31 Mart 2020 21:33
671
CƏMİYYƏT
A- A+

Bakıda dağıdılan memarlıq abidələri

31 mart azərbaycanlıların soyqırımı günüdür


1918-ci il martın 30-da şəhərdə atəş açıldı. Bu, daşnak-bolşevik birləşmələrinin Bakı Sovetinin rəhbərliyi altında törədəcəkləri dəhşətli qırğınların, böyük faciələrin ilk səsi, sədası oldu. Bakının və onun qədim sakinlərinin qara günləri başladı. Sonrakı günün səhəri daşnak-bolşevik birləşmələri azərbaycanlıların yaşadıqları məhəllələrə, evlərə hücum etdilər. Planı çoxdan hazır olan soyqırımı xüsusi amansızlıqla həyata keçirirdilər. Günahsiz insanlara işgəncələr verir, diri-diri yandırır, evlərinə od vururdular.

Düşmənin hədəfində yalnız Bakının müsəlman əhalisi deyildi. Mart qırğınlarında həm də bu şəhərin maddi sərvətləri talanırdı. Ermənilər qədim, gözəl Bakının sinəsinə dağ çəkir, mənəvi dəyəri böyük, gözoxşayan, hərəsi bir tarix olan tikililərini dağıdırdılar.

Edamına qərar verilmiş "İsmailiyyə”

İndi bu barədə tarixi sənədlər, həmin faciəli günlərdə çəkilmiş fotoşəkillər "danışır”. Hadisələrin tədqiqinə hələ yaralar isti ikən, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanıldı. Bu məqsədlə Nazirlər Şurası 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyanın o zaman topladığı çoхsaylı materiallar daşnak-bolşevik birləşmələrinin soyqırım törətdiklərini təsdiqləyən təkzibedilməz faktlardır.

Sənədlərdən birində 1918-ci ildə Bakıda azərbaycanlılara qarşı aparılan soyqırımda başı bəlalar çəkən "İsmailiyyə”dən bəhs edilir. Bildirlir ki, bir dəstə daşnak əsgəri Şaumyanın adamları ilə "Cəmiyyəti - хeyriyyə”nin qarşısına gəlib o binayi-müqəddəsə, o möhtəşəm imarətə, o müəzzəm binaya хainanə bir surətdə od vurdular, onu yandırdılar.

Seyid Hüseyn xain düşmənlərin, erməni milli polkunun "İsmailiyyə”ni işğal etdiyini yazırdı: "...oradakı müxtəlif təşkilatların kağız-dəftərlərini qarışdırır, bəzi şeylər arayırdılar. Bu qədər müxtəlif təşkilatlardan bir kərəlik xilas olmaq, daha doğrusu, xalqda doğan muxtariyyət fikrini əbədən basmaq üçün bu fikrə pərvəriş verən İsmailiyyənin edamına qərar verilmiş, ona düşmən əli ilə od vurulmuşdu”.

Bazar və Qubernski küçələrinin tinində yerləşən "İsmailiyyə”yə ermənilər elə zərər vurdular ki, bu möhtəşəm tikili uçmaq təhlükəsi ilə üzləşdi. 1919-cu ildə binanı bu səbəbdən sökmək istədilər. Seyid Hüseyn həyacanla yazırdı: "Eybakılı qardaş, ey azərbaycanlı vətəndaş, niyə dayanıb baxırsan? İsmailiyyənin, hər vaxt böyük salonunda öz gələcəyin üçün gün ağladığın İsmailiyyənin qarşısına gəl! Onu səndən ayırırlar! Onu lüzumsuz bir meyit kimi dəfn edirlər. Həm də sənin gözünün qabağında dəfn edirlər!”.

Yaxşı ki, o zaman "İsmailiyyə”ni məhv etmədilər. 1921-ci il mayın 21-də binanın təmirinə başlanıldı...

Yandırılan, dağıdılan məscidlər...

