19 Mart 2020 00:31
1104
Səhiyyə
A- A+

Qlobal pandemiyadan qorunmaq Azərbaycan dövlətinin prioritet məsələsidir


Qlobal pandemiya elan edilən yeni koronavirusa (COVID-19) qarşı dünya səfərbər olub. Dünya Səhiyyə Təşkilatının (DST) ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin etibarlı müdafiəsi və hazırkı qlobal problemin təsirindən qorunması Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir.

Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusla bağlı Azərbaycan xalqına müraciətində bir daha vurğulayıb ki, ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir.

Mehriban xanım Əliyeva bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb.


Xaricdəki vətəndaşlarımızın ölkəyə qaytarılması üçün çarter reyslər həyata keçirilir


Azərbaycanda tətbiq olunan sosial izolyasiya tədbirlərinə əsasən, ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınıb, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilib. Kino, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb.

AZAL martın 18-nə keçən gecədən etibarən Azərbaycan vətəndaşlarının qaytarılması üçün çarter reysi yerinə yetirir.

"Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib. Həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reysləri davam edir.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı dövlət sərhədi müvəqqəti bağlanıb. Ötən gün saat 00:00-dan etibarən iki ölkə arasında gediş-gəliş məhdudlaşdırılıb. Martın 17-də isə Moskvanın Domodedovo hava limanından 23:45-də sonuncu müntəzəm Moskva-Bakı aviareysi həyata keçirilib. Martın 18-dən etibarən Rusiyada olan Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslərin həyata keçirilməsinə başlanılıb.

Moskvadan Bakıya yalnız Azərbaycan vətəndaşlarını daşıyacaq üç çarter reysinin həyata keçirilməsi planlaşdırılır. Bu reyslər Moskvanın "Domodedovo” və "Vnukovo” hava limanlarından həyata keçiriləcək. Eyni ilə bir çarter reysi isə Sankt-Peterburqdan Bakıya həyata keçiriləcək.

Ölkədaxili qatarların hərəkəti dayandırılır

Martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.

"Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı, Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı, Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı, Bakı-Yalama-Bakı elektrik qatarı və Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarının hərəkəti dayandırılır.

Martın 18-dən 29-dək olan tarixlər üçün bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır.

Bakı metrosunda dezinfeksiya işlərinin 3-cü mərhələsinə başlanılıb. "Bakı Metropoliteni”ndən verilən məlumata görə, qrafik üzrə ötən gecənin işləri 00:45-də "Sahil” stansiyasında başlanıb. Daha sonra "İçərişəhər” stansiyasında aparılıb. Stansiya və qatarlarla yanaşı, metropolitenə məxsus inzibati binalar da dezinfeksiya olunur.


Koronavirusla bağlı 1542-0 nömrəli xətt istifadəyə verilib


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşların icbari tibbi sığorta ilə bağlı müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, agentliyin səlahiyyətinə aid olan məsələlərə operativ baxılması məqsədilə "1542” nömrəli "Çağrı” mərkəzi istifadəyə verilib.

Agentlikdən bildirilib ki, vətəndaşlar koronavirus epidemiyası, icbari tibbi sığorta sistemi, sığortahaqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, Xidmətlər Zərfi, işə qəbul və s. barədə məlumat ala, qurumun və tibb müəssisələrinin fəaliyyətinə dair şikayət, tələb və təkliflərini bildirə bilərlər.

"Çağrı” mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qeyd edək ki, "Çağrı” mərkəzi Novruz bayramındakı qeyri-iş günlərində də işləyəcək.


Teledərslər bayrama görə dayandırılacaq


Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət” kanalında yayımlanan "Dərs vaxtı” proqramının yayımı müvəqqəti dayandırılacaq. Məlumata əsasən, bu gün teledərslərin keçiriləcəyi son gün olacaq. Dərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq.

