02 Aprel 2020 13:08
750
CƏMİYYƏT
A- A+

İndi dünya evimizdir

Ailəmizlə qalmaq, sağlamlığımızı qorumağın məqamıdır


Bəşəriyyət 2020-ci ilə yeni yaşam sınağıyla qədəm qoydu, dəhşətli pandemiya ilə mübarizəyə atıldı. Nə qəribədir ki, sürətlə qloballaşan dünyamızda sərhədlər bağlanır, karantin rejimləri tətbiq olunur, insanlar evlərinə səslənir. İndi dünya kiçilərək evlərimizə sığıb, evlərimiz böyüyərək bir dünyaya çevrilib...

Adamdan-adama sürətlə yayılan koronavirus, COVID-19 bəlasının hələlik tibbi çarəsi tapılmasa da, ona yoluxmamağın qaydaları da məlumdur və bunlar çox sadədir: gigiyenik qaydalara əməl etmək, insanlarla məsafə saxlamaq, ən yaxşısı isə evdə qalıb özünü təcrid etməkdir...

Əslində belə bir təsəvvür mövcuddur ki, hər şərdə bir xeyir vardır. Yetər ki, soyuqqanlılıqla, səbirlə bütün olub-bitənləri, dünyada baş verənləri analiz edib düzgün istiqamətə yönəltməyi biləsən. Təhlükədən sovuşmağı, anlarını daha mənalı və dəyərli etmək üçün hər cür şəraiti fürsətə çevirməyi bacarasan...

İnsan bir anlıq ruhi aləminə nəzər saldı...

Çox yox, cəmi bir neçə ay əvvələ qədər insanlar zamanın sürətindən, sanki qısalmasından şikayət edirdilər...

Elə bil vaxt bir göz qırpımında keçirdi və ailəmizlə, əzizlərimizlə zaman keçirməyə fürsət tapmırdıq. Tapanda isə bunu daha çox virtual aləmə sərf edir, yenə də doğmalarımızdan "uzaq” bir dünyada yaşayırdıq...

Getdikcə bəşəriyyət qloballaşırdı, amma insanlar mənən və ruhən bir-birindən ayrılırdı...

Bir çox dəyərlər, keyfiyyətlər tarixin səhifələrinə gömülürdü...

Biz koronavirus sayəsində yaşam şəklimizə bir daha baxmağa, onu köhnə dəyərlər və hazırkı tələblər üzərində yenidən biçimləndirməyə məcbur olduq...

Elə bu sayədə də, insan bir anlıq virtual səs-küydən uzaqlaşıb mənəviyyatına boylandı, ruhi aləminə nəzər saldı. Dünyadakı missiyasının nə olduğunu sual etdi, bütün maddi dəyərlər üçün edilən cidd-cəhdlərin heçliyinə əmin oldu. Ona da vaqif oldu ki, insana Tanrı tərəfindən ərməğan edilən ən dəyərli hədiyyə mənəvi zənginlik, insanların həyatını davam etdirməsi üçün qəbul edəcəyi hər hansı xeyirxah qərardır...

Xeyirxah missiyanı yerinə yetirmək anıdır

Elə indi insanlığın yer üzündən silinməsi, bəşəriyyətin yox olma təhlükəsini uzaqlaşdırmaq üçün həmin xeyirxah missiyanı yerinə yetirmək anıdır. Evdə qalmaq, dünyanı evə sığdırmaq məqamıdır...

Bu isə elə də çətin deyil, əksinə…

Cəmi bir neçə ay əvvəl əksəriyyətimizə arzu kimi görünən bir çox fürsətlər ayağımıza gəlib. İndi ailəmizə, doğmalarımıza ayırmaq üçün bolluca zamanımız var. Bizə uşaqlarımızla birlikdə oynamaq, film seyr etmək, mütaliəyə vaxt ayırmaq kimi ruhi qida bəxş edilib. O da şübhəsizdir ki, bu çətinlikləri atladıb normal həyata dönəndə ən möhtəşəm əsərlərin, şeirlərin, nəğmələrin, film ssenarilərinin də məhz elə bu dönəmdə yazıldığının şahidi olacağıq…

Deyirlər, sel gələndə ona qarşı mübarizə aparmaqdansa, istiqamətini elə dəyişdirmək lazımdır ki, sənin torpaqlarını sulayaraq münbitləşdirsin...

Bəli, koronavirus gözəgörünməz, təhlükəli düşməndir, amma insanın da qüdrəti sonsuzdur. Və o yer üzünün ən ali varlığı olaraq bu dünyada yaşamaq şansını heç bir zaman itirməyəcək, bütün çətinliklərlə savaşaraq genetik kodunu min illərin o üzünə ötürməyi bacaracaq…

Evdə qal, Azərbaycan, çünki sən birlikdə güclüsən!


Yasəmən MUSAYEVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video