09 Aprel 2020 00:54
2630
SİYASƏT
A- A+

Məqsəd əhalinin sağlamlığını və təhlükəsizliyini təmin etməkdir


İlham ƏLİYEV: "İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar”


Vətəndaşların qlobal pandemiyaya çevrilən koronavirus (COVID-19) infeksiyasından qorunması bu gün Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Təsadüfi deyil ki, respublikamız bu təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.


Zamanında həyata keçirilən qabaqlayıcı tədbirlər


Hazırda COVID-19 bütün ölkələrdə sürətlə yayılmaqda davam edir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyanın 200-dən artıq ölkəsində 1,5 milyona yaxın insan koronavirusa yoluxub. 83 mindən çox insan isə koronavirus səbəbindən vəfat edib. Xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası gündən-günə sürətlə genişlənməkdədir. ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa kimi dövlətlər artıq koronavirusa yoluxma sayına və insan ölümünə görə xəstəliyin ilk yayıldığı Çini geridə qoyublar. Bu ölkələrdə hər gün yüzlərlə insan ölümü baş verir. İntensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, qısa müddətdə infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb.

Azərbaycanda ilk günlərdən koronavirusla mübarizə məqsədilə atılan qabaqlayıcı addımlar kimi sosial izolyasiya tədbirləri həyata keçirildi. Lakin təəssüflə qeyd edilməlidir ki, əvvəllər virusa yoluxma xaricdən gələnlər arasında müşahidə edilirdisə, sonradan daxildə də bir-birini yoluxdurma halları baş verdi. Xəstəliyin artımına səbəb isə virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissəsinin xüsusi rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələridir.

Ona görə də insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü aprelin 20-dək gücləndirilib. Aprelin 5-dən isə əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarı qüvvəyə minib. İnsanların evlərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilir. Ölkə daxilində gediş-gəlişin məhdudlaşdırılması, Bakıda metronun bağlanması kimi tədbirlər də məhz vətəndaşlar arasında təmasın dayandırılmasına xidmət edir.


Hər kəs karantin rejiminin tələblərinə əməl etməlidir


Təbii ki, xəstəliyin yayılmasının qarşısının alınmasında hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Vətəndaşlar evdə qalarlarsa, karantin rejiminin tələblərinə əməl edərlərsə, koronavirus infeksiyasının da yayılmasının qarşısı alınar. Prezident İlham Əliyev bütün çıxışlarında hər bir vətəndaşı məsuliyyətli olmağa çağırır. Son olaraq aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi ilə tanışlıqdan sonra Azərbaycan xalqına müraciət edən Prezident deyib: "Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın. Aprelin 5-nə qədər vaxtaşırı qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik”.

Bəli, qlobal problemə çevrilən koronavirus pandemiyası bir çox dövlətlər üçün təhdidə çevrilib. İtaliya, İspaniya, ABŞ, Fransa kimi dövlətlər nə qədər inkişaf etmiş səhiyyə sisteminə malik olsalar da, koronavirus infeksiyasının sürətlə yayılması onları çətin duruma salıb. Məhz ilk vaxtlardan lazımi sosial izolyasiya tədbirlərinin həyata keçirilməməsi, eləcə də vətəndaşların bu təhlükəyə etinasız və biganə yanaşmaları bu ölkələrdə ciddi fəsadlar yaradıb. Azərbaycanda vaxtında sosial izolyasiya və karantin rejimi tətbiq olundu. İndi əsas məsuliyyət, qeyd etdiyimiz kimi, vətəndaşların üzərinə düşür. İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, "İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar”.

Karantin rejiminin pozulmasına görə cəzanın sərtləşdirilməsinin yeganə məqsədi isə məhz vətəndaşlarımızı qorumaqdır. Ona görə indiki həssas durumda hər bir vətəndaş maksimum anlayış nümayiş etdirməli, karantin rejiminin tələblərini gözləməlidir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video