16 Aprel 2020 02:28
3539
SİYASƏT
A- A+

Prezident-xalq birliyinin təcəssümü


Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında həyata keçirilən tədbirlərin dəstəklənməsi vətəndaşların dövlət başçısına ünvanladığı məktublarda da öz əksini tapır


Azərbaycan xalqı taleyüklü məsələlərin həllində daim dövlətinin və hökumətinin yanında olub. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa edərkən xalq üzləşdiyi siyasi, iqtisadi, humanitar böhranla əlaqədar Ulu Öndər Heydər Əliyevi heç də təsadüfi yerə köməyə çağırmadı. Xalq bilirdi ki, məhz çətin günlərdə Ümummilli Liderin siyasi iradəsi, qətiyyəti istənilən problemi həll edə bilər. Axı ömrünü və ictimai-siyasi fəaliyyətini xalqın rifahına həsr edən Heydər Əliyev bu inamı, etibarı əməli fəaliyyəti ilə qazanmışdı.

Bəli, bu gün də Azərbaycan Prezidenti İlham Əliyev xalqının və dövlətinin ona güvəni qarşısında mətinliklə, əzmkarlıqla dayanaraq, "göydən gələn gözə görünməz bəla”dan - koronavirus (COVID-19) pandemiyasından xilas üçün ön sırada mübarizə aparır, "soyuq müharibə”nin gətirdiyi fəsadlardan az zərərlə çıxmaq üçün yollar arayır.

Bütün bunlar xalqın gözləri qarşısında baş verir. Dövlət başçısı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətlərinin cavabsız qalmamasının isə xalq-hakimiyyət birliyinin növbəti dəfə təcəssümü olduğunu dünya gördü və hətta təqdir edildi, təşəkkürlər eşidildi.

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına respublikanın hər yerindən gələn, ardı-arası kəsilməyən təşəkkür dolu məktublar yalnız səmimiyyətin etirafı deyil, həm də dövlət başçısının hər sözünün xalq üçün daim qanun kimi ciddi olmasından soraq verir. Həmin məktublardan bəzi sətirlər bir daha təsdiqləyir ki, xalq dövlətinə və onun başçısına güvənir və inanır. Bu bəladan da tezliklə çıxacaq, birlikdə həmrəylik nümayiş etdirərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dəyən zərəri aradan qaldıracaq.

Ağdam rayonunun Bakı şəhərində məşkunlaşan 35 saylı tam orta məktəbinin müəllimi Aybəniz Zeynalova yazır ki, "hörmətli cənab Prezident, mən Sizin xalqımızın rifahı, vətənimiz Azərbaycanın inkişafı üçün atdığınız hər addımı bəyənir, uzaqgörən siyasətinizi alqışlayıram. Sevinirəm ki, sizin kimi siyasətçinin rəhbərlik etdiyi ölkənin vətəndaşıyam. Cənab Prezident, dünyanı vahiməyə salan koronavirus təhlükəsinin ölkəmizə yayılmaması üçün apardığınız işləri bəyənir və deyirik ki, hamımızdan çox Sizin narahatçılıq keçirməyinizi görməmək mümkün deyil. Axı Siz xalqın taleyinə heç vaxt biganə olmamısınız.

Bu məktubu ünvanlayarkən yadıma N.Gəncəvinin "Yeddi gözəl” əsərindəki Bəhram şah obrazı düşdü: xalqını sevən, onun dərd-sərini özününkü bilən bir hökmdar...

Sizin də bizi - Azərbaycan xalqını nə qədər sevdiyinizi çox yaxşı bilirik. Biz də əlimizdə Allahın müqəddəs kitabını tutaraq dualar edirik: qoy Ulu Yaradan Sizləri və bizləri - bütün Azərbaycanımızı qorusun!”

Azərbaycan Texniki Universitetinin tələbəsi Quliyev Zakir Elnur oğlu məktubunda qeyd edir ki, gənc olaraq böyük fərəh hissi duyuram ki, bizim İlham Əliyev kimi dünyada nüfuzu olan, Vətənə, millətə, xalqa, dövlətə bağlı, uzaqgörən siyasi xadimimiz var: "Cənab Prezident! Bu gün də Sizin nə qədər xalqa, dövlətə bağlı olduğunuzu gördük. Dünyada geniş yayılan koronavirus infeksiyası təəssüf ki, Azərbaycanımızdan da yan keçmədi. Dünyanın ən güclü ölkələri belə koronavirus pandemiyası ilə mübarizədə aciz qaldıqları halda, şükürlər olsun ki, bir çox dövlətlərdən fərqli olaraq, Sizin siyasətiniz sayəsində Azərbaycan infeksiyanın yayılmasına qarşı tez reaksiya göstərdi. Pandemiyanın təsirinin azaldılması istiqamətində mühüm addımlar atıldı, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ölkə daxilində xüsusi karantin rejimi tətbiq edildi. Xalqın rifahı və sağlamlığı üçün mühüm tədbirlər görüldü. Bu qayğınız üçün Sizə təşəkkür edirəm!”

Bu da Abşeron rayonundan Səlimə Rüstəmovanın məktubundan bəzi sətirlər: "Hörmətli cənab Prezident! Bir azərbaycanlı olaraq Sizə təşəkkür edirəm. Hazırda 120-dən çox ölkədə yayılmış koronavirusun bir çox dövlətlərdə qarşısının alınması çətinləşib. Belə bir vəziyyətdə Sizin operativ qərarlarınız və dövlətimizin göstərişləri əsasında görülən işlər bu "gözəgörünməz ölüm”ə qarşı güclü mübarizə tədbirləridir. Azərbaycanda yaşayan insanlara və xaricdə təhsil alan vətəndaşlarımıza olan qayğı və diqqətiniz üçün minnətdarıq. Biz Sizə inanırıq. Bir zaman Ulu Öndər Heydər Əliyev xalqımızı xilas etdiyi kimi, Siz də bizi Allahın izni ilə bu bəlalardan qoruyursunuz. Bir gənc vətənpərvər olaraq Sizinlə böyük qürur hissi keçirirəm”.

Bəli, məktublardan da göründüyü kimi, bu çətin günlərdə bizim hər birimizin sağlamlığımızın qorunması üçün bütün zəruri tədbirləri reallaşdıran dövlət başçısının, öz həyatlarını risk altında qoyaraq koronavirusa yoluxmuş xəstələrin müalicəsinə çalışan fədakar həkimlərimizin, eləcə də hələ özlərinə və özgələrinə laqeyd qalaraq küçələrdə maskasız və əlcəksiz gəzən (bəziləri istisna olmaqla) yaşlı, qoca və cavanlara vəziyyətin ciddiliyini aşılayan polislərimizin fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir!

Karantindəki şəxslərin saxlanma şəraitinin yüksək səviyyədə olması bir qədər də optimistliyə stimul verir. Xaricdə olan tələbələrimizin, müəyyən səbəblərdən orada qalmış vətəndaşlarımızın ölkəyə gətirilməsi, onlara diqqət və qayğı birbaşa Azərbaycan dövlətinin başçısı İlham Əliyevin adı ilə bağlıdır.

Nəhayət, Prezident-xalq birliyinin təcəssümü bu gün özünü daha qabarıq şəkildə koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında həyata keçirilən tədbirlərin dəstəklənməsi ilə bağlı vətəndaşların dövlət başçısına ünvanladığı ürək sözlərindən ibarət məktublarda da öz əksini tapır.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video