Alternative content

22:33 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronaviruslar, təkamülü, davamlılıq mexanizmləri və onlara qarşı mübarizə yolları: keçmiş, bu gün və gələcək risklər
Koronaviruslar, təkamülü, davamlılıq mexanizmləri və onlara qarşı mübarizə yolları: keçmiş, bu gün və gələcək risklər
ANA SƏHİFƏ / Səhiyyə
00:29 19.03.2020


Dünyanın artıq 162 ölkəsində qeydə alınmış koronavirus öz coğrafiyasını durmadan genişləndirməkdədir. Bu virus insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, dünya iqtisadiyyatını da böyük bir təhlükəyə sürükləməkdədir.

Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Bu gün əsas məsələ panikaya qapılmamaq, boş və heç bir əsası olmayan dezinformasiyalara inanmamaqdır. Bu mövzuda əhali arasında maarifləndirmə işləri daha da gücləndirilməlidir.

İlk dəfə olaraq, 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyi aşkar edilmişdir. Çox böyük sürətlə yayılan naməlum virus mənşəli pnevmoniyanın başlanması barədə 31 dekabr 2019-cu ildə Çin hökuməti tərəfindən Dünya Səhiyyə Təşkilatına məlumat verilib. İlk vaxtlarda 2019-nCoV adlandırılan bu xəstəliyə 11 fevral 2020-ci il tarixindən COVID-2019 adı verilib. Çin alimləri tərəfindən xəstəlik törədicisinin yeni koronavirus SARS-CoV-2 olduğu müəyyən edilib.

Ümumiyyətlə, viruslar aləmi bitki və heyvan aləmi ilə müqayisədə olduqca zəngin növ müxtəlifliyə malikdir. Viruslar müxtəlif növlər arasında genlərin təbii ötürücü vasitələri olub, genetik müxtəliflik yardaraq təkamülü istiqamətləndirir. Hesab olunur ki, viruslar ilkin təkamüldə, Yerdə həyatın ümumi axırıncı universal əcdadı dövründə əsaslı rol oynamışdır. Viruslar bu gündə də Yerdə tədqiq olunmamış genetik müxtəlifliyin canlı xəzinəsidir. Virus - latıncadan tərcümədə "zəhər” mənasını verir, hüceyrədənkənar yoluxdurucu agent olub, yalnız canlı hüceyrə daxilində çoxala bilir. Viruslara bütün canlı orqanizmlərdə - bitkilər, heyvanlar, bakteriyalar və arxeylərdə belə rast gəlinir. 1892-ci ildə ilk dəfə rus mikrobioloqu Dmitriy İvanovski tərəfindən viruslar kəşf olundu. XX əsrin II yarısında 2000-dən artıq virus açıqlandı. 2002-ci ildə ilk sintetik virus yaradıldı. Viruslar bütün digər orqanizmlərdən fərqli olaraq genetik informasiyanın saxlanılmasına görə 2 böyük qrupa bölünür: DNT-genomlu viruslar və RNT-genomlu viruslar. Lakin bütün virusların "həyat strategiyası” eynidir: hüceyrəyə daxil olmaq, öz genetik materialını hüceyrəyə sirayətləndirmək və daxil olduğu hüceyrəni virus istehsal edən "fabrikə” çevirmək.

Hər gün minlərlə insan öldürücü virusa yoluxur, yüzlərlə xəstə həyatını itirir. Dünya iqtisadiyyatının əksər sahələri, xüsusilə turizm sektoru, beynəlxalq ticarət, yanacaq sənayesi, digər sahələr iflic vəziyyətinə düşməkdə, fond birjaları çökməkdədir. Təqribi hesablamalara görə, son 2.5 ay ərzində dünya iqtisadiyyatı 5 trilyon dollardan çox itkiyə məruz qalmışdır və bu itki günbəgün böyüyür. İnsanın inanmağı da gəlmir ki, bütün bunların səbəbkarı mikroskopik varlıqlardır. Həmin varlıqlar, onların növləri və təkamülü, törətdikləri kütləvi epidemiya və pandemiyalarbu gün çox ciddi problemlərə səbəb olur.

Dünya Səhiyyə Təşkilatı 1980-ci illərə qədər xüsusilə təhlükəli infeksiyaların reyestrinə 4 infeksiyanı (Taun (Pestis - Plague), Vəba (Cholera), Təbii çiçək (Variola vera - Smallpox) və Sarı qızdırma (Yellow fever))daxil etmişdi.1980-ci ildə DST Assambleyası vaksinasiya sayəsində Təbii çiçəyin ləğvinə nail olunduğu haqda hesabat vermişdi. Hal-hazırda bu infeksiyalar qrupuna Hemolitik qızdırmalar (Denqe, Lassa, Marburq, Ebola, Qərbi Nil qızdırması), ağır kəskin respirator sindrom koronavirusu (SARS) da daxil olmuşdur.

Xüsusilə təhlükəli olan A qrip virusu insan və heyvanlar üçün ağır epidemiya törədicisi olmasına görə və tələfat törətdiyi üçün daha təhlükəli hesab edilir və H1-dən H16-ya qədər antigenlərlə təmsil oluna bilir. Quş qripinin H5 və H7 serotipi ölümcül sayılır. A virusunun bir neçə ştamı xüsusilə seçilir:

- A(H1N1) ştamı - donuz qripi (1918-1919-cu illərdə "ispan qripi” adı ilə planetdə 55-100 milyona yaxın insan həyatına son qoymuşdur).

- A (H1N2) - quş qripi

- A (H5N1) - quş qripi

- A (H3N2) - Honkonq qripi

- A (H3N8) - it qripi, yalnız itlərdə rast gəlinir, insanlarda qeyd edilməmişdir.

Daha bir, xüsusi təhlükəli epidemiya törədicisi koronaviruslardır. Dünyanı təhdid edən bu varlıq və ondan qorunmağın yolları haqqında son 3 ayda kifayət qədər müxtəlif, o cümlədən bir-birini təkzib edən məlumatlar yayılmışdır.

Koronavirusun adı latınca "corona” sözündən götürülmüşdür ki, bu da "tac”, "çələng” mənalarını verir. Buna səbəb virusun elektron mikroskop görüntülərində Günəş tacını xatırladan zolaqların olmasıdır. Bu morfologiya virus tikanının peplomerləri vasitəsilə yaranır, bu zülallar virusun səthini örtərək sahibin tropizmini təyin edir. Koronaviruslar 1960-cı illərdə kəşf edilmişdir. İlk dəfə toyuqlarda yoluxucu bronxit virusu, daha sonra insan koronavirusu 229E və insan koronavirusu OC43 olaraq adlandırılmışdır. Sonrakı dövrlərdə bu ailənin başqa üzvləri - 2003-cü ildə SARS-CoV, 2004-cü ildə HCoV NL63, 2005-ci ildə HKU1in, 2012-ci ildə MERS-CoV və 2019-cu ildə 2019-nCoV-2 kimi formalar kəşf edilmişdir.

Yeni 2019-nCoV-2 koronavirusunu bütün viruslar arasında çempion adlandırmaq olar. Cünki koronaviruslar (+) bir zəncirli RNT genomlu viruslar arasında ən böyük genoma malikdir. Virusların sahib orqanizmdə adaptasiyası daha çox virus genomunun uzunluğundan asılıdır. Viruslar üçün genomun ölçüsü sanki "intellekt” rolunu oynayır, genom nə qədər böyük olarsa, onların sağ qalmaları üçün müxtəlif strategiyalar işlətməsi və müxtəlif ətraf mühit təsirlərinə cavab verməsi asanlaşır. Kiçik genoma malik olan viruslar bir qayda olaraq möhkəm örtüklə qorunur. Böyük genoma malik olan viruslar isə daha yüksək patogenlik - kontaqioz xüsusiyyəti göstərməklə yanaşı, daha çox bir neçə sahib orqanizmi yoluxdurmaq qabiliyyətinə malik olur. RNT viruslar özləri (+) və (-) olmaqla 2 qrupa ayrılır. (+) RNT zəncirli viruslar birbaşa öz zülallarını kodlaşdırır, (-)RNT zəncir isə neqativ kopiya olduğundan zülal kodlaşdıra bilməsi üçün (+) zəncirli RNT-yə çevrilməlidir. Bu virusların reproduksiyası üçün əlavə bir mərhələdir.

Koronaviruslar Nidovirales dəstəsinə, Coronaviridae fəsiləsinə və Coronavirinae yarımfəsiləsinə daxildir. Bu yarım fəsiləyə dörd cins aiddir: Alfakoronavirus, Betakoronavirus, Qammakoronavirus və Deltakoronavirus. RNT-dən asılı RNT-polimerazanın (RdRp) genom sahəsinə əsaslanan molekulyar saat analizinə əsaslanaraq, alimlər 4 koronavirus cinsinin ümumi əcdadının (tMRCA) eramızdan əvvəl 8100-cü ildə meydana çıxdığını göstərirlər. Alfakoronavirus, Betakoronavirus, Qammakoronavirus və Deltakoronavirusların MRCA-sının müvafiq olaraq, təxminən e.ə 2400, 3300, 2800 və e.ə 3000-də ortaya çıxdığı göstərilir. Eyni zamanda koronavirusların təbii təkamül tarixinə düzgün qiymət verilmədiyi, koronavirusun tarixinin əvvəlki hesablamalardan fərqli olaraq daha qədim olması haqqında da mülahizələr mövcuddur. Herpesviruslar, lentiviruslar, bornaviruslar, filoviruslar və foamy viruslar da daxil olmaqla bir çox DNT və RNT virusları kimi koronaviruslar qədim viral nəslə malikdirlər.

Müxtəlif koronaviruslar fərqli sahib spektri və toxuma tropizmi nümayiş etdirirlər. Adətən alfakoronavirus və betakoronavirus məməliləri yoluxdurur. Əksinə qammakoronoviruslar və deltakoronaviruslar quşları və balıqları, bəziləri isə məməliləri də yoluxdura bilir. 2019-cu ilə qədər altı koronavirusun insanı yoluxdurduğu və kəskin respirator xəstəliklərə səbəb olması məlum idi. HCoV-229E, HCoV-OC43, HCoV-NL63 və HKU1 yuxarı tənəffüs yollarının yüngül xəstəliklərinə səbəb olur, nadir hallarda isə onlardan bəziləri körpələrdə, kiçik yaşlı uşaqlarda və yaşlı insanlarda ağır infeksiyalara səbəb ola bilir. Koronavirusların 2003-cü ildə müəyyən olunmuş növü SARS (Severe acute respiratory syndrome), yarasalarla transmissiya olunan atipik pnevmaniyaya səbəb olur. SARS virusu ilk dəfə Asiyada qeydə alınmış, daha sonra digər kontinentlərə yayılmışdır. Dünya Səhiyyə Təşkilatı (DST) bu virusun koronavirusların yeni növü olduğuna qərar vermiş və SARS-CoV adlandırmışdır. ~ 8000 insanın bu virusa yoluxduğu, 10% -nin isə həyatını itirdiyi güman edilir. Koronavirusların digər növü MERS virusu 2012-ci ilin sentyabr ayında Orta Şərqdə identifikasiya edilmiş və Novel Coronavirus 2012, rəsmi olaraq Middle East respiratory syndrome coronavirus (MERS-CoV) adlandırılmışdır.

DST tərəfindən ilkin olaraq 2019-nCoV, Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitə tərəfindən isə SARS-CoV-2 (ağır kəskin respirator sindrom koronavirusu - 2) adlandırılan virus koronavirusların yeni ştamı olmaqla, eyni zamanda Uhan koronavirusu, Uhan dəniz məhsulları bazarının sətəlcəm virusu və Uhan sətəlcəmi kimi də tanınır. Təkzəncirli RNT virusu olan yeni koronavirusun genomunun genetik ardıcıllığı oxunmuşdur. Virus ağır kəskin respirator sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) genetik ardıcıllıqla ən azı 70% bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10-15 günə qədər davam edir və xəstəlik simptomların başlamasından əvvəl yoluxucu olur.

Ədəbiyyatlarda verilən məlumatlara görə, yeni koronavirusun əmələ gətirdiyi xəstəliyi 4 mərhələyə bölmək mümkündür. Birinci mərhələ 7 gündən 10 günə qədər davam edir və "virusemiya” adlanır. İlkin dövrdə bu daha çox adi soyuqdəyməni xatırladır. Situasiya 9-cu gündən başlayaraq 14-cü günə qədər davam edən bir müddətdə kəskin dəyişir. Çünki bu vaxt orqanizmlərin epitel hüceyrələrinin zədələnməsi prosesi başlayır. Nəfəs yollarının anatomik məkanında mikroorqanizmlərin və bakteriyaların kolonizasiyası baş verir, bu isə xəstəni ölümə doğru aparan bir mərhələdir. Əgər xəstəlik həmin mərhələdə nəzarət altına alınmasa, infeksiyaya yoluxmuş insanda kəskin tənəffüs çətinliyi sindromu və ya kardiogen olmayan ağciyər ödemi başlayır. Burada artıq insan süni nəfəs aparatına qoşulmadan yaşaya bilməz. Xəstəliyin dördüncü mərhələsi isə artıq immunosupressiya dövrüdür. Bu isə insanın anadangəlmə və qazanılmış immunitetinin zədələnməsi deməkdir. Eyni zamanda xəstəliyə təhlükəli "Pseudomonas aeruginosa” çubuqları və göbələklər kimi aqressiv patogenlər də qoşulur.

Yeni 2019-nCoV-2 koronavirusu isə aşağı tənəffüs yollarını yoluxduraraq insanda pnevmoniyaya səbəb olur, lakin simptomları SARS və MERS-lə müqayisədə daha zəifdir. Yeni SARS-CoV-2 virusunun filogenetik analizi onun SARS-CoV virusu kimi Betakoronaviruslar (Beta-CoV B) qrupuna aid olmasını göstərmişdir. Son məlumatlara əsasən SARS-CoV-2 virusunun 26 genomu ayrılmış və öyrənilmişdir. Nəticədə təkamül tendensiyası ilə özünü göstərən minimum 7 müxtəlif mutasiyanın baş verdiyi məlum olmuşdur. Təhlükəli, lakin gözlənilən viruslardan məsələn, donuz taunu və s. fərqli olaraq koronaviruslar böyük RNT genomuna və yüksək dərəcədə mutasiya etmək qabiliyyətinə malik olduğu üçün gözlənilməz dəyişkənliyə uğraya bilirlər. Donuz taunu virusu ən böyük DNT genomuna malik virus olmasına baxmayaraq, mutasiya tezliyi koronaviruslarla müqayisədə olduqca aşağıdır. Tədqiqatlar göstərir ki, 2019-nCoV-2 koronavirusu mutasiyalar nəticəsində yeni atipik və patogen xüsusiyyətlər əldə edərək təhlükəli virus izolyatına çevrilmişdir. Bu virusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, insan xəstəlik simptomların başlamazdan əvvəl artıq yoluxucu olur. Kaliforniya Universitetinin Genomika Elmi-Tədqiqat İnstitutunun əməkdaşları 2019-nCoV virusunun biomolekulyar kodunu tam açaraq UCSC Genome Browser on Wuhan market virus Jan. 2020 (ASM985889v3/wuhCor1) Assembly qeydiyyat nömrəsi altında Genbanka daxil ediblər. Bu Genbankda məlumatların toplanmasına 2000-ci ildən "İnsan genomu” layihəsi ilə başlanılmış və bu günə qədər insanla yanaşı, bir sıra digər orqanizmlərin genomları da Genome Browser qrafik interfeysində rahatlıqla izlənə, yüklənə və analiz oluna bilən şəkildə yerləşdirilmişdir. Məlumat bazası, eyni zamanda CRISPR-genom redaktə interfeysinə də malikdir. UCSC Genome Browser-in aparıcı mütəxəssisi Xiram Klouson koronavirusun biomolekulyar strukturunun tədqiqinin bu virusa qarşı yeni mübarizə tədbirlərinin aşkarlanmasında böyük əhəmiyyətə malik olduğunu bildirmişdi. Virus nümunələri bütün dünya üzrə elmi laboratoriyalarda tədqiq edilərək onların genetik kodları vahid NCBI bazasında yerləşdirilmişdir. 2019-nCoV-2 virusunun genomunun 29 903 nukleotid cütündən ibarət sadə bir zəncirli RNT genomuna malik olması müəyyən edilmişdir. 2019-nCoV-2 virusu 10 genlə kodlaşır və virusun insan hüceyrələrinə yayılmasında S-zülalların əsas rol oynaması göstərilir.

Virusun biomolekulyar koduna əsasən aparılmış zülal modelləşməsi göstərmişdir ki, virusun reseptor-birləşdirici S-zülalı insanın angiotenzinçevirən ferment 2 (AÇF 2) zülalına qarşı kifayət qədər yüksək affinliyə malik olmaqla yanaşı, hüceyrəyə daxil olmaq üçün ondan giriş nöqtəsi kimi istifadə edir. 2020-ci ilin yanvar ayının sonunda Çin və ABŞ-da 2 qrup alim bir-birindən asılı olmayaraq məhz AÇF 2 zülalının SARS-CoV-2 virusunun reseptoru rolunu oynadığını sübut etmişdilər. Yeni koronavirus genomu, eyni zamanda 1008 insan SARSCoV, 338 yarasa SARS-a oxşar CoV və 3131 insan MERS-CoV də daxil olmaqla digər koronaviruslarla müqayisə edilmişdir. Müqayisəli analiz göstərdi ki, onlar demək olar ki, identikdirlər və yalnız 5 nukleotid fərqlidir. Amin turşu səviyyəsində 2019-nCoV ilə SARS-CoV arasında kifayət qədər oxşarlıq mövcud olsa da, nəzərə çarpan fərqlər də var. Bu fərqlərin 2019-nCoV-nun funksionallığına və patogenezinə necə təsir göstərdiyini xarakterizə etmək üçün gələcək tədqiqatlar tələb olunur. Ümumilikdə, 2019-nCoV (HB01), SARS və SARS-a oxşar virusların uyğun konsensus ardıcıllıqları arasında 380 amin turşusu əvəzləməsi baş vermişdir.

Koronaviruslar öz genomlarında beş struktur zülalını kodlaşdırır. Bunlara spayk (S), membran (M), örtük (E) qlikoproteinləri, hemaqlütinin esteraza (HE) və nukleokapsid zülalları (N) aiddir. E və N zülalları bütün viruslarda, HE isə yalnız bəzi beta koronaviruslarda mövcuddur. Bundan başqa, hesab olunur ki, bu zülalların qarşılıqlı təsiri nəticəsində bütün virus hissəcikləri bir yerə yığılır. S qlikoproteinləri virusun xaricində yerləşir və virusa tipik formanı verir. S zülalları homotrimerləri formalaşdırır və günəşəbənzər morofologiyanın əmələ gəlməsinə səbəb olur. S-zülallar virusun membranı ilə C-sonluqlu transmembran sahələri ilə birləşir və M-zülalları ilə də qarşılıqlı təsirdə olurlar. Virionlar S-zülalların N-sonluğu ilə sahib hüceyrənin plazma membranında xüsusi səth reseptorları ilə birləşə bilir. M qlikoproteinlərin üç transmembran sahəsi vardır. M qlikoproteinləri Holci aparatında qlikozilləşir. Zülalın bu modifikasiyası virionun hüceyrə ilə birləşməsi və zülalın antigenə çevrilməsi üçün çox vacibdir. M zülal hüceyrə daxilində olan virionların regenerasiyasında mühüm rol oynayır. N zülalı genom RNT-si ilə birləşərək kompleks formalaşdıran zaman M zülalı, endoplazmik şəbəkə və Holci aparatının aralıq hissəsində (ERGIC) bu komplekslə qarşılıqlı təsirə girərək virionların meydana gəlməsinə səbəb olur. E qlikoproteinləri kiçik zülallar olub, təxminən 76-109 amin turşusundan təşkil olunur. E zülallarının N-sonluğunda təqribən 30 amin turşu virusların membrana birləşməsinə imkan yaradır. Bundan başqa, koronavirusların E zülalları hüceyrə daxilində virionların yığılmasında və onların morfogenezində mühüm rol oynayır. N zülallarfosfoproteinlər olub, spiralla birləşmək qabiliyyətinə malikdirlər və virusun genom RNT-si ilə kompleks əmələ gətirir. Virionun quruluşunda, koronavirusların replikasiyasında və transkripsiyasında mühüm rol oynayırlar. Belə ki, bu zülallar koronavirusların replikasiya/transkripsiya sahələrində və virusların toplandığı ERGİC sahəsində lokalizə olunurlar.

Koronavirusların replikasiyası sahib hüceyrənin sitoplazmasında baş verir. Viruslar əsasən spayk zülalları vasitəsilə hüceyrənin səthindəki reseptorlara birləşirlər. S zülalı reseptorla birləşdikdə quruluşda konformasiya dəyişiklikləri baş verir və virusun hüceyrəyə daxil olması başlayır. Endositoz ilə müşahidə olunan bu proses Ph-dan asılıdır. Sitoplazmaya daxil olduqdan sonra virus hissəciyi RNT genomunu buraxır. N zülalının koronavirusun replikasiyasında mühüm rol oynadığı məlum olsa da, bu prosesdə bu zülalın oynadığı konkret rolu məlum deyildir. Lakin aparılan tədqiqatlar göstərmişdir ki, N zülalının nsp3lə qarşılıqlı əlaqəsi, infeksiyanın ilkin mərhələlərində virusun replikasiyasında kritik rola malikdir.


Molekulyar divergensiya nəticəsində koronavirusun yeni ştamı yaranmışdır


Pekin Universitetinin və Şanxayda Lui Paster adına İnstitutun tədqiqatçıları tərəfindən aparılan tədqiqatlar zamanı məlum olub ki, SARS-CoV-2 virusu artıq molekulyar divergensiyaya məruz qalmışdır. 103 sayda SARS-CoV-2 genomunun genetik-populyasiya analizi göstərmişdir ki, bu viruslar artıq iki genetik xəttə bölünüblər. Bu xətlər L və S kimi işarə edilmişdir. Bunların bütöv genom nukleotid ardıcıllıqlarının müqayisəli analizi aparılmış və məlun olmuşdur ki, L və S ştamları arasında mutasiya və yaxud molekulyar genetik rekombinasiya nəticəsində tək nukleotid polimorfizmi (SNP-single nukletid polimorphizm) yaranmışdır. Bu SNP-nin virusun S zülalının reseptor birləşdirən domeninin (RBD-reseptor binding domen) funksional saytında yeni variasiyanın yaranmasına səbəb olduğu sübuta yetmişdir. L ştamının daha geniş yayılmasına baxmayaraq (təxminən 70%), onun S ştamına nisbətən irsi cəhətdən daha cavan forma olduğu müəyyən edilmişdir. Yaranan bu mutasiya nəticəsində virusun L-ştamının agresivliyi və yoluxdurma qabiliyyəti dəfələrlə artmışdır. Çinin Uhan şəhərində infeksiyanın vüsət aldığı ilk vaxtlarında SARS-CoV-2-nin məhz L ştamının üstünlük təşkil etdiyi göstərilir. Artıq 2020-ci ilin yanvar ayından insan faktorunun təsiri nəticəsində L-ştamının tezliyi aşağı düşmüşdür.


SARS-CoV-2 virusunun molekulyar diaqnostikası


Son məlumatlara əsasən, bu günə qədər SARS-CoV-2 virusunun 26-dan çox genomu ayrılmış və öyrənilmişdir. Yeni 2019-nCoV koronavirusunun laborator diaqnostikası metodlarının yaradılmasına Çin alimləri tərəfindən bu virusun genomunun nukleotid ardıcıllığı müəyyən edildikdən sonra başlanılmışdır. İlk diaqnostik test sistem virusun başlanğıc ocağı olan Çində artıq yanvar ayında hazırlanmış və istifadəyə verilmişdir. Daha sonra Almaniya, ABŞ, İsrail alimləri yeni SARS-CoV-2 virusunun molekulyar diaqnostikası üçün RT-PZR metodunun əsasında müxtəlif diaqnostik test sistemlər hazırlamışlar. Belə diaqnostik test sistemlər 2 virusu - artıq əvvəldən məlum olan atipik pnevmoniya virusunu (SARS-CoV) və yeni koronavirusu (SARS-CoV-2) identifikasiya etməyə imkan verir. SARS-CoV-2 virusunun genomunda RNT-dən asılı RNT polimeraza (RdRp) və nukleokapsid zülalı (N) genlərində yerləşən bir neçə əsas hədəf saytlara uyğun dizayn edilmiş spesifik praymerlərdən istifadə etməklə ƏT-PZR (Əks transkripsiya polimeraz zəncir reaksiyası) və sekvens analizlərin köməyi ilə yeni koronavirusu identifikasiya etmək mümkündür. Bunun üçün xəstələrdən yuxarı tənəffüs yollarından götürülən nümunələr 72 saat ərzində 40C-də, 72 saatdan sonra isə -800C-də və ya maye azotun içərisində laboratoriyaya çatdırılmalıdır. ƏT-PZR əsasında koronavirusun molekulyar diqnostikası nümunələrdən RNT-nin ayrılması, RNT-nin qatılığının və təmizlik dərəcəsinin müəyyən edilməsi, kDNT-nin alınması və PZR -in aparılması kimi bir sıra rutin mərhələləri özündə cəmləşdirməklə 2-4 saat ərzində nəticə əldə etməyə imkan verir. Hal-hazırda çinli alimlər tərəfindən hazırlanmış 1 saata molekulyar diaqnostikanı həyata keçirən kitlər də mövcuddur. 2010-cu ildə təsis olunan və artıq bütün dünyada flaqman kompaniyaya çevrilən İsrailin məşhur RADLogics kompaniyası SARS-CoV-2 virusunu 30 saniyə ərzində aşkar etməyə və zamandan asılı olaraq xəstəlik dinamikasını izləməyə imkan verən yenimetod işləyib hazırlamışdır. Bu metod süni intellekt əsasında qurulmuş proqram platforması vasitəsilə üçölçülü formatda kompüter tomoqrafiyasının aparılmasına əsaslanır. Yeni metod 98,2 % həssaslığa və 92,2% spesifikliyə malikdir. Ağciyərlərin istilik xəritələrinin alınması və bu xəritələrdə koronavirus ocaqlarının müəyyən edilməsi bir neçə kompüter alqoritmi hesabına həyata keçirilir və 30 saniyə ərzində 400 tomoqrafiya xəritəsi analiz olunur. Müxtəlif şirkətlər SARS-CoV-2 virusunu qısa müddət ərzində çoxlu sayda nümunədə aşkar etməyə imkan verən seroloji diaqnostika kitləri hazırlamışdılar. Bu kitlər vasitəsilə spesifik antitellərdən istifadə etməklə immunoferment analiz ELİSA-nın köməyilə SARS-CoV-2 virusunun diaqnostikasını həyata keçirmək və nümunələrdə virusun qatılığını müəyyən etmək mümkündür. Hazırda bütün dünyada SARS-CoV-2 virusunu dərhal qeyri-laborator şəraitdə deteksiya etməyə imkan verən immunostriplərin hazırlanması üzərində işlər aparılır. Yüksək həssaslıq əldə etmək üçün bu istiqamətdə tədqiqatlar hələ də davam etdirilir.


Orqanizmin virusa qarşı müdafiə mexanizmləri


Virus əleyhinə orqanizmin ilkin müdafiə xətti anadangəlmə immunitetdir. Anadangəlmə immunitet hüceyrələri patogenləri ümumi mexanizm ilə tanıyır və reaksiya göstərir, amma qazanılmış immunitetdən fərqli olaraq, sahib orqanizmə uzunmüddətli müdafiəni təmin edə bilmir. Eukariot orqanizmin viruslara qarşı anadangəlmə müdafiə vasitələrindən biri RNT-nin interferensiyasıdır. Virus hüceyrəni yoluxduranda genom RNT-si sitoplazmaya daxil olur. Dicer adlandırılan xüsusi zülal kompleksi virus RNT-ni qısa fraqmentlərə bölür və ardınca RİSC adlandırılan biokimyəvi yol aktivləşərək virusun RNT-ni dağıdır. Onurğalılarda virusla qarşılaşma zamanı spesifik anticisimlər formalaşır ki, onlar virusla birləşərək onu təhlükəsiz edirlər. Bu humoral immunitet adlanır. Bu zaman iki tip anticisim daha vacib hesab olunur: İgM və İgG. Onurğalılarda mövcud olan ikinci müdafiə mexanizmi hüceyrə immuniteti adlanır və T-limfositlər kimi məlum olan immun hüceyrələrinə əsaslanır. Əgər T-limfosit hüceyrə səthində şübhəli virus fraqmentlərini tanısa, sahib-hüceyrə T-killer adlandırılan limfositlərlə dağıdılır. Hüceyrənin digər müdafiə mexanizmi interferonun sintezidir. İnterferon - hormon olub immunitetdə kompleks rol oynayır.


Viruslarla mübarizədə vaksinlərin rolu


İqlim və ekologiyanın sürətlə dəyişməsi, eləcə də insan-heyvan qarşılıqlı əlaqələrinin artması səbəbindən gələcəkdə yeni koronavirus infeksiyalarının yayılmasının qaçılmaz olması ehtimalı yüksəkdir. Buna görə də koronaviruslara qarşı effektiv müalicə üsullarının hazırlanmasına zəruri ehtiyac vardır. Hazırda dünyada müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün vaksinlərdən çox geniş istifadə edilir. "Vaksin” sözü fransızca "vacca - inək” deməkdir. Bu termini elmə ingilis həkimi Edvard Cennerin şərəfinə Lui Paster gətirmişdir. 1798-ci ildə Cenner ilk dəfə olaraq insanları təbii çiçək xəstəliyindən qorumaq məqsədilə onları inəyin təbii çiçək virusu ilə immunizə etmiş və onun 100% effektliyini göstərmişdir. Vaksinlər - müəyyən bir xəstəliyə qarşı aktiv qazanılmış immuniteti təmin edən bioloji bir hazırlıqdır. Vaksinlər, ümumiyyətlə, xəstəlik törədən patogenlərə bənzəyən agentdən - zəiflədilmiş və ya öldürülmüş patogenlərdən, onların toksinlərindən, yaxud səthi zülallarından hazırlanır. Belə agentlər inyeksiya yolu ilə insan orqanizminə daxil edildikdə immun sistemi agenti təhlükə olaraq tanıyır və ona qarşı mübarizə aparır. Bunun nəticəsində anticismlər əmələ gəlir və adaptiv immunitet yaranır. Belə süni qazanılmış immunitet, hətta ömürlük ola bilər. Hazırda vaksin antigenin təbiətindən asılı olaraq 3 növ vaksin hazırlamaq mümkündür: 1) Bütöv hüceyrədən - zəiflədilmiş və ya öldürülmüş pathogendən ibarət olan vaksinlər (məsələn, virus xəstəlikləri olan sarı qızdırma, poliomielit, qızılca və s., bakterial xəstəliklər - tif, xolera və s.). 2) Toksoid vaksinlər. Məsələn, bəzi patogenlər (bakteriyalar) ekzotoksin ifraz edərək xəstəlik yaradır. Bunlara tetanoz, difteriya və s. daxildir. Belə xəstəliklərdən qorunmaq üçün toksoidlərdən istifadə edilir. 3) Subvahid - patogenin xüsusi bir hissəsi antigen rolunu oynayan vaksinlər. Subvahid vaksinlər protein və polisaxarid əsaslı olur. Təhlükəsiz və effektiv vaksin dizayn etmək çox çətindir. Hər hansı dərman preparatı hazırlamaq 4 mərhələdən ibarət olmalıdır. Birincisi, minimum 6 ay davam edən ilkin tədqiqat və skrininq mərhələsi; ikincisi, preklinik tədqiqatlar (1 aydan 1 ilə kimi davam edə bilir); üçüncüsü, klinik tədqiqatlar (bu mərhələ 4-7 il çəkir) və nəhayət, dərman preparatının təsdiq edilməsi və satışa buraxılması mərhələsidir (1-2 ilə qədər). Hazırda koronavirusa qarşı heç bir vaksin mövcud deyil, lakin dünyada bir neçə nüfuzlu təşkilat yeni koronavirusa qarşı vaksin hazırlamağa çalışır: Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CCDC), Şanxay Şərq Xəstəxanası, Honq Konq Universiteti və s. Hal-hazırda Epidemik Hazırlıq İnnovasiyası üzrə Norveç Koalisiyası (CEPI) koronavirusa qarşı üç vaksin layihəsini maliyyələşdirir və 2020-ci ilin iyun ayınadək vaksinin klinik tədqiqatlar mərhələsinə buraxılacağı gözlənilir. Eləcə də, ABŞ Milli Sağlamlıq İnstitutu (NIH) ümid edir ki, 2020-ci ilin aprel ayının sonuna qədər COVID-19-a qarşı vaksinin hazırlanmasının ilkin iki mərhələsi tamamlanacaq və klinik tədqiqatlara başlanılacaqdır.


Süni viruslar


Əksər viruslar de novo yaradıla bilər. Bu zaman virusun özü yox, yalnız onun genomu sintez olunur (DNT tərkibli viruslar üçün DNT, RNT tərkibli viruslar üçün komplimentar DNT nüsxəsi). Belə süni DNT, yaxud RNT hüceyrəyə daxil olunanda yoluxuculuq xüsusiyyətl göstərir. Süni viruslar yaradılması çox uzağa gedən nəticələrə gətirib çıxara bilər, belə ki, nə qədər genom ardıcıllığı mövcuddur, virus ölmür, hüceyrəyə düşən kimi yenidən canlanır. Bu gün 2408 virusun genom ardıcıllığı insanların sərbəst daxil olub məlumat götürə bilən ABŞ Milli Sağlamlıq İnstitutu tərəfindən dəstəklənən onlayn-verilənlər bazasında saxlanılır.


Koronavirusun rezistentliyi və mübarizə yolları


S-zülallardan təşkil olunmuş "tac”ın mövcudluğu açıq səthdə virusun yaşama qabiliyyətini aşağı salır. Oksigen və digər oksidləşdiricilər sərbəst təsir göstərə bildiklərindən S-zülalların denaturasiyasına gətirib çıxarır. Tədqiqatlar zamanı məlum olmuşdur ki, quru səthdə koronavirus bir neçə saatdan bir neçə günə kimi qala bilir. Plastik və paslanmayan polad materiallar üzərində 72 saat, karton üzərində 24 saat, mis üzərində isə 4 saat müddətində sağ qala bildiyi müəyyən edilmişdir. Koronavirusun ətraf mühitdə +33°S temperaturda 16 saat müddətində, +56°S-də isə 10 dəqiqə ərzində məhv olduğu aşkarlanmışdır. Tədqiqatlar zamanı müxtəlif antiseptik maddələrin koronaviruslara təsiri fərqli nəticələr göstərmişdir. İtaliya alimləri tərəfindən müəyyən edilmişdir ki, 70 % -li etanol, natrium hipoxloridin 0,01%-li və xlorheksidinin 1% -li məhlulları çox sürətlə (2 dəqiqədən az müddətə) virusun kapsidini zədələyir və artıq virus çoxala bilmir. Digər tədqiqatlar zamanı tərkibində 45 % izopropanol, 30 % n-propanol olan və 80 % etanol tərkibli vasitələr yoxlanılmış və bunların hamısının 30 saniyə müddətində virusları məhv etdiyi müəyyən edilmişdir. DST koronavirus əleyhinə tərkibində spirt olan antiseptik vasitələrdən istifadə etməyi tövsiyə edir. Eyni zamanda əllərin sabunla yaxşıca yuyulması da mexaniki yolla virusla mübarizənin effektiv yolu kimi məsləhət görülür. Koronavirusların aerozolun tərkibində 8-10 saat, suda isə 9 sutka müddətində sağ qaldığı müşahidə edilmişdir. Həm koronaviruslu aerozola qarşı, həm də əşyaların üstündə olan viruslara qarşı "kvars lampa”-larla UB-şüalandırma effektiv təsir göstərir. Koronaviruslar kimi təkzəncirli RNT-virusların məhv edilməsi üçün 339-423 mkVt*s/sm2 dozasında 254 nm dalğa uzunluğunda UB-şüalanma havanın 90 % dezinfeksiyasını təmin edir. Beləliklə, virusun UB-lampası ilə məhv edilməsi onun gücündən asılı olaraq 2-15 dəqiqə müddətində baş verir.

Gələcək tədqiqatlar koronavirusun dəyişmələrini, mutasiyalarını aşkara çıxarmağa və mümkün qədər proqnozlaşdırmağa istiqamətləndirilməlidir və vaksin hazırlanmasına xərclənən çox böyük həcmdə vəsaitin əhəmiyyətli bir hissəsi məhz bu cür araşdırmalara yönəldilməlidir.

Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Azərbaycanda DST ilə sıx əməkdaşlıq şəraitində koronavirusa qarşı sosial-xilasedici yükü olan preventiv mübarizə tədbirlərinin həyata keçirilməsi təqdirəlayiqdir. Dövlət tərəfindən hakimiyyət strukturlarını, cəmiyyəti və resursları toparlamaqla vaxtında və məqsədyönlü şəkildə aparılmış qabaqlayıcı tədbirlər kompleksinin tətbiqi nəticəsində dünyanı cənginə almış yeni koronavirusun ölkədə yayılması buxovlanmış, təhlükə törədə biləcək miqrasiya prosesləri, karantin proseduru yarada bilən hallar tam nəzarətə götürülmüş, əhali arasında maarifləndirmə işi yüksək səviyyədə təşkil edilmişdir. Bütün dövlət orqanları, əlaqədar təşkilatlar, mütəxəssislər vahid məqsədə köklənmiş və xalqın sağlamlığının keşiyinə səfərbər edilmişdir. Koronavirus infeksiyasına qarşı mübarizə vətəndaş-dövlət işbirliyini, yaxın əməkdaşlığını tələb edir ki, Azərbaycan belə bir həmrəyliyin təcəssümü kimi nümunə göstərə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müşavirələrində təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilmişdir. Burada kütləvi tədbirlərin təxirə salınması qərara alınmış və martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq olunmuş, aidiyyəti qurumlara vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində DST-nin tövsiyələrinə uyğun olaraq tapşırıqlar verilmişdir.

AMEA-da da koronavirusla bağlı profilaktik və maarifləndirici tədbirlərin görülməsi ilə bağlı preventiv addımlar atılmaqdadır. Bunların sırasında xüsusən AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin "Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncamını qeyd etmək lazımdır. Sərəncama əsasən, AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması, işçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətlərinin dayandırılması, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi tapşırılmışdır. Sənəddə, həmçinin qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlərin aparılması, əlavə güzəştli davamiyyət rejiminin tətbiqi, eləcə də AMEA-nın müvafiq inzibati binalarının girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamaların təşkili məsələləri əksini tapmışdır.

Bundan başqa, sərəncamda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların edilməsi, maarifləndirici materialların dərc olunması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Sərəncama uyğun olaraq, AMEA-nın bütün inzibati binalarında profilaktika-dezinfeksiya işləri aparılmış, əməkdaşlar müvafiq qoruyucu vasitələrlə təmin edilmişdir. Dezinfeksiyaedicilərin istifadəsi zamanı onların insan sağlamlığına mənfi təsirinin qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə hidrogen peroksid, ozon, perasetik turşu/peroksisas turşusu, fosfor turşusu, kalium hidroksid, natrium hidroksid kimi maddələrdən istifadə edilməsi tövsiyə olunmuşdur.

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə "Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda maarifləndirici seminarın keçirilməsi də təqdirəlayiq hesab edilə bilər. Aparıcı alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə "Koronaviruslar, təkamülü, davamlılıq mexanizmləri və onlara qarşı mübarizə yolları: keçmiş, bu gün və gələcək risklər”, "Patogenlər, onların növləri, təhlükə səviyyələri, təsir mexanizmləri, törətdikləri xəstəliklər və bu məsələlərə eksperimental yanaşmalar”, "SARS-Co-2 koronavirusun mənşəyi, epizootologiyası və yayılma xüsusiyyətləri”, "Azərbaycanda koronavirusun yayılma təhlükəsinə qarşı fəaliyyətlər”, "Patologiyaların törədicilərinin miqrasiya yolları və biotəhlükəsizlik prinsipləri”, "Viruslarla bağlı risk menecment və ictimayiyyətin cəlb edilməsi: qabaqlayıcı tədbirlər və fövqəladə vəziyyət zamanı mümkün senarilər” mövzularında məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.

Martın 16-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bölmənin müxtəlif institutlarının əməkdaşlarının iştirakı ilə koronavirusla mübarizəyə dair maarifləndirici "dəyirmi masa” keçirilmişdir. Tədbirdə koronavirusdan qorunmaq üçün elmi maarifləndirmə işlərinin aparılmasının zəruri olduğu qeyd edilmiş, müvafiq sahə mütəxəssisləri fəal olmağa, öz biliklərini insanlarla bölüşməyə çağırılmış, bununla bağlı bir sıra təkliflər səsləndirilmişdir.

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin mütəxəssisləri tərəfindən mətbuatda, televiziya kanallarında, sosial şəbəkələrdə çıxışlar bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

İradə HÜSEYNOVA,

Akademik, AMEA-nın vitse-prezidenti




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM