23 Aprel 2020 00:52
2346
SİYASƏT
A- A+

Milli birlik və həmrəyliyin mənəvi gücü


Xalq inanır ki, Prezident İlham Əliyevin müdrik qərarları ilə Azərbaycan qlobal pandemiyadan minimum zərərlə qurtulacaq


Dünyanın bir çox böyük dövlətlərinin "taclı bəla”nın ağır fəsadları qarşısında naəlac qaldığı bir məqamda Azərbaycanda artıq pandemiya ilə mübarizədə müsbət dinamika müşahidə olunmaqdadır. Koronavirusa yoluxanların sayının sağalanların sayından az olması bunu deməyə əsas verir.

Eyni zamanda Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması, həmçinin karantin müddətində xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində düşünülmüş addımlar atılıb. Görünən odur ki, Azərbaycan dövləti bu ağır sınaqdan az itkilərlə çıxacaq.

Pandemiyanın ilk anından "Biz birlikdə güclüyük!” devizini səsləndirərək dövlətin bütün resurslarını səfərbər edən cənab İlham Əliyevin tarixi xidmətlərini xalq çox yüksək dəyərləndirdi. Prezidentin ünvanına hətta xarici ölkələrdən soydaşlarımızın göndərdiyi minnətdarlıq məktublarına nəzər yetirdikdə bunun bir daha şahidi oluruq.


Dünya ölkələri üçün örnək


Kəlbəcər rayon ictimaiyyəti adından dövlət başçısına minnətdarlıq məktubu ünvanlayan Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü, "Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri, 87 yaşlı Qənbər Qurbanov yazır ki, bəşəriyyət üçün təhlükə yaradan koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mübarizə tədbirləri xalqda böyük qürur hissi yaradıb.

Çünki dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Prezidentin uzaqgörənliklə başlatdığı tədbirlər sayəsində ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bütün bunlara görə xalq dövlət başçısına minnətdarlığını ifadə edir və Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olduğunu qürur hissi ilə qarşılayır. Məhz görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliyin gedişatı ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalıb evlərinə dönən xəstələrin sayı hər gün artır.

Müəllif qeyd edir ki, bu xəstəliklə mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, "Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışları, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsi, bu problemin həlli ilə bağlı keçirilən müşavirələr, dövlət strukturlarına verilən tapşırıqlar bir daha Azərbaycan Prezidentinin bu sahədəki siyasətinin qətiyyətli, ardıcıl və davamlı olmasının sübutudur: "Görülən bütün bu tədbirlər, Sizin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çətin anlarda hər zaman xalqla birliyi, bütün fəaliyyətinizin xalqımızın bu ağır sınaqdan üzüağ çıxmağına yönəlməsi insanlarda yüksək əhvali-ruhiyyə yaradıb.

Bu çətin günlərdə bütün xalqımız Sizin "Biz birlikdə güclüyük!” çağırışınızın müsbət əhvali-ruhiyyəsi və mənəvi gücü ilə yaşayır”, - deyən 87 yaşlı ağsaqqal hesab edir ki, Prezidentin həyata keçirdiyi tədbirlər sayəsində xalq tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaq.

"Dünyanı cənginə almış COVID-19 xəstəliyinə qarşı bütün vətəndaşlarımızı öz ətrafınızda birləşdirərək Siz xalqımızı, o cümlədən də bizi xəstəliyə qarşı mübarizəyə səfərbər etmisiniz. Mən nəvə və nəticələrim daxil olmaqla ailəmin 75 nəfərlik üzvü adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu bəladan itkisiz və üzüağ çıxmaq üçün qurban kəsib, namaz qılmaqla Allaha dualar edirəm”. Bu fikirlər isə Lənkəran rayon sakini Saleh Cəfərovun Prezidentə ünvanladığı məktubda yer alır.

Laçın rayonundan məcburi köçkün olan Türkanə Xaspoladzadənin minnətdarlıq məktubunda isə qeyd edilir ki, dünyanın bəşəri problemə çevrilən koronavirusun ağuşunda olduğu bu çətin dövrdə xalqın rifahı naminə Prezidentin imzaladığı sərəncamlar Azərbaycan xalqının sağlamlığının, əmin-amanlığının, hər zaman olduğu kimi, yenə də dövlət başçısı üçün ən önəmli məsələ olduğunu təsdiqləyir.


Milli həmrəylik bu günədək müşahidə edilməyən səviyyədədir


Bakıdan Musa Nəbioğlu və Elmira Rəfailovanın minnətdarlıq məktublarında isə vurğulanır ki, Azərbaycan bu gün dünyanı bürümüş koronavirusdan ən az əziyyət çəkən, bəşəriyyətin bəlasına çevrilmiş bu pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələr arasında ön sıralarda dayanır. Son günlərdə isə sağalanların sayının yeni yoluxanların sayından dəfələrlə artıq olması, ölüm faizinin dünyada ən aşağı səviyyədə olması bir daha onu sübut edir ki, cənab Prezidentin bilavasitə göstərişi əsasında bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirilir. Xalqımız və eləcə də dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Azərbaycanda əhalinin sağlamlığı və sosial rifah halı dövlətin çox böyük önəm verdiyi prioritet sahədir və ölkəmiz yarana biləcək hər cür fors-major hallara hazırdır: "Dünyanın belə çətin, qarışıq günlərində heç bir ölkədə heç bir lider Sizin atdığınız qətiyyətli addımları atmır. Siz bütün insanları düşünür, onların qayğısına qalırsınız. Sizinlə fəxr edirik, cənab Prezident və inanırıq ki, müdrik qərarlarınızla bu bəladan minimum zərərlə qurtulacağıq”.

Ağdamdan Məhəmməd İsmayılov və başqalarından daxil olan minnətdarlıq məktublarında deyilir ki, ölkəmizdə milli həmrəylik bu günədək müşahidə edilməyən səviyyədədir. Bu, Prezident İlham Əliyevin xalqa olan diqqət və qayğısına cavabdır: "Tövsiyələrinizə, çağırışlarınıza səs verən vətəndaşlar çətin günlərdə dövlətimizin ətrafında sıx birləşdilər. Hamı bir-birinə, xüsusilə aztəminatlı ailələrə kömək göstərir. Siz eyni zamanda sahibkarlara da böyük dəstək verirsiniz. Bizlərə də karantin şəraitində müxtəlif yardımlar edilir. Bütün bunlara görə Sizə təşəkkür edir, "Çox sağ olun!” deyirik. Tanrı Sizi qorusun”.

Füzuli rayonundan Ləman Əliyeva, Xızıdan Sevər Şərifova, Gəncə şəhərindən Hicran Məmmədovanın dövlət başçısına ünvanladıqları məktublarda vurğulanır ki, heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görə də hamı bu məsələyə ciddi yanaşmalı, cəmiyyətimiz də öz üzərinə düşən vəzifələri yerinə yetirməli, dövlət tərəfindən görülən məhdudlaşdırıcı tədbirləri anlayışla qarşılamalı və onlara əməl etməlidir.

Dünyanı aciz vəziyyətə salan, səhiyyəsi, iqtisadiyyatı güclü inkişaf etmiş ölkələri belə çətinliklər qarşısında qoyan koronavirusla mübarizədə Prezident İlham Əliyevin xalqın sağlamlığı üçün uzaqgörən qərarları insanların inam və güvənini bir az da artıraraq daha da möhkəmləndirdi: "Xalqın hər bir nümayəndəsinə göstərdiyiniz qayğı, əsasən də yaşlı insanların sağlamlığının qorunması üçün verdiyiniz qərarlar xalqımızın mənəvi dəyərlərinə verdiyiniz yüksək qiymətin daha bir nümunəsidir. Siz bir daha sübut etdiniz ki, hər bir vətəndaşın Prezidentisiniz. Sizin "Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın milli birliyinə stimul oldu, pandemiyaya qarşı mübarizədə həmrəyliyə səslədi”.


Azərbaycan xaricdəki soydaşlarımıza da yardım edir


Bakıdan Murad Məmmədov, Saatlıdan Lətif Şimşəkov, Qobustandan Baba Mahmudzadə, Siyəzəndən Balabəy Balabəyov və Ucardan Zaur Eyvazovun Prezidentə ünvanladıqları minnətdarlıq məktublarında da dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qətiyyətli qərarlar çox yüksək qiymətləndirilir.

"Dünya ölkələrinin iflic vəziyyətdə olduğu bu günlərdə bütün qüvvələri səfərbər edərək ölkəmizi qoruduğunuza, həm də xaricdə yaşayan azərbaycanlılara yardım etdiyinizə görə çox sağ olun. Azərbaycan Sizinlə yenilməzdir. Allah Sizi və ailənizi qorusun”. Bu fikirlər isə Türkiyənin Adana şəhərindəki soydaşımız Vüsalə Abdulovanın məktubunda öz əksini tapıb. Vüsalə xanım son dövrlər Prezidentin tapşırığı ilə Azərbaycan hökumətinin Türkiyədəki soydaşlarımıza göstərdiyi maddi və mənəvi yardımları yada salır: "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edərkən "Azərbaycan dövləti arxanızdadır” sözlərini eşitdim. Oğlum zəruri dərman preparatları ilə pulsuz təmin olundu. Bu, həm də mənə böyük mənəvi dayaq oldu. Çətin günlərdə özümü yalnız hiss etmədim.

Sevimli dövlət başçımız, Siz siyasətinizin mərkəzində məhz xalqımızın dayandığını bir daha nümayiş etdirdiniz. Hazırda oğlumun müalicəsi davam edir. Bu ağır günlərimdə mən hər an Sizi yanımda hiss etdim”.

Bütün bunlar bir daha təsdiq edir ki, xalq hər zaman Prezident İlham Əliyevin dəstəkçisidir və dövlət başçısını özünə alternativsiz lider kimi qəbul edir. Ötən həftə keçirilən rəy sorğusunda xalqın Prezidentə olan inamının 94,7 faiz olması bunu bir daha təsdiqləyir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video