Alternative content

05:13 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:17 04.06.2020 BİLDİRİŞ
02:17 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:12 04.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir nisgilin bəstəsi...
Bir nisgilin bəstəsi...
ANA SƏHİFƏ / Mədəniyyət
00:25 28.04.2020


Bəstəkar Ələkbər Tağıyevin əziyyət, haqsızlıq, sevgi dolu həyatı


Sadə, kasıb bir ailənin övladıydı. O qədər kasıbıydılar ki, beş qardaşın çölə-bayıra geyinməyə cəmi bir şalvarı vardı. Səhər kim tez yuxudan dursaydı, şalvarı geyinib məktəbə getmək də onun qismətinə düşərdi. Və bu "mübarizə”də daha çox Ələkbər qalib gələrdi...

O, bütün ömrü boyu mübarizələrdə oldu. Uşaqlığından həyatının son anlarına qədər... Əvvəl kasıblıqla mübarizə apardı, sonra çətinliklər, haqsızlıqlar, ədalətsizliklərlə, şöhrəti artdıqca isə ona paxıllıq edən şəxslərlə... Bəzən qalib gəldi, bəzən, ümumiyyətlə, mübarizə aparmadı, bəzən də sadəcə susdu - savaşmaq istəmədi, mənasız hesab etdi, ya da şəxsiyyətinə sığışdırmadı... Amma sınmadı, əyilmədi, daxilən bütün savaşlardan zəfərlə ayrıldı... Heç nəyə baxmayaraq, yenə də xalqı üçün ölməz musiqilər bəstələdi. Mübaliğəsiz, sözün əsl mənasında ölməz... Çünki yarım əsrdən artıq vaxt keçsə də, onun bəstələdiyi mahnılar bu gün də yaşayır, sevilir, ifa olunur və tanınır. Heç bir fəxri adı olmayan, Bəstəkarlar İttifaqına üzv seçilməyən, adi qəbiristanlıqda adi bir insan kimi torpağa tapşırılan, lakin hər zaman xalqın sevimli bəstəkarı olan Ələkbər Tağıyev kimi...


İşə götürülsün deyə yaşını 2 il artırır


Ələkbər Tağıyev 1924-cü il aprelin 28-də Gəncədə kasıb bir ailədə dünyaya gəlib. Atası Xəlil kişi əkinçi olub. Anası Münəvvər xanım isə ağır seyid idi. Ona görə də oğlunun birinə öz atasının adını qoyur - Əli Əkbər, Ələkbər. Ailədə Ələkbərdən başqa daha dörd qardaş və bir bacı böyüyürdü. Xəlil kişi əkinçilik edib ailəni dolandırmağa çalışsa da, güzəranları heç yaxşı deyildi. Uşaqlar kasıblıq, ehtiyac içində böyüyürdülər. Elə bu kasıblığa görə də Ələkbər məktəbi bitirən kimi işləmək qərarına gəlir. Amma 16 yaşı tamam olmadığından müraciət etdiyi yerlərdə işə qəbul olunmurdu. Nəhayət, Ələkbər bir çıxış yolu tapır. İşə götürülsün deyə yaşını 2 il artırır. Beləliklə, bu ağ yalanından sonra o, işə düzəlir - məhkəmədə kuryer. Bu, Ələkbər Tağıyevin ilk həyat mübarizəsi idi. Kasıblıqla savaşı... Çox keçmir ki, ilk mübarizəsində qələbə qazanmağa başlayır. Tədricən işində irəliləyiş olur. Kargüzarlıqdan katibliyə qədər yüksəlir. Məhkəmədə işləyə-işləyə Ümumittifaq Qiyabi Hüquq İnstitutunda təhsil alır. Oranı bitirdikdən sonra müstəntiq kimi ilk təyinatı Göyçaya verilir. 36 ildən çox prokurorluq orqanlarında işləyir. İşinin peşəkarı kimi ad qazanır. Hətta on illərlə açılmayan cinayət işlərinin istintaqı da ona həvalə olunur... Ömrünün sonuna bir neçə il qalmış isə öz istəyi ilə bu sahədən ayrılır.


Fal düz çıxır...


Ələkbər Tağıyev ailə quranda hələ çox gənc idi. 18 yaşı olar, ya olmazdı. Elə Gəncədə, qonşuluqda Almaz adlı gözəl bir qıza aşiq olmuşdu. Onunla ailə qurmaq istəyirdi. Ancaq kasıblıq qarşısına bir sədd çəkmişdi. Toy çaldırmağa imkanı yox idi. Ona görə də Ələkbər sevdiyi qızı qaçırdır.

Ailə qurduqları ilk illərdə də ehtiyac onlardan əl çəkmir. Almaz xanım xatırlayardı ki, qışda üstlərinə örtməyə yorğanları da yox imiş, bircə şinelləri vardı, onunla da qışı birtəhər yola verirdilər.

Ələkbər Tağıyevin üç uşağı olmuşdu - Akif, Zemfira və Namiq. 7-8 yaşında Akif astma xəstəliyinə tutulur. Nə qədər çalışsalar da, uşağı xilas etmək mümkün olmur. Bu itki Ələkbər Tağıyevə çox pis təsir edir. Böyük stress keçirir, depressiyaya düşür. Akifin adını verəcəyi oğlunun həsrətilə yaşayır. Ancaq qızı anadan olur. Adını Akifə qoyur. Sonradan daha bir qızı da dünyaya gəlir. Ona da Arifə adını verir. Daha bir qızı isə adı qoyulmadan haqqın dərgahına qovuşur. Axırda ağır seyid olan anası Münəvvər xanım oğluna məsləhət verir: "Ələkbər, belə olmaz axı. Sən Akifi istəyirsən. Akifi Allah alıb, deməli, belə məsləhət imiş. Gəl gedək sənə bir "Quran” açdıraq, görək Allah sənin qismətinə oğul yazıb ya yox”. Çarəsiz qalan Ələkbər Tağıyev anasının məsləhətinə qulaq asıb "İmamzadə”yə gedir. Adına "Quran” açdırıb falına baxdırır. Orada Ələkbərə deyirlər ki, "sənin Allahdan oğul payın var, narahat olma, oğlun olacaq. Amma adını Xaliq qoymalısan. Özü də uşaq anadan olandan sonra Allahdan sənə vergi veriləcək, çox məşhur, varlı adam olacaqsan”.

Çox keçmir ki, deyilənlər çin olur. 1958-ci ilin iyulunda Ələkbər Tağıyev illərdir arzusunda olduğu oğul balasını qucağına alır. Adını Xaliq qoyurlar. Uşağın qırxı çıxmamış Ələkbər Tağıyevə sanki bir vəhy gəlir. Göy gölü seyr edən zaman gözlənilmədən bir musiqi zümzümə etməyə başlayır. Beləcə, Ələkbər Tağıyevin bəstəkar kimi ilk mahnısı olan "Qonşu qız” yaranır. Həmin mahnını dostları Əhməd Bakıxanova və Qənbər Hüseynliyə dinlətdirir, onların müsbət rəyini alır. Və elə o vaxtdan ömrünün sonuna qədər yüzlərlə mahnı bəstələyir... "Azərbaycan”, "Arzu qızım”, "Bakı gecələri”, "Deyir yaz gəldi”, "Sən gəlməz oldun”, "Təki sən səslə məni”, "İstəyirəm görəm səni”, "Ya bir olar, ya iki”, "Külək”, "Mənim dünyam”, "Sədaqətim var”, "Sənə qurban”, "Xızı dağları”... kimi mahnılar bu gün də hamı tərəfindən sevilir və dinlənilir.


