12 Aprel 2020 01:31
1383
Səhiyyə
A- A+

Sən evdə qalmasan...


Təkcə koronavirusla yox, ölümün özüylə çarpışmağa məhkum olarıq


İnsanı digər canlılardan ayıran, onu yer üzünün əşrəfi tituluna qaldıran şüurudur. Humanist, duyarlı, düşüncəli varlıq olmasıdır. İnsan oğlu ta minillərin o tayından mənən təkmilləşə-təkmilləşə günümüzə gəlib. Fərqində olub ki, bu dünyada daim xeyirlə şərin mübarizəsi var və sonda mütləq xeyir qalib gələcək.

Bəli, indi biz 21-ci əsrin insanları da dünyada xeyirlə şərin növbəti mübarizəsinin tam ortasındayıq. Ya bütün insanlıq birləşərək bu çarpışmada qalib gələcək, ya da bir varlıq kimi yer üzündən silinəcək.


Belə bir tükürpərdən gerçəkliklə üz-üzəyik...


Bu gün bəşəriyyət koronavirus adlı bəlanın əsirinə çevrilib. Nə yazıq ki, bu zalım və hiyləgər xəstəliyin qarşısını tam almaq hələ də mümkün olmayıb və tibb aləmi bu istiqamətdə ciddi axtarışlar içərisindədir. Digər tərəfdən dünyada bu virusa yaxalananlar, təslim olan canlar anbaan artmaqda davam edir. Gün ərzində dəhşətli rəqəmlər açıqlanır, ən pisi isə bu halın daha da artacağı istisna olunmur.

Açıqlanan statistikaların arxasında isə itirilən yaxınlar, doğmalar, əzizlər, bir sözlə, insanlığın faciəsi dayanır.

Bəli, insanlıq var olmaqla yox olmaq arasındakı ciddi bir sınaqla qarşı-qarşıyadır. Və dünyanı bürüyən bu bəla ölkəmiz üçün də təhlükəyə çevrilib.


Hər evdən çıxma, hər bir kənar şəxslə təmas ölüm deməkdir


Bu qorxulu virusun yayılması hava, damcı yolu ilə olduğu üçün onun qarşısını ala bilmək yalnız profilaktik tədbirlər görməklə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməklə mümkündür. Xəstəliyin yayılmasının qarşısını almaq, yaşaya biləcəyimiz acı ssenarilərin önünə keçmək üçün dövlətimiz bütün istiqamətlərdə lazımi addımlar atır. Vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı üçün zəruri tədbirlər həyata keçirir. Azərbaycanda hələ virusun üzə çıxdığı ilk zamanlardan etibarən ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanılıb və indi isə xüsusi karantin rejimi tətbiq olunub.

Amma xəstəliyə qarşı görülən bu tədbirlərin effektivliyi məhz vətəndaşların qaydalara uymasından, onların duyarlılığından asılıdır. Hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. Hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir.


Koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipi


Martın 28-də "Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı diqqəti məhz məsuliyyət məsələsinə yönəltdi: "Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altında qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın.”

Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyeva da koronavirus infeksiyası ilə bağlı xalqa növbəti dəfə müraciət etdi: "Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - növbəti 20 gün ərzində hamı evdə qalmalıdır. Ailələrinizlə birlikdə. Xahiş edirəm, vacib zərurət olmadan evlərinizi tərk etməyin...”

Mehriban xanım müraciətində onu da qeyd etdi ki, artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi: "Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur. Düşünün, cəmi bir insanın laqeydliyi onlarca günahsız insanın ölümünə gətirib çıxara bilər”.

Bəli, dövlət başçısının, Birinci vitse-prezidentin insanlarımızı vətəndaş məsuliyyəti göstərməyə səsləməsi dünyanı bürüyən bu bəlanın ölkəmiz üçün də təhlükəyə çevrilə biləcəyindən xəbər verir.


Kimi aldadırlar, nəyə nail olmaq istəyirlər?


Hər kəs bilməlidir ki, qoyulan qaydaları pozaraq evdə qalmayaraq, vacib iş olmadan küçəyə çıxmaq potensial təhlükə mənbəyinə çevrilmək deməkdir. Ola bilər ki, küçəyə çıxan həmin şəxs xəstəliyə yoluxub güclü immuniteti sayəsində bunu atlada bilər, amma yoluxdurduğu yaşlı sakinlər, bunlar isə onun öz valideynləri, yaxınları da ola bilər, xəstəliyə qarşı dirənc göstərə bilməyib həyatlarını itirə bilərlər.

