08 Aprel 2020 00:43
634
SİYASƏT
A- A+

İlham Əliyev 176 nəfərə azadlıq bəxş etdi


Prezidentin əfv sərəncamı göstərdi ki, həssas yaş qrupunda olan məhbusların da sağlamlığı diqqət mərkəzindədir


İnsan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunduğu respublikamızda humanizm dəyərlərinə də daim önəm verilib. Məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin xoş ovqatına xidmət edən humanizm ənənələrinin təməli qoyulub.


Humanizm dəyərlərinə ehtiram


Məhz Ulu Öndərin humanistliyinin nəticəsi olaraq Azərbaycanda məhkum olunmuş şəxslərin əfv edilməsi, bağışlanması ənənəyə çevrilib. Mərhəmət və insanpərvərlik kimi ən ali insani keyfiyyətləri ilə seçilən Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması həm də ölkədə vətəndaş həmrəyliyinə xidmət edib. Heydər Əliyev humanizm prinsiplərinə uyğun olaraq əfvetmə və bağışlama institutunu yaradıb, onun təşəbbüsləri ilə bu sahədə bir sıra tədbirlər həyata keçirilib.

Ölkə Prezidentinin yanında şəffaf və demokratik əsaslarla fəaliyyət göstərən Əfv Komissiyasında ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradılıb.

Heydər Əliyevin humanizm dəyərlərinə önəm verməsinin nəticəsi kimi Azərbaycanda ölüm hökmünün icrası dayandırılıb. Əvvəlcə bu cəzanın icrasına moratorium qoyuldu. Sonrakı illərdə bu cəzanın tamamilə ləğv olunması istiqamətində bir sıra addımlar atılıb. Bununla da Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Xatırladaq ki, müstəqillik illərində sonuncu ölüm cəzası AXC-Müsavat hakimiyyətinin birillik hakimiyyəti dövründə icra olunub və 8 nəfər barəsində ölüm hökmü yerinə yetirilib.


Ulu Öndərin təməlini qoyduğu dəyərlər layiqincə yaşadılır


Ötən 17 ildə Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən konsepsiyalarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq respublikamız bütün sahələrdə böyük tərəqqiyə nail olmuş, dünya birliyində öz yerini möhkəmləndirmişdir. Eyni zamanda, Ulu Öndərin humanizm siyasəti ənənələrinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini layiqincə uğurla davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsinə söykənib. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə baglı müraciətlərini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alan dövlət başçısı bayram və əlamətdar günlərdə imzaladığı əfv sərəncamları ilə onların bir qismini cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edib.

Bu dövrdə Azərbaycanda həm də 4 dəfə amnistiya elan edilib. Milli Məclis 2007-ci il mayın 8-də "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında”, 2009-cu il martın 17-də "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında”, 2013-cü il mayın 7-də "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” və 2016-cı il mayın 2-də 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarlar qəbul edib. Bütün bu amnistiya qərarlarının təşəbbüskarı isə Heydər Əliyev Fondunun prezidenti, o zaman Milli Məclisin deputatı olan Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva olub.


İnsanpərvər siyasətin növbəti təcəssümü


Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 6 aprel 2020-ci il tarixli sərəncamı bir daha Azərbaycan dövlətinin humanist siyasət yürütdüyünü və dövlət başçısının humanizm dəyərlərinə bağlı olduğunu göstərir. Sərəncama əsasən dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib.

İlham Əliyevin humanist siyasətinin göstəricisi olan növbəti əfv sərəncamı Azərbaycanda koronavirusla əlaqədar əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində atılan addımlardan biridir. Bu sərəncam ondan xəbər verir ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq hər bir vətəndaşın, o cümlədən həssas yaş qrupunda olan məhbusların da sağlamlığının təmin olunması diqqət mərkəzindədir.

Prezidentin sonuncu əfv sərəncamı bir çox ailəyə sonsuz sevinc bəxş etdi. Müxtəlif səbəblərdən azadlıqdan məhrum edilərək həbsə alınan və artıq cəzalarının müəyyən bir hissəsini çəkən, eyni zamanda, islaholunma istiqamətində müsbət nəticələri olan bir qrup məhbus azad cəmiyyətə qovuşdu. Bu, həmin insanlara İlham Əliyevin humanizm siyasətinin mahiyyətindən və məzmunundan irəli gələrək, həyatda bundan sonra layiqincə yaşamaq üçün verilmiş ən gözəl şansdır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video