02 Aprel 2020 00:08
668
İQTİSADİYYAT
A- A+

Prezident İlham Əliyev ən çətin məqamda qətiyyətli və zəruri addımlar atır


Bütün dünyanı "Karonovirus”un silkələdiyi və iqtisadiyyatların çökdüyü bir məqamda Azərbaycan Prezidenti özünəməxsus soyuqqanlılıq və təmkinlə bütün zəruri addımları atır, vacib qərarları qəbul edir və bir daha, bütün dövlətin və hər bir vətəndaşın qayğılarına şərik olduğunu ortaya qoyur. Bu çətin günlərdə iqtidar-xalq birliyi möhtəşəm gücə çevrilir.

Çətinliklər göz qarşısındadır, pandemiya milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına mənfi təsir edir, karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri isə qaçılmazdır. Nəinki Azərbaycanda, hətta bütün dünyada iqtisadi artım templəri səngiyir, enerji və səhm bazarlarında çaxnaşmalar dünya iqtisadiyyatında böhranlara rəvac verir. Azərbaycan müasir dünya düzənində sürətlə qabaqlayıcı tədbirləri reallaşdıran dövlətlərin sırsındadır. Hökumət vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına getsə də, mənfi təsirləri minimuma endirilməsi istiqamətində də ciddi addımlar atır, iqtisadi artımı yenidən bərpa etmək üçün çevikliyin saxlanılmasına çalışır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı 10 proqram hazırlanmışdır.

Bu sənədlər hazırlanarkən ilk növbədə pandemiyadan zərər çəkmiş sahələr müəyyənləşdirilərək 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə etmişdir. Qeyd etmək vacibdir ki, ümumilikdə, dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Bu rəqəm Azərbaycanın ÜDM-nin 3%-nə bərabərdir. Odur ki, iqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə də regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmamışdır.

304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edən birinci proqramda həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi təqdim edilir. Qeyd edək ki, hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi olan muzdlu işçilərin 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Birinci proqram bu sektorlarda çalışanların 45 faizindən çoxunu əhatə edəcəkdir. İqtisadçıların qiymətləndirmələrinə görə baş verən neqativ proseslər artıq 11 fəaliyyət istiqamətinə 100% təsir etmişdir. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər, əyləncə, nəqliyyat və s. sahələrdir. Bundan başqa daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalmışdır. Proqram tətbiq edilərkən ya işçinin real maaşı və ya respublika üzrə orta aylıq əməkhaqqı əsas götürülməsi və aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir.

İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarlara aiddir. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə əsasən ödənişlər və birbaşa yardımlar nəzərdə tutulacaq.

Biznes üçün vergi güzəştləri, tətilləri və imtiyazları nəzərdə tutulan üçüncü proqramda əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinin qarşısı alınsın. Vergi güzəştləri üzrə mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi, əmlak və torpaq vergisindən azad olmalar; vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq güzəştlər; ictimai iaşə fəaliyyəti ilə məşğul olanlar üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərinin isə mənfəət (gəlir) vergisindən azad edilməsi və digər çoxsaylı güzəştlər və azadolmalar nəzərdə tutulur. Bəyannamələr üzrə isə 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması, vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması kimi məsələlər yer alır.

Biznesə və iqtisadiyyata dəstək üçün nəzərdə tutulandördüncüproqram ipoteka kreditlərinə dəstək proqramıdır. Azərbaycan Prezidentinin sərəncamında verilən tapşırıqlarda yalnız qısamüddətli təsirin qiymətləndirilməsi və qısamüddətli addımların atılması deyil, həmçinin orta müddətli dövrdə ölkənin yeni iqtisadi çərçivəsinin və yeni iqtisadi şəraitdə təkliflərin hazırlanması müəyyən edilmişdir.

Eyni zamanda vergi ödəyicilərinin bank kreditlərinə də dövlət tərəfindən dəstək veriləcəkdir. Ölkə Prezidentinin birbaşa tövsiyəsinə əsasən, dəstək proqramlarının hazırlanması ayrılmış 1 milyard manatlıq vəsaitin çərçivəsi ilə məhdudlaşmayıb, proqramlar daha geniş və əhatəlidir. Belə ki, bank sektoru ilə bağlı 2 proqram hazırlanmışdır. Bunlardan biri 1 milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramıdır və əsas hədəf biznes kreditləri olacaq. Dövlət bu proqram çərçivəsində xüsusi meyarlara cavab verən, mənfi təsirlərə məruz qalan sektorları əhatə edən, 9-10 mart tarixindən əvvəl götürülmüş, vaxtlı-vaxtında indiyədək ödənilən kreditlərə və qeyd edilən meyarlara cavab verən kreditlər portfelinə baxaraq, onların faizlərinin ödənilməsində mövcud yükün 10%-nin (əksər biznes kreditləri 11-15% çərçivəsindədir) Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət tərəfindən ödənilməsinə dəstək verəcək. Beləliklə, bu 1 milyard manat kredit portfeli sahibkarala dəstək proqramı kimi formalaşacaq. Növbəti böyük proqram isə yeni verilən kreditlərə şamil edilir. Real sektorun kreditləşməsi hökumətin prioritetidir. Bu baxımdan, bundan sonra da bank sektorunda canlanmanı təmin etmək üçün real sektorun banklar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sərnişindaşıma fəaliyyəti sahəsinə hazırlanan dəstək proqramında bu sahədə fəaliyyət göstərən subyektlərə məqsədli dəstək veriləcək, işsizlik müavinəti, sosial yardım və s. vəsaitlərin ayrılmasını nəzərdə tutulacaq. Həmçinin, əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da təkliflər arasında yer alıb.

Nəhayət, mühüm proqramlarlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı olacaq.

Azərbaycan Prezidentinin son addımlarını şərh edən iqtisadçılar onu qeyd edirlər ki, bütün qərarlar və qəbul edilən proqramlar birmənalı şəkildə həm bu gün ortaya çıxan problemlərin həllinə, həm də postpandemiya dövründə ölkənin inkişafına hesablanmışdır.

Prezident İlham Əliyevin zamanında və yubanmadan zəruri qərarlar qəbul etməsi mümkün təsir ssenarilərdən ən yumşağına istiqamətlənməyə imkan yaradır. Dövlət başçısı həm çeviklik nümayiş etdirir, həm də verdiyi göstərişlərin məzmunu ilə iqtidar-xalq münasibətlərini daha yüksək səviyyəyə qaldırır.


Bahadur İMANQULIYEV,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video