09 Aprel 2020 21:42
2380
PARLAMENT
A- A+

Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatı dinlənilib


Aprelin 9-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyi təqdim edib.

Gündəlik təsdiq olunduqdan sonra çıxış edən Milli Məclisin Sədri bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni bir humanist addım atdığını bildirərək deyib: "Dövlət başçısının imzaladığı Sərəncama əsasən, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan 65 yaşından yuxarı 176 nəfər məhkum əfv edilib. Ölkə və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən bu tədbir, ilk növbədə, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətində insana və vətəndaşa qayğının dayandığını göstərməklə yanaşı, sübut edir ki, bu gün siyasi mənsubiyyətindən, əqidəsindən, cəmiyyətdə mövqeyindən, statusundan asılı olmayaraq, hər bir insanın həyatı və sağlamlığı dövlətimiz üçün ən böyük dəyərdir”.

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı görülən bütün işlərin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu söyləyən Sahibə Qafarova qeyd edib ki, həyata keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır. "Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Möhtərəm Prezidentimiz xalqa müraciətində koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında məlumat verdi. Dövlətimizin başçısının iki gün əvvəl imzaladığı digər bir Sərəncama əsasən, pandemiya şəraitində tibb müəssisələrinə tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə modul tipli 6 xəstəxananın quraşdırılması üçün dövlət büdcəsindən 15 milyon manata yaxın vəsait ayrılıb. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dünyada koronavirus pandemiyasına qarşı mübarizənin ön sıralarında dayanıb, bu sahədə beynəlxalq miqyasda göstərilən səylərə sanballı töhfə verir”, - deyə Milli Məclisin Sədri vurğulayıb.

Ölkədə iqtisadi fəallığın qorunması üçün görülən işlərdən bəhs edən Sədr Sahibə Qafarova bildirib ki, iqtisadi böhrana yol verməmək üçün lazımi tədbirlər görülür, orta və kiçik sahibkarlara şərait yaradılır, işçilərin ixtisar edilməsinin qarşısı alınır, aztəminatlı insanlara yardım göstərilir. O, həyata keçirilən bütün bu tədbirlərə görə Prezident İlham Əliyevə Milli Məclis adından təşəkkür edib.

Sədr qeyd edib ki, bu gün bəşəriyyətin qarşılaşdığı koronavirus pandemiyasını bir çoxları müharibə ilə müqayisə edir. Amma bu dəfə müharibədə insanlığa meydan oxuyan görünməz düşməndir. Azərbaycanda bu bəlaya qarşı mübarizədə həkimlər və tibb işçiləri, polis və gömrük xidməti əməkdaşları, sərhəd qoşunlarının əsgər və zabitləri, ön cəbhədə olan tibb işçiləri – həkimlər, tibb bacıları, hərbi tibb müəssisələrinin heyəti karantin rejimi şəraitində fədakarlıq göstərirlər. Onlar hər gün öz sağlamlığını təhlükə altına ataraq, bu bəladan qurtulmaq üçün əllərindən gələni edirlər. Biz onlara nə qədər təşəkkür etsək də, azdır.

Sonra Milli Məclisin deputatları pandemiyaya qarşı mübarizədə peşə və vətəndaşlıq borclarını şərəf və vicdanla yerinə yetirən bu fədakar insanları ayaq üstə alqışlayıblar.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Əvvəlcə "E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiqlənib.

Ona göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Elman Rüstəmov bu vəzifəyə ulu öndər Heydər Əliyev tərəfindən gətirilməsindən, son 17 ildə ölkəmizdə aparılan nəhəng quruculuq işlərində iştirak etməsindən şərəf duyduğunu vurğulayıb.

Daha sonra çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova deyib: "Konstitusiya Qanununa uyğun olaraq hər il yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilir. Ölkədə yaranmış epidemioloji vəziyyət səbəbindən və Nazirlər Kabinetinin təxirəsalınmaz problemlərlə məşğul olması ilə əlaqədar qərara alınıb ki, Baş Nazir və onun müavinləri, nazirlər, komitə sədrləri, digər qurumların rəhbərləri Milli Məclisin iclasında birbaşa iştirak etməsinlər. Amma burada səslənən bütün çıxışlar, fikirlər və suallar Nazirlər Kabinetinə göndəriləcək və onun fəaliyyətində nəzərə alınacaq.

Hörmətli deputatlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası 2019-cu ildə ölkəmizdə makroiqtisadi sabitliyin qorunmasını və möhkəmlənməsini təmin edib. Bu il yanvarın 13-də ötən ilin yekunlarına həsr edilmiş müşavirədə dövlətimizin başçısının dediyi kimi, "...bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşıya qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir”.

Ötən il dövlətin iqtisadi siyasətinin prioritetlərini iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması təşkil edilib. İdarəetmə və struktur islahatları, habelə vergi və gömrük sistemində islahatlar dərinləşdirilib, dövlət vəsaitlərindən istifadə sahəsində şəffaflıq, səmərəlilik və maliyyə intizamı gücləndirilib. Ölkənin strateji valyuta ehtiyatları artaraq 2019-cu ilin sonunda 51 milyard dollara çatıb.

Möhkəm iqtisadi və maliyyə bazasının yaradılması 4 milyon 200 min nəfəri əhatə edən 2,3 milyard manatlıq geniş sosial paketin həyata keçirilməsinə imkan verib. Minimum əməkhaqqının, sosial müavinətlərin, minimum pensiyanın, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqının, məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləğinin, digər sosial ödənişlərin artması əhalinin sosial müdafiəsinin güclənməsinə, kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun azalmasına təsir göstərib. Bu da vacibdir ki, əhalinin gəlirlərinin artım dinamikası inflyasiyanı bir neçə dəfə üstələyib.

Yaşadığımız günlərdə koronavirus pandemiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsir göstərib. Bu gün möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Hökumətin bu günlərdə təsdiq etdiyi iqtisadi artıma və sahibkarlığa dəstək proqramının həcmi 2,5 milyard manat və ya ümumi daxili məhsulun 3 faizini təşkil edir. Hesab edirəm ki, bu cür irimiqyaslı proqramın hazırlanması və icrasına başlanılması məhz əvvəlki illərdə, xüsusən 2019-cu ildə həyata keçirilmiş uğurlu sosial-iqtisadi siyasətin hesabına mümkün olub.

Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır. Hesab edirəm ki, bu gün keçirəcəyimiz müzakirələr də faydalı olacaq, Hökumətin fəaliyyətinin səmərəliyinin daha da artmasına öz töhfəsini verəcək”.

Daha sonra Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatı barədə çıxışının videoyazısı təqdim olunub.

Baş Nazir Əli Əsədovun
çıxışı

Hörmətli sədr.

Hörmətli deputatlar.

Bu gün Nazirlər Kabineti 2019-cu ildəki fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatla çıxış edir. Məruzəyə keçməzdən əvvəl VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətə başlaması münasibətilə deputat mandatı qazanmış bütün millət vəkillərini, parlamentin yeni seçilmiş rəhbərliyini ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeniləşmə istiqamətində atdığı addımların fonunda Nazirlər Kabineti öz fəaliyyətini daim təkmilləşdirməyə, dövlət idarəçiliyinin modernləşdirilməsini nəzərdə tutan siyasi qərarların ardıcıl və səmərəli icrasına çalışır.

İndiyədək Nazirlər Kabineti ilə Milli Məclisin birgə uzlaşdırılmış fəaliyyəti bütün sahələrdə vahid dövlət siyasətinin həyata keçirilməsini təmin etmişdir. Bu, islahatların uğurla reallaşdırılmasının və milli iqtisadiyyatın davamlı inkişafının ən vacib şərtlərindən biridir. Əminəm ki, bizim birgə fəaliyyətimiz bundan sonra da sistemli və ardıcıl şəkildə davam etdiriləcəkdir.

Dövlətimizin başçısı tərəfindən həyata keçirilən struktur və kadr dəyişiklikləri digər qurumlar kimi, Nazirlər Kabinetinin fəaliyyətinə də yeni impuls verməkdədir. Biz ölkənin ali rəhbərliyinin Nazirlər Kabinetinə dəstəyini və etimadını yüksək dəyərləndirir və yaradılan bu imkandan daha səmərəli istifadə olunmasını əsas vəzifəmiz hesab edirik. Çünki, bu dəstək və etimad həm də böyük məsuliyyət deməkdir.

Hörmətli deputatlar, 2019-cu il müasir Azərbaycanın tarixinə köklü islahatlar ili kimi daxil olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi, iqtisadi və sosial islahatlar dönməz xarakter almaqla, cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə etmiş, ölkəni yeni inkişaf mərhələsinə çıxarmışdır.

Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, Dünya Bankı tərəfindən 2020-ci il üçün dərc olunan "Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer almışdır.

Əvvəlki illər kimi, hesabat dövrü də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuşdur. Əldə olunan müsbət nəticələri, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, sosial-iqtisadi inkişafla bağlı strateji hədəflərin dəqiq müəyyən edilməsi şərtləndirmişdir.

Son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilmişdir.

Qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin gücləndiyi bir şəraitdə islahat proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində 2019-cu ildə makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilmişdir. Belə ki, 2018-ci illə müqayisədə ümumi daxili məhsul real ifadədə 2,2 faiz, sənaye məhsulu istehsalı isə 1,8 faiz artmışdır.

Hesabat ilində əlavə dəyər istehsalı qeyri-neft sektoru üzrə 3,5 faiz, qeyri-neft sənayesi üzrə 14,9 faiz çox olmuşdur.

Xüsusi olaraq qeyd etmək istərdim ki, makroiqtisadi sabitliyin təmin edilməsi və əhalinin həyat səviyyəsinin qorunması məqsədilə hökumət inflyasiyanın minimal səviyyədə saxlanılmasına böyük əhəmiyyət verir. Həyata keçirilən tədbirlər nəticəsində inflyasiyanın səviyyəsi 2019-cu ildə 2,6 faiz təşkil etmişdir.

Hesabat ilində ölkədə işsizliyin səviyyəsi ən aşağı həddə olmaqla 4,8 faiz təşkil etmişdir. Perspektiv dövrdə məşğulluq siyasətinin daha da gücləndirilməsi iqtisadi və sosial siyasətin ən mühüm vəzifəsi kimi diqqət mərkəzində saxlanılacaqdır.

2019-cu ildə əvvəlki ilə nisbətən əhalinin nominal gəlirləri 7,4 faiz artmışdır. Orta aylıq nominal əməkhaqqı isə 16,6 faiz artaraq 635 manat təşkil etmişdir. İnflyasiyanı nominal gəlirlərin artımı 4,8 faiz bəndi, orta aylıq əməkhaqqı isə 14 faiz bəndi üstələmişdir.

Dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat və ya 104,5 faiz, xərcləri isə 24,4 milyard manat və ya 97,0 faiz səviyyəsində icra olunmuşdur.

Ötən dövrdə dövlət büdcəsinin şəffaflığının və ünvanlılığının təmin edilməsi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Nəticədə vergi və gömrük borcları üzrə yığım səviyyəsi yüksəlmiş, qeydiyyatdan keçmiş ödəyicilərin sayı əhəmiyyətli dərəcədə artmışdır.

Strateji valyuta ehtiyatları hesabat ilinin əvvəlindən 14,2 faiz artaraq 51 milyard dollara çatmış və ümumi daxili məhsulun həcmini üstələmişdir. 2019-cu ildə ilk dəfə olaraq Dövlət Neft Fondunun aktivləri 40 milyard dolları ötmüşdür.

Hesabat ilinin sonuna xarici dövlət borcunun məbləği 9 milyard 91 milyon ABŞ dolları təşkil etmişdir. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu 2019-cu ildə ümumi daxili məhsulun 18,9 faizini təşkil etmişdir.

Əvvəlki illə müqayisədə 2019-cu ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi qeyri-neft sektoru üzrə 1,9 faiz, qeyri-neft sənayesi üzrə 23 faiz artmışdır. Bu investisiyaların 70 faizi daxili, 30 faizi xarici mənbələr hesabına formalaşmışdır.

Dövlət investisiya proqramında nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilmiş infrastruktur və sosial təyinatlı layihələr regionların inkişafına, əhalinin iqtisadi və sosial ehtiyaclarının ödənməsinə mühüm töhfə vermişdir.

Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 milyard ABŞ dolları, o cümlədən ixrac 19,5 milyard dollar, idxal isə 13,7 milyard dollar təşkil etmiş, nəticədə 5,8 milyard dollarlıq müsbət saldo yaranmışdır. Bu dövrdə qeyri-neft ixracı 14,4 faiz artmışdır.

Hörmətli deputatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu sənayeləşmə siyasəti həyata keçirilmiş, çoxsaylı müasir istehsal sahələri yaradılmışdır. Ümumilikdə, son 16 il ərzində qeyri-neft sənayesində istehsalın həcmi 2,5 dəfə artmışdır. 2019-cu ildə isə 1,8 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.

Ötən il ölkə sənayesi üçün əlamətdar hadisə kimi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş "SOCAR Karbamid” zavodunun və "SOCAR Polimer” zavodunun istifadəyə verilməsini qeyd etmək olar.

Ölkəmiz kosmik sənayenin inkişafında da mühüm nailiyyətlər əldə etməkdədir. Kosmik sənaye üzrə ən əlamətdar hadisə Bakı şəhərinin 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanmasıdır. Artıq orbitə buraxılmış üç peyk həm də ölkəmizin ixrac potensialının artırılmasına xidmət edir.

Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı dövlət büdcəsindən 639 milyon manat məbləğində pul vəsaiti vaxtı keçmiş kredit borclarının ödənilməsinə yönəldilmişdir.

2019-cu ildə əhalinin, xüsusən də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə geniş sosial paket reallaşdırılmışdır. Belə ki, sosial müavinət və təqaüdlər orta hesabla 92 faiz, minimum pensiyanın məbləği 72 faiz, minimum əməkhaqqı 92 faiz artırılmışdır.

Bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əməkhaqlarının orta hesabla 50 faiz artırılması təmin edilmişdir. Qeyd olunan artımların maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla 4,2 milyon nəfəri əhatə etmişdir.

2019-cu ildə sosial siyasətin ən mühüm hadisələrindən biri də icbari tibbi sığortaya keçid üçün hazırlıq işlərinin tamamlanması olmuşdur. Bunu, Azərbaycanın səhiyyə sahəsində tarixi bir islahat kimi dəyərləndirmək olar. İcbari tibbi sığorta sisteminə keçidin əsas məqsədi əhaliyə etibarlı, keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təşkil etmək, sərf olunan xərclərin daha ədalətli və səmərəli bölgüsünü təmin etməkdir.

Məcburi köçkün vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması və onların üzləşdikləri problemlərin aradan qaldırılması məqsədilə son 16 il ərzində dövlət tərəfindən genişmiqyaslı işlər görülmüş, müasir yaşayış kompleksləri, qəsəbələr salınmışdır.

Şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi sosial təminat sahəsində cənab Prezidentin irəli sürdüyü önəmli təşəbbüslərdən biri kimi qeyd edilməlidir. Bu vəsait 12 min şəhidimizin 18 min vərəsəsinə tam şəkildə ödənilmişdir.

Məlum olduğu kimi, ötən ilin əvvəlində Şamaxı, Ağsu və İsmayıllı rayonlarında dağıdıcı zəlzələ baş vermişdir. İnsan itkisi olmasa da, xeyli sayda ev dağıntıya məruz qalmışdır. Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində zəlzələnin fəsadları qısa bir müddətdə aradan qaldırılmış, yüzlərlə yeni ev tikilmiş və ya təmir olunaraq bərpa edilmişdir.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər ötən il uğurla icra olunmuşdur.

Hesabat ilində ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmişdir. Görülmüş tədbirlər nəticəsində 2018-ci illə müqayisədə kənd təsərrüfatı istehsalı 7,2 faiz artmışdır.

2019-cu ildə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların istifadəyə verilməsi, nasos stansiyalarının, magistral su kanallarının və digər obyektlərin tikintisi davam etdirilmişdir.

Nəqliyyat infrastrukturunu inkişaf etdirməklə ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin ən vacib şərtlərindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, açıq dənizə çıxışı olmayan Azərbaycan bu gün nəqliyyat mərkəzinə çevrilməkdədir. Son 16 il ərzində nəqliyyat sektorunda mühüm layihələr həyata keçirilmiş, bu sahəyə irihəcmli investisiyalar yönəldilmişdir.

2019-cu il həm də TANAP qaz kəmərinin istismara verilməsi ilə əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP layihəsinin reallaşdırılması ölkəmizin iqtisadi tarixində mühüm nailiyyətlərdən biri kimi qeyd edilməlidir. Bu dəhlizin sonuncu layihəsi olan TAP layihəsi icra olunmaqdadır.

2019-cu ildə informasiya və rabitə sektorunda göstərilən xidmətlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Bu xidmətlərin əksəriyyəti əhali tərəfindən istehlak edilmişdir və əldə olunmuş gəlirin 83 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. 2019-cu ilin mart ayında Avropa ilə Asiya arasında tarixi İpək Yolunun üzərində yeni Rəqəmsal İpək Yolunu formalaşdıracaq 400 kilometr uzunluğu olan Transxəzər fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan və Qazaxıstan arasında Saziş imzalanmışdır. Noyabr ayında isə Aktau şəhərində həmin kabel xəttinin inşasına başlanılması ilə əlaqədar təməlqoyma mərasimi keçirilmişdir.

Ötən il milli iqtisadiyyatın inkişafı və dövlətin maliyyə imkanlarının genişlənməsi fonunda hərbi potensialımız və ölkəmizin müdafiə qabiliyyəti də güclənmişdir. Bu, Azərbaycan Prezidenti və Hökuməti üçün daim ən prioritet sahə olaraq qalır.

Hörmətli deputatlar, ötən ilin hesabat məruzəsi ilə çıxış etdiyimiz bir vaxtda bu gün üzləşdiyimiz ciddi problemlərdən, xüsusilə də koronavirus pandemiyasının doğurduğu risklərdən, dünya neft bazarında dalğalanmaların milli iqtisadiyyatımıza mənfi təsirlərindən danışmaya bilmərik.

Bildiyiniz kimi, koronavirus epidemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün cənab Prezidentin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır.

Nazirlər Kabineti "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Tədbirlər Planı”nı təsdiq etmişdir. Nəzərdə tutulan silsilə tədbirlər hazırda ardıcıl qaydada həyata keçirilməkdədir.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar vardır. Eyni zamanda, onların yerli istehsalının təşkili istiqamətində də konkret işlər görülüb.

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Respublikasının "Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanununun 25-ci maddəsinə uyğun olaraq 2020-ci il martın 14-dən etibarən ölkə ərazisində tətbiq olunan bəzi sosial izolyasiya tədbirlərini elan etmişdir. Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur.

Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi və 2 aprel tarixli Qərara əsasən aprelin 5-dən 20-dək hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Bu tədbirlərin tətbiqi qaçılmazdır.

Hörmətli deputatlar, hökumət dünya iqtisadiyyatında gedən prosesləri gündəlik olaraq izləyir və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirir. Koronavirus pandemiyası, aşağı neft qiymətləri və sosial təcriddən irəli gələn aşağı tələbin digər ölkələrdə olduğu kimi, milli iqtisadiyyatımız üçün təsirlər yaradacağı istisna edilmir. Lakin, Hökumət ölkə iqtisadiyyatına mənfi təsirlərin aradan qaldırılması üçün müvafiq alətlərə malikdir və bu alətlərdən çevik istifadə olunacaqdır.

Cənab Prezidentin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrılıb, həmçinin İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri və Mərkəzi Bank sədrinin rəhbərliyi ilə dörd işçi qrup yaradılıb, vahid tədbirlər planı hazırlanıb və təsdiq olunub. Vahid Tədbirlər Planı Hökumət tərəfindən vaxtında və tam həcmdə icra olunacaqdır.

Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Karantin rejiminin tətbiq olunması, məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu istiqamətdə qəbul edilmiş qərarlar bir məqsədi güdür – biz bu ağır sınaqdan az itkilərlə çıxmalıyıq və vətəndaşlarımızı qorumalıyıq.

Hörmətli deputatlar, parlament tərəfindən qəbul olunan qanunlar sosial-iqtisadi və institusional inkişafın hüquqi bazasını təmin edir. Təsadüfi deyildir ki, martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində cənab Prezident İlham Əliyev ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara Milli Məclisin də töhfə və təkan verməli olduğunu bildirmişdir. Heç şübhəsiz, qanunvericilik bazası müasir çağırışları nəzərə almaqla təkmilləşdirilməli, yeni prioritetlər və hədəflərlə uzlaşdırılmalı, parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu daha da artmalıdır.

Dövlətimizin başçısının tövsiyələrini nəzərə almaqla biz parlamentlə Nazirlər Kabinetinin daha səmərəli və konstruktiv əməkdaşlığı, birgə fəaliyyəti üçün zəruri olan bütün tədbirləri görmək əzmindəyik.

Diqqətinizə görə sağ olun.

X X X

Daha sonra deputatlar hökumətin hesabatına münasibət bildiriblər. Çıxış edən deputatlar qeyd ediblər ki, hesabatda və Baş Nazirin bununla bağlı çıxışında hökumətin fəaliyyəti hərtərəfli və əhatəli təqdim olunub. Çıxışlarda hökumətin ötən il ərzindəki fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, illik hesabatda ölkə həyatının bütün sahələri əhatə edilib, bütün əsas göstəricilər əksini tapıb.

Qeyd olunub ki, ötən il ölkəmizin həyatında böyük uğurlarla yadda qalıb. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi sayəsində ölkəmizin əldə etdiyi nailiyyətlər, Azərbaycan xalqının dövlətimizin başçısının ətrafında sıx birləşməsi, ölkədə yaradılmış siyasi sabitlik respublikamızın beynəlxalq aləmdə də mövqeyinin möhkəmlənməsinə zəmin yaradıb.

Deputatlar əvvəlki illərdə olduğu kimi, 2019-cu ilin də sosialyönümlü olması ilə yadda qaldığını, görülən işlər nəticəsində Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələrin əldə olunduğunu, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımların atıldığını söyləyiblər. Qeyd edilib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycanın bölgədə güclü potensiala malik dövlət olduğunu bir daha təsdiqləyib.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, müzakirələrin videoyazısı, stenoqramı Nazirlər Kabinetinə göndəriləcək.

Sonra gündəlikdə olan digər məsələlərə baxılıb.

Deputatlar "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanunlarda, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihələrini ikinci oxunuşda təsdiq ediblər.

İclasda, həmçinin "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də ikinci oxunuşda qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video