07:56 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Salyanda ermənilərin törətdiyi qətliam
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:50 01.04.2020


Salyanda erməni daşnak quldur dəstələrinin törətdikləri qətl və qarətlər, yerli əhalinin və onlara köməyə gələn türk hərbi qüvvələrinin düşmənlərə qarşı döyüşləri barədə məlumatları tarix kitablarından da çox yaşlı nəsil nümayəndələrinin dünyalarını dəyişmiş ata və babalarından eşitdikləri barədə söhbətlərindən öyrənirik. Salyan soyqırımı haqqında müəyyən faktlar həmin xatirələrdə bugünümüzə qədər gəlib çatmışdır.

Lakin ümumilikdə götürdükdə də erməni daşnaklarının bu yerlərə qanlı yürüşü barədə tarixi mənbə və sənədlərdə geniş faktlar qalmaqdadır. Yeri gəlmişkən, Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı ilə əlaqədar yazılmış kitablarda həmin hadisələr tarixi faktlar əsasında öz əksini tapmışdır. Belə ki, Nəsir Yücəərin yazdığı "Birinci Dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatları” kitabı (Qafqaz Universiteti, Bakı–1999)çox qiymətli mənbələrdəndir.Yaxud 5-ci Qafqaz piyada firqəsinin ərkanı hərb rəisi Rüşdü Türkərin "Böyük hərbdə Bakı yollarında” kitabı (İstanbul–2000) dəyərli mənbədir. "Azərbaycan” qəzetinin 1918-ci il 3 noyabr tarixli 29-cu nömrəsində dərc edilmiş "Maraqlı bir sənəd” məqaləsindəki faktlar da erməni vəhşiliklərini üzə çıxaran təkzibedilməz faktlardır.

Erməni-daşnak quldur dəstələri 1918-ci ilin iyun ayında Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gəlib çatmışdılar. Sənədlərdə gəmilərin adları da qeyd olunur: "Krasnovodsk”, "Yelets”, "İraq”, "Bakinets”, Salyanets”, "Demosfen”. Gəmilər Kür çayına keçmiş və erməni-daşnak quldurları çayın ətrafında olan kəndləri qarət etmiş, insanları vəhşicəsinə qətlə yetirmişdilər. Onlar Salyan yaxınlığında yerləşən Kür Qaraqaşlı kəndinə qədər gəlib çatmışdılar. Quldurlarının keçdiyi istiqamət Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhəll, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən, Kür Qaraqaşlı kəndləri üzrə sıralanırdı. Ermənilər Kür çayı boyunca olan bu kəndlərdən başqa, digər yaxın kəndlərə də soxulmuşdular.

Sənədlər təsdiq edir ki, Kür çayı boyu yerləşən həmin kəndlərdə erməni quldurları dəhşətli qətl və qarətlər, görünməmiş vəhşiliklər törətmişdilər. Silahsız, müdafiəsiz insanların çox az bir hissəsi uzaq kəndlərə qaçıb canlarını qurtarmışdılar. Qeyd etdiyimiz "Azərbaycan " qəzetinin 1918-ci il 3 noyabr tarixli nömrəsində dərc edilmiş "Maraqlı bir sənəd” məqaləsində göstərilir ki, Mərkəzi Kaspi Diktaturasının üzvü Leymleyn, Kaspi Donanmasının baş komandanı Xaçikova bir məxvi sənəd təqdim etmişdir. Rus dilindən tərcümə edilmiş bu sənəd "Ərzi-hal” adlanır. "Ərzi-hal” erməni hərbiçilərinin Salyan və Neftçalada yerli dinc əhaliyə qarşı törətdikləri qırğın və vəhşilikləri təsdiq edən bir sənəddir. Sənəddə göstərilir ki, ermənilər heç bir əmrə tabe olmurdular, onlar yerli əhalini qarət etmək və qətlə yetirməklə məşğul idilər. Ermənilər gecələr gəmilərdə gecələyir, gündüzlər isə talançılıq edib yaramaz əməllərlə məşğul olurdular. Salyana göndərilən donanmanın komandanı Zaleski izahatında bildirir ki, sərəncamımızda 800 top mərmisi olmuş, ondan 700-ü atılmışdır. Bu fakt onu göstərir ki, erməni və onlara qoşulan antiazərbaycanlı hərbi qüvvələri Salyanda necə dəhşətli qırğınlar törətmişlər. Kəndlərdə bir-bir evlərə girən ermənilər hətta hamilə və uşaqlı qadınlara belə rəhm etməmişlər. Ermənilər onların əmrlərini yerinə yetirməyən kişiləri güllələmiş, xəncərlə doğramışdılar. Kənd əhalisinin əmlakı talan edilmişdi. Uzunbabalı kəndinin əhalisini tamam qırmışdılar. Qaralı, Musalı kəndlərində qadınları, uşaqları, körpələri güllələmişdilər. Qaralı kəndində gənc bir kənd sakini Əsgər Əsgərovdan köhnə bir aynalı tüfəng tapdıqlarına görə kənd sakinlərinə amansız işgəncələr vermin, onları güllələmişdilər. Qaralı kənd sakini 114 yaşlı mərhum Zərxanım Aslanovanın – Zərxanım nənənin söylədikləri insanı dəhşətə gətirir: "Ermənilər heç kəsə aman vermirdilər. İnsalar canlarını götürüb hərə bir tərəfə qaçırdılar. Atam bizi – məni və bacımı yeddi gündən sonra, anamı isə dörd gündən sonra tapa bilmişdi. Həmin günlərdə Kür çayından yeddi gün öldürülmüş insanların meyitləri axdı…”

