Alternative content

20:18 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Epidemiya - Tarixin qaranlıq səhifələri
Epidemiya - Tarixin qaranlıq səhifələri
ANA SƏHİFƏ / Səhiyyə
01:02 17.03.2020


O nə ağdərili tanıyır, nə qaradərili… Nə müsəlmanlığı anlayır, nə yəhudiliyi, nə də xristianlığı… Böyük-kiçik, cavan-qoca, varlı-kasıb da saymır…

Neçə-neçə imperatorun, bəy-xanın, yaradıcı şəxslərin həyatına son qoyub... Zaman-zaman imperatorluqları çökdürüb, orduları qırıb... Böyük siyasi çevrilişlərə, coğrafi, demoqrafik titrəmələrə yol açıb. Bəşəriyyətin mövcudluğu boyunca Yer üzündə milyonlarla insanın ölümünə səbəb olub... Və sərhəd tanımayan bu güc müxtəlif adlarla dünya tarixinə yazılıb. Ölümün isə bir ümumi adı olub - epidemiya…

Hazırda tarixin qaranlıq səhifələrinə qərq olan, böyük miqyasda insan tələfatına səbəb olan epidemiyalardan danışacağıq.


"Qara ölüm”


Epidemiyaların tarixi insan oğlunun torpaqla işləməyə başlaması zamanından ölçülür. Vəhşi torpaqların məhv edilərək əkin məqsədilə istifadə edilməsi siçovulları, siçanları, gənələri, birələri və ağcaqanadları insanlara daha yaxın yaşamağa məcbur edirdi. Bu heyvanlar özləri ilə taun, yatalaq, qızdırma... kimi "sürprizlər” də gətirirdilər. Üstəlik, yüz minlərlə insanın yaşadığı şəhərlər ortaya çıxdıqca kütləvi ölümlər də artırdı. Və bu, o qədər adi vəziyyət alırdı ki, şumerlilər, misirlilər epidemiyaların tanrılar tərəfindən yayıldığına inanırdılar. Təbii ki, o zamanlar insanlar kütləvi ölümlərin məntiqini uzun müddət anlaya bilmirdilər. Baş verənlərin səbəbini ilk qavrayan insan yunan həkimi Hippokrat oldu. O, hava, su və yer faktorlarının hər hansı birindəki ani dəyişikliyin epidemiyalara yol açdığını söylədi.

İnsanlığın qarşılaşdığı ən qədim və qorxunc epidemiyaların bəlkə də birincisi "qara ölüm” adlandırılan taundur. Hələ eramızdan əvvəl V əsrdə ordular mühasirəyə aldıqları qalalardakı içməli suları zəhərləmək üçün taun xəstəliyinə tutulmuş insanları, ya da heyvanları quyulara atırdılar. 1172-ci ildə bizanslılar Venesiya şəhərini mühasirəyə aldıqlarında şəhərin bütün quyu və bulaqlarını taunlu heyvan leşləri ilə doldurmuşdular.

Bəşər tarixində taunun üç pandemiyası məlumdur. 527-ci ildən 580-ci ilə qədər davam edən birinci pandemiya tarixə "Yustinianın taunu” adı ilə daxil olub. İmperator Yustinian 541-ci ildə Konstantinopolda taxtda oturarkən Avropada başlayan epidemiya əvvəlcə Misirə, sonra Fələstinə, Suriyaya və Anadoluya çatdı. Yustinian Konstantinopola bütün çıxışları bağlasa da, epidemiya şəhərə hərbi hissələr tərəfindən gətirilən materiallar arasında olan siçovullar vasitəsilə daxil olmuşdu. Siçanların tükləri arasında gizlənən bir millimetrdən az "Xenopsylla” adlı böcək mədəsində ölümcül bakteriya daşıyırdı. Bu böcəklər uçaraq yaxınlıqdakı digər siçanların tükləri arasında yerləşib qısa zaman ərzində çoxaldı. Böcək insan bədəninin istənilən nöqtəsinə düşərək həmin şəxsi tauna yoluxdurdu və bir neçə gün ərzində ölməsinə səbəb oldu. Bir həftə ərzində şəhərdə xəstəlik sürətlə yayılaraq kütləvi ölümə yol açdı. Xəstəlik zamanı Konstantinopol əhalisinin 40 faizini itirdi. Epidemiya işçi qüvvəsi və əsgər sayının azalmasına səbəb oldu və Bizansın zəifləməsi ilə nəticələndi. Epidemiya Aralıq dənizinin liman şəhərlərinə və digər Yaxın Şərq ölkələrinə yayılıb, oradan da Avropaya keçdi.

50 milyondan artıq insanın ölümünə səbəb olmuş ikinci pandemiya 1334-cü ildə Çində başlayıb. Taun xəstəliyinə yol açan "Yersina pestis” adlı bakteriyanın vətəni monqol bozqırları sayılır. O illərdəki həddindən artıq istilər Asiya çöllərində yaşayan birələr və gəmirici heyvanları monqol çöllərinə doğru sürmüşdü. Mədələri taun bakteriyası ilə dolu birələr monqol atlılarının kürəyində Asiya və Avropanı dolaşdı. 1352-ci ildə Avropa əhalisinin üçdə bir hissəsi, yəni 25 milyon adam taundan həlak oldu.

Taunun üçüncü pandemiyası 1894-cü ildə Honkonqda başlayıb və bir milyondan çox insanın həyatına son qoydu. Xəstəliyi gəmilərdəki siçovullar yaydığı üçün sonrakı illərdə dünyanın 100-dən artıq limanında epidemiya baş verdi və 12 milyondan artıq adam öldü. Bu pandemiya zamanı xəstəliklə bağlı böyük kəşflər edildi. Fransız alimi A.Yersen və yapon alimi S.Kitazato xəstəliyin törədicisini kəşf etdilər. Mikrobun yayılmasında siçovulların, çöl gəmiricilərinin və birələrin rolu müəyyənləşdirildi, taunun təbii ocaqlılığı aşkar olundu. 1926-cı ildə V.A. Xavkin və başqaları tərəfindən peyvənd işlənib hazırlandı.


On milyonlarla insanı öldürən vəba


Çox qədim tarixə malik xəstəlik olan vəba haqqında eramızdan əvvəl V əsrə aid sanskrit dilində yazılar aşkarlanıb. Vəba epidemiyası çox güman ki, Hindistan yarımadasında başlayıb. Xəstəlik ilk dəfə 1817-ci ildə ticarət yolları ilə Rusiyaya, daha sonra Avropanın digər hissələrinə, Avropadan Şimali Amerikaya və bütün dünyaya yayılıb. O vaxtdan bəri on milyonlarla insanın həyatına son qoyub. Təkcə Rusiyada 1847-1851-ci illər arasında 1 milyondan çox insan vəbadan həyatını itirib. Xəstəlik 1827-1835-ci illər arasında davam edən ikinci pandemiya dövründə 150 min amerikalının yaşamına son qoyub. 1848-1854-cü illər arasında bu xəstəlik yalnız İngiltərədə 250 min yoxsulu öldürüb. Hindistanda 1900-1920-ci illər arasında 8 milyondan çox insan vəbadan dünyasını dəyişib.

1854-cü ildə ilk dəfə Con Snou adlı ingilis həkim çirkab sularının vəbaya səbəb olduğunu aşkarlayıb. Ötən 200 il ərzində 7 vəba pandemiyası baş verib. Ən sonuncusu 1961-ci ildə İndoneziyada olub. Xəstəlik 2010-cu ildə Haitidə baş verən zəlzələdən sonra kəskin şəkildə baş qaldırıb. 2010-cu ilin oktyabrından 2015-ci ilin avqustuna qədər 700 mindən çox haitili vəbaya yoluxub, 9 mindən çox insan dünyasını dəyişib. Xəstəliyin baş qaldırmasına BMT-nin nepallı əsgərlər yaşayan bazası səbəb olub. Əsgərlər insan tullantılarını bir çox haitilinin suyundan içmək, yemək bişirmək və çimmək üçün istifadə etdiyi Artibonit çayına atmışdılar.

Dünyada hələ də çoxlu sayda insan vəbaya yoluxur. 2010-cu ildən bəri aparılan hesablamalar göstərir ki, hər il 3-5 milyona qədər insan vəbaya yoluxur, 58-130 min arası insan bu xəstəlikdən vəfat edir.


"Tanrının lənətlədiyi bir köpək”


Tarixin başlanğıcından bu yana ən çox insan canı alan xəstəlik malyariyadır. Ağcaqanadların yaratdığı bu xəstəliyə səbəb dünyadakı ən kiçik heyvan olan "Plasmodium” parazitidir. Ağcaqanadların bir çox növü mövcuddur, lakin malyariya parazitinin keçiricisi yalnız Anopheles cinsindən olan ağcaqanadlardır. Daha çox Afrikada yayılan bu xəstəlik hər il təxminən 600 milyon insanın bədənini işğal edir və 1 milyon afrikalı körpənin həyatını alır. Tarixin ən böyük komandirlərindən biri - Makedoniyalı İsgəndər də Babildə malyariyaya məğlub olub.

Malyariya Avropada XVIII əsrdən etibarən geriləməyə başladı. İnkişaf edən kapitalizm səbəbiylə o tarixə qədər bataqlıqların çoxu qurudulmuş, ağcaqanadların artma sahəsi olan meşələrin çoxu yox edilmişdi. Dünya Sağlamlıq Təşkilatı 1957-ci ildən etibarən malyariya ilə sıx mübarizə içindədir.

Tarix boyunca insanın qarşılaşdığı ən ürküdücü epidemiyalardan biri də cüzamdır. O qədər qədim bir xəstəlikdir ki, gerçək mənşəyi bilinmir. Norveçli həkim Gerhard Hansen 1874-cü ildə "Mycobacterium Lepra” bakteriyasını cüzamla əlaqələndirməyə bacarsa da, xəstəliyin necə yayıldığı bilinmir. Cüzama misirlilər "ölümdən əvvəlki ölüm” adını vermişdilər və xəstələri "palçıq şəhəri” deyilən bir yerə göndərirdilər. Qədim Çin və Hindistanda cüzamlılar dərhal öldürülür, ya da yandırılırdı. Konfutsi cüzamlı bir müridinin üzünə baxmağı rədd etmişdi. Mesopotamiyalılar üçün cüzamlılar "vəhşi eşşəklər”dən fərqlənmirdi. Koreyalılar üçün bir cüzamlı "Tanrının lənətlədiyi bir köpək” idi. Qısası, tarix boyunca cüzamlılar hər zaman qara siyahıda yer alıblar.

Cüzamlılar üçün ilk xəstəxanaların qurulduğu Avropada da vəziyyət çox fərqli deyildi. Cüzamlılar eyni tip paltar geyməyə məcbur edilir, bu paltarlarının üzərinə böyük bir "L” hərfi işlənirdi. Sağlam olanları xəbərdar etmək məqsədilə zəng daşıyırdılar. İstədikləri şeyi işarə etmək üçün bir çubuqları, su stəkanı və sədəqə çantaları vardı. Cüzam və cüzamlılar Avropadan XIV əsrdə yox oldular. Günümüzdə Afrika və Hindistanda 15 milyona qədər cüzamlı olduğu təxmin edilir.

Cüzam tarix "səhnə”sindən çəkilərkən onun yerini başqa epidemiya - vərəm alırdı.Vəhşi kapitalizmin amansız şərtlərində avropalıların 70 faizi vərəmə tutuldu. Frederik Şopen, Nikkolo Paqanini, Robert Lyuis Stevenson, Fridrix Şiller, Anton Çexov və Frans Kafka kimi məşhurlar da vərəmlə vuruşurdular. Vərəm də "Mycobacterium” adı verilən 300 milyon yaşlı mikrob ailəsinə daxildir. Böyük ehtimalla 7000 il əvvəl insanların mal-qaraları əhliləşdirib bir çoxunu dar məkanlarda yerləşdirmələri ilə ortaya çıxdı.


Minlərlə ildir dünyanı dolaşan xəstəlik


Birinci Dünya Müharibəsi zamanı yatalaq xəstəliyi milyonlarla insanın canını aldı. 1914-1918-ci illər arasında "Typhus” bakteriyasını daşıyan bitlərin yaratdığı bu epidemiya müharibənin yaratdığı daha bir dəhşət idi. Avropa və Asiyada bu virus səbəbindən 25 milyon insan xəstələndi və xüsusilə Sovet İttifaqı ölkələrində təxminən 3 milyon insan öldü. Qərb ölkələri epidemiyanın nədən qaynaqlandığını başa düşdülər və bitlərdən xilas olmaq üçün tədbirlər görüldü. Şərq ölkələri virusa qarşı daha gec tədbir gördüyü üçün dünyanın bu hissəsində daha çox insan öldü.

1918-ci ilin yazında qrip insanlara düşmən kəsildi. Döyüş meydanlarında 4 il ərzində 15 milyon insan ölmüşdüsə, qripdən cəmi bir il ərzində eyni sayda insan həyatını itirdi. Həmin ildə yalnız ABŞ-da ölənlərin sayı 550 min idi ki, bu rəqəm ABŞ-ın Koreya və Vyetnam döyüşlərində verdiyi ölü sayından çox idi. Epidemiya zamanı Alyaska kəndlilərinin hamısı yox olarkən Hindistanda 12 milyon adam həyatını itirdi.

1918-1920-ci illərdə yayılmış, 500 milyon insanın yoluxduğu "H1N1” qrip virusu dünyada 50-100 milyon arası sağlam insanın ölümünə səbəb oldu. Bu rəqəm Birinci və İkinci Dünya müharibələrində ölənlərin ümumi sayından dəfələrlə çoxdur. "İspan qripi” adlandırılan pandemiya tarixin ən böyük fəlakətlərindən biri sayılır. Epidemiya Birinci Dünya müharibəsinin son aylarında İspaniyadan dünyaya yayılmağa başlayıb və ilk aylarda 8 milyon adam virusun daşıyıcısına çevrilib. Hətta o dönəmin İspaniya kralı XIII Alfons da qripə yoluxub.18 ay müddətində dünyada 550 milyon adam, yəni planet əhalisinin 29,5 faizi bu qripə yoluxub. "İspan qripi” bəşər tarixinin ən böyük qrip pandemiyasıdır.

Qrip virusu elm tərəfindən 1933-cü ildə müəyyən olunub. Ancaq onun minlərlə ildir dünyanı gəzdiyi təxmin edilir. İlk qrip epidemiyası isə başlanğıcını insan oğlunun at, donuz və ördəyi əhliləşdirməsindən götürüb. Bu gün ördək mədəsinin "dünyanın ən yaxşı işləyən qrip fabriki” olduğu deyilir. Elə 1957-ci ildə "Asiya qripi” pandemiyasının da Çində ördəklərdən insana keçən xəstəliklə başladığı düşünülür. Bu xəstəlik təxminən 4 milyon insanın həyatına son qoyub.

Bu xəstəliklərin bəziləri tarixə gömülüb, bəziləri indi mövcud olsa belə, əvvəlki illərdəki kimi kütləvi insan tələfatına səbəb olmur. Çünki bu gün elm bir çox ciddi xəstəliyin peyvəndini kəşf edib, müasir tibb gündən-günə inkişaf edir, xəstəliklərlə mübarizə mexanizmləri dəyişir, inkişaf edir. Lakin viruslar da tam ölmür, hər 10, 14 ildən bir genetik dəyişikliyə uğrayır ki, bu da onu tam məğlub etməyə imkan vermir. Hər ötən ildə dünya yeni epidemiyalarla rastlaşır. Onların bir çoxunun qarşısı alınır, lakin bir o qədərinin də qarşısını almaq mümkün olmur. Tarixboyu insan-virus savaşı belə olub, bundan sonra da dünya var olduqca belə davam edəcək.

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM