08 Aprel 2020 00:49
2663
SİYASƏT
A- A+

İLHAM ƏLİYEVDƏN xalqa növbəti çağırış


Prezident Azərbaycanın bu çətin sınaqdan da az itki və şərəflə çıxacağını bəyan etdi


Bəşəriyyəti vahiməyə salan koronavirus pandemiyası dünya dövlətlərinə hərtərəfli zərər vurmaqda davam edir. Qlobal problemin fəsadları dünya ölkələrində həm də iqtisadi və maliyyə böhranı yaradır.

Ancaq bəzi dövlətlər qabaqlayıcı tədbirlər görməklə bu qlobal böhrandan az itkilərlə çıxmağa çalışırlar. Belə ölkələrdən biri də Azərbaycandır. Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin yaydığı məlumatlara əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bir çox böyük dövlətlərdən fərqli olaraq pandemiyaya qarşı mübarizəsi effektiv nəticələr verir.


600 min işçinin əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürdü


Öncə dövlətin mühüm izolyasiya tədbirlərini həyata keçirməsi, ölkədə ciddi karantin rejiminin tətbiqi və bu durumun fəaliyyətinə mənfi təsir göstərdiyi hüquqi və fiziki şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət dəstəyi proqramlarının hazırlanması, aprelin 6-da isə Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən tibbi maska istehsalı müəssisəsinin açılışı deyilənləri bir daha təsdiqləyir.

Belə ki, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasını nəzərdə tutan Prezident İlham Əliyevin yeni iqtisadi-sosial paketi ilə hökumət zərər çəkən sahələrdə çalışan insanların problemlərinə diqqət yetirdi. Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsinə, məşğulluqla bağlı problemlərin həllinə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına ən azı 2,5 milyard manat ayrıldı.

Azərbaycanda 600 min işçinin, o cümlədən də fərdi sahibkarların dövlət hesabına maliyyələşdirilməsi qərara alındı. Yəni onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürdü. Dövlət başçısı vurğuladı ki, bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, həm də həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq.


İşsiz kimi qeydiyyata alınan 200 min nəfərə 2 ay ərzində 190 manat veriləcək


Bu dəstək proqramlarına əsasən sahibkarlıq subyektləri üçün əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi və s. daxildir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların 2020-ci il 10 mart tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10 faizi subsidiyalaşdırılacaq. Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq.

Həmçinin 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək və işsiz kimi qeydiyyata alınan 200 min nəfərə iki ay ərzində 190 manat birdəfəlik ödəmə veriləcək.

Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək. Həyati vacib sərnişindaşıma sahəsinə 280 milyon manat maliyyə dəstəyi veriləcək.

Aprel və may aylarında həm də elektrik enerjisi ilə bağlı limitlər tətbiq olunacaq. Bu xərc də dövlət büdcəsi hesabına qarşılanacaq və müvafiq istiqamətə 10 milyon manat vəsait ayrılacaq. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat nəzərdə tutulub.


Hər gün 120 min tibbi maska istehsal ediləcək


Bu gün həm də koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması üzündən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar.

Ancaq Azərbaycanda pandemiyanın qarşısının alınması ilə bağlı həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı da görülən işlərin tərkib hissəsidir. Yeni müəssisə tibbi maska və ləvazimatlara olan tələbatlarımızı ödəyəcək.

İnvestisiya xərcləri 3,9 milyon manat təşkil edən bu müəssisə birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edəcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.


Süni qiymət artımında əli olan şəxslər ciddi cəzalandırılacaq


Açılış mərasimində iştirak edən dövlət başçısı dünyanı cənginə alan koronavirus pandemiyasının dövlətlərə vurduğu hərtərəfli ziyandan və Azərbaycanda görülən qabaqlayıcı tədbirlərdən söz açdı.

Bəlli oldu ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Karantində qalan vətəndaşların sayı 4500 nəfərdir. Karantin rejimində olan ən çox insanların məkanı isə Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib. Azərbaycanda bu günə qədər 53 min test keçirilib. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib.

Qeyd edək ki, virusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Çünki indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranıb və bəzi hallarda apteklərdə tibbi maskalar tapılmır. Müəssisənin açılışı ilə Azərbaycan idxaldan qurtulacaq.

Dövlət başçısı bu ağır durumdan sui-istifadə edənlərə də sərt xəbərdarlıq etdi: "Maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.


Aprelin 20-dən sonra yaranacaq vəziyyətə uyğun addım atılacaq


Ölkədə pandemiyaya qarşı aparılan mübarizə tədbirlərinin gücləndirildiyini deyən dövlət başçısı növbəti dəfə xalqa müraciət etdi.

Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlərin qüvvədə olduğunu söyləyən Prezident vətəndaşların məsuliyyətli davranmasının, eləcə də özlərini, yaxınlarını, ailə üzvlərini qorumalı olduqlarının vacibliyini vurğuladı: "Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”

Prezident bir daha əmin olduğunu vurğuladı ki, vətəndaşlar bu qaydalara tam əməl edəcək və beləliklə, xəstəlik geniş vüsət almayacaq. Azərbaycan bu vəziyyətdən az itkilərlə çıxacaq.

Dövlət başçısı proseslərin gedişatını da dəyərləndirərək bildirdi ki, bütün hallarda ciddi karantin rejimi aprel ayının 20-dək qüvvədə qalacaq. Ondan sonra dövlət yaranacaq vəziyyətə uyğun şəkildə addım atacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video