Ötən əsrin 70-ci illərinə kimi yaşamış Kür Qaraqaşlı kənd sakini Sürəyya Abbasovanın əlini ermənilər biləkdən kəsmişdilər. Üç gün Babazanan dağının ətəyində – şoranlıqda, öldürülmüş qardaşlarının meyitləri yanında hüşsuz halda qalmış Sürəyyanı türk əsgərləri tapmışdılar. Kür çayı boyu kəndlərdən olan Ərəbbəbirxanlı kəndində ermənilərin azğınlığı, vəhşiliyi barədə yaşlı kənd sakinlərinin söylədikləri insan ağlına sığmır. Burada 70-dən çox kənd sakinini amansızcasına qətlə yetirmişdilər. Kür Qaraqaşlı kənd sakini, İkinci Dünya müharibəsi veteranı mərhum Yegan Sultanov söyləyirdi ki, ermənilər 80-dən yuxarı yaşı olan ər və arvadı tikə-tikə doğrayıb kisəyə doldurmuş, həyət qapısının qarşısına qoymuşdular. Quldurlar Kür çayının sahilində yerləşən Ərəbqardaşbəyli kəndinə girəndə əhali canını qurtarmaq üçün hərə bir tərəfə qaçmışdı. Kənd sakini Absəməd bəy Şükürbəyli öz bağında "Quran” oxuyan zaman ermənilər bağa girib "Quranı” əlindən alıb yerə atmış, tapdalamışdılar. Absəməd bəy müqavimət göstərəndə başını kəsmişdilər. Onun qanı yerdə olan "Quran”ın üzərinə tökülmüşdü. Yaşlı dindarlar həmin "Quran”ın uzun müddət şəhər məscidində saxlandığını söyləyirdilər. Ermənilər kənddən çəkilib gedəndən sonra kənd camaatı Absəməd bəyin meyidini öldürüldüyü yerdə dəfn etmişdi. O vaxtdan bu günə kimi tək qəbir kənddə qalır və əhali tərəfindən ziyarət olunur. Hətta sovet dönəmində belə kənd əhalisi Absəməd bəyin məzarını ziyarət edib ruhuna dua oxumuşlar. Məzarı üzərində ərəb əlifbası ilə yazılmış mətni oxuyuruq: ”1918-ci ilin şəhidi Absəməd bəy Şakir bəy oğlu Şükürbəyli.”

Ermənilər Kür çayının mənsəbindən Kür Qaraqaşlı kəndinə kimi Kür boyu 18 kəndi dağıtmış, təxminən min nəfərdən çox dinc, silahsız insanı vəhşicəsinə qətlə yetirmişdilər. 540-dan çox evi dağıtmış, yüzdən çox evi yandırmışdılar. Çoxlu sayda ərzaq məhsulları, qiymətli məmulatlar, bəzək əşyaları, qızıl və kağız pulları qarət etmişdilər.

Yaşlı nəslin nümayəndələri söyləyirdilər ki, Kürün sol sahilindəki Pirəbbə, Yuxarı Qaramanlı və İkinci Qaralı kəndlərinin əhalisi yaxınlıqdakı hər tərəfi düzəngah olan Dirov dağını etibarlı sığınacaq bilib burada gizlənmişdilər. Bundan xəbər tutan ermənilər geri çəkilərkən Dirov dağında gizlənənlərin heç birinə aman vermədən onları öldürmüşdülər. Dirov dağında tapılan insan skletləri də bu faktı təsdiqləyir.

Erməni silahlılarına qarşı Salyan qəzasının vətənpərvər insanları özünümüdafiə dəstələri təşkil etmişdilər. Bu işdə Salyanın nüfuzlu ruhaniləri böyük rol oynamışlar. Xüsusilə Mirbağir ağanın xidmətləri qeyd olunmalıdır. O, qəza əhalisini azğın kafirlərə qarşı cihada çağırmışdır. Mirbağır ağa Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə kömək üçün məktubla müraciət etmişdir. Ağa özünümüdafiə dəstələrinin yaradılmasını qəzanın mərd və ədalətli şəxsi Kərbəlayı Rəşidə tapşırmışdı. Ərəbbəbirxanlı kəndində gedən döyüşlərdə salyanlı özünümüdafiə dəstələri cəsarətlə vuruşub qəhrəmancasına həlak olmuşlar. Səməd ağa məscidi ətrafında gedən döyüşdə həlak olanların məzarları günümüzə qədər qalmaqdadır. O dövrdə kənd əhalisinin əksəriyyətində silah yox idi. Əkinçilik və maldarlıqla məşğul olan dinc kənd sakinləiri odlu silahla necə rəftar edildiyini belə bilmirdilər. Kür Qaraqaşlı kəndində ovçuluqla məşğul olan Ağabəylilər nəslinin ov tüfəngləri var idi. Onlar yerli özünümüdafiə dəstələrinə daxil olaraq əhalinin qorunmasında qəhrəmanlıq göstərmişlər. Onların içərisində Əli bəy Ağabəylinin fədəkarlığı xüsusilə söylənilməlidir.

Erməni-rus hərbi qüvvələri Kür Qaraqaşlıya çatdığı gündən bir gün əvvəl köməyə gələn türk hərbi qüvvələri Salyanda Kür çayı boyunca yerləşib mövqe tutmuşdular. Yerli könüllülərlə birlikdə keçmiş çar ordusunda xidmət etmiş vətənpərvər azərbaycanlı mayor Nazim Ramazanovun hərbi qüvvələri də onlara qoşulmuşdular. 5-ci Qafqaz ordusundan 100 nəfərə yaxın türk hərbi qüvvələri Salyana – köməyə gəlmişdi. Kür Qaraqaşlı kəndində Kür çayının Qaraboğaz adlanan ərazisində yerli könüllülər və türk əsgər və zabitləri döyüşə hazır vəziyyət aldılar. Qazılmış səngərlərdə türk əsgərləri ilə yerli özünümüdafiə qüvvələri birlikdə yerləşirdilər. Salyanlı könüllülər sırasında Əli bəy Ağabəyli, Kərbəlayı Rəşid, Qaçaq Usub və neçə-neçə qoçaq igidlər var idi. Döyüş 1918-ci il iyunun 28-də baş verdi. Nəsir Yücəərin "Birinci Dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı” kitabının 106-cı səhifəsində oxuyuruq: "İyunun 28-də türk dəstəsinə hücum edən düşmən qoşunları bir nailiyyət əldə edə bilmədi, iyunun 29-da düşmənin sağ tərəfdən mühasirəyəalma təşəbbüsü milis atlıları tərəfindən dəf edildi. İyulun 2-nə dəqər davam edən toqquşmada düşmən çox pis biçimdə parçalandı və pərişan bir vəziyyətdə, milis süvari alayının təqibi altında cənuba çəkilmək məcburiyyətində qaldı”.

Türklərin atdığı top atəşləri nəticəsində düşmənin bir gəmisi-"Demosfen,, vurulub sıradan çıxarılır. Gəmilərin daha 3-ü ağır, 2-si isə yüngül zədə aldı. Salyanda baş vermiş birinci döyüşdə türk dəstəsindən 12 süvari şəhid olmuş, 17 süvari isə yaralanmışdı. Düşmən tərəf isə 192 nəfər ölmüş, 408 nəfər yaralanmışdı. Bu faktlar 5-ci Qafqaz piyada firqəsi ərkanı hərb rəisi Rüşdü Türkərin "Böyük hərbdə Bakı yollarında” kitabında qeyd edilmişdir.

Salyanda ikinci ağır vuruşma 1918-ci il iyulun 12-də Novavasilyevka-Bankə xəttində olmuşdur. Döyüşdə düşmənin böyük hissəsi məhv edilmişdir. Xilas ola bilənlər isə gəmilərlə qaçmışlar. Milli dövlətimizin hərbi qüvvələri və onlara köməyə gələn qardaş türk hərbçilərinin köməyi olmasaydı, Salyanda insan qırğınlarının sayı daha da çox olardı. Salyan döyüşlərində şəhid olmuş türk əsgər və zabitləri müsəlman qaydasında böyük ehtiramla dəfn edilmişdir. On nəfər türk hərbçisi Seyidlər kəndində (Neftçala rayonu) dəfn edilmişlər. Salyanda türk paşası Ömər paşa və bir nəfər naməlum türk əsgəri dəfn olunmuşdur. Şəhid olmuş qardaş türk əsgər və zabitlərinin hərb rəisi Rüşdü Türkərin söylədiyi kimi, onların məzarları insanların ziyarət yerinə çevrilmişdir.

Salyan şəhərində soyqırımı qurbanlarının şərəfinə möhtəşəm abidə ucaldılıb. Abidə insanların müqəddəs hesab etdikləri yerdir. Hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü insanlar axın-axın bu abidə önünə gəlir, çiçək dəstələri gətirir, o faciədə şəhid olmuş bütün doğma insanların, o cümlədən qardaş köməyinə gəlib bizlərdən ötrü canını qurban vermiş türk oğullarının əziz xatirəsini anırlar. Abidə önünə tər gül dəstələri qoymaqla onların ruhlarına öz hörmət və ehtiramlarını ifadə edirlər.

Sahib HƏSƏNOV,

Salyan şəhər 4 saylı məktəbin tarix müəllimi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM