26 Aprel 2020 01:15
2088
Mədəniyyət
A- A+

Şirvanşahlar sarayının bərpa tarixindən


2000-ci ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şirvanşahlar Saray Kompleksinin abidələri keşməkeşli tale yolu keçmişdir. Arxiv materiallarına əsasən Şirvanşahlar sarayında ilk memarlıq ölçmə işləri ruslar tərəfindən 1807-ci ildə yerinə yetirilmişdir. Lakin bu ölçmə işləri abidənin öyrənilməsi baxımından deyil, ondan məqsədyönlü şəkildə istifadə edilməsi üçün reallaşdırılmışdır.

Həmin vaxtdan sarayın hərbçilərə verilməsi məqsədilə kompleksə daxil olan abidələrin, eləcə də saray binasının otaqlarının təyinatını müəyyənləşdirən sxem-plan da hazırlanmışdı. Sxem-plana əsasən burada əsgər və zabitlər, eləcə də kilsədə xidmət edənlərə yataq, istirahət, dəftərxana, mətbəx, kilsə, sursat anbarlarının təşkili və əlavə olaraq inşası nəzərdə tutulurdu. Vaxtilə "Sinodun oberprokurorunun dəftərxanasında Bakı şəhərində keçmiş xan məscidi binasında pravoslav kilsəsinin düzəldilməsinə vəsait buraxılması haqqında 09.01.1812 - 15.08.1818-ci il tarixli iş” də açılmışdı. Yalnız müəyyən səbəblərdən və sonradan sarayın rus hərbi intendantlığının tabeliyinə verilməsi məscidin pravoslav kilsəsinə çevrilməsinin qarşısını almışdır. Sarayın bütün abidələrindən hərbi sursat anbarı kimi istifadə edilmişdir.

Azərbaycanın şimalı Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra saray ətraf abidələrlə birgə 1857-ci ildə Rusiya Hərbi Təsərrüfat İdarəsinin ixtiyarına verilmişdi. O zaman abidənin plan quruluşunda dəyişikliklər edilmiş, tağlar arakəsmələrlə əvəz olunmuş, abidələrə əlavə tikililər artırılmışdır. Məsələn, Bakı qubernatorunun 1892-ci il hesabatında göstərilirdi ki, "sarayın daxilində və bəzi digər tikililərində təmir və yenidənqurma işləri nəzər-diqqəti cəlb edir ki, tağbənd və günbəzlərin hər yerdə mozaik, yəni naxışlı səthləri məhv edilmiş, bəzi yerlərdə pəncərələr açılmış, digər yerlərdə - "Divanxana”da isə əksinə, keçidlər tutulmuşdur”.

Kompleks XIX əsrin sonunadək baxımsız qalmışdır. Şirvanşahlar sarayı yalnız 22 dekabr 1917-ci ildə ictimaiyyətin tələbi ilə Müsəlman (Azərbaycan) Arxeoloji Cəmiyyətinin tabeliyinə təhvil verildikdən sonra Sankt-Peterburqda təhsil almış memar İsmayıl bəy Nəbi oğlu, ehtimal ki, Ömər bəy Abuyevlə birlikdə, saray kompleksinin abidələrində memarlıq ölçmə işləri aparmışdır. Həmyerlimiz, memar İsmayıl bəy Nəbi oğlu tərəfindən Keyqubad məscidinin memarlıq ölçmə işləri - işçi çertyojları təxminən 1918-1920-ci illərdə hazırlanmışdır.

1918-ci il oktyabrın 5-də Azərbaycan Xalq Cümhuriyyəti qədim abidələrin siyahıya alınması ilə əlaqədar xüsusi dekret imzalamışdır. Bu sənədin qəbulu tarixi abidələrin qorunması istiqamətində dövlət tərəfindən atılan ilk addım idi. XX əsrin 20-ci illərində kompleksin bəzi tikililərinin yalnız zahiri görkəmi ilkin görünüşünə qaytarılmışdır.

Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə 1932-1933-cü illərdə memar İ.P.Şeblıkin tərəfindən saray binasının planı çəkilmişdir.

Son araşdırmalar zamanı məlum olmuşdur ki, XIX əsrin bəzi müəlliflərinin, məsələn, 1861-ci ildə Bakıda olmuş general-mayor, yazıçı baron İ.R.Xovenin yol qeydlərində, 1874-cü ildə sarayı görmüş zabit və yazıçı P.Oqorodnikovun 1878-ci ildə nəşr etdirdiyi kitabında vermiş olduğu təsvirlərə, eləcə də A.P.Boqolyubovun "Dənizçi-rəssamın qeydləri”nə görə, saray binasının giriş qapısı son dərəcə gözəl, oyma ornament şəbəkəsi ilə bəzədilmişdir. Müəlliflər otaqların fantastik oyma naxış şəbəkələrinin məhv edilməsinə təəssüfləndiklərini, bir vaxtlar sarayı görmək üçün ziyarətə gələnlərin indi burada lafetləri - top altlıqlarını, qalanmış təkərləri, paslanmış mərmi və digər artilleriya ləvazimatlarını gördüklərini qeyd etmişlər.

1932-1933-cü illərdə memar İ.P.Şeblıkinin başçılığı ilə sarayda ilk təmir işləri aparılarkən günbəz olmadığından yaşayış binasının üstü yastı tavanla örtülmüş, XIX əsrdə hörülmüş pəncərələrdən daşlar sökülmüşdü. Təmir-bərpa işləri sonralar da, XX əsrin 50-60-cı illərində də davam etdirilmişdir. Məhz bu abadlıq işlərindən sonra Şirvanşahlar sarayı qoruq-muzeyə çevrilmişdir.

Ötən əsrin 80-ci illərinin sonlarında kompleksə daxil olan saray binasının tavanının bərpasına başlanılmış, lakin işlər yarımçıq qalmışdı. Uzun müddət atmosfer sularının altında qalmış abidə uçmaq təhlükəsi ilə üzləşmişdir. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1998-ci ilin baharında saraya gəlişindən sonra bərpada əsaslı dönüş yaranmışdır. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə tarix-mədəniyyət abidələrinin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görülmüşdür. 31 may 1999-cu ildə Azərbaycan Respublikasının hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında kredit sazişi imzalanmış və Dünya Bankı bu sazişə əsasən dörd memarlıq abidəmizin: "Möminə xatın”, "Qarabağlar” türbələri, Şəki xan sarayı və Şirvanşahlar sarayının bərpasına kredit ayırmışdır. Saray binasında bərpa işləri 2002-2004-cü illərdə mərhum memar-professor Niyazi Rzayevin tərtib etmiş olduğu layihə əsasında həyata keçirilmişdir. Tenderdə qalib gəlmiş italyan kampaniyası "İmpresa Pouchain”

II mərtəbənin bütün otaqlarında sonradan qoyulmuş dam örtüklərini sökmüş, otaqların tağlı örtüklərini, karnizləri bərpa etmişdir. Bu bərpa işlərinin ən böyük xidməti ondan ibarət olmuşdu ki, uzun zaman açıq səma altında qalmış saray binasının məhv olmaq təhlükəsi aradan qaldırılmışdır.

2002-2003-cü illərdə kompleksin "Divanxana” adlı abidəsinin, 2004-cü ildə Şirvanşahın ailə türbəsinin, 2005-2006-cı illərdə isə saray məscidinin konservasiyası, Keyqubad məscidinin fraqmentar bərpası, saray qala divarlarının və hamamın konservasiyası həyata keçirilmişdir.

2012-2013-cü illərdə isə əsasən əvvəlki bərpanın qüsurları aradan qaldırılmışdır: divarların emulsiya qatı təmizlənmiş, saray yaşayış binasının əsas günbəzinin səthindəki əyrilik düzəldilmişdir.

Ən son 2017-ci ildə saray hamamının uçmaq təhlükəsi altında olan qəza vəziyyətli divarları sökülərək rekonstruksiya edilmişdir.

Sevil MƏMMƏDOVA,

"İçərişəhər” Muzey Mərkəzinin direktor müavini, əməkdar mədəniyyət işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video