18 Mart 2020 01:07
735
İQTİSADİYYAT
A- A+

İki ayın ilkin iqtisadi göstəriciləri nədən xəbər verir


7,7 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir


Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 2 ayı ərzində ölkə üzrə 7,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 21,7 faiz artmışdır.

Sənaye məhsullarının 68,4 faizi mədənçıxarma, 26 faizi emal, 5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 3,7 faiz azalmış, əmtəəlik qaz hasilatı 19,1 faiz artmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7, kompüter, elektron və optik məhsulların istehsalı 5,7, digər nəqliyyat vasitələrinin istehsalı 2,5, içkilərin istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8, geyim istehsalı 79,6, hazır metal məmulatlarının istehsalı 56,5, mebel istehsalı 47,3, poliqrafiya məhsullarının istehsalı 40,7, metallurgiya sənayesi məhsullarının istehsalı 39,6, kağız və karton istehsalı 27,5, elektrik avadanlıqlarının istehsalı 27,1, toxuculuq sənayesi məhsullarının istehsalı 25, kimya sənayesi məhsullarının istehsalı 19,5, tütün məmulatlarının istehsalı 16,3, neft məhsullarının istehsalı 11,3, əczaçılıq məhsullarının istehsalı 4,2, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6, qida məhsullarının istehsalı 1,2 faiz artmış, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 7,7, maşın və avadanlıqların istehsalı 19,1, tikinti materiallarının istehsalı 21,9, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 40,3 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, habelə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında da artım qeydə alınmışdır - müvafiq olaraq 18,6 və 4,3 faiz.


Əsas kapitala 1,9 milyard manatdan çox vəsait yönəldilmişdir


Cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 965,2 milyon manat vəsait yönəldilmişdir.

Sərf edilmiş vəsaitin 58,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Ümumi sərmayənin 68,3 faizi məhsul istehsalı və 20,6 faizi xidmət sahələrinə, 11,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 58,3 faizi daxili mənbələr olmuşdur.

Bu dövrdə yatırılan investisiyanın ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,3, büdcə vəsaitləri 17,1, əhalinin şəxsi vəsaitləri 7, bank kreditləri 5,1, digər vəsaitlər 3,1, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,4 faiz təşkil etmişdir.


Xarici ticarətdə 930,5 milyon dollarlıq müsbət saldo qeydə alınmışdır


Azərbaycan cari ilin ilk ayında 133 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 71 ölkəyə məhsul ixrac, 124 ölkədən idxal edilmişdir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac edilən xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla yanvar ayında ölkənin xarici ticarət dövriyyəsinin dəyəri 2 milyard 372,3 milyon dollar olmuşdur. Ticarət dövriyyəsinin 1 milyard 651,4 milyon dollarını (69,6 faizini) ölkədən ixrac olunmuş məhsulların, 720,9 milyon dollarını (30,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 930,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,5, real ifadədə 18,1, o cümlədən idxal 45 faiz azalmışdır. İxracda isə 0,5 faiz artım müşahidə olunmuşdur.

Cari ilin yanvar ayında qeyri-neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 2,5 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 53,6 faizi İtaliyaya, 8,5 faizi İsrailə, 5,8 faizi Türkiyəyə, 4,4 faizi Tunisə, 4 faizi Ukraynaya, 3,1 faizi Çexiyaya, 2,8 faizi Portuqaliyaya, 2,4 faizi Almaniyaya, 2,3 faizi Rusiyaya, hər biri 2,2 faiz olmaqla Avstriya və İspaniyaya, hər biri 1,9 faiz olmaqla Fransa və Xorvatiyaya, 1,8 faizi Yunanıstana, 3,1 faizi isə digər ölkələrə göndərilmiş məhsulların payına düşmüşdür.

Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,3 faiz), Türkiyəyə (23,5 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6 faiz), Çinə (4,2 faiz), İtaliyaya (2,9 faiz), Ukraynaya (2,2 faiz), Braziliyaya (2,2 faiz), Almaniyaya (1,6 faiz), Qazaxıstana (1,3 faiz), Yunanıstana (1,2 faiz), İrana (1 faiz) göndərilmiş malların xüsusi çəkisi üstün olmuşdur.

İdxal olunmuş məhsulların isə ümumi dəyərinin 16,2 faizi Rusiya, 15,8 faizi Çin, 14,1 faizi Türkiyə, 6,1 faizi Almaniya, 4,1 faizi ABŞ, hər biri 3,9 faiz olmaqla Türkmənistan və İtaliya, 3,5 faizi Ukrayna, 3,3 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 1,9 faizi Fransa, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiya, 1,3 faizi Meksika, 19,7 faizi digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

Yanvar ayında 2019-cu ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən bitki yağlarının ixracı 9,3, meyvə və tərəvəz konservləri - 1,8, meyvə və tərəvəz şirələri - 1,7, marqarin, qida üçün yararlı digər qarışıqlar - 3,9, polietilen - 1,6, pambıq ipliyi - 3,7 dəfə, kartof - 17,3, emal olunmamış alüminium - 5,1, qara metallardan borular - 25,3, bentonit gili - 18,4 faiz artmış, təzə meyvə ixracı 22,7, təzə tərəvəz - 17, şəkər - 44,5, tütün - 67,1, çay - 56,6, təbii üzüm şərabları və üzüm suslosu - 87,3, pambıq lifi - 11,7 faiz azalmışdır.

İdxala gəldikdə, bitki yağları üzrə 6,8, kərə yağı, digər süd yağları və pastaları - 40,3, təzə tərəvəz - 8,5, polad prokatı - 47,6, yük avtomobilləri - 35,8 faiz, minik avtomobilləri - 2,5, hesablama maşınları, blok və qurğuları - 1,6, çay - 1,9, avtobuslar - 2 dəfə artmış, buğda idxalı 54,4, təzə meyvə - 6,4, kartof - 13,5, quş əti və onun əlavə məhsulları - 10,5, mal əti - 12,2, xam şəkər və şəkər - 81,1 faiz azalmışdır.


İqtisadi sektorda orta aylıq əməkhaqqı 27,8 faiz artaraq 712 manatı üstələmişdir


Fevralın 1-nə olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 117,2 min nəfər və ya 7,7 faiz artaraq 1 milyon 641 min nəfər olmuşdur. Onlardan 911,9 min nəfəri iqtisadiyyatın dövlət, 729,1 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 20,5 faizi təhsil, 18 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 712,1 manata çatmışdır. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.


Pərakəndə ticarət dövriyyəsinin həcmi 3,1 faiz artmışdır


İlin əvvəlindən ötən 2 ay ərzində ölkə üzrə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5 milyard 858,7 milyon, o cümlədən 2 milyard 994,7 milyon manatlıq ərzaq, içki və tütün məmulatları, 2 milyard 864 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 3,1, o cümlədən ərzaq, içki və tütün məmulatları üzrə 2,6, qeyri-ərzaq məhsulları üzrə 3,6 faiz artım müşahidə olunmuşdur.

Bu dövrdə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədikləri vəsaitin 45,1 faizi ərzaq məhsullarının, 6 faizi içkilər və tütün məmulatlarının, 18 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf edilmişdir.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 294,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 150,4 manatlıq ərzaq, içki və tütün məmulatları, 143,9 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video