31 Mart 2020 09:00
3419
SİYASƏT
A- A+

1920-ci ilin mart hadisələri​ Azərbaycanlıların soyqırımının növbəti mərhələsidir

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

Prezident Ilham Əliyev​: "Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır" 

2018-2020-ci illər ərzində ölkəmizdə ilk cümhuriyyətimizin fəaliyyəti ilə bağlı bir çox tarixi hadisələrin, dövlət təsisatlarının yüzillik yubileyləri geniş şəkildə qeyd edilmişdir. 2020-ci il bu baxımdan istisna olmamış, ilin ilk ayında milli dövlətimizin beynəlxalq birlik tərəfindən de-fakto tanınmasının 100 illiyi elmi ictimaiyyət tərəfindən tariximizin mühüm hadisəsi kimi qeyd edilmişdir. Bu il həm də tariximizin qanlı səhifəsini təşkil edən 1920-ci il mart hadisələrinin və Aprel işğalının da yüz ili tamam olur. Ermənilər 1918-ci ilin martında olduğu kimi, 1920-ci il Novruz bayramı günlərində də əvvəlcədən hazırlanmış plan əsasında Azərbaycanın Qazax, Şuşa, Cavanşir, Zəngəzur, Cəbrayıl, Vedibasar, Naxçıvan, Ordubad bölgələrinə hücuma keçərək, bu torpaqları ələ keçirmək məqsədilə saysız-hesabsız cinayətlər törətmişlər. Ermənilərin əvvəlcədən düşünülmüş, vahid plan əsasında məhz Novruz bayramı günlərində hücuma keçmələrini son vaxtlar onların özləri tərəfindən nəşr edilmiş mənbələr də təsdiq edir. Çox təəssüf ki, həmin günlərdə erməni nizami hərbi hissələri və ayrı-ayrı quldur dəstələri tərəfindən Azərbaycan türklərinə qarşı həyata keçirilmiş kütləvi cinayətlər haqqında nəinki geniş beynəlxalq ictimaiyyət, eləcə də dünya tarixşünaslığı kifayət qədər məlumatlara malik deyillər. Ermənilər isə bundan istifadə edərək müxtəlif ölkələrin mətbuatında 1920-ci ilin mart-aprel aylarında Azərbaycanın bölgələrində baş vermiş hadisələrin mahiyyətini saxtalaşdıraraq guya türklər tərəfindən növbəti soyqırımına məruz qaldıqlarını bəyan edir, hətta qondarma "Şuşa qətliamı”nın 100 illiyini qeyd edir, bir qədər də uzağa gedərək həmin hadisələr zamanı guya on minlərlə erməninin öldürüldüyünü iddia edirlər. Etiraf edək ki, Azərbaycan xalqı 1918-ci ilin mart faciəsi haqqında kifayət qədər məlumatlı olsa da 20-ci ilin mart hadisələri haqqında bunu demək olmaz.

Qədim Azərbaycan torpağı İrəvan bölgəsində yaranmış Ermənistan dövləti ilk günlərdən başlayaraq xarici havadarlarının dəstəyinə arxalanaraq Azərbaycanın Naxçıvan, Zəngəzur, Qarabağ torpaqlarına qarşı ərazi iddiaları irəli sürərək bu torpaqları zor gücünə ələ keçirməyə çalışmışlar. Mövcud olduğu iki il yarım ərzində Ermənistan Respublikasının nizami qoşunları dəfələrlə bu bölgələrə hücum etmiş, saysız-hesabsız qırğınlar törətmişlər.

