyirxah, həssas, qənimət insan idi. Zərifə xanım bütün bunlarla bərabər Azərbaycan qadınına xas ən gözəl keyfiyyətləri öz varlığında bir araya gətirmiş şəxsiyyət kimi ucalmış, örnəyə çevrilmiş nəciblik, nur, işıq mücəssəməsi, əsl ana, ləyaqətli ömür-gün yoldaşı idi.

Ulu Öndər Heydər Əliyev xatirələrində hər zaman Zərifə xanım kimi həyat yoldaşının olması ilə özünü xoşbəxt sandığını deyirdi. Bildirirdi ki, Zərifə xanım onun üçün sadəcə ömür-gün yoldaşı deyildi. "O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”. Bəli, Zərifə xanım Azərbaycan xalqının yetirdiyi ən böyük dövlət adamına, müasir Azərbaycan dövlətinin memarı və qurucusuna, bütün həyatını xalqına həsr etmiş Liderə xoşbəxtlik və dəyanət bəxş etmiş, onun həyatında əsl dayağa çevrilmiş Azərbaycan qadınıdır. Vətən uğrunda gördüyü ali işlərdə ona hər zaman mənəvi dəstək olmuş ən yaxın silahdaş idi. Zərifə xanım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi dərin dühalı, müdrik dövlət xadimini yetirmiş, ona Azərbaycan sevgisindən, yüksək ali dəyərlərdən, ağıl və zəkadan, qətiyyət və cəsarətdən pay vermiş, yoluna işıq tutmuşdur. Ocağına gur çırağını yandırmağa qadir ləyaqətli bir Azərbaycan gözəli gətirməklə də bu xalqa dəyərə gəlməyən mənəvi, etibarlı xəzinə qoyub getmişdir, xariqə yaratmışdır.

Təbiətin amansız hökmü ilə fədakar ömür əfsus ki, çox tez - 1985-ci ilin 15 aprelində başa çatdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu itkinin acısını müsahibələrinin birində belə bölüşürdü: "Təəssüf ki, mənim Zərifə xanımla ünsiyyətim qısa oldu. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə Zərifə Əliyeva həyatdan getdi. Bu istedadlı və gözəl qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır”.

Bu xatirələrdə həm də Zərifə xanımın arzuları, idealları, amalları yaşayır. Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın, onların övladlarının bu gün Azərbaycan və ümumən bəşəriyyət üçün gördükləri nəcib işlər bu arzuları, idealları, amalları reallığa çevirir.

Zaman keçəcək, amma akademik Zərifə Əliyevanın əbədiyyət ömrü gələcək nəsillərin nurlu əməllərinə çevriləcək, yüksəliş yolları ilə irəliləyənlərin başı üstündə günəş kimi yanacaq.

Nurlana ƏLİYEVA,

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri, professor




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM