19 Mart 2020 00:48
824
İQTİSADİYYAT
A- A+

Hökumət qlobal şoklara qarşı tədbirləri gücləndirir


Müasir dünya ağlasığmaz təlatümlər içindədir. Həm ictimai-siyasi, həm də iqtisadi proseslər gərginlik nöqtəsinə çatmışdır. Üzücü münaqişələr və uzun sürən müharibələr ölkələri ağuşuna almış, onları sivil dünyanın aqibətini həll edən proseslərdən təcrid etmişdir. Mövcud çətinliklər azmış kimi, ildırım sürəti ilə inkişaf edən yeni qlobal şoklar yaranmış və bir çox ölkə həlli müşkülə çevrilən siyasi və iqtisadi problemlərin, humanitar fəlakətlərın sınaqlarından keçmək məcburiyyətində qalmışdır.

Koronavirusa yoluxanların sayı yüz minlərlə, ölənlərin sayı isə minlərlə ölçülür. Mahiyyət etibarı ilə planetar fəlakət baş vermişdir. Biz onun qarşısında hətta Avropanın inkişaf etmiş ölkələrinin belə aciz qaldığını görürük. Yalnız İtaliyada ölənlərin sayı 2 min nəfərdən çoxdur. Bunun arxasınca neft bazarında qiymətlərin "çökməsi” baş vermiş və dünya iqtisadiyyatı yeni böhran dalğasıyla üzləşmişdir.

Yeni təhlükələrin Azərbaycana olan təzyiqlərini azaltmaq üçün Prezident İlham Əliyev ciddi addımlar atır, müvafiq göztərişlər verir. Nazirlər Kabinetinin yenidən formalaşması, struktur islahatlarının aparılması, yeni təyinat alan yüksək çinli məmurların qarşısında ciddi tələblərin qoyulması bu istiqamətdə atılan addımlardır.

Artıq Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirmiş və sistemli surətdə yeni çağırışlara cavab tədbirlərini reallaşdırmaqdadır. İlk olaraq koronavirusun yayılmasının qarşısının alınması istiqamətində ciddi addımlar atılır. Artıq xeyli müddətdir ki, Nazirlər Kabinetinin yanında operativ qərargah ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün fəaliyyət göstərir.

Maarifləndirmə işləri aparılır, sərhəd-keçid məntəqələrində xüsusi qaydalar və zəruri qadağalar tətbiq edilir. Hökumətin bu məqsədlə təsdiq etdiyi Tədbirlər Planı səmərəsini çox gözlətmir. Ölkəmizdə virusa yoluxanların sayının az olması görülən tədbirlərin faydalılıq əmsalının yüksək faizini təsdiq edir.

Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin zamanında və sürətlə reallaşdırılması məqsədilə Dünya Səhiyyə Təşkilatı ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələr dəqiqliklə icra edilir. Əldə edilən nətcələr həm də insanların dövlətə güvəncini artırır. Lakin ən əsası yenə də hər bir kəsin evində, ailəsində və işində virusun yayılmasının qarşısını almağa imkan verən gigiyenik qaydalara tam məsuliyyətlə əməl etməsinin vacibliyini anlamaqdır. Dövlət vətəndaşların sağlamlığını necə qoruyursa, hər kəs də özünü, evini, iş yerini qorumaqla ümumi işə öz töhfəsini verməlidir.

Hökumətin diqqət ayırdığı ikinci əsas məsələ neftin məlum səbəblərdən kəskin ucuzlaşmasının Azərbaycana təsirlərinin azaldılmasıdır. Bu işdə isə valyuta bazarında tələb-təklifin tənzimlənməsi, manatın sabitliyinin qorunması, inflyasiyanın nəzarətdə saxlanılması və bazarlarda spekulyasiyalara yol verilməməsidir ki, Azərbaycan hökuməti də bu tələblərin öhdəsindən uğurla gəlir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şokların Azərbaycana olan təsirlərinin azaldılması üçün hökumətin fəaliyyəti barədə açıqlamasında belə deyir: "Xüsusilə sosial proqramların tam icrası nəzarətə götürülüb. Ünvanlı sosial yardım, ictimai işlər, özünüməşğulluq, kirayə mənzil, icbari tibbi sığorta, sosial ipoteka kimi sosial layihələr tam icra ediləcəkdir. Cari ildə dövlət büdcəsinin sosialyönlü xərcləri 10,4 milyard manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 2,6 milyard manat və ya 33,5 faiz çoxdur. Cənab Prezidentin tövsiyəsinə uyğun olaraq özəl sektor da mövcud iş yerlərinin saxlanılması və yeni iş yerlərinin açılmasında fəal olmalıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq kiçik və orta sahibkarlığın daha geniş miqyasda dəstəklənməsi və ölkədə sərmayə qoyuluşunun artırılması istiqamətindəki tədbirlər xüsusi olaraq iqtisadi artımın dayanıqlılığının təmin edilməsinə hesablanıb”. Vüsal Qasımlı onu da qeyd edir ki, bu ilin ilk iki ayında əsas kapitala yönəldilən vəsaitlər 12,7 faiz artmışdır və hökumət bu tempin saxlanılmasında maraqlıdır.

Xüsusi vurğulanmalıdır ki, dövlət başçısı iqtisadi prosesləri daim diqqət mərkəzində saxlayır, sosial məsələlərin həllində güzəştsiz mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərək ondan pensiya təminatı ilə bağlı, xüsusilə bu il yanvarın 1-dən görülmüş işlər haqqında məlumat verməsini tələb etməsi bu diqqətin nəticəsidir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video