Zəngəzur diyarı erməni millətçiliyi üçün əsl ölüm-dirim məsələsinə çevrilmişdi. Geosiyasi baxımdan xüsusi önəm kəsb edən Zəngəzurun türk-müsəlman əhalisindən tamamilə təmizlənməsi yolu ilə ələ keçirilməsi erməni strategiyasının əsas hədəflərindən birini təşkil edirdi. Zəngəzuru ələ keçirməklə ermənilər həm Azərbaycanın bütövlüyünü sarsıtmaq, həm də bütün türk dünyasının təbii-coğrafi birliyinə zərbə vurmaq, türk xalqları arasında quru əlaqələrini həmişəlik qırmaq məqsədi güdürdülər. Hərbi və iqtisadi vəziyyətinin ağır olmasına baxmayaraq Ararat Respublikasının rəhbərliyi Zəngəzurda etnik vəziyyəti və hərbi şəraiti öz xeyrinə dəyişmək və bölgəni işğal etmək üçün bütün imkanlarını səfərbər etmiş və çox təəssüf ki, buna da nail olmuşdu. Hələ 1919-cu ilin əvvəllərində Azərbaycan rəhbərliyinin diqqətini ermənilərin Zəngəzurla bağlı məkrli planlarına cəlb edən Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov xəbərdarlıq edirdi ki, Qarabağın və Zəngəzurun əldən verilməsi Naxçıvanın və Ordubadın, ümumiyyətlə, bütün Azərbaycanın itirilməsi demək olardı. Naxçıvana və Ordubada yiyələnməklə isə Ermənistan, Bakı ilə Gəncə arasında bir çiv kimi pərçim olaraq, Azərbaycana öz şərtlərini diktə etdirər, dövlətimizin siyasi qüdrətini və mövcudluğunu təhlükə altına qoya bilərdi. Çox təəssüf ki, sonrakı proseslər, xüsusən Sovet Rusiyası tərəfindən Zəngəzurun Ermənistana verilməsi nəticəsində yaranmış vəziyyət X. Sultanovun uzaqgörənliyini sübut etdi. Ermənilərin həmin illərdə Zəngəzurun türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər bəşər tarixinin ən qanlı səhifələrindən birini təşkil edir. Çox təəssüf ki, erməni millətçiliyinin Zəngəzurda və digər bölgələrdə dinc müsəlmanlara qarşı həyata keçirdiyi soyqırımına indiyədək nəinki obyektiv qiymət verilməmiş, hətta bu soyqırımlar haqqında həqiqətlər dünya ictimaiyyətinə layiqincə çatdırılmamışdır.

1920-ci ilin ilk günlərindən başlayaraq ermənilərin yuxarıda adı çəkilən bölgələrə hücumları daha intensiv hal almışdı. Ermənilər xüsusən hərbi üstünlüyü ələ aldıqları Zəngəzurda qəzanın yerli türk əhalisinə qarşı ağıla sığmaz vəhşiliklər törətmişdilər. Təkcə bir gündə - 1920-ci il yanvarın 19-da erməni nizami hissələri artilleriyadan və ağır silahlardan istifadə edərək 15 kəndi yerlə yeksan etdilər. Dinc əhaliyə qarşı həyata keçirilmiş əməliyyatlar nəticəsində qəzanın bütün müsəlman kəndləri darmadağın edilmiş, əhalisi məhv edilmiş və ya qaçqın düşmüşdü. Zəngəzuru ələ keçirdikdən sonra erməni silahlı dəstələri Qarabağa doğru irəliləyib buradakı erməni dəstələri ilə birləşərək Şuşa qəzasını da ələ keçirmək istəyirdilər. Şuşa istiqamətində onlar bütün Azərbaycan kəndlərini məhv etməyi planlaşdırırdılar. Ermənilər Cəbrayıl qəzasında da hücum əməliyyatlarını genişləndirməyə çalışırdılar. Azərbaycan hökumətinin münaqişənin dinc yolla həll etmək çağırışlarına məhəl qoymayan Ermənistan hakimiyyəti qısa vaxt ərzində bu əraziləri işğal etmək niyyətində idil.

Azərbaycan hakimiyyətinin həyata keçirdiyi hərbi tədbirlər nəticəsində erməni qoşunlarının Zəngəzurun azərbaycanlı əhalinin daha sıx yaşadığı şərq rayonlarını (indiki Laçın, Qubadlı, Zəngilan rayonlarının ərazilərini), Cəbrayıl qəzasını ələ keçirmələrinə imkan verilməmiş, Zəngəzurdakı erməni qoşunlarının Şuşa qəzasında fəaliyyət göstərən üsyançılarla birləşməsinin qarşısı alınmışdı.

Bu hadisələrdən sonra təxminən 1920-ci ilin mart ayının ortalarınadək bölgədə nisbi sabitlik yarandı. Ermənistanın siyasi və hərbi rəhbərliyi bu müddətdə cəbhədə vəziyyəti öz xeyirlərinə dəyişdirmək üçün ciddi hazırlıqlar görür, Zəngəzura ən müasir və ağır sllahlarla təchiz olunmuş yeni qoşun hissələri göndərməkdə davam edirdi. Zəngəzur-Şuşa istiqamətində nisbi sabitliyin yaranmasının əsas səbəblərindən biri də Ermənistan silahlı qüvvələrinin İrəvan quberniyasında, Naxçıvan və Ordubadda yerli azərbaycanlılara qarşı cəza əməliyyatları aparması ilə bağlı idi. Buna baxmayaraq Ermənistan hərbi komandanlığı həm Naxçıvanı, həm də Qarabağı ələ keçirmək üçün Zəngəzurdan bir platsdarm kimi istifadə edir, burada hərbi iştirakını genişləndirməkdə davam edirdi. Qazax general-qubernatoru A. Xoyski Daxili İşlər naziri M. Vəkilova 8 mart 1920-ci ildə göndərdiyi teleqramda Dilicandan dağ yolu ilə Zəngəzura 7 min silahlı yollandığını xəbər vermişdi. Zəngəzurdakı erməni qoşunların tərkibində vaxtilə rus ordusunda xidmət etmiş təcrübəli zabit və əsgərlər var idi. Onlara Njde, Dəli Qazar, Dro, Kazarov, Artaş kimi türk qanına susamış adamlar başçılıq edirdilər. Çaykənd rayonunda hücuma keçmək üçün 2500-3000 silahlı erməni toplanmışdı. Ermənilər Qarabağda da bütün cəbhə boyu hücumlara hazırlaşırdılar.

