08 Aprel 2020 00:32
581
CƏMİYYƏT
A- A+

Azərbaycanda koronavirusun yayılması geniş vüsət almayıb


Qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri hələ ki, nəticə vermir. Ən inkişaf etmiş ölkələr belə bu virusla mübarizədə acizdirlər, gündə yüzlərlə insanın həyatı sona yetir. Son məlumata görə, dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı 1 356 000-i ötüb. Koronavirus qurbanlarının sayı isə 75 762 nəfərə çatıb.

Dünyada koronavirusdan ən çox ölüm hadisəsi İtaliya, İspaniya, ABŞ, Fransa və Böyük Britaniyada qeydə alınıb. 286 877 nəfər isə koronavirusdan sağalıb.


Ölkələrin koronavirus "mənzərə”si


Müxtəlif ölkələrin koronavirusla bağlı son statistikalarına nəzər yetirək.

İtaliyada COVID-19 virusundan ölənlərin sayı gün ərzində 525 nəfər artaraq 15 887-ə çatıb. Hazırda yoluxanların ümumi sayı 128 948 nəfər təşkil edir.

İranda daha 133 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə infeksiyadan ölənlərin sayı 3872 nəfərə çatıb. Ümumilikdə ölkədə virus daşıyıcılarının sayı 62589 nəfərə çatıb. 27039 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan buraxılıb. İranda indiyədək 300 tibb işçisi koronavirusa yoluxub, onlardan 10 nəfəri dünyasını dəyişib.

ABŞ-da koronavirusun yayılması və ölüm halları gec başlasa da, indi bu ölkə az qala pandemiyanın əsarəti altındadır. Artıq Birləşmiş Ştatlarda yeni koronavirusun səbəb olduğu xəstəlikdən ölənlərin sayı 10 mini keçib. Belə ki, 347 003 nəfərə koronavirus diaqnozu qoyulub, 10 335 nəfər ölüb, 18 953 nəfər isə sağalıb.

Fransada 833 nəfər COVID-19-dan vəfat edib. Bununla da bu pandemiyadan ölənlərin ümumi sayı 8911 olub. Koronavirusa yoluxmuş və xəstəxanalara yerləşdirilmiş 29722 xəstədən 6948-i reanimasiya şöbəsindədir. 17249 xəstə sağalaraq xəstəxanaları tərk edib. Ölkədə COVID-19 virusu daşıyıcılarının rəsmi sayı 74390-dır.

Almaniyada koronavirusa yoluxma ilə təsdiq edilmiş halların sayı 95391-ə çatıb. Ölkədə ümumilikdə 1434 nəfər pandemiyanın qurbanı olub. Son sutka ərzində 3677 virusa yeni yoluxma aşkarlanıb, ölənlərin sayı 92 nəfər təşkil edib.

İspaniyada son sutkada daha 743 nəfər koronavirusdan ölüb. Bununla da pandemiyadan ölənlərin sayı 13 798-ə çatıb. Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, epidemiya müddətində 19 mindən çox tibb işçisi bu virusa yoluxub. Bu, İspaniyada qeydə alınan ümumi yoluxanların 14 faizindən çoxdur. İndiyədək virusa yoluxmuş 19 400 həkimdən 20 faizə yaxını sağalıb, böyük əksəriyyəti müalicələrini evdə davam etdirir. 13 tibb işçisi virusdan həyatını itirib.

Cənubi Koreyada koronavirusa yoluxma halları 10284 təşkil edir. Ölkədə yeni virusdan ölənlərin sayı daha 3 nəfər artaraq 186-ya çatıb.

Böyük Britaniyada sutka ərzində koronavirusdan ölən xəstələrin sayı 708 nəfər artaraq 4313 nəfərə çatıb. Yoluxma hallarının sayı təxminən 3,7 min artaraq 43 903 olub.

Meksikada son sutka ərzində COVID-19-a 2439 yeni yoluxma qeydə alınıb. Ölkədə ümumilikdə 20425 koronavirusa yoluxma aşkarlanıb. Koronavirus qurbanlarının ümumi sayı 125 nəfərə çatıb.

Braziliyada koronavirusdan ölənlərin sayı 553 nəfərə çatıb. Son bir sutkada xəstəlikdən daha 67 nəfər dünyasını dəyişib. Aprelin 6-da ölkədə koronavirusa 926 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 12 056 olub.

İsraildə son sutkada daha 395 nəfərdə koronavirus aşkarlanıb. Nəticədə ölkədə qeydə alınmış koronavirus faktlarının sayı 9006-ya çatıb. Bunlardan 56-sı ölüb, 683 nəfər isə sağalıb.

Son sutka ərzində Kanadada koronavirusa yoluxanların sayı 1,1 mindən çox artaraq 16,667 nəfər təşkil edib. Hazırda 336 mindən çox insan koronavirus üçün testdən keçib. Pandemiya başlayandan bəri 702 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 204-ü reanimasiyaya yerləşdirilib, qalanları evdə müalicə olunur.

Türkiyədə aprelin 6-da daha 75 nəfər COVID-19 virusunun qurbanı olub. Ölkənin Səhiyyə naziri Fahrettin Koc bildirib ki, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 649 nəfərə çatıb. "Bu gün 21400 test keçirilib, 3148 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 30217 nəfərdir. Bu gün daha 284 pasiyent sağaldı, ümumi say 1326 nəfərdir”, - deyə nazir özünün "Twitter”dəki səhifəsində yazıb.

Afrika qitəsində koronavirusa yoluxanların sayı 10 075 nəfərə çatıb. Son sutkada virusdan ölənlərin sayı 73 nəfər artaraq 487-yə çatıb.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yeni növ koronavirusa yoluxma hallarının ümumi sayı 1799-ə çatıb, 10 nəfər ölüb. Pandemiyanın başlamasından indiyədək 144 nəfər virusdan sağalıb.

İraqda koronavirusdan ölənlərin sayı 61 nəfərə çatıb. Hazırda virusa yoluxanların sayı 961 nəfərdir.

Özbəkistanda koronavirusa yoluxanların sayı 472-yə çatıb. Hazırda ölkədə 100 mindən çox insan karantindədir.

Yeni növ koronavirusun vətəni sayılan Çində isə infeksiyaya yoluxan vətəndaşların 94 faizi tamamilə sağalıb. Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin xəbərinə görə, hazırda ölkədə koronavirusa yoluxan 1562 nəfər qalıb ki, bu da bütün vaxt ərzində baş verən yoluxma hallarının ümumi sayının iki faizini təşkil edir.

Son 24 saat ərzində Çinin materik hissəsində COVID-19-dan dünyasını dəyişən olmayıb. Bu, yanvar ayından bəri ilk dəfə qeydə alınıb. Lakin yeni növ koronavirusa yoluxanların sayı 32 nəfər artıb, bunların hamısı "gətirilmiş” hallardır. Gün ərzində xəstəxanalarda müalicə alan 89 nəfər sağalıb. Buna baxmayaraq, idxal olunan koronavirusa yoluxma halı 698-ə çatıb, 21 nəfərin vəziyyəti ağırdır.

Qeyd olunub ki, Çində virusa yoluxanların ümumi sayı 81740 nəfərə çatıb. Nəticədə 3 331 nəfər həyatını itirib.

Rusiyada son sutka ərzində 1154 nəfərdə koronavirus aşkarlanıb, daha 11 nəfər virusdan həyatını itirib. Bu günə qədər ölkədə ümumilikdə 7497 nəfər koronavirusa yoluxub, virusdan ölənlərin sayı 58 nəfərə çatıb. 494 nəfər sağalıb, 6945 nəfərin müalicəsi davam edir.

Ermənistan koronavirusa yoluxma sayına görə Cənubi Qafqazda ən yüksək göstəriciyə malikdir. Son sutka ərzində 20 nəfərdə yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 853 olub. Bugünədək 8 nəfər koronavirusdan ölüb. 763 nəfərin müalicəsi davam edir.

Gürcüstanda daha 7 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Bununla da ölkədə xəstələrin sayı 195 nəfərə çatıb. Gürcüstanda koronavirusa yoluxmuş xəstələrin 39-u sağalıb, 2-si isə ölüb. Hazırda karantində 4735, stasionar nəzarətdə isə 383 nəfər saxlanılır.


Azərbaycanda qabaqlayıcı tədbirlər görülür


Azərbaycanda koronavirusla bağlı vəziyyətin pisləşməməsi üçün hökumət tərəfindən hər cür imkanlar səfərbər edilib. Dövlətin bütün potensialı bu infeksiya ilə mübarizəyə yönəlib, lazımi tədbirlər həyata keçirilir. Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində hazırda Azərbaycanda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Atılan bütün addımlar insanların həyatını, sağlamlığını qorumaq, bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməmək məqsədi güdür.

İnfeksiyaya yoluxmanın sürətini azaltmaq, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib. Aprelin 5-dən isə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb.

İnsanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilir.

Paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxslər, eləcə də nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanılır. Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür. Bununla belə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, xüsusi karantin rejiminin pozulmasına görə 06.04.2020-ci il saat 00:00-dan 07.04.2020-ci il 08:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında 861-i Bakı şəhərində olmaqla nəqliyyat vasitələri ilə hərəkətdə olan 1499 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 6945 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

DİN Baş DYP İdarəsi bütün hərəkət iştirakçılarına zərurət olmadan və müvafiq qaydada icazə almadan yaşadıqları evlərdən, mənzillərdən çıxmamağı tövsiyə edir, hər bir vətəndaşı ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminə düşünülmüş şəkildə yanaşmaqla tələb olunan qaydalara ciddi riayət etməyə çağırıb.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilən hüquqi və fiziki şəxslərdən toplanan cərimələrin uçotunun aparılması üçün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində ayrıca xəzinə hesabı açılıb. Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 25.8-ci bəndinə və "2020-ci il dövlət büdcəsi haqqında” qanuna görə inzibati cərimələr büdcəyə ödənilir: "Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr hesabına əlavə büdcə daxilolmalarının koronavirusla mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur”.


Karantində 4500 vətəndaş var


Azərbaycanda koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində aprelin 5-dən 20-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, tətbiq olunan bu tədbir koronavirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanması, yoluxan şəxslərin izolyasiya edilməsi və onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi, karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi və ölkə ərazisində xəstəxanaların hazırlığının artırılması istiqamətində görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir.

"Qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə, olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, səfərlərdən çəkinməyə çağırır və xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edirik”, - deyə məlumatda bildirilib.

Prezident İlham Əliyev aprelin 6-da Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açılışında çıxışı zamanı bildirib ki, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. Hazırda karantində qalan vətəndaşların sayı 4500-dür. Karantin üçün ən məqbul yerlər müəyyən edilib. Karantin rejimində olan ən çox insan məkanı Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib. Karantində olan vətəndaşlar, eyni zamanda, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu hotellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilir. Onlara gündəlik yemək verilir, onlar tibbi müayinədən keçirlər. Onların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdırlar, dövlətə və həkimlərə minnətdarlıqlarını bildirirlər.


Evdə qalın!


Azərbaycanda koronavirusla mübarizədə operativ və qabaqlayıcı tədbirlər görülür, vəziyyətə uyğun addımlar atılır. Ölkəmizdə həyata keçirilən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsəd güdür - vətəndaşları maksimum dərəcədə qorumaq və bu ağır sınaqdan az itkilərlə çıxmaq. Lakin xəstəliklə mübarizədə müsbət nəticələrə nail olmaq üçün təkcə dövlət tərəfindən görülən işlər kifayət deyil. Həyata keçirilən tədbirlər vətəndaşların qoyulan qaydalara ciddi riayət etməsi ilə müsbət nəticə verə bilər. Unutmayaq ki, hər məsuliyyətsizlik, hər qayda pozuntusu koronavirusa yoluxmaq və nəinki öz canını, ətrafdakıların da həyatını təhlükəyə atmaq deməkdir. Bu gün dünyanı təşvişə salan bu dəhşətli virusdan ən yaxşı qorunma yolu, mübarizə üsulu özünütəcriddir. Yalnız məsuliyyətli, vicdanlı olmaqla, gərəksiz yerə evdən çölə çıxmamaqla, özünütəcrid qaydalarına əməl etməklə bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik. Hər kəs özündə məsuliyyət hiss edib qəbul olunan qaydalara tam əməl etsə, xalqımız bu dövrdən az itkilərlə çıxa bilər.

Odur ki, zərurət olmadığı təqdirdə küçəyə çıxmayın. Evdə qalın - sağlam qalın!

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video