15 Mart 2020 01:37
1430
İQTİSADİYYAT
A- A+

Bol məhsulun təməli qoyulur


Fermer bilir ki, nə əksə, onu da biçəcək


Bahara az qalıb. Torpaq oyanır. Kəndli bol məhsul götürmək üçün tarlaya çıxır. Bu gün Azərbaycanın hər yerində fermerlər vaxtdan səmərəli istifadə etməyə, əkini gücləndirməyə və düzgün aparmağa çalışırlar. Çünki bol məhsulun bünövrəsi indi qoyulur. Atalar demişkən: "Nə əkərsən, onu da biçərsən”.

Neftçala rayonunda bol məhsul götürmək üçün yazlıq bitkilərin əkininə başlanılıb. Bu rayonun fermerləri qısa müddətdə 1578,1 hektarda yazlıq bitkilərin əkinini aparıblar. Həmin sahələrin 1444 hektarı yonca, 94,2 hektarını kartof, 39,9 hektarını tərəvəz bitkisi təşkil edir. Məlum olduğu kimi, pambıqçılıq Neftçala iqtisadiyyatında mühüm rol oynayır. Buna görə də rayon üzrə 6 min 184 hektar sahədə pambıq əkini üçün şumlama aparılaraq hazırlıq işləri görülür. Onu da qeyd edək ki, ötən il rayonda 5087 hektar sahədə pambıq əkilib, 16 min 171,4 ton məhsul toplanılaraq emal müəssisəsinə təhvil verilib.

Ağdam rayonunda fermerlər cari ilin yanvar-fevral aylarında payızlıq və yazlıq çoxillik ot bitkilərinin yenidən əkilən sahəsi də daxil olmaqla 1831 hektarda əkin həyata keçiriblər. Bunun 345 hektarını çoxillik otlar, 190 hektarını kartof, 1296 hektarı tərəvəzdir. Bununla yanaşı, rayonda pambıq səpini üçün də hazırlıq işləri görülür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın qəbulundan sonra Oğuz və Qax fermerləri tütün əkininə daha çox maraq göstərməyə başladılar.

Səbəb bu növ məhsula tələbatın artması və onun yaxşı qiymətə alınmasıdır. Həmin proqramın qəbulu sayəsində bu rayonlarda tütün istehsalının artırılması üçün mövcud imkanlardan - toxum, texnika, mineral gübrələrdən daha səmərəli istifadə olunur. Əsas məsələ isə tütünün tədarükü, satışı və emalıdır. Çünki fermerlər məhsul əkərkən onları ən çox maraqlandıran da budur. Qeyd edilən proqramın qəbulundan sonra bu sahədə ardıcıllıq yaranıb ki, bu da istehsalçı ilə alıcını qane edir. Belə qarşılıqlı münasibət daha çox sahədə tütünün becərilməsinə imkan yaradır.

Dövlət daim fermerlərin yanındadır. Onlara hər cür dəstək verilir. O cümlədən Oğuz və Qax rayon fermerləri ilə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri və adıçəkilən rayonların Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssislərinin görüşü də bu məqsədə xidmət edir. Tədbirdə fermerlərlə tütünün qəbulu və emalı müəssisələri şəbəkəsinin genişləndirilməsi, tütünçülük təsərrüfatlarının ixtisaslaşdırılmış texnikalarla təmin edilməsi, emal müəssisələri ilə mülkiyyətçilər arasında müqavilə şərtləri və digər məsələlər müzakirə olunub. Bununla yanaşı, tütün toxumçuluğunun təşkili üçün müvafiq elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, bu sahə üzrə kadrların hazırlanması, innovativ becərmə texnologiyalarının tətbiqinin nümayiş etdirilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı müzakirələr aparıldı, fermerlərin təklifləri dinlənildi.

Cari ildə Qax rayonunun təsərrüfatlarında 500 hektar sahədə tütün əkini proqnozlaşdırılıb. Bununla bağlı 481 fermer müraciət edib, bugünədək 271 fermerlə müqavilə bağlanılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən indiyədək 5685 kvadratmetr sahədə istixanalar hazırlanıb. Bu proses davam edir. İndiyədək 4991 kvadratmetr istixanaya toxum səpilib ki, yetişdiriləcək tütün şitilləri aprelin ortalarında sahələrə köçürüləcək.

Ölkəmizdə yenidən becərilməsinə diqqət yetirilən ənənəvi sahələrdən biri də çəltikçilikdir. Dövlətin bu sahəyə diqqətindən sonra çəltikçilik Astara rayonunda kənd təsərrüfatının perspektivli səhələrindən birinə çevrilib. Bu rayonda taxıl əkin sahələrinin üçdə iki hissəsini çəltikçilik təşkil edir. Keçən il rayonda 237 hektar sahədən 997 ton çəltik yığılıb. Hər hektar üzrə məhsuldarlıq 42,1 sentner təşkil edir. Cari ildə rayonda daha çox - 300 hektar sahədə çəltik əkilməsi və 1300 tona yaxın məhsul götürülməsi nəzərdə tutulub.

Aqrar sektorda aparılan islahatlar təkcə struktur və hüquqi sahələri əhatə etmir. Onun əsas məqsədi fermerlərə maddi dəstək göstərməkdir. Hazırda payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi prosesi davam edir. Cari il martın 6-dək 155537 fermerin "Fermer kartı”na 51,3 milyon manat subsidiya ödənilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, martın 6-dək fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 474520 fermer qeydiyyatdan keçib. Bu sistemdə qeydiyyatdan keçən təsərrüfatların ümumi sayı isə 596887-yə çatıb. Qeyd etdiyimiz kimi, bu rəqəmlər son deyil, çünki fermerlərin qeydiyyatdan keçməsi davam edir.

Rüstəm KAMAL,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video