31 Mart 2020 14:14
505
CƏMİYYƏT
A- A+

Evdə qalın – salamat qalın


Qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri hələ ki, nəticə vermir.

Dünya Səhiyyə Təşkilatının martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs bu infeksiyaya yoluxub, 30 mindən artıqinsan vəfat edib. Azərbaycanda hələlik 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Göründüyü kimi, son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları getdikcə çoxalır. Artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov də ötən gün mətbuata açıqlamasında daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkdiklərini etiraf edib: "Təəssüf ki, hələ də insanlar koronavirus təhlükəsini dərk edə bilmir. Xəbərimiz olmadan bu virusun daşıyıcısı ola bilərik. Ona görə də məcburi şəkildə xüsusi karantin rejimi tətbiq olundu. Çünki insanlar əvvəl bu məsələyə ciddi yanaşmırdı. Məsələn, kimsə darıxıb evə qonaq çağırır. Halbuki insanlarla təmasda olmaq təhlükəlidir”.

Bəli, təəssüf ki, əhalinin əksər hissəsi hələ də Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən olunmuş qaydalara, qadağalara, sosial izolyasiya tədbirlərinə ciddi əməl etmir. Elə ona görə də ölkədə xüsusi karantin rejimi hər gün daha da gücləndirilir. Bu gündən isə Azərbaycan vətəndaşlarına küçəyə çıxmaq qadağan edilir. Koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət bu gündən 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır. Məqsəd insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaqdır.

Hazırda koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir. Artıq ölkə və vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub. Günbəgün, saatbasaat yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur. Bunun da əsas səbəbi vətəndaşların çox vaxt bilmədən bir-birini yoluxdurmasıdır. Mütəxəssislər vurğulayır ki, virusun inkubasiya dövrü uzundur, 14 gün ərzində özünü biruzə verə bilir. Yəni hansısa şəxs koronavirusa yoluxmuş olsa belə, xəstəlik əlamətləri özünü göstərmədiyi üçün bundan xəbərsiz olur və bilmədən, istəmədən başqasını bu infeksiyaya yoluxdurur. Qısası, hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir.Odur ki, Dünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında operativ qərargahın tələb və qaydalarına riayət edin, özünütəcrid tədbirlərinə uyğun davranın, zərurət olmadığı təqdirdə çölə çıxmayın. Özünüzü, ailənizi, ətrafınızı qorumaq istəyirsinizsə, məsuliyyətli olun, evdə qalın – salamat qalın.


Xəyalə MURADLI,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video