Müsəlman əhalisinə qarşı soyqırıma başlayan daşnak-bolşevik birləşmələri martın 31-də "İsmailiyyə” binası ilə yanaşı, "Kaspi” qəzetinin redaksiyasını və mətbəəsini, mətbəədə Qurani Kərimin yenicə çap olunmuş 5 min nüsxəsini yandırıb külə döndərdilər. Uzaqvuran toplarla Təzəpir məscidini atəşə tutdular. Tədqiqatçı Anar İsgəndərov yazır ki, Erməni Milli Şurası, "Daşnaksütyun” rəhbərliyi və Bakı Soveti qurumu Azərbaycan xalqının birliyinin təmin olunmasında Təzəpir məscidinin oynadığı rolu yaxşı bilirdilər: "Belə ki, türk-müsəlman əhalisinə qarşı soyqırıma əvvəldən hazırlıq görən erməni daşnak qüvvələri şəhərdə şaiyə yaydılar ki, guya din xadimlərinin fitvası ilə müsəlmanlar rus millətindən olanları qırır, evlərini yandırırlar. Ermənilər rus matroslarını bu şaiyəyə inandıra bildilər. Şaiyəyə inanan rus matrosları gəmilərdən Bakının müsəlman məhəllələrinə bir neçə top atəşi açdılar. Çəmbərəkənddə bir neçə tikili, o cümlədən məktəb, hərbi xəstəxana və yetim uşaqların evi top atəşi ilə dağıdıldı. Ermənilər rus matroslarını Təzəpir məscidini top atəşinə tutmağa çağırırdılar. Matroslardan biri gəmidəki uzaqvuran topla Təzəpiri atəşə tutmağa başladı. Birinci top mərmisi Təzəpirin həyətində partladı. Məscidin həyətində çaxnaşma başlayanda din xadimlərindən biri adamları sakitləşdirib, ağ bayraq götürüb məscidin damına sancmaq üçün yuxarıya qalxdı. İkinci top mərmisi məscidin lap qabağına düşdü, ətrafa səpələnən qəlpələrdən məscidin pəncərə şüşələri çilik-çilik olub yerə töküldü. Üçüncü mərmi isə məscidin yan divarına dəyərək onu möhkəm zədələdi. Məscidin həyəti xarabalığı xatırladırdı. Matroslar şəhərdə ruslara qarşı heç bir qırğının törədilmədiyini yəqin edəndən sonra top atəşini dayandırdılar”.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində Bakı şəhərinin keçmiş rəisi Ter-Mikaelyantsın Təzəpir məscidinə pənah aparmış əliyalın azərbaycanlı əhaliyə qarşı hər cür zorakılıqlar etməyi, hətta lazım gələrsə, məscidi belə yandırmaq əmrini verdiyi qeyd olunub. Ancaq kinli, qəddar daşnaklar bu məkrli planı həyata keçirə bilmədilər...

Həmin faciəli günlərdə Şirvanşahlar sarayı da ziyan gördü. Ermənilərin atdığı top mərmiləriŞah məscidininminarəsini zədələdi. Şirvanşahlar Sarayı kompleksinə daхil olan Keyqubad məscidi isə məhv edildi.

Şirvanşahlar saray kompleksininyuxarı həyətində,saray binasının arxasında,Seyid Yəhya Bakuvitürbəsininqarşısında yerləşən bu tikilinin ХIV əsrin yadigarı olduğu bildirilir. Tədqiqatçılar məscidin sifarişçisinin - 1317-1343-cü illərdə hakimiyyətdə olmuş Şirvanşah I Keyqubadın adı ilə adlandırıldığını qeyd edirlər. Bu tarixi məscidi ermənilər 1918-ci ildə yandırdılar.

Mart soyqırımı zamanı daşnak-bolşevik birləşmələri on iki mindən çox dinc əhalisini qətlə yetirdikləri, nadir, milli memarlıq nümunələrini, məktəblərini, xəstəxanalarını, məscid və digər abidələrini dağıtdıqları Bakının xeyli hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər yerlərdə də eyni qəddarlıqla həyata keçirildi, dinc əhali kütləvi şəkildə məhv edildi, kəndlər yandırıldı, tikililər, milli abidələr dağıdıldı.

Zöhrə FƏRƏCOVA, 
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video