09 Aprel 2020 00:45
542
SİYASƏT
A- A+

Ermənistanda koronavirusun geniş yayılmasının səbəbkarı hakimiyyətdir


Paşinyan iqtidarının səriştəsizliyi, pandemiya ilə bağlı vəziyyətin düzgün qiymətləndirilməməsi işğalçı ölkəni uçuruma yuvarladıb


Ermənistanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilsə də, ölkədə bu xəstəliyə yoluxanların sayı artır.

Bu fonda ölkədə fövqəladə vəziyyət rejimi şəraitində tətbiq edilən bir sıra məhdudiyyətlər daha da sərtləşdirilib və daha 10 gün müddətinə uzadılıb.

Bununla belə, təkcə son bir sutkada daha 20 yoluxma halı qeydə alınıb və yoluxanların ümumi sayı 850-ni keçib. Tətbiq edilən məhdudiyyətlər bəzi iqtisadi fəaliyyət növlərinə və azad hərəkət etmək azadlıqlarına aiddir.


Sosial-iqtisadi durum sürətlə pisləşir


Ermənistanda sosial-iqtisadi durum da məlum koronavirus pandemiyası ucbatından daha sürətlə pisləşir. Buna əsas səbəb işğalçı ölkənin azsaylı əlaqədə olduğu dövlətlərlə münasibətlərinin tamamilə pozulmasıdır. Burada xüsusilə Rusiya və İran faktoru qeyd edilməlidir. Hər iki ölkədə pandemiya geniş yayıldığından onlar üçün Ermənistan arxa plana keçib. Belə halda Ermənistanın daxili resursları kifayət qədər məhdud olduğundan burada vəziyyət sürətlə pisləşir. Proseslərin gedişi Paşinyan iqtidarını dalana dirədiyindən o, sələflərinin yolu ilə gedərək daxili narazılığı səngitmək üçün cəbhə təxribatlarına daha çox diqqət yetirməyə başlayıb. Amma bu hal da Paşinyan üçün baha başa gəlməyə başlayıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində son dövrlərdə atəşkəs rejimini yenidən tez-tez pozur. Eləcə də son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində də gərginlik müşahidə edilir. Azərbaycan əsgəri də hər dəfə işğalçı ölkəyə layiqli cavab verir.

Cəbhədə vəziyyəti gərginləşdirməklə Paşinyan iqtidarının daxili gərginliyi səngitmək cəhdləri uğursuzluqla nəticələnəcək. İlk növbədə o baxımdan ki, bu hal daha çox erməni hərbçisinin məhvinə səbəb olur və bu da yeni narazılığa təkan verir. Son zamanlar Ermənistanda baş verən siyasi və hərbi hadisələri izləyərkən görünür ki, populist şüarlarla hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan möcüzə gözləyən kütlələrin etimadını doğrultmadı və o, yerli əhali arasında nüfuzunu getdikcə itirir.


"Qarabağda "seçkilərin” ikinci turuna getmək avantüradır”


Bu durumda diqqət mərkəzində yer alan məsələlərdən biri virusun zəbt edilmiş Azərbaycan ərazilərində də yayılmasının mümkünlüyüdür. Məsələ ilə bağlı "ArmNews” telekompaniyasının departament rəhbəri Abraam Qasparyan qeyd edir: "Əgər koronavirus Dağlıq Qarabağa çatsa, bunun məsuliyyətini Ermənistanın baş naziri və səhiyyə naziri daxil olmaqla 6 nəfər daşıyacaq”.

Onun sözlərinə görə, Ermənistanın burada böyük məsuliyyəti var: "Bizim məmurların bunun "suveren dövlətin daxili qərarı” olduğunu, Ermənistanın "demokratik dövlətin” işlərinə müdaxilə etməməsini söyləməsi qəbuledilməzdir. Pandemiya Qarabağa çatsa, burada 6 nəfər məsuliyyət daşıyacaq: Ermənistan prezidenti, baş naziri, Təhlükəsizlik Şurasının katibi, səhiyyə naziri, "Qarabağın prezidenti” və "səhiyyə naziri”.

Xüsusi olaraq qeyd olunur ki, 14 apreldə Qarabağda "seçkilərin” ikinci turuna getmək avantüradır. "1in.am” portalı da məsələyə eyni prizmadan yanaşır: "Qarabağda keçiriləcək ikinci turdan öncə Yerevandan necə bir siyasi siqnalın gələcəyi də çox vacibdir. Əlbəttə, virusun Yerevandan Qarabağa yayılmaması mühümdür, çünki bu, "seçkilərin” ikinci turunun keçirilməsinin təminatıdır. Amma virus burada tapılsa, onda "seçkilər” baş tutmayacaq. Keçmiş hərbi xuntaya yaxın olanlar hələ müəyyən müddət "hakimiyyət” başında qalacaq”.

Bildirilir ki, söhbət ikinci turdan gedirsə, burada koronavirusla bağlı vəziyyətin necə olacağı, əlbəttə, əhəmiyyətlidir. Birinci turun keçirilməsi "seçkilərin” təxirə salınması çağırışları ilə müşayiət olundu, lakin siyasi qərar dəyişmədi. Bu dəfə durum necə olacaq? Virus burada yayılsa, vəziyyət çox mürəkkəb olacaq.


"Cavabdeh Paşinyandır”


"Modus vivendi” mərkəzinin rəhbəri Ara Papyan bildirir ki, bu halda Paşinyan niyyətinə çatmayacaq. Onun sözlərinə görə, bütün dünyada kütləvi tədbirlərin ləğv edildiyi, karantin tətbiq olunduğu bir vaxtda Qarabağda insanları "seçki məntəqələrinə” aparmaq virusun yayılması üçün böyük risk yaradıb: "Deyirlər ki, Qarabağda yoluxma halı aşkarlanmayıb. Kim bunu axtarıb? Cəmi 29 nəfərdən analiz götürüblər. Üstəlik mən orada olmasam da, dostlarım bildirir ki, bu "seçkilər” hansı pozuntularla keçib. Müxtəlif formalarda rüşvət verilməsi, "seçicilərin” ələ alınması, onlara təzyiqlər və təhdidlər barədə nəhəng həcmdə informasiyalar daxil olub”.

Papyan deyib ki, bu "seçkilər” Qarabağda yaşayanları riskə atıb və tezliklə hökmən koronavirusa yoluxma halları açıqlanacaq: "Çünki daha bunu gizlədə bilməyəcəklər”. Ermənistanın Demokratik Vətən Partiyasının sədri Petros Makeyan da eyni fikirdədir: "Əgər səhiyyə naziri, daha sonra da Paşinyan koronavirusla bağlı vəziyyəti düzgün qiymətləndirsəydilər, bu cür mənzərəyə sahib olmazdıq, vəziyyətin məsuliyyətini onlar daşıyırlar. İndi də virusu Qarabağda yaymaqdan çəkinmirlər. Koronavirus problemi bütün dünyada var. Faktlarla, gecikmiş fəaliyyətlərlə qiymətləndiririk. Səlahiyyətlilər digərlərini dinləməmək kompleksindən qurtulmalıdırlar, bugünkü vəziyyətin cavabdehi Ermənistanın səhiyyə naziri Arsen Torosyan və Nikol Paşinyandır”.

Bütün bunlara görə yerli ekspertlər həyəcan təbili çalır, mövcud vəziyyəti dərin böhran kimi dəyərləndirir, eyni zamanda N.Paşinyan rejiminin ciddi imtahan qarşısında olduğunu söyləyirlər. Əgər hakimiyyət bu imtahandan çıxa bilməsə, erməni əhalisini ciddi sınaqlar gözləyir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video