Alternative content

19:12 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
16:42 08.04.2020 Uhanın yolları açıldı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Torpaq çərşənbəsi
Torpaq çərşənbəsi
ANA SƏHİFƏ / Mədəniyyət
00:59 17.03.2020


Bu gün Boz ayın dörd çərşənbəsinin sonuncusu - Torpaq çərşənbəsidir. Xalq arasında bu çərşənbə "Axır çərşənbə”, "Yer çərşənbəsi”, "Çərşənbə-suri” və başqa adlarla da qeyd olunur.

Torpaq bolluq, xeyir-bərəkət mənbəyidir. Əski inanclara görə, dörd mühüm ünsürdən sonuncusu oyandıqdan sonra Su, Od və Yel dünyanı dəyişir, insanları çətinlikdən, sıxıntılardan qorumaq üçün daha da güclənir. Folklorşünas alim Azad Nəbiyev yazırdı: "Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılamışlar. Torpaq çərşənbəsi ərzin donunu dəyişir, adamlar qıtlıqdan, çətinlikdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel (Su), Atəş, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun "Adamları fəlakətə salan özü fəlakətə düşər” - deyib, yerindən qalxır, Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib:

Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,

Təzə ömür, təzə məhsul, il gəldi.

- söyləyir və oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün elin əziz günü olan "Axır çərşənbə” idi”.

Zaman-zaman bu çərşənbə ilə bağlı xalq arasında yaranmış rəvayətlər, əfsanələr, atalar sözləri və digər folklor nümunələri nəsillərdən-nəsillərə ötürülərək yaddan çıxmayıb. Folklorşünasların yazdığına görə, bir rəvayətdə deyilir ki, Axır çərşənbədə Xızırın qardaşı, dağ-təpə, yer sahibi Zinda öküzünü itirir, meşəyə onu axtarmağa gedir. Öküzü tapa bilmir, elə meşədə yatır, qar yağdığına görə qarın altında qalır. Elə həmin gecə Bozatlı Xızır göyün doqquzuncu qatından yerə enib qardaşını axtarmağa başlayır. Qardaşını qarın altından tapır, onu nəfəsilə qızdırır. Zinda qarın altından çıxır, öküzünü axtarıb tapır, hamı Zindanın evinə gəlir. Axşam Xızır qızıldan tökülmüş kotan və boyunduruğu qardaşına verir, çərşənbələşdikdən sonra Xızırzinda adı ilə bayram keçirib torpağı oyatmağa çalışırlar.

Folklorşünas Ülkər Nəbiyeva qeyd edir ki, inanca görə, Axır çərşənbədə Xızırzinda insanlara bərəkət paylayır. Ona görə də bütün evlərdə un çuvallarının ağzını açardılar ki, paylanan bərəkətdən onlara da pay düşsün. Çərşənbə gününün özünəməxsus adətləri var. Onlardan biri də belədir ki, ev sahibləri heç kimlə kəlmə kəsmədən əllərini una vurub evin divarlarına, həyətdəki meyvə ağaclarının kötüyünə yavaşca balta ilə toxunar və deyərdilər: "Nə yatmısan, oyan, bərəkət payını götür”. Bağçadakı bar verməyən ağaca isə "kəsəcəyəm” deyərək hədə-qorxu gəlirdilər, bu zaman bir başqa adam sanki Xızırzindanın dilindən belə deyirdi ki, "kəsmə, bu ağac təzə ildə bar verəcək, buna mən zamin...”

İlaxır çərşənbə qədim zamanlarda zəngin mərasim, oyun və tamaşalarla qeyd edilib. Onlardan bir çoxu indi keçirilsə də, bəziləri unudulub...

Torpaq çərşənbəsində qadınlar birlikdə buğdadan "səməni mayası” hazırlayardılar. Buna səməni həlimi, yaxud, maya səməni də deyərdilər. Bu həlim çəmənlikdə, ya da müqəddəs ocaq, pir və məscidlərin yanında bişirilirdi. Mənbələrə görə, bu çərşənbə axşamı gecədən sübhə qədər insanlar cəmlənər, "səməni toyu” keçirərdilər. Ağbirçək qadınlar səməni mayası bişən qablara yaxınlaşıb pul, nəmər, yumurta qoyub təzim edər, sağ əllərini üç dəfə qazanlara, sonra dodaq və alınlarına çəkərdilər. Bu adətə "qazan ziyarəti” deyilərdi. İnanırdılar ki, Xızırzinda gəlib səməni mayasını qəbul edəcək. Qazanların üstünə sinidə un qoyardılar ki, Xızırzindanın əlinin izi burada görünsün. Səməni mayası sübh tezdən yeyilərdi. O, əvvəlcə övladı olmayan gəlinlərə, xəstə uşaqlara verilərdi. Səməni mayası şirin, dadlı olarsa, Xızırzinda tərəfindən qəbul edildiyini düşünürdülər.

Folklorşünasların bildirdiyinə görə, keçmişdə belə deyirdilər ki, Torpaq çərşənbəsində yerin altından "çilif” və ya "çilləxana” adlı iki tərəfi açıq, dərin, dar yol olur, sübhdən "ağırlığımı yer götürsün, mətləbimi Allah versin” deyərək həmin yeraltı yoldan keçəndən sonra üç dəfə alma, yaxud başqa meyvə yeyilməliydi. Tədqiqatçılar qeyd edirlər ki, insanlar bu inancla öz müşküllüklərini sanki torpağa tapşırıb "ölüb yenidən dirilirdilər”. Bu adəti sonralar da böyüklər icra edirdilər, xüsusən el arasında yanlışlıqlara yol verənləri, yolunu azanları torpaqdan halallıq almaq və islah olunmaq məqsədilə həmin çilləxanalardan keçirərdilər. Vaxtilə Torpaq çərşənbəsində "Cütçü şumu”, yaxud "Əkin toyu”, "Səpin toyu”, "Torpaqbasdı”, "Xız-kotan bayramı” adlanan böyük bir mərasim keçirilərdi. Mərasimin baş qəhrəmanı Cütçü baba, yaxud "Gilbaba”, "Turab baba” idi. Rəvayətə görə, Cütçü baba ilk dəfə insanlara taxıl əkib-biçməyi öyrədən övliya, müqəddəs adam hesab edilib. Bu mərasimdə Cütçü baba vəzifəsini yerinə yetirmək üçün elin hörmətli, uzunömürlü ağsaqqalı seçilərdi.

Ulularımız torpağın oyanmasını şən mərasimlər, nəğmələr, ayinlərlə qarşılayıblar. Onlar hər zaman torpağı əzizləyib, "Torpaq haqqı”, "Yer haqqı” deyə ona and içiblər. "Torpağın bərəkətli olsun” duası ilə bir-birlərinə alqış ediblər. Babalarımız torpağın bərəkətinə güvəniblər. Axır çərşənbədə yeni əkiləcək torpaq sahələrində kütləvi şənliklər keçirilərdi. İnsanlar sahələri təmizləyər, müxtəlif ayinlər, mərasimlər düzənləyərdilər. Axşam düşməyə başlayanda isə odla bağlı şənliklər icra olunardı. Digər üç çərşənbə kimi tonqallar qalanardı.

Bu çərşənbə Azərbaycanın bir çox bölgəsində Novruz bayramı qədər təmtəraqla qeyd olunur. Axır çərşənbə xonçası bəzədilir, Novruz bayramında olduğu kimi, mütləq bayram plovu bişirilir. Boz ayın sonuncu çərşənbəsi günü "çillə çıxarırlar”.

Axır çərşənbədə küsülülər barışarlar. İnanırlar ki, bu çərşənbə gecəsində təbiətdə nə varsa, hamısı təzələnir. İlaxır çərşənbədə qulaq falı, qapı pusmaq, şal sallamaq və başqa adətlərə bu gün də əməl edirlər. Qaş qaralandan sonra niyyət edib qonşunun qapısına yaxınlaşır, eşitdikləri ilk sözlərə görə niyyətlərini yozurlar.

Axır çərşənbə axşamı gec yatırlar. Hamı deyib-gülür, şənlənir. Yatan olsa, üstünə su töküb, oyadırlar. Subaylar ertədən bişirdikləri duzlu kökəni yeyib su içmədən yatırlar. Su verən adam yuxu görənin qisməti sayılır.

Novruz bayramının sonuncu çərşənbəsində torpağın oyanması, təbiətin canlanması həm də yeni əkin mövsümünün yaxınlaşması deməkdir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM