04 Aprel 2020 13:44
448
CƏMİYYƏT
A- A+

Ya birlikdə sağ qalırıq, ya da...


Koronavirus bəlasının qənimi vətəndaş məsuliyyətidir


Bəli, indi yaşayıb, yaşamamaq öz əlimizdədir. Dünyanın yeni bəlası koronavirusla mübarizə şəxsi məsuliyyətimizdən asılı olan ölüm-dirim məsələsinə çevrilib...
Ya məsuliyyətli davranıb xilas olacağıq, ya da…
Təbii ki, ikinci variantı heç zaman ağlımıza gətirmirik və əminik ki, tələb olunan qaydalara riayət edərək bu sınaqlardan da üzüağ çıxacağıq…

Bu qorxulu virusun yayılması hava-damcı yolu ilə olduğu üçün onun qarşısını ala bilmək yalnız profilaktik tədbirlər görməklə, Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyələrinə əməl etməklə mümkündür. Bunun üçün ölkəmizdə dövlət tərəfindən virusun üzə çıxdığı ilk zamanlardan etibarən ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanılıb, indi isə xüsusi karantin rejimi tətbiq olunub...

Amma koronavirusa qalib gəlmək üçün vətəndaşların da həmin qaydalara ciddi riayət etməsi mütləqdir. Təəssüf ki, bəzi hallarda bunun əksi ilə rastlaşırıq və nə yazıq ki, hələ də bir çoxları dünyanı tar-mar edən bu bəlanın ciddiliyinin, təhlükəsinin fərqində deyil...

Fərqində deyil ki, bu virus uşaq, gənc, yaşlı demədən hər bir kəsin düşmənidir...

Belə olmasaydı, bu gün maskasız, əlcəksiz, heç bir vacib işi olmadan küçələrdə dolaşaraq ölüm təhlükəsi yayan insanlara rast gəlməzdik...

Onlar hələ də anlamırlar ki, məhz bu cür məsuliyyətsiz davranışlarının sayəsində səhiyyəmiz, iqtisadiyyatımız çökmək, ən dəhşətlisi isə xalqımız yox olmaq təhlükəsinə düçar ola bilər...


Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar


Martın 28-də "Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı diqqəti məhz məsuliyyət məsələsinə yönəltdi: "Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın”.

Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyeva da koronavirus infeksiyası ilə bağlı xalqa növbəti dəfə müraciət etdi: "Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin – növbəti 20 gün ərzində hamı evdə qalmalıdır. Ailələrinizlə birlikdə. Xahiş edirəm, vacib zərurət olmadan evlərinizi tərk etməyin...”

Mehriban xanım müraciətində onu da qeyd etdi ki, artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi: "Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur. Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər”.
Bəli, dövlət başçısının, Birinci vitse-prezidentin insanlarımızı vətəndaş məsuliyyəti göstərməyə səsləməsi dünyanı bürüyən bu bəlanın ölkəmiz üçün də təhlükəyə çevrilə biləcəyindən xəbər verir...
SOS! SOS! SOS!


Həyatımızı belə xilas edə bilərik


Amma yaşana biləcək faciəvi ssenarilərin qarşısına keçmək də mümkündür və bu bizim əlimizdədir. Sosial izolyasiyaya əməl etməklə təhlükəni şaxələnmədən beşiyində boğa bilərik. Azərbaycan dövləti insanların evdə qalmaqla iqtisadi baxımdan çətinlik çəkməmələri üçün bir çox layihələr həyata keçirir, bu istiqamətdə dövlət proqramları üzərində işləyir. Bütün bunlar Azərbaycan xalqının sağlamlığına, təhlükəsizliyinə hesablanıb.

Görülən tədbirlərin effektivliyi, həm də fərdi qaydada hər bir vətəndaşın üzərinə düşən müvafiq məsuliyyəti yerinə yetirməsindən asılıdır. Bütün bunlar milli təhlükəsizlik, həmrəylik məsələsidir və vətəndaşlardan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb edir.

Dünyanın qlobal çağırışına qoşulmağımız, diqqətli olmağımız, tətbiq olunan qaydalara ciddi riayət etməyimiz, evdə qalmağımız özümüzün və sevdiklərimizin həyatını, ümumilikdə insanlığı xilas etmiş olacaq…

Evdə qal, Azərbaycan, çünki sən birlikdə güclüsən!


Yasəmən MUSAYEVA,
"Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video