Qeyd edək ki, koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində dərslərin dayandırılmasından sonra martın 11-dən Azərbaycan dili bölməsi, martın 16-dan başlayaraq isə həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət” kanalında "Dərs vaxtı” adlı teledərslərə start verilib. Proqramda teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Bildirək ki, peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslər olacaq. Artıq ötən gündən teledərslərin çəkilişinə başlanır və bayramdan sonra həmin teledərslər yayıma başlayacaq.


Karantində olanlara bayram sovqatı paylanıb


İlaxır çərşənbə münasibətilə Masallı Rayon Mərkəzi Xəstəxanasında karantində saxlanılan şəxslərə bayram sovqatı verilib. Xəstəxananın xüsusi geyimli işçiləri bayram xonçası ilə karantin otaqlarına daxil olub və karantində olan şəxslərin bayramını təbrik ediblər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün verdiyi məlumata əsasən, Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.


Dünyanın koronavirus mənzərəsi


Dünya Səhiyyə Təşkilatının COVID-19-la bağlı rəsmi statistikasına görə, dünyada virusa yoluxanların sayı 200 mindən çox, həlak olanların sayı 7989 nəfər, sağalanların sayı 82 779 nəfərdir. Pandemiya elan olunan epidemiya 167 ölkədə yayılıb.

Son bir gündə Çində yeni növ koronavirusdan ölənlərin sayı 11 nəfər, virusa yoluxanların sayı 13 nəfər artıb, daha 922 nəfər sağalıb.

Çinin Dövlət Gigiyena və Sağlamlıq Komitəsi açıqlama yayıb ki, epidemiyanın yayıldığı bütün zaman ərzində ölkədə yoluxmuş insanların sayı 81,1 minə çatıb, onlardan 69,7 min nəfəri sağalıb, 3237 nəfəri ölüb. Ölkədəki vəziyyət, demək olar ki, sabitdir: 31 bölgədən 14-də, ümumiyyətlə, heç bir yoluxma halı olmayıb, digər 16 əyalət, inzibati rayon və mərkəz tabeli şəhərlərdəki xəstəxanalarda yoluxanların sayı bir nəfərdən bir neçə yüz nəfərə qədər dəyişir.

İtaliyada son sutka ərzində yeni növ koronavirusun yaratdığı xəstəlik nəticəsində ölənlərin sayı 345 nəfər təşkil edib. Ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli açıqlamasında deyib ki, ilk yoluxma halının qeydə alındığı dövrdən bəri ümumilikdə 2,5 mindən çox insan bu virusun qurbanına çevrilib. Ölənlərin sayının 120 olduğu Lombardiya bölgəsinin məlumatlarına görə, İtaliyanın digər bölgələrində də ölənlərin sayı artır. İnfeksiyaya yoluxmanın tempi hələ ki azalmır. Pandemiyanın başlanğıcından bu yana yoluxanların sayı 31,5 minə çatıb, bundan əvvəl 27980 nəfərin yoluxduğu bildirilmişdi.

Türkiyədə koronavirusdan 89 yaşlı bir kişi dünyasını dəyişib və bununla da ölkədə ilk ölüm halı qeydə alınıb. Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, ötən gün daha 51 nəfərdə koronavirus testlərinin nəticələri müsbət çıxıb, beləliklə yoluxma sayı 98-ə çatıb.

Gürcüstanda koronavirusa yoluxmuş şəxslərin sayı 38 nəfər olub. Ölkədə koronavirus şübhəsi ilə karantində saxlanılanların sayı isə 1130 nəfərdir.

Gürcüstanın Səhiyyə naziri Ekaterina Tikaradze bildirib ki, ölkədə koronavirus hallarının artması nəzarətdən çıxarsa, əhali kütləvi koronavirus testindən keçirilə bilər.

Nazir deyib ki, Gürcüstan bu məsələ ilə bağlı Çin və Cənubi Koreya ilə danışıqlar aparır və bu metodun tətbiqi ilə bağlı onlardan tövsiyələr gözləyir. O əlavə edib ki, koronavirusa yoluxma halları artmaqda davam edəcəksə, ölkədə tədris prosesinin yenidən dayandırılması tövsiyə olunacaq.

Ötən gün Ermənistanda koronavirusa yoluxanların sayı 84 nəfərə çatıb.

Almaniyada koronavirusun yeni növünə yoluxanların sayı 9877 nəfər olub. Son məlumata görə, virusa yoluxma nəticəsində 26 ölkə vətəndaşı ölüb.

ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı 114 nəfərə çatıb. Federal dairələrdən və ştatların rəsmi nümayəndələrindən əldə olunmuş məlumatlara əsasən, ölkədə 6496 koronavirus daşıyıcısı qeydiyyata alınıb, 17 nəfər sağalıb. Yoluxma halı artıq bütün 50 ştatda və Kolumbiya federal dairəsində müşahidə edilib.

Serbiya Nazirlər Kabineti koronavirus infeksiyasının yayılması ilə əlaqədar ölkədə komendant saatının tətbiq edilməsi barədə qərar qəbul edib. Ölkə Prezidenti Aleksandar Vuçiç açıqlamasında deyib ki, axşam saat 20:00-dan səhər saat 05:00-dək bütün vətəndaşların küçələrdə gəzməsi qadağan olunur. Serbiya ordusu bütün sərhədlərə, xəstəxanalara, miqrasiya mərkəzlərinə nəzarəti öz üzərinə götürür. Ordu silahlı olacaq. Nazirlər Kabineti şəhərlərdə 65 yaşdan yuxarı, kəndlərdə isə 70 yaşdan yuxarı şəxslərin küçəyə çıxmasına qadağa tətbiq edib. 18 mart tarixində saat 10:00-dan etibarən 65 yaşdan yuxarı, kəndlərdə isə 70 yaşdan yuxarı insanların küçəyə çıxması tamamilə qadağan olunur.

Qeyd edək ki, Serbiyada koronavirusa yoluxanların sayı 83 nəfərə çatıb, iki nəfər ağır vəziyyətdədir. Ölkə epidemiya ilə mübarizə məqsədilə Rusiya və Çindən kömək istəyib.

Fransada epidemiyanın başlanğıcından bu günədək koronavirusun yeni növünə 7,7 mindən çox yoluxma halı qeydə alınıb, 175 nəfər virusdan ölüb. Ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomonun açıqlamasında bildirilir ki, hazırkı dəqiqədə təsdiqlənmiş yoluxma hallarının sayı 7730-dur, 175 nəfər ölüb. Hər üç gündən bir yoluxma halları ikiqat artır. Onun sözlərinə görə, ölənlərin 7 faizi 65 yaşdan aşağı olan şəxslərdir. Yaşlı insanlarda xəstəliyin ağır keçməsi halları müşahidə edilir: "Ümumilikdə 2579 nəfər xəstəxanalara yerləşdirilib. Bu o deməkdir ki, 5 min insan sağalaraq evə buraxılıb”.

Böyük Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 18 nəfər artaraq 71 nəfərə çatıb. İngiltərənin Milli Səhiyyə Sisteminin yaydığı məlumatda bildirilir ki, analizlərinin nəticələri müsbət çıxan daha 14 nəfər dünyasını dəyişib. Qeyd edək ki, bazar ertəsi günü axşam krallıqda virusdan ölənlərin sayının 53 nəfər olduğu deyilirdi. Bildirildi ki, ölənlərin hamısı digər xəstəliklərdən də əziyyət çəkən şəxslər olub. Onların hamısının yaşlı insanlar olduğu deyilir, yalnız bir nəfər 45 yaşında olub.

Afrika ölkəsi olan Qambiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.


İranda 103 yaşlı qadın koronavirusa qalib gəlib


İranın Simnan şəhərində koronavirusa yoluxan 103 yaşlı qadın sağalıb. Simnan Səhiyyə Elmləri İnstitutunun rektoru Nəvid Danai bildirib ki, ahıl qadın xəstəxanada koronavirusdan müalicə olunaraq evə buraxılıb.

Məlumata görə, koronavirusdan yaşlıların sağalması hadisəsi əvvəl də olub. Çinin Uhan şəhərində 100 yaşlı, İranın Bəm şəhərində isə 91 yaşlı xəstə sağalıb.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 988 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 178 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 16 169 nəfərə çatıb. K.Cahanpur, həmçinin 5 389 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq, 17 əyalətə girişi qadağan edib.


Peyvənd sınaqları


Martın 17-də ABŞ-da koronavirusa qarşı peyvəndin ilk klinik təcrübəsinə başlanılıb. Seattle-dəki Kaiser Permanente araşdırma mərkəzinin mütəxəssisləri dörd könüllüyə peyvəndin eksperimental dozasını vurublar. Peyvənddə virusdan götürülmüş genetik kod var. Preparat insana COVID-19 yoluxdurmur. Ekspertlər deyirlər ki, onun və hazırlanmaqda olan digər peyvəndlərin effekti bir neçə aya məlum olacaq.

Milli Səhiyyə İnstitutunun maliyyələşdirdiyi, heyvanlar üzərində təcrübə mərhələsi edilməyən bu sınağa eyni vaxtda bir neçə şəxs cəlb edilib. Məqsəd peyvənd nəticəsində immun sisteminin aktivləşdiyinə əmin olmaqdır. Peyvəndin istehsalçısı Moderna Therapeutics şirkəti bəyan edib ki, preparat yaxşı yoxlanılmış və müsbət nəticələr vermiş proses vasitəsilə hazırlanıb. Araşdırmaçılar ümid edirlər ki, yeni peyvənd sayəsində insan orqanizmini virusla mübarizəyə hazır vəziyyətə gətirə biləcəklər. Ancaq təcrübə uğurla nəticələnsə belə, peyvəndin kütləvi tətbiqi 18 ay sonra baş tuta bilər.

İtalyan həkimlər də təcrübə terapiyası çərçivəsində koronavirusun yeni növünün müalicəsi məqsədilə revmatoid artritdən preparat qəbuluna başlayacaqlar. İtaliya Farmasevtika Agentliyinin direktoru Nikola Maqrini məlumat verib ki, revmatoid artritdən preparat qəbuluna başlanıb və ilkin nəticələr ümidvericidir. Tədqiqat dərmanın təsiri araşdırılacaq 330 xəstəni əhatə edəcək. Mütəxəssisin sözlərinə görə, preparat virusa səbəb olan iltihab effektini aşağı salır.

Qeyd edək ki, koronavirus epidemiyasının mərkəzi Çinin Uhan şəhərində işləmək təcrübəsi olan bir qrup çinli mütəxəssis artıq İtaliyaya gəlib.


Ölkəmizdə koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib


Məlum olduğu kimi, hazırda bəzi xəbər saytları və sosial şəbəkələrdə koronavirusla bağlı əsası olmayan müxtəlif materiallar yayımlanır, onların bəziləri isə nəinki yanlışdır, hətta sağlamlıq üçün ciddi təhlükə törədir.

Elə bu səbəbdən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM ) koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və profilaktika məqsədi ilə yeni sayt hazırlayıb. İzləyicilərin ixtiyarına verilən www.koronavirus.az veb saytında təsdiqlənmiş, sübutlu təbabətə əsaslanan materiallar yer alır.

Ölkəmizdə koronavirusla mübarizə ilə bağlı tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Çünki bütün bunlar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələbi var.

Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar, ilk növbədə, onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı DST və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov COVID-19-un əlamətlərini sadalayıb. O bildirib ki, yeni koronavirusun əlamətləri digər tənəffüs yolu xəstəliklərinə oxşardır və xüsusi əlamətləri yoxdur: "Dünya Səhiyyə Təşkilatının bu yaxınlarda verdiyi statistik rəqəmlərə baxsaq, yeni koronavirus üçün ən çox qeyd olunan əlamət qızdırmadır. İkinci sırada quru öskürək, üçüncü yorğunluq, halsızlıq, digər sıralarda isə bəlğəm, nəfəs darlığı, boğaz və qarın ağrısı kimi əlamətlər yer alır.

DST-nin Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edib. Beynəlxalq təşkilat bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmağa və həyatları xilas etməyə çağırıb: "Siz də təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video