08 Aprel 2020 00:40
712
CƏMİYYƏT
A- A+

Yaşlılar evlərində qayğı və xidmətlərlə əhatə olunub


Yaşlı insanlara, ahıl vətəndaşlara dövlət qayğısının ildən-ilə artırılması Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ötən dövrdə aparılan məqsədyönlü işlər nəticəsində bu kateqoriyadan olan insanlarımız etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar.

Mühüm sosial müdafiə istiqaməti kimi onların pensiya təminatı daim gücləndirilir. Belə ki, 2019-cu ildə dövlət başçısının təşəbbüsü və tapşırığı ilə reallaşdırılan, 4,2 milyon vətəndaşın gəlirlərinin əhəmiyyətli dərəcədə artırılmasını təmin edən inqilabi sosial islahat paketi çərçivəsində minimum pensiya 72,4 faiz, xüsusi şərtlərlə təyin olunmuş pensiyalar əməkhaqqı artımı ilə əlaqədar 31 faiz artırılıb. 2020-ci ildən isə pensiyaların əvvəlki ilin orta əməkhaqqı artımına uyğun indeksləşdirilərək 16,6 faiz artırılması təmin edilib. 2019-cu ilin pensiya artımı 750 mindən çox, 2020-ci ilin əvvəlindən pensiya artımı isə 1 milyon 200 min insanın pensiyasına şamil olunur. 2019-cu ildəki pensiya artımları illik 450 mln. manat vəsait tələb edirdisə, hazırkı artıma 560 milyon manat vəsait ayrılıb. Göründüyü kimi, son bir ildə sosial sahənin yalnız bir istiqaməti olan pensiya artımları hesabına pensiyaçılarımıza 1 milyard manatdan artıq əlavə vəsait ödənilir ki, bu da əsasən yaşlı, ahıl insanlardan olan pensiyaçılara xüsusi qayğının daha bir əyani təzahürüdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb. Son illərdə müəssisə üçün ikinci korpus istifadəyə verilib. Heydər Əliyev Fondunun nəcib layihələri çərçivəsində həmin müəssisədəki sakinlərin qayğı ilə əhatə olunması məqsədilə ardıcıl işlər aparılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan və BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirdiyi "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi də ahıl insanların rifah halının yaxşılaşdırılması, fəal və sağlam həyat tərzi keçirmələrinin təmin edilməsi, fəal yaşlanmanın təbliği məqsədilə aparılan dövlət siyasətinə dəstək məqsədinə xidmət edir.

Son vaxtlar qlobal pandemiya elan olunmuş yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində xüsusilə bu infeksiyaya yoluxma riski yüksək olan yaşlı vətəndaşların qorunması üçün evdən çıxmamalarına qərar verilməsi də indiki şəraitdə ahıllara hörmət və qayğı nümunəsidir.

Prezident İlham Əliyev ölkədə elan edilmiş əlavə məhdudlaşdırıcı tədbirlərdən bəhs edərkən deyib: "Biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq. Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır. Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər”.

Dövlət başçısının göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsini təmin edir. Bu xidmətlərlə təmin edilənlərin sayı 9500-dən çox idi, karantin dövrü ərzində həmin sosial məişət xidmətləri yaşı 65-dən yüksək olan tənha yaşayan vətəndaşları da əhatə edir.

Tənha yaşlılar bu xidmətlərlə təmin edilmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng edərək qeydiyyata alınırlar. Çağrı Mərkəzi üzrə əlaqə kanallarının sayı 4 dəfədən çox artırılıb. Vətəndaşların zənglərini cavablandırmaq üçün eyni anda 64 əlaqə kanalı vardısa, 200-ü də yaradılmaqla 264-ə çatdırılıb. Vətəndaş müraciətlərini cavablandıran operatorların sayı artırılıb və hazırda 60 operator zəngləri cavablandırmaqla məşğuldur. Nəticədə 142-yə zəng vuran vətəndaşların xətdə növbəliliyi və gözləmə vaxtının minimuma endirilməsi təmin olunub.

Tənha yaşlılara qayğı göstərilməsində Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllülərinin, "DOST” və "ASAN” könüllülərinin, həmçinin Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və "SƏLİS” Birliyinin könüllülərinin yaxından iştirakı cəmiyyət tərəfindən də rəğbətlə qarşılanır.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən "Azərmaş” ASC-nin təşəbbüsü olan "Böyüklərimizi qoruyaq!” sosial aksiyası da yaşlıların evdə sosial xidmətlə təminatına mühüm dəstəkdir. Aksiya çərçivəsində müəssisə sosial xidmətçi və könüllülərin çağırılan ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmələri üçün 100 avtomobil və sürücü ayırmaqla, sosial xidmətçilər üçün ödənişsiz nəqliyyat xidmətini təşkil edib. Bu da tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilinə yönəlib. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi, "Azərpoçt” MMC də öz dəstəyini verir.

Sosial xidmətçilər, könüllülər və sürücülər lazımi qoruyucu vasitələrlə təmin ediliblər və xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən məsafə saxlanılmaqla həyata keçirilir.

Tənha yaşayan insanlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlərin göstərilməsi işləri davam etdirilməklə yanaşı, ayrı-ayrı biznes qurumları da sosial məsuliyyətdən çıxış edərək tənha ahıl insanlara zəruri istehlak məhsulları ilə öz qayğılarını göstərirlər.

Buna misal olaraq "Binə Aqro” QSC, "İSR Holdinq” şirkətlər qrupu və "A-Qrup Sığorta” ASC tərəfindən bu istiqamətdə yaşlı insanlara hörmət hissi ilə, eyni zamanda, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədli nəcib sosial təşəbbüslər reallaşdırılır. "Binə Aqro” şirkəti 2200, "İSR Holdinq” şirkətlər qrupu 500, "A-Qrup Sığorta” şirkəti isə 525 tənha ahılın birdəfəlik qaydada ərzaq yardımı ilə təminatını həyata keçirməkdədir. Bu sosial təşəbbüslər biznes nümayəndələri tərəfindən xüsusilə indiki şəraitdə sosial həmrəyliyə dəyərli bir töhfə və xeyriyyəçilik ənənələrinin davamlı olması yolunda atılan addımlardır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. "Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk”.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video