"Həvəskar bəstəkar” olduğu üçün Bəstəkarlar İttifaqına üzv seçilmir


Əvvəlcə olduqca böyük çətinliklərlə qarşılaşır. Musiqi savadı olmayan, not bilməyən bəstəkar musiqiləri zümzümə edib maqnitofona yazır, sonradan onları musiqi təhsili alan qızının köməyi ilə nota köçürür. Ancaq az sonra Ələkbər Tağıyev Asəf Zeynallı adına musiqi texnikumuna daxil olur, oranın Bəstəkarlıq fakültəsini bitirir. Və çox qısa zaman ərzində Ələkbər Tağıyev bir bəstəkar kimi məşhurluq qazanmağa başlayır. Mahnıları dildən-dilə dolaşır, hər yerdə səslənir, tanınır. Artıq Ələkbər Tağıyev yaxşı pul da qazanmağa başlayır. Yaradıcılığını genişləndirmək üçün Gəncədən Bakıya köçür. Paytaxt onun bəstəkar kimi parlamasına daha böyük təkan verir. Burada ilk olaraq Zeynəb Xanlarova ilə işbirliyinə başlayır. 10 ildən çox müddət ərzində bir yerdə fəaliyyət göstərirlər. Zeynəb Xanlarova Ələkbər Tağıyevin mahnılarının ilk ifaçısına çevrilir. Sonradan Nisə Qasımova, Məmmədbağır Bağırzadə, Kəmalə Rəhimli də Ələkbər Tağıyev məktəbinin yetirmələri olurlar. Ələkbər Tağıyev işbirliyində olduğu müğənnilərlə hərtərəfli məşğul olurdu. Həm musiqi yazır, həm öyrədir, həm sponsorluq edir, həm də irəliyə çəkirdi. Azərbaycan musiqisinə dueti ilk dəfə bu bəstəkar gətirdi - Nisə Qasımova ilə Məmmədbağır Bağırzadə dueti ilə. Ondan sonra Azərbaycan musiqisində duet dəbə düşdü. Uşaq adlarına bəstələdiyi mahnılardan sonra isə Azərbaycan ailələrində uşaqlara o adlar qoyulmağa başladı.

Bəstəkarın oğlu Xaliq Tağıyev deyir ki, onların tərbiyəsində, həyata baxışlarında və mövqelərində atalarının rolu böyük olub: "Atam həmişə deyirdi ki, "səhvsiz insan yoxdur. Amma elə səhv edin ki, o bağışlansın. Elə olmasın ki, siz sonra o səhvə görə peşman olasız”. Təbii ki, onun da səhvləri olub. Amma o, həyatda elə bir səhv etməyib ki, bu gün onun oğlu kimi utanım. Atamın həyatda beş şərti var idi. Deyirdi, həyatımı bunlar üzərində qururam - utanma, inanma, aldanma, heyfsilənmə, təəccüblənmə. Uzaqgörən adam idi. Neçə il bundan qabaq dediyi sözlər bu gün də öz təsdiqini tapır. Sözün düzün deyən olub, heç kimdən çəkinməyib, kimsənin qabağında başıaşağı olmayıb. Atam çox xeyirxah, insanlara əl tutan adam idi. Əvvəl kasıb olsa da, sonradan varlı biri oldu. Sovet dövründə atama dünyanın hər yerindən çeklər gəlirdi. Amma imkanlı olsa da, yekəxana, şöhrətpərəst deyildi. Hamıya əl tuturdu. Ölümündən 39 il keçməsinə rəğmən mahnıları yenə dillər əzbəridir. Bunun özü Ələkbərin qələbəsi və xoşbəxtliyidir”.

Amma mahnıları dillər əzbəri olmuş Ələkbər Tağıyevə qarşı çox haqsızlıqlar, ədalətsizliklər oldu. Bəzi musiqi mütəxəssisləri, bəstəkarlar onu laqeyd, soyuq qarşıladılar, hətta ona qarşı açıq hücuma keçdilər. Dedilər ki, Ələkbər Tağıyev öz gəlişi ilə Azərbaycan mahnı janrına primitivlik, yabançı ritmlər gətirdi. Deyindilər ki, mahnının melodiyası altında xalq qol götürüb oynayırsa, bu, mahnı deyil. Sonradan isə onu "həvəskar bəstəkar” adlandırmağa başladılar. Hətta ictimai bir təşkilat olan Bəstəkarlar İttifaqına belə üzv seçmədilər.


"Heydər Əliyev sayəsində atam böyük problemlərdən qurtuldu”


Lakin onu sevməyənlərlə yanaşı sevənlər də vardı. Məsələn, Tofiq Quliyev və maestro Niyazi Ələkbər Tağıyevin mahnılarını bəyənirdilər, hər işində dəstək olurdular. Məhz onların tövsiyəsi ilə Ələkbər Tağıyev 1976-cı ildə SSRİ Musiqi Fondunun üzvü seçilmişdi. İndiyə qədər də "Qızıl fond”da 200-dən çox mahnısı saxlanılır və Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib. Ancaq istedadlı, bacarıqlı və məşhur olduğuna görə onu istəməyənlər, gözü götürməyənlər də çox idi: "Atam ömrü boyu bu cür haqsızlıqlarla çox qarşılaşıb. Bəziləri onu bəstəkar kimi qəbul etmirdilər. Əgər Ələkbər həvəskardırsa, onda bəstəkar kimdir? O qədər konservatoriyanı bitirən adamlar var ki, heç iki mahnı bəstələyə bilməyib. Amma atamın yüzlərlə mahnısı vardı və hamısı da xalq tərəfindən sevilirdi. Çünki bu istedad onda həqiqətən də Allah vergisi idi. Hamı da onun yaxşı mahnılar yazdığını bilirdi. Buna baxmayaraq Bəstəkarlar İttifaqına atamı üzv seçmədilər. Mən məsələnin kökündə nəyin durduğunu bilmirəm. Sadəcə qiymət qoya bilərəm - paxıllıq, gözü götürməməzlik, vəssalam. Qəribədir ki, hamı da atamın ora üzv seçilməyini istəyirdi. Özü isə heç vaxt belə şeylərə görə qapı döyməzdi, ağız açmazdı. Atamın işbirliyi qurduğu müğənnilərdən üçü xalq artisti, biri əməkdar artist adına layiq görülüb. Amma özünün heç bir fəxri adı olmayıb. O, sadəcə olaraq Azərbaycan xalqının sevimli bəstəkar oğludur. Bundan böyük ad ola bilərmi?! Bu gün Ələkbər Tağıyevin adına nə bir küçə, nə də bir musiqi məktəbi var. Halbuki elə bir məclis yoxdur ki, orda atamın bir neçə mahnısı oxunmasın. Elə bir müğənni yoxdur ki, onun mahnısına müraciət etməsin. Mən açıq deyirəm, Ələkbər Tağıyevə qarşı çox böyük haqsızlıqlar olub. Ona çox yerdən zərbələr endirilib. Bunların çoxuna Ümummilli Lider Heydər Əliyev son qoydu. Çünki o, atama qayğı ilə yanaşırdı. Deyirdi, hansı bölgəyə gedirəmsə, məni duz-çörək və Ələkbər Tağıyevin mahnısı ilə qarşılayırlar. Atam da minnətdarlığını ona həsr etdiyi bir neçə mahnı ilə bildirdi. Məhz Heydər Əliyev sayəsində atam böyük problemlərdən qurtuldu. Hər halda Ələkbər Tağıyevin 57 yaşında dünyasını dəyişməsi elə-belə olmayıb”.


"Sən gəlməz oldun” həmin gəlinə ithaf olunub


X.Tağıyev xatırlayır ki, atası hər gün səhər saat 5-də yuxudan oyanır, bir neçə melodiya yazır, nahar edəndən sonra isə onların üzərində çalışmağa başlayırdı. Amma bu mahnıların heç də hamısı onun öz adı ilə Bədii Şuradan keçmirdi: "O vaxtlar atam Bədii Şuraya 5-10 mahnı birdən gətirib verirdi. Hamı da məəttəl qalırdı ki, bir adam bu qədər mahnı bəstələyə bilər?! Ona görə də mahnılarından bir-ikisi Bədii Şuradan keçirdisə, çoxu kənarda qalırdı. O da həmin mahnıları "xalq mahnısı” adı ilə şuradan keçirirdi. Məsələn, "Araxçının məndədi, ceyran”, "Endim bulaq başına”, "Sənsən” və s. Deyirdi, "mən bu mahnıları yazmışam ki, xalq eşitsin. Qoy mənim adım getməsin, eybi yox, amma axır-əvvəl haqq öz yerini tapacaq”. Bu günün özündə də Ələkbər Tağıyevin mahnılarının çoxu xalq mahnısı adı ilə səslənir. Nəinki Azərbaycanda, qardaş Türkiyədə və digər ölkələrdə də sevilir, ifa olunur. Onun son illər daha çox səslənən mahnılarından biri "Sən gəlməz oldun” mahnısı idi. "Sən gəlməz oldun” əmim oğlunun həyat yoldaşına həsr olunub. Atamın qardaşı oğlunun həyat yoldaşı Sevda çox gözəl xanım idi. Uşağı olandan sonra gənc yaşda xərçəng xəstəliyinə düçar oldu. Övladının bir yaşı olmamış dünyasını dəyişdi. Atam həmin dəfndə iştirak etmişdi. Bu hadisə, yas mərasimi ona elə təsir edir ki, evə gələn kimi bu mahnını bəstələyir. "Sən gəlməz oldun” həmin gəlinə ithaf olunub”.


Həmin an masanın üstündəki qızılgüllər solmuşdu...


Musiqini, mahnı bəstələməyi çox sevirdi Ələkbər Tağıyev. Bir də gül-çiçəyi... Hər gün bağdan onun üçün tər qızılgüllər gətirilirdi. O güllər daim masasının üstünü bəzəyirdi. Bağbanları olsa da, gülləri mütləq özü əkirdi. Həmin gün də təzə gül şitilləri əkmək üçün bağa getməliydi. Amma özünü pis hiss edir. Nə qədər təkid etsələr də, bu işi növbəti dəfəyə saxlamaq istəmir. Deyir "bu gül-çiçəyin nə ömrü var ki, bir gününü də mən azaldım”. Ancaq halı getdikcə pisləşir. Nə qədər istəsə də, bağa gedə bilmir. Qəfil ürəyi sancılanmağa başlayır. Böyük oğlu Namiqdən başqa hamının otaqdan çıxmasını istəyir. Oğluna vəsiyyətini edəndən sonra ona da otağı tərk etməyi və 5 dəqiqədən sonra içəri daxil olmağı tapşırır. "Kəlmeyi-şəhadət”ini deyir və... Artıq 5 dəqiqədən sonra Ələkbər Tağıyevin ruhu cismini tərk etmişdi. Gülüşü isə onda da üzündən əskik olmamışdı. Həmin an bəstəkarın masasının üstündəki sevimli tər qızılgülləri solmuşdu. Pəncərəyə isə yağış damlaları çiləyirdi...

Ələkbər Tağıyev doğum gününə 12 gün qalmış, 1981-ci il aprelin 16-da dünyasını dəyişir. Və Maştağada "Seyidlər” qəbiristanlığında torpağa tapşırılır. Sağlığında özünə ayırdığı yerdə... Başdaşına isə Hafiz Baxışın sözlərinə bəstələdiyi "Mənim dünyam” mahnısından bir parça yazılır: "Mən də sənə bir qonağam, mənim dünyam, mənim dünyam...”

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM