17 Mart 2020 18:02
2525
PARLAMENT
A- A+

Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iclası keçirilib


Martın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Komitə sədri Tahir Mirkişili Milli Məclisin üzvlərini təbrik edərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Komitə sədri bildirib ki, bu gün dünyada baş verən hadisələr, xüsusilə koronavirus infeksiyasının yayılması iqtisadiyyatda yeni bir reallıq yaratmaqdadır. Hazırda iqtisadi fəallığın aşağı düşməsi, bir çox xidmət sahələrində, o cümlədən turizm, logistika, təhsil, digər sahələrdə məhdudiyyətlərin tətbiq olunması dünya iqtisadiyyatında ləngimə ilə bağlı proqnozların verilməsinə səbəb olub. Dünya artıq yeni mərhələyə qədəm qoyur və bu mərhələdə əsas məsələ inamın bərpa olunması və stimullaşdırıcı tədbirlərin görülməsi ilə bağlıdır. Diqqətə çatdırılıb ki, Azərbaycanda son illər sürətlə həyata keçirilən sosial-iqtisadi islahatlar ümummilli məqsədlərə xidmət edir. Bu islahatlar qısa zaman ərzində nəticəsini verib. Əhalinin maddi rifah halını qorumaq üçün dövlətimizin kifayət qədər imkanları mövcuddur.

Qeyd edilib ki, komitənin qarşısında duran əsas məsələ fəaliyyətini Azərbaycan Prezidentinin Milli Məclisin martın 10-da keçirilmiş plenar iclasında söylədiyi tövsiyələr üzərində qurmaqdır. Tahir Mirkişili bildirib ki, qəbul olunmuş qanunların təftiş olunması, qanunların təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərlə çıxış etmək, qanunların icra mexanizmləri ilə yerlərdə tanış olmaq, toplanan bütün məlumatlarla bağlı vahid mövqedən çıxış etmək məqbul hesab edilir.

Sonra komitə sədri gündəliyə daxil edilən məsələlər barədə məlumat verib. Bildirib ki, gündəlikdə ilk məsələ V çağırış Milli Məclisin 2019-cu ilin payız sessiyası dövründə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gördüyü işlər barədə hesabatı və VI çağırış Milli Məclisin 2020-ci ilin yaz sessiyası üçün komitənin qanunvericilik işləri planıdır. Qeyd olunub ki, yaz sessiyasında 3 sənədin - "Lombardlar haqqında”, "Kabel televiziyası haqqında” və "Turizm haqqında” qanun layihələrinin müzakirəsi və qəbul edilməsi nəzərdə tutulub.

Deputatlar Vahid Əhmədov, Əli Məsimli, Vüqar Bayramov, Məşhur Məmmədov yaz sessiyasının iş planına bir sıra təkliflər veriblər. Komitə sədri təkliflərə münasibət bildirib.

Sonra gündəlikdəki qanun layihələrinə baxılıb. Əvvəlcə "Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə qanun layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, Saziş 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanıb. Sazişdə quru limanların milli proqramlar çərçivəsində və milli qanun və qaydalara uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur. Burada, habelə Sazişin imzalanması, ratifikasiyası, qəbuletmə, təsdiqetmə və qoşulma, sənədin qüvvəyə minməsi kimi məsələlər tənzimlənir. Eyni zamanda, Sazişin icrası ilə bağlı məsələlərə və təklif olunan düzəlişlərə baxılması üçün quru limanlar üzrə işçi qrupun yaradılması, əsas mətnə və əlavələrə düzəlişlərin edilməsi proseduru, sazişdən çıxma, sazişin qüvvəsinin dayandırılması, mübahisələrin həlli və digər məqamlarla bağlı bəndlər öz əksini tapıb.

Sonra Tahir Mirkişili "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, sənədə görə, tərəflər Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik kabel magistralının çəkilməsi və telekommunikasiya sahəsinə sərmayələrin cəlb olunması məqsədilə razılığa gəliblər. Saziş 2019-cu il noyabrın 28-də Aşqabad şəhərində imzalanıb.

Sonra birinci oxunuşda təqdim olunmuş "Təhsil haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəyə baxılıb. Qeyd edilib ki, dəyişikliklər əsasən texniki xarakter daşıyır.

İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video