08 Aprel 2020 15:09
594
İQTİSADİYYAT
A- A+

Türk Şurasının videokonfransında COVID-19-la mübarizədə Azərbaycanda görülən çoxşaxəli tədbirlərdən danışılıb


Türk Ticarət və Sənaye Palatasının (TCCI) təşəbbüsü ilə palatanın üzv qurumlarının, o cümlədən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbərliyinin iştirakı ilə COVID-19 pandemiyası ilə mübarizə mövzusunda videokonfrans keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, videokonfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə yanaşı, Türk Ticarət və Sənaye Palatasının və TOBB-un prezidenti Rifat Hisarcıklıoğlu, Türk Şurasının baş katibi səfir Bağdat Amreyev, Türk Ticarət və Sənaye Palatasının baş katibi Adem Kula, Qazaxıstan Respublikasının Sahibkarların Milli Palatasının (Atameken) sədri Ablay Mirzahmedov, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının (CCIU) sədri Adham İkramov, Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatasının vitse-prezidenti xanım Rimma Apasova, Macarıstan Ticarət və Sənaye Palatasının (HCCI) Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Andreas Rev və digər rəsmi şəxslər iştirak ediblər.

Konstruktiv şəraitdə keçən videokonfrans zamanı Türk Şurasının üzv dövlətlərinin ən iri biznes qurumları COVID-19 pandemiyası ilə mübarizə sahəsində bu ölkələrdə aparılan effektiv tədbirlər barədə ayrı-ayrılıqda təqdimatla çıxış ediblər. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, COVID-19-un yayılmasının qarşısının alınması üçün Azərbaycanda həyata keçirilən çoxşaxəli tədbirlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı həmişə olduğu kimi, bu çətin günlərdə də əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi qayğı ilə yanaşır. Prezidentin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə səfərbər olaraq ölkədə qlobal pandemiyaya qarşı mübarizə tədbirlərini gücləndiriblər.

"Eyni zamanda, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasını nəzərdə tutan Prezident İlham Əliyevin yeni iqtisadi-sosial paketi ilə hökumət zərərçəkən sahələrdə çalışan insanların problemlərinə diqqət yetirib. Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsinə, məşğulluqla bağlı problemlərin həllinə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına ən azı 2,5 milyard manat ayırıb. Ölkədə 600 min işçinin, o cümlədən də fərdi sahibkarların dövlət hesabına maliyyələşdirilməsi qərara alınıb. Yəni, onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb. Bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, həm də həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq”, - deyə M.Musayev qeyd edib.

Daha sonra Türk Şurasnın üzv dövlətlərində palata və konfederasiyaların, ümumən özəl sektorların, xüsusilə səhiyyə sektorunun COVID-19 pandemiyası ilə mübarizədə rolu barədə məlumat verilib, hazırkı dövrdə təcrübə mübadiləsi üçün distant rəqəmsal platformlardan mütəmadi istifadənin zəruriliyi diqqətə çatdırılıb. Bildirilib ki, Türk Ticarət və Sənaye Palatasının üzvlərinin müvafiq üzv dövlətlərin əhalinin, milli iqtisadiyyatları və müəssisələrinin COVID-19 pandemiyasının yaxın və uzunmüddətli təsirlərinə hazırlamaq üzrə müvafiq hökumətlər üçün təkliflər və tövsiyələr paketinin birgə əməkdaşlıq şəraitində hazırlanması böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, üzv ölkələr arasında açıq nəqliyyat xətləri ilə ticarət əlaqələrinin fasiləsiz aparılmasının təmin edilməsi, üzv ölkələrdə qida təhlükəsizliyin davamlı təmini üçün birgə qabaqlayıcı tədbirlərin görülməsi, habelə ən çox iqtisadi təsirlərə məruz qalmış sektorların, o cümlədən, turizm, loqistika, xidmət sektorlarının, kiçik və orta sahibkarlıq subyektlərinin güclənməsi məqsədilə postpandemiya dövrü üçün tədbirlər üzrə təcrübə mübadiləsinin böyük əhəmiyyəti vurğulanıb. Bu mənada post-pandemiya dövründə Türk Şurası dövlətlərindəki biznes subyektlər üçün stabilləşmə və ixrac potensialının artırılması üçün maliyyə institutları tərəfindən dəstəyin xüsusi önəmi barədə bəhs edilib və Macarıstanda "Eximbank” tərəfindən nəinki macar iş adamlarına, eləcə də Türk Şurasının üzv dövlətlərindəki sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin mövcud olması iştirakçıların marağına səbəb olub. Bununla əlaqədar, postpandemiya dövründə Türk Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Macarıstana və Koreya Respublikasına birgə biznes səfərlərin, müvafiq forumların təşkili barədə ilkin razılıq əldə edilib.

Müzakirə olunan məsələlər sırasında Türk Ticarət və Sənaye Palatasına beynəlxalq hüquqi statusun verilməsi istiqamətində atılan addımlar və müvafiq proseslərə toxunulub.

Videokonfransın sonunda üzv təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin digər perspektiv istiqamətləri müzakirə edilib və Türk Şurasının Dövlət Başçılarının Növbədənkənar Sammitinin nəzərdə tutulması ilə bağlı, üzv təşkilatlar tərəfindən müvafiq təkliflərin formalaşdırılaraq qısa zamanda təklif edilməsinin zəruriliyi bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video