31 Mart 2020 20:52
2305
İQTİSADİYYAT
A- A+

İlham Əliyevdən növbəti genişmiqyası iqtisadi və sosial paket

Prezident Azərbaycanın bu çətin sınaqdan da şərəflə çıxacağını bəyan etdi

Bəşəriyyəti vahiməyə salan koronavirus pandemiyası dünya dövlətlərinə hərtərəfli zərər vurmaqda davam edir. Qlobal problemin fəsadları dünya ölkələrində həm də iqtisadi və maliyyə böhranı yaradır.
Əlbəttə ki, bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərməkdədir. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığı işçi qrupları yaradılıb. Bu işçi qrupların əsas fəaliyyət dairəsi məşğulluq məsələlərini təhlil edib təklif vermək, iqtisadi sabitliyi, iqtisadi inkişafı təmin etmək, makroiqtisadi sabitliyi qorumaq və ölkənin maliyyə vəziyyətini təhlil edib ilin sonuna qədər bu sahədə də lazımi əlavə tədbirlərin görülməsindən ibarətdir. Artıq işçi qrupları tərəfindən yeni iqtisadi və sosial paketin təklifləri hazırlanıb.

Prezident bir daha ölkə vətəndaşlarını məsuliyyətli olmağa çağırdı

Martın 31-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərək hazırlanan təkliflərlə maraqlandı və onun dərhal icrasına başlanılması tapşırığını verdi.

Öncə ölkəmizdə koronavirusa qarşı mübarizə sahəsində görülən tədbirlərdən danışan dövlət başçısı dedi ki, artıq bu istiqamətdə yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə minib. Yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Ancaq dövlət tərəfindən qəbul edilmiş bütün qərarlara və atılmış addımlara baxmayaraq, əfsuslar olsun ki, dinamika artır və bunun əsas səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Çünki Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib və bu gün də digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət daha əlverişlidir.

Ölkədəki mövcud vəziyyəti dəyərləndirən dövlət başçısı bir daha ölkə vətəndaşlarına tövsiyələrini verdi: "Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır. Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram. Lazım olmayan vaxtlarda küçələrə çıxmasınlar. Dünən dərc edilmiş və elan olunmuş qaydalara tam əməl etsinlər. Özlərini, öz yaxınlarını, həkimləri qorusunlar. Çünki həkimlər öz həyatlarını risk altına atırlar. Polis işçilərini qorusunlar, necə ki, polis işçiləri onları qoruyur və öz həyatlarını risk altına atır. Ona görə mən vətəndaşlardan bir daha məsuliyyət tələb edirəm və ümid edirəm ki, Azərbaycan vətəndaşları bu məsuliyyət hisslərini nümayiş etdirəcəklər”.

Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün yeni sosial paket hazırlanır

Hazırlanan dövlət dəstəyi proqramı barədə məlumat verən Iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramını Prezidentə təqdim etdi. Bəlli oldu ki, 9 istiqamət üzrə proqram hazırlanıb.

Birinci və ikinci proqramlar pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramlarıdır. Üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramıdır. Bu, əhatəli proqramdır. Burada əhatə dairəsi, ilk növbədə, mənfi təsir altında olan sektorlara ünvanlansa da, onların bəziləri daha da genişdir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı(dördünücü proqram) da hazırlanıb. Bu proqramın həcmi 500 milyon manat təşkil edir. Beşinci proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu, daha da böyük həcmdə olan - 1 milyard manatlıq bir proqramdır. Burada həm qismən dövlət büdcəsinin, həm də ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket dövlət başçısına ayrıca təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir.

Həmçinin ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı səkkizinci istiqamət kimi müəyyənləşdirilib. Doqquzuncu proqramın istiqaməti əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramıdır. Qeyd edilir ki, insanlar evdə daha çox vaxt keçirdiyinə görə elektrik enerjisi sərfiyyatı artır. Ona görə də burada limitlərin genişləndirilməsi təklif olunur.

Əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət ödəyəcək

Dövlət başçısı isə vurğuladı ki, bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq. Məqsəd ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və onların rifahıdır.

Təqdim edilən təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır, onlara əməkhaqlarının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dövlət tərəfindən ödəniləcək: "Azərbaycan dövləti bir daha öz sosial siyasətini burada göstərməlidir və göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz bunu dəfələrlə sübut etmişik... Hesab edirəm ki, bütün bu işləri düzgün qura bilsək, - mən buna şübhə etmirəm, - biz bu çətin sınaqdan da şərəflə çıxa biləcəyik”.

Əlbəttə ki, bu proqramlar postpandemiya dövründə inkişafa hesablanıb. Yəni hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına çalışır. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dəstək mexanizmləri üzərində hazırda iş gedir.


Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video