Acınacaqlıdır ki, bu gün bilərəkdən, ya bilməyərəkdən olası təhlükələri gözə alıb qoyulan qaydalara riayət etməyənlər, müxtəlif yollardan istifadə etməklə vacib iş olmadan küçələrdə gizlin gəzmək meylində olan şəxslər də var.

Özlərinə də bəlli deyil ki, məqsədləri nədir, kimi aldadırlar, nəyə nail olmaq istəyirlər?

Karantin rejiminə riayət etməkdənsə insanların həyatını təhlükəyə atmağı və bunun müqabilində cərimə ödəməyi daha uyğun görürlər və qayda pozan, cinayətkar, hətta "qatil” olmağı seçirlər. Halbuki başqa və daha humanist seçimlər də var. Evdə qala, hətta könüllü şəkildə həmin məbləği Koronavirusla Mübarizə Fonduna köçürüb nəcib əməl sahibinə çevrilmək kimi.


Karantinin bitməsinə sayılı günlər qalıb, amma...


Qoyulan qaydalar hər kəs üçündür və ona əməl etmək hər bir vətəndaşın borcudur. Burada söhbət sadəcə bir neçə insandan yox, ümumilikdə xalqın taleyindən gedir. Təbii ki, indi hamıda gələcək, xüsusilə də sosial problemlərlə bağlı narahatlıqlar mövcuddur.

Amma dövlətimiz xəstəliyə qarşı vacib tədbirlər görməklə yanaşı, vətəndaşının digər problemlərinin həlli istiqamətində də əsaslı işlər görür. Bu gün xalqımızın heç bir nümayəndəsi çarəsiz, köməksiz, tənha vəziyyətdə deyil. Heç kəs maddi sıxıntılarla, yoxluqla baş-başa buraxılmayıb. Karantin rejimi tətbiq olunsa da, bəzi iş yerləri bağlansa da, əhalinin çətinlik çəkməməsi üçün bütün mümkün addımlar atılıb.

Ən önəmlisi isə karantin rejiminin bitməsinə, həyatımızın normal axarda davam etməsinə çox yox, sayılı günlər qalıb, amma...

Etdiyin səhlənkarlıq qayıdıb özünə qənim olar...

Bu sayılı günlərdə də evdə qalmayaraq qoyulan qaydalara riayət etməyənlər olarsa, xəstəliyin yayılmasına, can almasına rəvac verərlərsə, nəinki karantin rejimi bitər, əksinə sərtləşərək müddəti bilinməyən naməlum gələcəyə qədər uzadılar. O zaman isə indi hazırkı vəziyyət üçün nahaq yerə beyninizdə canlandırdığınız bütün təhlükəli ssenarilər həyata keçər və bu dəfə təkcə koronavirusla yox, aclıqla, ölümün özü ilə savaşmağa məhkum olarıq.

Sən küçəyə çıxırsan, təhlükəni daşıyan virus mənbəyinə çevrilirsən, yoluxanların sayını sürətlə artırırsan, bütün səhiyyə sistemi çökür, karantin rejimi uzanır, iqtisadiyyat məhv olur, kütləvi şəkildə insan ölümləri baş verir...

Bunlar bir-birinə bağlı, biri digərinə təkan verən zəncirvari prosesdir və bumeranqdır.

Etdiyin hər bir səhlənkarlıq, yanlış addım çox keçmədən qayıdıb özünə qənim olar...

Amma bütün bunlar olmaya da bilər və bu, bizim əlimizdədir. Sosial izolyasiyaya əməl etməklə təhlükəni şaxələnmədən beşiyində boğa bilərik.

Dünyanın qlobal çağırışına qoşulmağımız, diqqətli olmağımız, tətbiq olunan qaydalara ciddi riayət etməyimiz, evdə qalmağımız özümüzün və sevdiklərimizin həyatını, ümumilikdə insanlığı xilas etmiş olacaq…

Evdə qal, Azərbaycan, çünki sən birlikdə güclüsən!

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video