Alternative content

03:39 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirus testiniz neqativ, əhvalınız pozitiv olsun
Koronavirus testiniz neqativ, əhvalınız pozitiv olsun
ANA SƏHİFƏ / Səhiyyə
01:42 11.04.2020


Aylardır hər kəsi vəhşətə gətirən, təlaşa salan bircə söz var - koronavirus. Ölümsaçan taclı bəla...


Aylardır insanlıq bu bəla ilə ölüm-dirim savaşına çıxıb. Bu savaşdan qalib kimi çıxanlar da var, uduzub həyatını itirənlər də...

Aylardır bəşəriyyət həyat, yaşam uğrunda imtahan verir sanki. "İmtahan”dan kəsilənlər də olur, keçənlər də... Və insanoğlu bu "imtahan” cavabının "pozitiv” çıxmasından qorxur, təlaşlanır, həyəcana qapılır...

İndi hamı koronavirus testinin neqativ çıxmasını arzulaya-arzulaya əhvali-ruhiyyəsini də neqativə kökləyir. Nəticədə insanların psixoloji durumu gərginləşir, stress, depressiya, psixoz halı yaranır.

Bəli, koronavirusun sosial həyatımızda yaratdığı dəyişikliklər psixologiyamızdan da izsiz ötüşmür. Nə qədər çalışsaq da, emosional sağlamlığımızı qoruya bilmir, "birdən mən də koronavirusa yoluxaram” qorxusuna əsir düşürük. Normadan artıq psixoloji təsirin depressiya ilə nəticələnəcəyini diqqətdən qaçırırıq. Halbuki psixoloji təzyiq, stress də elə xəstəlik qədər təhlükəlidir. Çünki stress immunitetin aşağı düşməsinə səbəb olaraq viruslara asanlıqla yoluxmağa, xəstəliyi ağır keçirməyə zəmin yaradır. Üstəlik viruslar bir müddətdən sonra ölür, amma insanın özündə yaratdığı depressiya adətən uzunömürlü olur və şəxsin xarakterinə, davranışına təsir göstərir. Bəs psixoloji durumumuzu, əhvalımızı pozitivə necə yükləyək, həyəcanımızı idarə etmək üçün nə edək?


"Bu gün üçün ən böyük antidepressant özünü qorumaqdır


Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyir ki, koronavirus nəinki sosial həyatımıza, ümumən indiki və bundan sonrakı həyatımızın bütün sferalarına öz təsirini göstərəcək. Bu təsirin mənfi və ya müsbət olması psixoloji dayanıqlılıqdan çox asılıdır. Təbii ki, hər bir insan həyatında bu və ya digər formada çətinliklərlə üzləşib. Bu, həyatın qaydasıdır, kimsə bundan sığortalanmayıb. Lakin həmin çətinliklər fərdi şəkildə, ən yaxşı halda lokal çevrədə yaşanıb. Koronavirus isə pandemiyadır, bütün dünya xalqları bundan əziyyət çəkir: "Virus qocaya və cavana, yaxud varlıya və kasıba baxmır. Heç kim qorunmadığı təqdirdə ona tutulmamaqdan sığortalanmayıb. Ona görə də bugün baş verənləri hər insan özünəməxsus formada dəyərləndirir və bu, normaldır. Emosional sağlamlığı qorumaq üçün birmənalı şəkildə pozitiv məqamlara köklənməliyik, özümüzü buna məcbur etməliyik. Rəsmi məlumatlara istinad etməli, qoyulan tələblərə riayət etməliyik. Koronavirus fobiyası daha çox yanlış informasiyalardan dolayı yaranır. Yanlış informasiya isə əsasən sosial media üzərindən yayılır. Ona görə də mütəxəssislər belə situasiyalarda sosial mediaya deyil, ənənəvi mediaya üstünlük verilməsini tövsiyə edirlər. Bu gün verilən qərarlar virusdan qorunmaq xarakteri daşıyır. Qaydalara nə qədər məsuliyyətlə yanaşarıqsa, bir o qədər təhlükəsizliyimizi qorumuş olarıq”.

E. Rüstəmovun sözlərinə görə, koronavirusun problemli tərəflərindən biri insanların bir qisminin onu mövsümi qrip kimi dəyərləndirməsidir. Nəzərə almaq lazımdır ki, mövsümi qripin gedişatı dəqiq proqnozlaşdırılır. Lakin koronavirusun nə ilə sonlanacağı hələ də dəqiq bilinmir. Bu da təbii olaraq insanlarda psixoloji gərginlik yaradır: "Köhnə viruslarla müqayisədə yeni virus barədə daha zəif anlayışımız var. Qaydaların sərtləşməsi, karantin müddətinin uzadılması da bununla bağlıdır. Belə olan təqdirdə insanlarda narahatlığın, müxtəlif psixoloji problemlərin yaranması qaçılmazdır. Depressiya psixoloji pozuntulardan biridir. Demək olmaz ki, belə hallarda bütün insanlar depressiyaya düşürlər. Xeyr, sadəcə olaraq psixoloji problemlər artır, bir qisim psixoloji problemlər isə belə deyək, "inkubasiya dövrünü” yaşayır, pandemiya bitəndən sonra ortaya çıxacaq. Bu gün üçün ən böyük antidepressant sağ qalmaq, özünü və yaxınlarını bundan qorumaq naminə mübarizə aparmaqdır. Məqsəd bu olsa, depressiya, stress və digər psixoloji problemlərdən sığortalanmış olarıq. Bu gün üçün hədəf maksimum qorunmaq və virusa tutulmamaqdır.”


"Öləcəyi və qida tapılmayacağı ehtimalı müasir insanı "dəli” edir”


Psixoterapevt Orxan Fərəcli bildirir ki, bütün dünyanı öz mənfi təsiri altına salan yeni tip koronavirus xəstəlik törətməklə bərabər, insanlarda qorxu, həyəcanı da artırmaqdadır. Əslində artan sürətlə qısa müddət ərzində 1 milyon yarımdan çox insanın yoluxması faktının həyəcan yaratması başa düşüləndir. Həyəcan özü-özlüyündə ağrı hissi kimi qoruyucu mexanizmə malikdir və insanı təhlükədən qorunmaq haqqında xəbərdar edir. Amma bu qoruyucu mexanizm bir mərhələdən sonra bəzi insanlarda o qədər artmağa başlayır ki, özü də əlavə problemə çevrilir. Artmış həyəcan gün ərzində insanı gərgin saxlamaqla yanaşı, müxtəlif pis düşüncələrlə, bədəndə ağrı, qızdırma, ürək döyüntüsü, nəfəs darlığı kimi əlamətlərlə özünü göstərməyə başlayır: "Koronavirusdan niyə qorxuruq? Mövcud məlumatlara görə, insanların iki təməl ehtiyacı olan təhlükəsizlik və qida risk altındadır. Öləcəyi və qida tapılmayacağı ehtimalı müasir insanı "dəli” edir. Yəni insan ətrafdan aldığı yalançı informasiyalardan bu qənaətə gəlir ki, qida çatışmazlığı olacaq, ac qalacağıq və virusa yoluxmaq bizim sonumuzu gətirəcək. Hər iki düşüncə insanda həyəcan yaratmaq üçün kifayət qədər ciddidir”.

Bəs özümüzdə koronavirus qorxusu olduğunu necə bilərik? Psixoterapevt əlamətləri belə sadalayır:

- Daimi olaraq özünüzün və ya qohumlarınızın yoluxması qorxusu - "bəlkə mən də tutmuşam?!” düşüncəsi varsa;

- Səbəbsiz yerə bədənin araşdırılması (tez-tez hərarəti ölçmək, udqunaraq boğazın ağrıyıb-ağrımadığını yoxlamaq, nəfəsin tam gedib-getmədiyini yoxlamaq və s);

- Orqanizmdəki ən kiçik dəyişikliyin belə COVID-19-la əlaqəsinin internetdə nəzarətsiz formada axtarılması.

O. Fərəclinin sözlərinə görə, əgər yuxarıda qeyd olunan bu düşüncələrin təsiri ilə ürək döyüntünüz artırsa, nəfəs darlığı yaranırsa, əl-ayaqda titrəmə, mədə-bağırsaq pozuntuları və sair kimi həyəcana xas bədən əlamətləri olursa, bu o deməkdir ki, sizdə koronafobiya var: "Pandemiyanın yayıldığı ilk vaxtlarda sanki insanları rahatlatmaq üçün bu xəstəliyin ancaq yaşlıları öldürməsi ilə bağlı informasiyalar ön planda idi. Bu baxımdan ilk olaraq yaşı 60-dan yuxarı olan insanların daha çox psixoloji travma alması ehtimalı yaranır. Digər ən çox təsirə məruz qalan insanlar isə əvvəlcədən təyin olunmuş panikatak, həyəcan pozuntusu, obssesiv-kompulsiv pozuntu kimi xəstəliyi olanlardır. Bu insanlarda günlərlə davam edən xroniki stress öz mövcud xəstəliklərinin təkrar yaranmasına və ya pişləşməsinə gətirib çıxara bilər”.

Psixoterapevt belə zamanlarda nə etmək lazım olduğunu da açıqlayıb. O, tövsiyə edir ki, əvvəlcədən təyin olunmuş sakitləşdirici dərmanları olan xəstələr həkimləri ilə əlaqə saxlayaraq müalicələrini davam etdirsinlər. İfrat həyəcanlı ataklar zamanı dərindən nəfəs alıb, bir neçə saniyə saxlayıb burundan verərək, həyəcanı nəzarətdə saxlasınlar. Həyəcanın daha da artmaması üçün "kirli” informasiyalardan uzaq dursunlar. Vatsap qruplarında yönləndirilən səsləri açmasınlar, yalnız rəsmi xəbərləri oxusunlar, özlərinin əmin olmadıqları məlumatları yaymasınlar: "Baxdığınız filmlərdə, oxuduğunuz kitablarda seçici olun. Daim film izləmək, kitab oxumaq bir mərhələdən sonra sizi yormasın deyə növbəli şəkildə fiziki aktivliyiniz olsun. Belə ki, ev şəraitində qısamüddətli gimnastika hərəkətlərinin həyəcan azaldıcı effekti sübut olunub. Qida və yuxu rejiminin qaydasında olması isə sizin xilaskarınız ola bilər. Evdə olmanızdan istifadə edib artıq qidalanmadan çəkinin, çünki aldığınız əlavə çəki karantin sonrası sizdə əlavə depressiv simptomlar yarada bilər. Həyəcan azaltma tədbirlərinin birincisi və ən vacibi gecə yuxusudur. Çox gec yatıb gec oyanmaq, 8 saat olsa da belə, sizə fayda verməyəcək. Düzgün yuxu rejimi eyni zamanda immuniteti güclü saxlamağın ən vacib yollarından biridir. Hər gün 8 saat qaranlıq otaqda, dərin yuxu rejimi immuniteti möhkəmləndirir. Araşdırmalar göstərib ki, gündəlik 7 saat yatanlara nisbətən 6 saat yatan insanlarda soyuqda xəstələnmə ehtimalı 4,2 dəfə daha yüksəkdir. 5 saat yatanlarda isə bu risk daha çoxdur. Yuxunuz pozulmasın deyə, axşamlar kofeinli qidalar və içkilər qəbul etməyin. Dediyim kimi, mütləq tez yatıb tez oyanmaq lazımdır. Bu, həm immuniteti artırmaq, həm də stressi azaltmaq baxımından inanılmaz təsirə malik mexanizmdir.”


Psixoloji dəstək almaq üçün "qaynar xətt”ə zəng edə bilərsiniz


Məlumat üçün qeyd edək ki, aprelin 6-dan Təhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt” xidməti fəaliyyətə başlayıb. COVID-19 infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər. Müraciət edən hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar. 146-3 "Qaynar xətt” xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən də koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimində əhalidə yarana biləcək psixoloji problemlərin aradan qaldırılması və onlara mənəvi dəstəyin göstərilməsi məqsədilə nazirliyin peşəkar psixoloqları tərəfindən 24 saat fəaliyyət göstərən telefon xətti vasitəsilə psixoloji konsultasiyalar təşkil olunur. Psixoloji yardıma ehtiyacı olan vətəndaşlar FHN-in "112” qaynar telefon xəttinə müraciət edə bilərlər.

Bütün mütəxəssislər pandemiya zamanı daha soyuqqanlı olmağı, panikadan uzaq durmağı, təmkinli davranmağı məsləhət görürlər. Yalnız rəsmi qurumların verdikləri məlumatları dinləyin, etibarlı mənbələrə söykənməyən yalan məlumatlara inanmayın.

İstənilən virusla mübarizə aparmağın ən birinci yolu güclü immunitetdir. Stress isə immuniteti zəiflədən amillərdən biridir. Buna görə də stressdən qorunun, əhval-ruhiyyənizi yüksək tutmağa, pozitiv olmağa çalışın.

Unutmayın ki, nə karantin dövrü, nə də koronavirus daimidir. Həyatımızdakı bu dəyişikliklər sadəcə olaraq qısamüddətlidir və başlıca hədəf hamımızın sağlamlığıdır. Odur ki, fiziki sağlamlığınızla yanaşı, psixoloji sağlamlığınızı da qorumağa çalışın.

Koronavirus testinizin neqativ, əhvalınızın pozitiv olması diləyi ilə...

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM