17 Mart 2020 01:18
4011
SİYASƏT
A- A+

Yenilik memarları, mənəviyyat mühafizləri


Elin əziz bayramı ərəfəsindəyik. Novruz gəlir, özü ilə baharın ətrini, ən sevimli fəslimizin addım səslərini, təbiətin, torpağın oyanışının müjdəsini də gətirir.

Novruz xalqımızın tarix boyu yaratdığı mənəvi dəyərlərin aynasıdır. Özümüzə, kimliyimizə aid ən gözəl nələr varsa, Novruz ənənələrində tapa bilərik.

O, həyat və məişətimizdə yeni bir başlanğıcdır. Təbiət qədər ruhun da təzələnməsidir, insanın özünü ruhən, mənən yeni dövrə, zəhmət mövsümünə, yeni hədəflərə kökləməsidir. Gələcəklə bağlı arzular tutmasıdır. Bütün umu-küsüləri, narahatlıqları geridə buraxıb tamamilə yeni bir həyata qədəm qoymasıdır.

Builki Novruz bayramının xüsusi dəyəri isə onun təzələnən ruhunun, bahar ovqatının ölkənin ictimai-siyasi həyatında baş verən yenilənmə ruhu ilə üst-üstə düşməsindədir, həm də...

Aparılan köklü islahatlarla Azərbaycan tamamilə yeni bir tarixi mərhələyə qədəm qoyub. Bu ab-havanı cəmiyyət həyatının bütün sahələrində duyub hiss etmək olur. Prezident İlham Əliyev mahir strateq kimi ölkəmizin, cəmiyyətimizin bir tarixi dönəmdən yenisinə transformasiyasını uğurla reallaşdırır.

***

Yazılarımda adətən, terminlərdən qaçmağa çalışıram, əcnəbi kəlmələrin dilimizdəki qarşılıqlarını axtarıb tapıram. Bu dəfə isə transformasiya ifadəsini özüm bilərəkdən işlətdim, onun qarşılığı kimi rahatlıqla istifadə edə biləcəyim keçid kəlməsini fikirlərimin mabədinə saxladım.

Zənnimcə, transformasiya və keçid sözlərinin hərəsi ayrı-ayrılıqda Azərbaycanın iki böyük tarixi dönəminin bələdçisidir.

Biz keçid dövrünü artıq yaşamışıq, bu mərhələni başa vurmuşuq. Mahiyyət xeyli fərqli olduğundan tarixi dövrləri bir-birindən ayırmaq üçün indiki dəyişikliklər dönəmini keçid yox, məhz transformasiya dövrü kimi səciyyələndirmək, düşünürəm ki, daha doğru olardı.

Keçid dövrü bizim müstəqillik nemətinə qovuşandan sonrakı bir neçə il ərzində sovet iqtisadiyyatı prinsiplərindən, köhnə üsuli-idarədən, əvvəlki yanaşmalardan imtina edib çox böyük çətinliklər hesabına azad bazar iqtisadiyyatı prinsiplərini formalaşdırdığımız, cəmiyyətin bu yeni prinsiplərə tədricən öyrəşdiyi, onun əhəmiyyətini anladığı, davamlı şəkildə dövlət quruculuğu proseslərinin, struktur islahatlarının aparıldığı, yeni qanunvericilik bazasının işlənib hazırlandığı çox gərgin, mürəkkəb bir dövr idi.

Ulu Öndər Heydər Əliyevin böyük dövlət adamı kimi özünəməxsus qətiyyət, yüksək səriştə və fədakar zəhmət hesabına həyata keçirdiyi bu prosesin son fazası Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə başa çatdı.

Hardasa, 2009-cu ilin sonlarında Prezidentimizin Azərbaycanda iqtisadi sahədə keçid dövrünün artıq başa çatdığını təntənə ilə elan etməsini yaxşı xatırlayırıq...

Keçid dövrü müstəqillik tarixinin aktuallaşdırdığı labüd zərurət idi. İstədik, istəmədik, o mərhələni yaşamalı idik, keçid dövrü həyatımızdan ötüb keçməli idi. O tarixi prosesin əsas məramı inkişafın özündən daha çox ölkənin, cəmiyyətin gələcək tərəqqisi üçün zəruri əsasların hazırlanması idi.

Heydər Əliyevin təməlini qoyduğu, sonrakı mərhələlərdə isə cənab İlham Əliyevin böyük əzmlə həyata keçirdiyi milli inkişaf strategiyası Azərbaycanda keçid dövrünün uğurla başa çatdırılmasını, gələcək inkişafın təməlini qoymaqla yanaşı, keçid prosesinin özündə də ölkənin misilsiz sosial-iqtisadi nailiyyətləri ilə irəli getməsini təmin etdi.

Keçid dövrünü başa çatdıranda Azərbaycan artıq inkişaf dinamikasına görə dünyanın ən qabaqcıl ölkələrindən biri idi. Regionun əsas söz sahibinə çevrilmişdi. Məşğulluq, yoxsulluq problemi kimi cəmiyyətə əziyyət verən çətinliklərin öhdəsindən gələ bilmişdi. Azərbaycan keçid dövrünün qurtaracağında əhalisinin rifah halı getdikcə yaxşılaşan, beynəlxalq aləmdə mövqeləri güclənən ölkə idi.

Transformasiya prosesi isə zamanın çağırışlarını nəzərə alaraq nail olduqlarımızla kifayətlənməyib, indikindən də yüksək inkişafa doğru yön almaqdır. Böyük strateji hədəflər müəyyənləşdirib ona doğru irəliləməkdir. Ölkənin inkişaf sürətini zamanın sürətinə uyğunlaşdırmaqdır.

Qısası, zamanla yarışa çıxmaqdır.

Azərbaycan bu gün zamanla yarışır...

Zamanla ayaqlaşır...

İlham Əliyev hər birini öz vaxtında, məqamında həyata keçirdiyi köklü islahat tədbirləri ilə zamanı qabaqlayır...

Vaxt üzərində qələbə qazanır...

***

Həyata keçirilən islahatların mahiyyətini, məramını indi əksəriyyət anlayır.

Çünki əhali ilə sıx kommunikasiya qurulub. İslahatların məzmunu, faydaları insanlara düzgün çatdırılır.

Hamı anlayır ki, baş verənlər, aparılan dəyişikliklər vətəndaş olaraq hər birimizin xeyrimizədir.

Ona görə də indi hər kəs bu dəyişikliyin bir parçası olmağa can atır. Prosesə bacardığı köməyi göstərmək istəyir. Ən azı, aparılan dəyişikliklərlə bağlı pozitiv ictimai ruhu başqaları ilə də paylaşmağı özünə mənəvi borc bilir.

Bununla belə, dəyişikliklərin mahiyyətini doğru-dürüst dərk etməkdə çətinlik çəkən insanlarla yenə ara-sıra rastlaşırsan. Belələri o qədər çox deyil, amma heç olmamış da sayılmazlar.

Onlara elə gəlir ki, dəyişiklik vəziyyəti mürəkkəbləşdirir.

Guya, bütün bu islahatlar olmasaydı, idarəetmə prosesləri daha asan başa gələrdi. Hansısa tədbirləri planlaşdırmaq indikindən rahat olardı. Çünki sabah bu gündən elə də fərqlənməzdi. Ölkə mühitində heç bir qeyri-müəyyənlik özünü göstərməzdi. Beləliklə, müxtəlif vəziyyətləri ümumi transformasiya mühitinə uyğunlaşdırmaq ehtiyacı da yaranmazdı. Hər bir alternativ addımın nəticəsini dəqiq proqnozlaşdırmaq mümkün olduğundan qərarvermə prosesləri xeyli sadələşərdi.

Bəli, bunlar belə olardı, inkar etmirəm. Azərbaycan heç bir islahatsız, köklü dəyişiklik qərarları vermədən də yenə yoluna davam edərdi və inkişaf göstəriciləri qazanardı.

Amma bunlar o zaman mümkün olardı ki, zaman da yerində dursun, dünyanın qabaqcıl ölkələri inkişaf proseslərini dayandırsın, texnologiyalar yerində saysın, vətəndaşın yeni ehtiyacları, dövlətdən yeni gözləntiləri ortaya çıxmasın. Bu isə mümkün deyil!

Zaman keçdikcə inkişaf trendləri, baxışlar, metodlar, texnologiyalar, gözləntilər dəyişir. İnkişafın ən mühüm şərti bunlara uyğunlaşmağı bacarmaqdır.

Ona görə islahatlar da həyati zərurətdir və bu, Azərbaycanın, İlham Əliyevin şüurlu seçimidir.

***

Biz indi bunu, adətən öyrəşdiyimiz tərzdə islahat adlandırırıq, əslində isə bu gün Azərbaycanda baş verənlər təşkilati dəyişikliklərdir.

İşlək bir mexanizm olaraq hökumət təsisatının strukturunun, tətbiq etdiyi texnologiyaların və bu mexanizmi çalışdıran, effektiv işini təmin etməli olan insanların dəyişməsidir, büsbütün yenilənməsidir. Bu gün cənab İlham Əliyev Azərbaycanda məhz bu təşkilati dəyişikliyi həyata keçirir. Cəmiyyət də bu dəyişikliklərin uğurlu nəticələrini görür.

Hakimiyyət-xalq münasibətlərində, koordinasiya mexanizmlərində, iş dizaynında, başqa təşkilati formalarda nə qədər böyük yeniliklərin olduğuna şahidik. Bunlar, Azərbaycan insanının kənardan,seyrçi mövqeyindən izlədiyi dəyişikliklər deyil. Öz gündəlik həyatında yaşadığı yeniliklərdir.

Başqa sözlə, Azərbaycan insanı dövlət rəhbərimizin bu Vətən adına yaratdığı dəyişiklik hekayəsini kənardan seyr etmir.

Bütün xoş təəssüratları ilə bu hekayənin içində yaşayır...

Azərbaycanın yeni uğur hekayəsini həyatından, gündəlik güzəranından keçirir...

Cənab İlham Əliyev dövlət idarəçiliyində iş metodlarını dəyişir. İdarəetməyə cəlb edilən və əksəriyyəti öz sahəsində yetərincə özünü göstərə bilmiş səriştəli gənclərdən ibarət olan kadrların simasında işə yanaşmaları, davranışları, vətəndaşlarla kommunikasiya tərzini yeniləyir. Komanda işi prinsiplərini təkmilləşdirir. Bürokratiyanı aradan qaldırır. Tətbiq edilən innovasiyalarla effektivliyi, nəticəyönümlülüyü artırır.

***

İlham Əliyev Azərbaycana yeni nəfəs gətirir...

Başqa mühüm tarixi hadisələrin təfərrüatına varmıram, təkcə elə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ilə ötən 3 ildə ölkə həyatında nə qədər müsbət dəyişikliklər baş verdi.

Mehriban xanımın yüksək təşkilatçılıq məharəti, Prezidentin tapşırdığı vəzifələrə məsuliyyətlə yanaşması, öz işini vicdanla yerinə yetirməsi, bu ölkənin insanlarına olan sevgisi, onlar üçün faydalı olmaq niyyətilə göstərdiyi fədakarlıq sayəsində nə qədər sosial problemlər öz həllini tapdı və bu proses indi də davam edir.

Mehriban xanım nümunəsi bir daha göstərdi ki, dövlət idarəçiliyində uğurlu kadrlar, həqiqətən çox şeyi həll edir. Dövlət rəhbərinin verdiyi qərarların layiqincə icrası, onların əqidəsindən, həyata keçirilən siyasətə sadiqliyindən, Vətənə, yurda sevgisindən, ən əsası isə vicdanından çox asılıdır.

Bu mənada, Mehriban xanım başqa yüksək rütbəli məmurlar üçün də vəzifədə necə vicdanlı davranmaq nümunəsini yaradır, Prezidentə sədaqəti sözdə deyil, real işdə, əməldə göstərməyin örnəyini ortaya qoyur, xalqın sevgisini qazanmağın yeganə yolunun səmimiyyətdən, insanların ağrı-acılarını, qayğılarını duya bilməkdən, problemlərinin həlli üçün fədakarlıq göstərməkdən keçdiyini anladır.

Öz vəzifələrinin öhdəsindən gələ bilməyənlər, zamanla ayaqlaşmağı bacarmayıb inkişaf yoluna kötük dığırlamağa çalışanlar, bədnam işlərlə məşğul olanlar, vətəndaşın heç bir işinə yaramayıb, əksinə əngəl törədənlər belə nümunələr işığında indi o qədər idbar, eybəcər görünürlər ki...

Bu eybəcərliyin, geri zəkanın, təfəkkürdəki zülmətin, haləsi getdikcə genişlənən işıq qarşısında kiçilib zamanla gözdən itməsi Azərbaycan insanının bu günə və gələcəyə artan ümididir.

Arzularının getdikcə, yavaş-yavaş reallığa çevrilməsinə şahidliyidir. Ölkədə yaxşı işlərin görülməsinə əminliyidir. İnkişaf prosesinə öz bədnam əməlləri ilə maneə törədənlərin, ona həvalə edilmiş yüksək vəzifəni alver vasitəsi bilib kabinetini bazara, iş masasını piştaxtaya çevirmiş korrupsionerlərin ifşasına, haqq-ədalətin öz yerini tutmasına sevincidir.

Azərbaycanın milli ideallarına, həyata keçirilən inkişaf siyasətinə, ölkənin strateji hədəflərinə sədaqət hissinin ən böyük dəyər kimi aktuallığıdır. Ümumən, əqidəyə, ideyalara, milli maraqlara, göstərilmiş inama sadiqlik cənab İlham Əliyevin dövlətçilik kursunda hər zaman mühüm yer tutub.

Digər amillərlə yanaşı, həm də çox sadə bir səbəbdən ki, bu sədaqətin ən parlaq nümunəsi elə Azərbaycan Prezidenti özüdür. Onun tarixinin ən güclü mərhələsinə yetirdiyi Azərbaycanın bugünkü uğurları, apardığı islahatların müsbət nəticələri Heydər Əliyev yoluna sadiqlikdən gəlir.

Bu islahatlara, inkişaf proseslərinə bacardığı qədər dəstək təkcə sözdə deyil, qəlbinin dərinliklərində də bu yola sədaqət andı içmiş hər bir əqidə adamının mənəvi borcu olmalıdır.

Çünki bu yoldan, bu mənzərələrdən, baş verən bütün bu müsbət dəyişikliklərdən Azərbaycanın gözəl, indikindən də işıqlı günlərinin sorağı gəlir. Bu, övladlarımızın yaşayacağı, çalışacağı, öz həyatını quracağı Azərbaycandır!

Yeni nəsillərimizin bizdən daha qayğısız, problemsiz, rifah içində ömür sürəcəkləri Vətənin müjdəsidir!

O günlərin Azərbaycanını düşüncələrimdə xəyal etdikcə böyük Nazim Hikmətin çox sevdiyim misraları yaddaşımda əks-səda verir: "Ən gözəl günlər hələ yaşanmamış günlərdir...”

Bununla belə, o günlərin daha tez yetişməsi üçün fərd olaraq görməli olduğumuz işlər, mənəviyyatımızla, milli ruhumuzla, dəyərlərimizin qorunub gələcəyə ötürülməsi ilə bağlı çəkməli olduğumuz qayğılar da hələ çoxdur.

***

Bu mövzuda düşüncələrimin bir qismini illər əvvəl çapdan çıxmış "Mənəviyyatın ekologiyası” adlı kitabımda əks etdirməyə çalışmışam.

Amma mənəviyyat mövzusu heç bitib-tükənməz ki...

Dünyanın son aylar üzləşdiyi qəribə vəziyyət düşüncələrimi çox tez-tez mənəviyyat mövzusuna çəkir yenə, bu xüsusda narahat düşüncələrimi kağız-qələmlə bölüşməyə sövq edir.

O qədər az olmayan ömrümdə, açığını deyim ki, Yer üzünün belə bir qarışıqlıq içində giriftar qalmasına hələ şahid olmamışdım. Doğru deyirlər ki, İkinci Dünya müharibəsindən sonra bu, bütün dünyanı lərzəyə salmış ikinci belə xaosdur.

Ruhumuza təravət gətirən Bahar ovqatına, Baharın saf ətrinə, əfsus ki, indi qlobal bir xof da qarışıb. Hansı informasiya mənbəyinə nəzər yetirirsən, insanların sözü-söhbəti koronavirusdur, pandemiyadır, karantin tədbirləridir.

Çinin Uhan əyalətindən başlayıb bütün dünyanı saran xəstəlik təhlükəsi camaatın gözünü qorxudub. Hökumətlər vəziyyətin əndazədən çıxmasının, insanların epidemiyaya yoluxmasının qarşısını almaqdan ötrü gərəkli addımlar atır. Bizim dövlət qurumlarımız da el-obanı bu qlobal bəladan qorumaq üçün lazımi tədbirlər həyata keçirir.

Tariximiz, adət-ənənələrimiz, əcdadlarımızın həyatı belə vəziyyətlərdə ən etibarlı istinadgahdır. Ulularımız oxşar durumlarda həmişə təmkinli davranıblar. "Ellə gələn bəla toy-bayramdır” deyiblər. El birliyinin gücü ilə, səbirləri, təskinlikləri ilə də bütün çətinlikləri, fəlakətləri tezliklə geridə buraxıblar.

Bu dəfə də belə olacaq, əminəm! Pandemiya təhdidi qısa müddətdə tam aradan qalxacaq, baharın gəlişi həyatımıza bütün sıxıntılardan uzaq, yeni, xoş başlanğıclar gətirəcəkdir.

Ağırlığımızı-uğurluğumuzu yer götürəcək, narahatlıqlar ötən aylarda qalacaq.

İndi sadəcə vəziyyətə soyuqqanlı münasibətimizlə, aşırı panikanın qarşısını almağımızla, doğruları yanlışlardan ayırmağı bacarmağımızla hökumətimizə kömək etməyimiz lazımdır.

***

Bunları yaza-yaza onu da düşünürəm ki, əslində bu koronavirus söhbəti bəşəriyyət üçün həm də çox maraqlı bir ibrət dərsi oldu. İnformasiya texnologiyalarının möcüzəvi inkişafının, sosial şəbəkələrin viral effektinin, milyonlarla insanı iki dəqiqənin içində çaşqın vəziyyətə salan və hətta ən böyük dövlətlərin də başağrısına çevrilən "fake news” probleminin dünyanı nə vaxtsa bu vəziyyətə gətirəcəyi bəlkə də gözlənilən idi.

Hələ məktəbli ikən oxuduğum bir aforizmdə dünyada ən təhlükəli üç haldan birincisi kimi "bıçağın uşaq əlində” olması göstərilirdi. İndiki informasiya əsrində böyük məmnuniyyətlə informasiyanın təsadüfi insanlar əlində olmasını bundan da əvvələ qoyardım.

Kütləvi informasiya və onu çatdırma vasitələri, təbii ki, bəşər tarixi boyu mövcud olub. Amma əsrlər boyu kütləvi informasiyanın yayılmasına, insanlara hansı tərzdə çatdırılmasına, ümumiyyətlə, nələrin insanlar üçün ictimai əhəmiyyət kəsb etməsinə nəzarət edən insanlar, təsisatlar da olub.

Ənənəvi media qurumları - qəzetlər, informasiya agentlikləri, radio və televiziya kanalları, klassik jurnalistika sənəti bu zəmində təşəkkül taparaq inkişaf edib.

Keyfiyyətli informasiya insanlar üçün sağlam qida, təmiz ekologiya qədər gərəklidir. Çünki informasiya da insanın mənəvi qidasıdır, mənəvi dəyərlərini formalaşdıran amildir.

Son onilliklərə qədər insanın əsas qayğısı o qədər də güclü olmayan informasiya axınında özü üçün nələrin faydalı olduğunu seçib ayırmaq idi. Bir vaxtlar oxuduğumuz qəzetlərdən hansısa məqalələri kəsib arxivimizin bir küncündə saxladığımız günlər, oxuduğumuz kitablardan iri-iri abzasları, şeirləri, xoşumuza gələn mənalı fikirləri ərinib-usanmadan qeyd dəftərimizə köçürdüyümüz çağlar, hətta təqvimin qoparılmış vərəqlərini üzərindəki hansı maraqlı bilgiyə görə təbərrik kimi bir tərəfdə qoruduğumuz gözəl günlər yadınızdamı?!

Bunu yeni nəslə anlatmaq indi o qədər çətindir ki...

Çünki artıq vəziyyət çox dəyişib.

Qloballaşan dünyamızda insanın ən əsas problemlərindən biri də özünü ona lazım olmayan informasiyalardan qoruya bilməsidir indi. Aramsız informasiya selində çibin sürüsü kimi üzərinə gələn qarmaqarışıq məlumatların çoxunu özündən aralı tutmağı bacarmasıdır.

Bu isə heç də həmişə mümkün olmur. Bəşəriyyət informasiya selinin yaratdığı mənəviyyat böhranı ilə qarşı-qarşıyadır. Bıçaq uşaq əlində təhlükə yaratdığı kimi, indi çağdaş dünyamızın insanı da təsadüfi kəslərin əlinə düşmüş informasiyanın yaratdığı müşkül durumla üz-üzə qalıb. Sosial şəbəkələrin yaratdığı imkanlar hərəyə bir kütləvi informasiya vasitəsi verib. Burada hər kəs istədiyini yazıb, çəkib paylaşır. Öz təhsil səviyyəsindən, dünyagörüşündən, məsələlərin məğzini anlama imkanlarından, özünüifadə tərzindən asılı olaraq bir ucdan informasiya istehsal edir.

Koronavirus infeksiyasının dünyanı belə böhran durumuna gətirib çıxarması bir tərəfdən bu virusun həqiqətən insan səhhəti üçün doğurduğu təhlükədirsə, başqa tərəfdən də informasiya xəstəliyinin yaratdığı pandemiyadır, informasiya mərəzinin fəsadlarıdır.

Arzu edək ki, bu bəla tezliklə sovuşsun, illər öncə hər birimizin buna oxşar, amma daha məhdud miqyasda şahid olduğumuz SARS, "Quş qripi”, "Donuz qripi”, "Ebola virusu” və s. bu kimi mövzular sayaq koronavirus panikası da keçmişdə qalsın. Eyni zamanda insanlar mənəvi dünyalarını da informasiya virusundan qoruya bilsinlər.

***

Son günlər bütün dünyada yaranmış mənzərə adamı bir həqiqət üzərində də düşünməyə sövq edir. İnsan övladı nə qədər böyük kəşflərə imza atır-atsın, elmdə, texnologiyada nə qədər irəli gedir-getsin, ən çətin anlarında yenidən öz ibtidasına qayıdır. Gəldiyi başlanğıca sığınır, mənəviyyatında daldalanır. Bir-birinin dəstəyinə, tarix boyu yaratdığı mənəvi dəyərlərə nə qədər böyük ehtiyacının olduğunu bir daha duyub dərk edir.

İnsanı ən çətin durumlardan çıxaran, əlindən tutan, yol göstərən, həyatın bataqlıqlarında itib batmağa qoymayan məhz onun mənəviyyatıdır!

Bizi güclü edən, bizimlə tarixi keçmişimiz, dəyərlərimiz arasında bağlantı yaradan, eyni zamanda gələcəyimizə işıq salan da məhz mənəviyyatımızdır. Ona görə mənəviyyatımızın qorunması qayğısını bir an belə yaddan çıxarmamalıyıq.

İnformasiya erasının yaratdığı yeniliklər qarşımızda saysız-hesabsız imkanların geniş üfüqlərini açdığı qədər mənəviyyatımızı da təhdid edir, nə yazıq ki!

Öz həyat yoldaşının ifşa videosunu sosial şəbəkələrdə paylaşan, şəxsi ailə məsələlərini canlı efirdə ictimailəşdirən və münaqişədə olduğu şəxs qədər özünü, ailəsini, övladlarının gələcəyini də bədnam edən Azərbaycan kişisinin obrazı artıq təsəvvürə sığandırsa, deməli, mənəviyyatımızda gedən aşınmalar haqqında indi daha ciddi düşünməliyik.

Yaxud, 8 Mart Qadınlar Günü münasibətilə aksiya keçirən bir qrup gənc qadının heyrətamiz davranışları əgər Bakı küçələrində baş verirsə, əllərində tutduqları biədəb məzmunlu şüarlar cəmiyyətimizə ünvanlanırsa...

Baxdıqca adamın, necə deyərlər, matı-qutu quruyur.

Sanki hansısa xarici qüvvələr özümüzdən, aramızdan olan bu cür dayaz düşüncəli, hərəkətinin sosial məsuliyyətini anlamayan, xırda şəxsi mənfəət, qrant naminə hər cür əmələ qol qoymağa amadə olan kəslərin əli ilə bizi ən güclü olduğumuz nöqtədən - mənəviyyatımızdan vurmaq istəyirlər.

Bakı Dövlət Universitetinin 100-cü ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında Azərbaycan Prezidenti mənəviyyatımıza qarşı yönələn bu cür təhdidləri nəzərdə tutaraq demişdi: "Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal”, "ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir”.

Azərbaycan Prezidenti bu fikirləri səsləndirərkən mənəviyyatımıza qarşı yönələn təhdidləri nəzərdə tutur. Bizi istəməyən qüvvələrin mənəviyyatımızı sıradan çıxarmaq, ruhumuzu işğal etmək, insanlarımızı təsir altına salmaq üçün necə cidd-cəhd göstərdiklərini cənab İlham Əliyev təcrübəli dövlət adamı kimi müdrik fəhmi, zəngin informasiyaları ilə hamımızdan yaxşı bilir. Cəmiyyətin bu cür zərərli təsirlərə qarşı müqavimət gücünü artırır. Eyni zamanda, dolayısı ilə hər birimizə anladır ki, mənəviyyat məsələləri təkcə dövlətin yox, özünü bu Vətənə aid bilən hər kəsin qayğısıdır.

Mənəviyyat, mənəvi dəyərlər, Azərbaycan xalqı olaraq bizim "Axilles dabanı”mızdır. Bu bizim təkcə keçmişlə, tarixi köklərlə rabitəmiz deyil, eyni zamanda özünümüdafiə sistemimizdir. Sakin olduğumuz torpaqların dünya üçün önəminə, geostrateji mövqeyinə görə tarix boyu çox yadellilərin hücumuna məruz qalmışıq. Yurdumuzu yağmalayıblar, var-dövlətimizi əlimizdən alıblar, isti aşımıza soyuq su calayıblar, qurulu evlərimizi tar-mar ediblər, bizi bir-birimizə yadlaşdırmaq, düşüncələrimizi dəyişmək, milli kimliyimizi əlimizdən almaq istəyiblər. Amma bunu bacara bilməyiblər. Çünki mənəviyyatımız bütün təhlükələrdən daha güclü olub. Tarixin ən amansız axınlarında da mənəviyyatımızdan yapışaraq, ona sığınaraq xilas olmuşuq.

Hər zaman çətin durumumuzda pənah gətirdiyimiz, ən müşkül suallarımıza onda cavab tapdığımız mənəviyyatımızın indi bizim dəstək əlimizə ehtiyacı var.

Bu məsələdə hər kəs çəkici eyni zindana vurmalıdır...

***

Novruz ab-havasının, bahar ovqatının, ölkə həyatındakı yenilənmə ruhunun daha bir xoş əlaməti kimi hakimiyyət düşərgəsindən, birbaşa dövlətin ali rəhbərinin dilindən müxalifət düşərgəsinə dialoq çağırışları ünvanlanır. Ayrı-ayrı müxalifət partiyalarının təmsilçiləri Prezident Administrasiyasına dəvət edilir. Onlarla müxtəlif məsələlər ətrafında müzakirələr, polemikalar aparılır.

Əks fikirlər, rəylər dinlənilir. Bu mütərəqqi addımların birbaşa dövlət rəhbərinin təşəbbüsü ilə atıldığı məlumdur. Keçirilən görüşlərin, aparılan müzakirələrin nəticələri Prezidentə müntəzəm məruzə olunur. Dialoq prosesi heç bir qeyd-şərt qoyulmadan aparılır. Məqsəd ölkədə siyasi mədəniyyətin yüksəlməsi, çoxpartiyalı sistemin inkişafıdır. Çünki bu meyil də Azərbaycanın yenilənməsi prosesinə böyük fayda verə bilər.

Bütün sivil cəmiyyətlərdə olduğu kimi, bizdə də siyasi mübarizə ilə düşmənçiliyin sərhədləri bəlli olmalıdır. Müxalifətçilik hakimiyyətə, ölkəyə, xalqa düşmən kəsilmək anlamına gəlməməlidir. Siyasi mübarizə şəxsi münasibətlərə sirayət etməməlidir. Siyasətlə məşğul olan insanlar, bir-birini sərt tənqid etdikləri kimi, yeri gələndə bir-birinə qarşı comərd davranmağı da bacarmalıdırlar, barışıq, anlaşma, dar gündə kömək qapısını həmişə açıq saxlamalıdırlar.

Necə ki ulularımız belə edib...

Necə ki cənab İlham Əliyevin, Mehriban xanım Əliyevanın timsalında hakimiyyət düşərgəsi dəfələrlə bunun nümunəsini yaradıb, yaradır.

Hamımızın bircə Vətənimiz var...

Hamımızın çörək təknəsinin unu, urvası bu Vətənin dəyirmanından gəlir. Suların hansı səmtdən axması, dadı, rəngi, nə fərq edər?!.

Əsas odur ki, bu Vətənin bütün axar suları sonda ümumi nova tökülüb öz dəyirmanımızın çarxını hərəkətə gətirsin.

Təki su düşmən dəyirmanına tökülməsin...

Hüseynbala MİRƏLƏMOV,

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video