1920-ci ilin Novruz bayramı günündə ermənilər əvvəlcədən hazırlanmış vahid plan əsasında Qazaxdan Şuşaya, Vedibasardan Ordubada qədər geniş ərazidə hücuma başladılar. "Azərbaycan” qəzetinin 4 aprel 1920-ci il tarixli sayında yazıldığı kimi, "eyni gündə, demək olar ki, eyni saatda müxtəlif məntəqələrdə müsəlmanlara qarşı düşmən hərəkətlərinə başlanıldı. Qarabağda, Ordubadda, Qazaxda, Gəncə rayonunda sanki bir siqnalla, açıq-aşkar xarici iradənin diktəsi ilə erməni silahlı bandaları nizami ordu hissələri ilə birlikdə qəflətən hücuma keçərək Azərbaycanın ürəyinə (Qarabağa – K.İ.) yol tapmağa başladılar. Azərbaycan sərhədlərinə mütəşəkkil hücum dövlətimizin dağıdılmasına yönəlmiş bir planın tərkib hissəsidir”. Hələ 1920-ci il martın 6-da Zəngəzur erməni milli şurası erməni əhalisinə müraciət edərək "əsrlik, amansız düşmənə qarşı sonuncu, ən həlledici döyüşə başlamaq”, "türk qüvvələrinə cavab verərək onları geri otuzdurmaq” çağırışı etdi. Həmin gün Qarabağ ermənilərinin VIII qurultayı da memorandum qəbul edərək Azərbaycan hökuməti ilə bağladıqları 1919-cu il avqust sazişinin qüvvədən düşdüyünü bildirdi. Əlbəttə, bütün bu addımlar İrəvandan gələn təlimatlara və göstərişlərə uyğun atılırdı və faktik olaraq Azərbaycana müharibə elan edilirdi. Müasir erməni təbliğatının iddialarına rəğmən əslində bu faktlar müharibənin kim tərəfindən başlandığına şübhə yeri qoymur. Ermənistanın XİN, Qarabağın millətçi təşkilatları tərəfindən bu müddətdə müxtəlif ölkələrin hökumətlərinə, Paris konfransına və başqa ünvanlara guya Azərbaycanın Zəngəzura və Qarabağa hücum etməyə, erməni əhalisini qırmağa hazırlaşdığı barədə saysız-hesabsız teleqramlar, məktublar göndərilir, bununla da onlar bölgədə həyata keçirməyə hazırlaşdıqları genişmiqyaslı təcavüzə ideoloji-siyasi baza hazırlayırdılar. Erməni mətbuatında Qarabağda Azərbaycan qoşunlarının cəmləşməsi, ermənilərin kütləvi qətli, iqtisadi blokadaya alınması kimi yalan məlumatlar yayılırdı. F.X. Xoyski martın 16-da Ermənistanın Xarici İşlər nazirinə nota göndərərək bu məlumatların yalan olduğunu, Qarabağda qayda-qanunun bərpa edildiyini bildirsə də ermənilərin təcavüzkarlıq planlarının qarşısını almaq mümkün olmadı. Bütün bunlar həm də 1920-ci il martın 22-də müharibənin başlanmasından sonra Ermənistan hökumətinin xarici ölkələrin hökumətlərinə göndərdiyi teleqramlarda guya müharibəni Azərbaycanın başladığı haqda yalanları tamamilə alt-üst edir.

1920-ci ilin Novruz bayramı günlərində ermənilər yaxşı düşünülmüş plan əsasında müxtəlif cəbhələrdə - Böyük Vedidə, Naxçıvanda, Ordubadda, Qarabağda və Zəngəzurda genişmiqyaslı hərbi əməliyyatlara başladılar. Martın 22-dən 23-ə keçən gecə ermənilər böyük sılahlı qüvvələrlə Azərbaycan Ordusunun Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə yerləşən bölmələrinə hücum etdilər. Digər yerlərdə hücum edən ermənilər geri otuzdurulsalar da, onlar Əsgəran postunu qoruyan 50 əsgəri əsir götürərək postu ələ keçirdilər. Martın 22-dən 23-ə keçən gecə 400 nəfərlik erməni silahlı dəstəsi Şuşa şəhərinin azərbaycanlılar yaşayan hissəsini top atəşə tutduqdan sonra hücuma keçdilər. Ermənilərin məqsədi şəhərdəki Azərbaycan qoşunlarının kazarmalarını ələ keçirmək idi. Eyni vaxtda ermənilər Xankəndində yerləşən Azərbaycan ordusunun hospitalına hücum edərək oradakı bütün yaralı əsgərləri qətlə yetirdilər. Lakin Xosrov bəy Sultanovun qətiyyəti sayəsində ermənilər Şuşada acınacaqlı məğlubiyyətə uğradılar. Müxtəlif erməni müəllifləri həmin hadisələr zamanı 500 nəfərdən 30 min nəfərədək erməninin həlak olduğunu iddia etsələr də ( bax:https://ru.wikipedia.org/wiki/%D0%A8%D1%83%D1%88%D0%B8%D0%BD%D1%81%D0%BA%D0%B0%D1%8F_%D1%80%D0%B5%D0%B7%D0%BD%D1%8F) onların əksəriyyəti, o cümlədən erməni əsilli tanınmış Amerika tarixçisi Richard G. Hovannisian hadisələrin ermənilərin üsyanı, müsəlmanlara hücumları nəticəsində baş verdiyini etiraf edirlər (Richard G. Hovannisian. The Republic of Armenia, Vol. III: From London to Sèvres, February-August 1920, p. 152Ğ.

Qarabağda qiyamçı qüvvələrlə əməliyyatlar aparan Azərbaycan Ordusunun diqqətini yayındırmaq üçün Zəngəzura İrəvandan əlavə qüvvələr gətirildi və Azərbaycan kəndlərinə bir sıra hücumlar edildi. Ermənistan qoşunlarının Zəngəzurda və Qarabağda cəmləşməsinin qarşısını almaq və onlara qarşı ikinci cəbhə açmaq məqsədilə Azərbaycan hökuməti Ermənistandakı diplomatik nümayəndəsi ilə əlaqə saxlayaraq Vedibasar və Naxçıvana bütün vasitələrlə təcili kömək göstərməyi və onlara Qarabağ hadisələri (ermənilərin hücumları) haqqında məlumatlandırmağı tapşırdı. Tərtər rayonunda azərbaycanlı könüllülər əks-hücuma keçərək bir sıra erməni kəndlərini (Marağalı, Çaylı, Marquşəvan, Bruc) ələ keçirdilər. Gəncə qəzasından Cavanşir qəzasının erməni mövqelərinə hücum edildi. Burada ermənilər tam məğlubiyyətə uğrayaraq qaçmağa məcbur oldular.

Martın 23-də ermənilər Cəbrayıl qəzası istiqamətində də hücuma keçərək Xıdırlı, Danyerı, Dəvəli kəndlərini yandırdılar. Cəbrayıl qəzasının işğalı təhlükəsi yarandı. Yalnız martın 27-ə buraya əlavə qüvvələrin gəlməsi sayəsində vəziyyəti sabitləşdirmək mümkün oldu. Azərbaycan qoşun hissələrinin Cəbrayıl və Zəngəzur könüllüləri ilə birgə əməliyyatları iki gün əvvəl işğal edilmiş bir neçə kəndi azad etməyə imkan verdi. Ermənilər martın 26-da Zəngəzur qəzası ilə Şuşa qəzası arasındakı kəndləri də ələ keçirərək Gorus-Şuşa yolunu işğal etdilər. Şuşa qəzasına soxulmağa cəhd edən 400 nəfərlik erməni dəstəsi Gerenzurdan hücuma keçərək azərbaycanlılar yaşayan Malxələf kəndini ələ keçirməyə cəhd göstərsə də xeyli itki verərək (20 nəfər öldürülmüş, 2 nəfər əsir götürülmüşdü) geri çəkilməyə məcbur oldu. Əks-hücuma keçən azərbaycanlı dəstələr bir neçə kəndi azad etməyə, əsir və qənimət götürməyə müvəffəq oldular. Martın 25-də Abdallar geri alınmış, 30 erməni əsgəri məhv edilmişdi. Zeyvə cəbhəsində də ermənilər geri otuzduruldu. Cəbrayıl istiqamətində düşmənin bütün hücumları dəf edilsə də düşmən Şuşa qəzasını ələ keçirməyə səy göstərirdi. Gorusda polkovnik Kazarovun komandanlığı altında nizami piyada alayı Şuşa istiqamətində hücuma keçmək üçün dayanmışdı. Dronun Zəngəzurda 7 min partizan dəstəsi var idi. Əsgəran, Bruc rayonunda Dəli Kazarın 4 minədək silahlısı vuruşurdu. Martın 29-da Azərbaycan qoşunlarının başladıqları hücum nəticəsində Şuşa qəzasında Xarxaput, Kürd-Xanabad, Məşədilər, Fərrux kəndləri azad edilsə də ermənilərin əks hücumu nəticəsində bu uğurları davam etdirmək mümkün olmadı. Əlavə qüvvələrin gəlməsi ilə ermənilər martın sonu - aprelin əvvəllərində bir sıra Azərbaycan kəndlərini (Bağırbəyli, Əliyanlı, Müsəlmanlar, Muradxanlı, Fərican, Qaramanlı, Zəngilan, Qubadlı, Dondarlı, Bartaz və s.) ələ keçirərək əhalisini qovub çıxartdılar. Martın 31-də Zəngəzurdakı erməni qüvvələri ilə Qarabağdakı erməni qüvvələri birləşdilər. Nəticədə Zəngəzur qəzasının şimal hissəsi (Dığ, Abdallar və Qubadlı rayonları) ermənilərin tam nəzarətinə keçdi. Azərbaycan Ordusunun Əsgəranı azad etmək cəhdləri də bir nəticə vermədi. Ermənilər bu istiqamətdə yerləşən Malıbəyli, Xankəndi, Xocalı, Kərkicahan kəndlərini və Şuşa şəhərini mühasirəyə aldılar. Hərbi və strateji üstünlük yenə də ermənilərin tərəfinə keçdi. Şuşa və Cəbrayıl qəzalarının işğal olunması təhlükəsi yenidən reallığa çevrildi. Ağdam-Qarabulaq-Cəbrayıl yolunu tutmağa çalışan ermənilər bununla Qarabağın dağlıq ərazisini mühasirəyə almaqla yanaşı, aran Qarabağı da işğal etmək fürsəti əldə etdilər.

Azərbaycan XİN martın 28-də xarici diplomatik missiyalara, Ermənistan və Gürcüstan XİN-ə teleqram göndərərək Qarabağ və Zəngəzurda yaranmış hərbi vəziyyət, Ermənistan hökumətinin öz ərazisindən bu bölgələrə və Azərbaycanla sərhəd ərazilərə əlavə qoşun hissələri göndərdiyi barədə ətraflı məlumat vermişdi. Ermənistan tərəfi yenə də riyakarlıq göstərərək Qarabağda nizami qoşunlarının olmadığını, oraya əlavə qüvvələr göndərmədiyini iddia etmiş, əksinə, Azərbaycan tərəfini 22 avqust 1919-cu il razılaşmasını pozaraq martın 20-dən başlayaraq Qarabağda erməni əhalisini tərk-silah etməyə cəhd göstərməkdə, Qarabağda və Zəngəzurda erməni kəndlərini dağıtmaqda, dinc erməni əhalisini qırmaqda ittiham etmişdi. Ermənistan Qarabağda və Zəngəzurda başladığı təcavüzə haqq qazandırmaq üçün bütün yazışmalarında müharibənin başlanmasına görə günahı Azərbaycan hökumətinin üzərinə atmağa çalışır, bununla da dünya ictimai rəyini aldatmağa çalışırdı. Cənubi Qafqazdakı müttəfiq dövlətlərin ali komissarları aprelin 1-də Azərbaycan və Ermənistan hökumətlərinə müraciət edərək iki dövlət arasında münaqişəli məsələləri din yolla həll etməyə, bölgəyə müttəfiqlərin nümayəndələrindən ibarət komissiya göndərməyə razılıq verməyə çağırdı. Erməni tərəfi onlara cavabında yenə də vəziyyətin mürəkkəbləşməsinə görə bütün məsuliyyəti öz üzərindən ataraq Qarabağdakı hadisələrin Azərbaycanın türk agentlərinin təşkil etdiyi hücumlarının nəticəsi olması, Ermənistanın Qarabağda heç bir hərbi hissəsinin olmaması kimi yalanları təkrar etdi. Eyni zamanda ermənilər Qarabağa komissiya göndərilməsinə o şərtlə razılıq verdilər ki, bu komissiya elan etməlidir ki, "Qarabağ öz arzusuna uyğun olaraq öz taleyini müəyyənləşdirmişdir və qanı bahasına Ermənistana birləşmişdir”. F.X. Xoyski 8 aprel 1920-ci il tarixli notasında ermənilərin məlum hadisələrlə bağlı iddialarının tamamilə yalan olduğunu, dövlətin azadlığına və hətta mövcudluğuna qarşı yönəlmiş üsyanın yatırılması üçün təxirəsalınmaz tədbirlər görməli olduğunu bildirmişdi.

Azərbaycan hökumətinin ölkənin insani, hərbi, maddi-maliyyə imkanlarını səfərbər etməsi sayəsində aprelin əvvəllərində cəbhədə vəziyyəti qismən dəyişdirmək mümkün oldu. Aprelin 3-də Azərbaycan Ordusu yenidən hücuma keçərək sərt müqavimətə baxmayaraq Əsgəranı, sonra isə Kətik, Aranzəmin, Naxçıvanik, Daşbaşı, Qayabaşı, Xanazax kəndlərini geri alaraq erməni qoşunlarının mühasirəyə aldığı Xankəndi və Şuşanı azad etmək üçün irəliyə hərəkət etməyə başladı. Əsgəranın azad edilməsi münasibətilə şəhər və kəndlərdə əhali mitinqlərə çıxmış, cəbhəyə yardım toplanılmışdı. Qurd-Xanabad kəndində Dəli Kazarın öldürülməsi ermənilərin döyüş ruhuna ciddi təsir göstərdi. Aprelin ortalarında başqa cəbhələrdə (Ağstafa-Qazax-Tovuz, Çaykənd-Hacıkənd, Keşişkənd) də ermənilərin irəliləməsinin qarşısı alındı. Xüsusən 1920-ci il aprelin 9-12-da baş vermiş gərgin döyüşlərdən sonra Keşişkəndin ələ keçirilməsi ordunun döyüş ruhunu xeyli yüksəltmişdi. Azərbaycan qoşunları aprelin 14-də Abdallar rayonunda Martiz dağını tutaraq düşməni Zabux çayının o biri tərəfinə qovmuşdu. Hərbi əməliyyatlara rəhbərlik edən general H. Səlimov qoşunları yenidən qruplaşdırdıqdan, silah-sursatla təmin etdikdən sonra aprelin 20-dən sonra Zəngəzur istiqamətdə hücuma başlamağı planlaşdırırdı. H. Səlimov ümid edirdi ki, yaxın günlərdə ermənilərin hücumundan əvvəlki vəziyyət (1919-cu il noyabr ayına qədərki vəziyyət nəzərdə tutulur - K.İ) bərpa olunacaqdır. O yazırdı ki, bizim gənc qoşunlarımız əla döyüşsələr də ifrat dərəcə də mütəəssirdirlər. Azərbaycan Ordusunda təcrübəli zabitlərin olmaması da uğurlu əməliyyatlar aparmağa imkan verməyən əsas amillərdən biri idi.

Martın 21-də başlayan müharibə Ermənistan ordusunda çox ciddi insan itkisinə və maddi tələfata gətirib çıxarmışdı. Lakin Ermənistan rəhbərliyi Zəngəzur və Qarabağda baş verən hadisələr haqqında əsl həqiqətləri öz xalqından gizlədərək, bu bölgədə ermənilərin "tatar başkəsənləri” tərəfindən kütləvi qırğınlara məruz qalması haqqında yalanlar uydururdu. Ermənistan Respublikasının Hərbi nazirinə məruzəsində (20 aprel 1920-ci il) Ermənistan qoşunlarının komandanlığının qərargah rəisi Azərbaycanın Ermənistanın hüdudlarında hərbi əməliyyatlar aparmaqla Türkiyə ilə birləşməyə çalışdığını iddia edərək Azərbaycan qoşunlarına qarşı vuruşan qüvvələrin Ermənistanın nizami qoşunları deyil, "özünümüdafiə dəstələri”, "xalq könüllüləri” olduğunu sübut etməyə, bununla da Ermənistanın Azərbaycan torpaqlarına hərbi müdaxiləsini ört-basdır etməyə çalışırdı. H. Səlimovun yazdığına görə Şuşa qəzasında bütün ermənilər öz ailələrini Zəngəzura göndərmişlər, silah tutmağı bacaran ermənilər isə xırda dəstələrə bölünərək müsəlman kəndlərinə gecələr hücum edərək onları yandırır və yenə dağlara çəkilirdilər. Buna görə də bir sıra qələbələrə baxmayaraq, bütün müsəlman əhalisi böyük vahimə içində idi.

Azərbaycan Ordusunun yeni qüvvələrlə, silah-sursatla və digər vasitələrlə təmin edilməsində ciddi problemlər yaranmışdı. Belə şəraitdə Şuşa istiqamətindən Zəngəzura hücum ağır nəticələrə gətirib çıxara bilərdi. Qoşunların öz qüvvəsini bərpa etməsi üçün zamana ehtiyac var idi. Digər tərəfdən, Qırmızı Ordunun şimaldan Azərbaycan sərhədlərinə yaxınlaşması Azərbaycanın hərbi rəhbərliyinə Qarabağda vuruşan qoşunlara canlı qüvvə göndərməyə imkan vermirdi. Əksinə, rəhbərlik şımal sərhədlərini qorumaq üçün Qarabağdan qüvvə gətirilməsi imkanlarını nəzərdən keçirirdi. Bütün bunlar Qarabağda və Zəngəzurda həlledici tədbirlər görməyi mümkünsüz edirdi.

Nəticədə, istər Azərbaycan Cümhuriyyətinin süqutu ərəfəsində, istərsə də süqutundan sonra Zəngəzurda və Qarabağda hərbi-siyasi vəziyyət mürəkkəb olaraq qalırdı. Njdenin və Dronun burada yuva salmış dəstələri azərbaycanlı əhalini terror etməkdə davam edirdilər. İyulun sonlarında XI Qırmızı Ordu hissələri tərəfindən Zəngəzur ələ keçirildikdən sonra vəziyyət bir müddət sabitləşsə də bolşevik qoşun hissələrin Naxçıvana hərəkət etməsindən istifadə edən Dro və Njdenin dəstələri yenidən Zəngəzura soxuldular və Bazarçayı, Əngəlidi və Gorusu tutdular. Bütün bunlar Zəngəzur müsəlmanlarının vəziyyətinin yenidən pisləşməsinə, yeni qaçqınlar dəstəsinin yaranmasına gətirib çıxardı. Yalnız 1920-ci il avqustun əvvəllərində Sovet hissələrinin keçirdiyi əməliyyatlar nəticəsində erməni qoşunlarına ciddi zərbələr vuruldu. 1920-ci ilin avqust-noyabr ayları ərzində qəzanın müxtəlif yerlərində məhəlli döyüşlər baş verdi. Xüsusən Mehri və Qafan rayonlarını əlində saxlayan Njdenin dəstələri azərbaycanlılar üçün yenə də təhlükə mənbəyi olaraq qalırdı.

1920-ci ilin martında ermənilərin Naxçıvan bölgəsinə də hücumları intensiv xarakter daşıyırdı. Həmin günlərdə erməni vəhşiliyinə məruz qalmış bölgələrimizdən biri də Ordubad mahalı oldu. Martın 21-də səhər saat 10-da Njdenin başçılığı ilə 10.000 nəfərlik erməni ordusu Zəngəzur tərəfdən üç istiqamətdə hücuma keçərək Ordubadın 16 kəndini dağıtmış, bu kəndlərin əhalisini qırmışlar. Sağ qalmış əhalinin bir hissəsi Ordubad şəhərinə sığınmış, bir hissəsi isə İrana keçməyə məcbur olmuşdu. Bu zaman bir çox insan Arazı keçərkən həyatlarını itirmişdi. Türk kəndlərinə qarşı vəhşiliklərdə Njdenin dəstəsi ilə yanaşı dünənə qədər onların himayəsi altında yaşayan qonşu erməni kəndlərinin silahlı dəstələri də fəal iştirak etmişlər. Əlbəttə, ordubadlılar işğalçılara qarşı layiqli müqavimət göstərmişdilər, lakin ən müasir silahlarla silahlanmış nizami qoşun hissələrinin qarşısını almaq mümkün olmamışdı. Kəndləri məhv etdikdən sonra ermənilər Ordubad şəhərini də ələ keçirməklə bölgəni tamamilə işğal etmək niyyətində idilər. Ordubad və Naxçıvanın işğal edilməsi ermənilərin əsas strateji planlarından biri idi. Bu bölgələrə ermənilər mühüm ərzaq mənbəyi olmaqla yanaşı Ermənistanı Zəngəzur və Qarabağla birləşdirən strateji ərazi kimi baxırdılar. Onlar bu bölgələri ələ keçirməklə həm də Azərbaycanla Türkiyə arşındakı quru əlaqəni kəsmək, bütün Türk dünyasını parçalamaq məqsədi güdürdülər. Ermənilər Ordubadın dinc türk əhalisinə qarşı ağlasığmaz vəhşiliklər törətməklə həm də 1919-cu ilin sonlarında burda aldıqları məğlubiyyətin əvəzini çıxmaq istəyirdilər. Xüsusən onlar özləri üçün strateji məntəqə hesab etdikləri Əylisin itirilməsi ilə heç cür barışmaq istəmirdilər. Yalnız türk zabiti Ədib bəyin başçılığı ilə Naxçıvandan gəlmiş hərbi yardım sayəsində ermənilər öz məqsədlərinə nail ola bilmədilər. Aza kəndi yaxınlığında Ədib bəyin Naxçıvandan gətirdiyi 800 nəfərlik dəstə ilə erməni qoşunu arasında baş verən döyüşdə sonuncular ağır məğlubiyyətə uğrayaraq Zəngəzura qaçmağa məcbur oldular. Sonrakı günlərdə ermənilər Ordubada bir neçə dəfə hücum etməyə cəhd etsələr də, onların bu cəhdləri uğursuz oldu. Bununla da Ordubadın ermənilərin əlinə keçməsinin qarşısı alındı. Digər cəbhələrdə də ermənilərə ağır zərbələr endirilirdi. Vedibasar rayonunda Abbasqulu bəy Şadlinskinin başçılığı ilə yerli azərbaycanlılar erməni quldur dəstələrinə inadlı müqavimət göstərdilər. Qərb istiqamətində hücumlarını sürətləndirən Naxçıvan qüvvələri İrəvanın 8 km-liyinə qədər gəlib çatmışdılar. Azərbaycan hökuməti naxçıvanlılara birbaşa hərbi yardım göstərə bilməsə də, onlara siyasi-diplomatik dəstəyini davam etdirirdi. Bölgədə baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan mətbuatında Naxçıvan və Ordubad ətrafında baş verən hadisələrlə bağlı mütəmadi yazılar dərc edilirdi.

Ermənistanın nizamı ordu hissələrinin hücumlarına məruz qalan bölgələr arasında Gəncə quberniyasının Qazax və Gəncə qəzalarının sərhəd məntəqələri də var idi. 1920-ci ilin aprelin 5-də erməni silahlı dəstələri Qazax qəzasının Yaradullu kəndinə hücum edərək bütün əhalisini qırmışdılar. Hücumlarını davam etdirən ermənilər Tatlı kəndinə də hücum etsələr də kəndin sakinləri qonşu kəndlərin sakinləri ilə birgə kəndi qoruyub saxlamağa müvəffəq olmuşdular. Qəzanın Axuş, Tovuz, Qala (Qalaboyun) və digər kəndləri də ermənilər tərəfindən dağıdılmışdı. Bu vəhşiliklər general Baqdasarovun komandanlığı altında erməni qoşunları tərəfindən həyata keçirilmişdi. Aprelin 9-da atəşin dayandırılması haqqında razılıq əldə olunsa da erməni tərəfi bu dəfə də sazişi pozaraq hücuma keçmiş və Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrimli, Əyrizli, Quşçu və başqa kəndlərini yandırmışdılar. Ermənilərin bu hərəkətləri ilə bağlı Azərbaycan Xarici İşlər naziri F.X. Xoyski üç dəfə (6, 8, 12 aprel tarixlərində) Ermənistan tərəfinə öz etirazını bildirsə də erməni qoşun hissələrinin Qazax qəzasının Ermənistanla sərhəd kəndlərinə hücumları davam edirdi.

Gəncə quberniyasının narahat bölgələrindən biri də Gədəbəy rayonu idi. Bu rayonun bir çox erməni kəndlərində, o cümlədən Çardaxlı kəndində mütəşəkkil hərbi dəstələr fəaliyyət göstərirdi. İrəvandan mütəmadi olaraq hərbi yardım alan bu dəstələr qonşu müsəlman kəndlərinə mütəmadi hücumlar edirdilər.

Çox təəssüf ki, bu dövrdə Azərbaycan hökumətinin həyata keçirdiyi hərbi və diplomatik xarakterli tədbirlər ermənilərin Qərbi Zəngəzuru (Sisian, Qafan, Gorus və Mehri rayonlarını) işğal etmək cəhdlərinin qarşısını ala bilmədi. Bu isə sonda Qarabağda vəziyyətin yenidən gərginləşməsi, Qərbi Zəngəzurun işğalı, bölgənin müsəlman əhalisinin kütləvi qırğını və deportasiyası, Naxçıvanın Azərbaycanın əsas ərazisindən ayrı düşməsi ilə nəticələndi.

Kamran İsmayılov,
 tarix üzrə fəlsəfə doktoru, dosent



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video